Məhkəmə qərarları › İş №2-1(118)-773/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-773/2024

18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-773/2024 18.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Tədqiqatlar İdarəsinin 21 sentyabr 2020-ci il tarixli, **********0 saylı rəyində düzəlişlər edilməsi və iddiaçıya sığorta ödənişlərinin ödənilməsi üçün müvafiq sənədlərin aidiyyatı üzrə göndərilməsi (sığorta şirkətinə) vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Tədqiqatlar İdarəsinin 21 sentyabr 2020-ci il tarixli, **********0 saylı rəyində düzəlişlər edilməsi və iddiaçıya sığorta ödənişlərinin ödənilməsi üçün müvafiq sənədlərin aidiyyatı üzrə göndərilməsi (sığorta şirkətinə) vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xidmətdə olduğu zaman xəsarət almışdır. Xəsarət almağı ilə bağlı sığorta verilməsi barədə DİN-nə ünvanladığı müraciətinə cavab olaraq bildirilmişdir ki, Daxili işlər orqanlarında qanunçuluğa və xidməti vəzifələrin icrası zamanı əməkdaşlar tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasına nəzarət, əməkdaşların qanunazidd hərəkətlərindən ərizə, şikayətlər və məlumatlar üzrə xidməti təhqiqatın aparılması funksiyasını həyata keçirən orqan (DİN, Daxili Təhqiqatlar İdarəsi) tərəfindən aparılmış xidməti təhqiqatla xidmət zamanı ehtiyyatsızlıqdan yıxılaraq xəsarət almağı və guya bunun vəzifələrinin icrası ilə bağlı olmadığı müəyyən olunmuşdur, bununla bağlı DİN Daxili Təhqiqatlar İdarəsinin 21 sentyabr 2020-ci il tarixli, **********0 saylı rəy tərtib edilmiş və həmin rəyin əsasında ona sığorta ödənişlərinin ödənilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh təşkilatın rəyi tamamilə qanusuz və əsassızdır. Belə ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 15 mart 2021-ci il tarixli 84 saylı Xəstəlik haqqında şəhadətnaməsindən də görünür ki, aldığı Travma DİO-da xidmətkeçmə dövründə alınmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım edilmiş və məhkəmədə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin iddianın mümkünsüzlüyünə səbəb olması bildirilmiş, eyni zamanda məhkəməyə buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmək hüquqları izah edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki işdə iddiaçı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Tədqiqatlar İdarəsinin 21 sentyabr 2020-ci il tarixli, **********0 saylı rəyində düzəlişlər edilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddia inzibati akta düzəlişlər edilməsi ilə bağlı olmaqla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisləndirmə haqqında iddialara baxılması üçün prosessual qanunvericilikdə müəyyən şərtlər nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Buna görə də qeyd edilən iddia növünün şərtlərinə uyğun olaraq məhkəmə müddət məsələsinə münasibət bildirilməsini zəruri hesab edir və hesab edir ki, hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, inzibati işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı hal-hazırda mübahisələndirilən - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Tədqiqatlar İdarəsinin 21 sentyabr 2020-ci il tarixli, **********0 saylı arayışında polis serjantı İddiaçı barəsində aparılmış xidməti tədqiqatın nəticəsinə dair arayışla razı olduğu qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı orqanın mübahisələndirdiyi arayışında 2020-ci ilin sentyabr ayından məlumatı olmuşdur. Beləliklə iddiaçı mübahisələndirilən qərarı məhkəmədə xx.xx.2023-cü il tarixdə mübahisələndirmiş və bununla da hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün qanunvericilikdə təsbit olunmuş 30 gün müddəti ötürmüşdür. İddiaçı məhkəməyə təqdim etdiyi müddətin bərpasına dair ərizədə, cavabdeh təşkilatın imtina ərizəsini xx.xx.2023-cü ildə aldığını bildirsə də, yuxarıda qeyd edilənlərə əsasən mübahisələndirilən arayışdan daha əvvəl məlumatlı olduğu müəyyən edilir. İddiaçı ərizədə eyni zamanda hadisədən sonra stasionar müalicə aldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, inzibati icraatda məhkəməyə əsaslandırılmış iddia ərizəsinin verilməsi nəzərdə tutulmamışdır, yalnız iddia ərizəsinin İPM-in 46.1-ci maddəsinə əsasən tərtib edilməsi (ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və ünvanları; iddiaçının (ərizəçinin) tələbi) tələb edilmişdir. Odur ki, iddiaçının qeyd olunan məzmunda ərizə ilə müraciət imkanı olmuş, özü tərəfindən edilmiş hərəkətsizliklə bağlı bir sıra halları sadalasa da həmin hallar nəzərə alındığı təqdirdə belə iddia müddəti ötürülmüşdür. Sadalanan hallar isə onun məhkəməyə çatımlılığını istisna etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsi barədə ərizəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Tədqiqatlar İdarəsinin 21 sentyabr 2020-ci il tarixli, **********0 saylı rəyində düzəlişlər edilməsi və iddiaçıya sığorta ödənişlərinin ödənilməsi üçün müvafiq sənədlərin aidiyyatı üzrə göndərilməsi (sığorta şirkətinə) vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar