Məhkəmə qərarları › İş №2-1(118)-775/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-775/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-775/2023 31.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********22 saylı məktubu ilə ona verilmiş imtinanın qanunsuz hesab edilməsi və cavabdehin üzərinə ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********22 saylı məktubu ilə ona verilmiş imtinanın qanunsuz hesab edilməsi və cavabdehin üzərinə ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 244 saylı sərəncamına əsasən Xaçmaz şəhər sakini X5 mülkiyyətində olan 154,5 kv m torpaq sahəsində ikimərtəbəli məişət xidməti obyektinin tikintisinə icazə verilmişdir. X6 ilə iddiaçının arasında bağlanmış 18 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 177,6 kv m olan fərdi yaşayış evinin 0,07236 ha torpaq sahəsi ona satılmışdır. Bundan başqa Xaçmaz bələdiyyəsi ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ona 0.05 ha torpaq sahəsi satılmışdır. Hər iki torpaq sahəsinə sair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. O, R.Mənsimov təəfindən ona satılmış torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh idarəyə müraciət etsə də, ona imtina cavabı verilmişdir. Halbuki, həmin qeyri-yaşayış obyekti ona məxsus torpaqda va tikinti norma və qaydalarına uyğun şəkildə tikilmişdir. Qeyri-yaşayış obyektinin təsdiq olunmuş memarlıq-planlaşdırılma layihəsi vardır va qonşu sahələrlə, torpaq sahibləri ilə hər hansı bir mübahisəsi yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinə əlavə olaraq izah etdi ki, o, mübahisə predmeti olan qeyri-yaşaıyş sahəsini 2020-ci ildə R.Mənsimova 2014-cü ildə verilmiş icazə əsasında inşa etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı hüququmüəyyənedici sənədlərin tam təqdim olunmadığı müəyyən edilmişdir. Belə ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 244 nömrəli "Məişət xidməti obyektinin tikintisinə icazə verilməsi barədə" sərəncamı X5 aiddir və həmin sərəncam əsasında R.Mənsimov inşa etdiyi qeyri-yaşayış binasını digər şəxsə notarial qaydada satmış və sonuncunun mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan : -"xxxx" MMC tərəfindən tərtib edilmiş memarlıq planlaşdırma bölməsindən görünür ki, İddiaçı məxsus qeydi-yaşayış obyekti layihələndirilməsi barədədir. -Xaçmaz rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X6 mülkiyətində olan 0.07236 ha torpaq sahəsinin 177.6 kv m hissəsini İddiaçı satmışdır. - -daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Xaçmaz rayonu əırazisində 177.6 kv m və 500 kv m torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - -Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 244 nömrəli sərəncamından görünür ki, X5 mülkiyyətində olan 154.5 kv m torpaq sahəsində iki mərtəbəli məişət xidməti obyektinin tikintisinə icazə verilmişdir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Xaçmaz rayonu 1 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli 4Ə-1467 reyestr nömrəli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə, Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur ... Maddə 8.0.10 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. İşin hallarından müəyyən edilir ki, mübahisə obyekti olan qeyri-yaşayış sahəsi tikintisinə icazə tələb olunan tikinti obyektlərə aid olmuşdur. İddiaçı həmin obyekti 2020ci ildə R.Mənsimova 2014-cü ildə verilmiş icazə barədə sərəncama əsasən inşa etmişdir. Halbuki, həmin sərəncam R.Mənsimovun adına 154.5 kv m dair verilmişdir və R.Mənsimov həmin icazə əsasında 154.5 kv m ölçüdə qeyri-yaşayış sahəsini inşa edərək xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1. Məhkəmə qeyd edir ki, iddiaçının 2022-ci ilin sentyabr ayında Xaçmaz rayon İcra Hakimiyyətinə müraciət edərək ikimərtəbəli qeyr-yaşayış sahəsinin inşa olunması üçün icazə istəməsi faktı özü həmin tikilinin tikintisi üçün icazə olmadığını və icazəsiz inşa edildiyini təsdiq edir. Bundan başqa yuxarıda istinad olunan Qanunun tələblərinə görə tikintiyə icazə tələb olunan obyekt üzrəində mülkiyyət hüququnun qeydə alınması üçün tələb olunan sənədlərdən biri istismara icazə aktıdır ki, həmin sənəd də iddiaçı tərəfindən təqdim olunmamışdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, daşınmaz əmlaka çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar