Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-781/2023 11.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvetmə faktının qeydə alınması ilə bağlı “ləğvetmə prosesinin” hüquqi şəxslərin dövlət reyestrində qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvetmə faktının qeydə alınması ilə bağlı “ləğvetmə prosesinin” hüquqi şəxslərin dövlət reyestrində qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində “Xalq qəzeti’”ndə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra Cəmiyyət adlandırılacaq) icra orqanı tərəfindən səhmdarların növbəti ümumi yığıncağının keçirilməsi barədə elan dərc edilmiş və bütün səhmdarlara ümumi yığıncağın keçirilməsi yeri, vaxtı və gündəlikdəki məsələlər barədə bildiriş göndərilmişdir. Bundan sonra isə xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikaısnın Mülki Məcəlləsinin 59.2-1-ci maddəsinə uyğun olaraq hüquqi şəxsin bütün kreditorlarının tələblərinin 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanət “Xalq qəzeti”ndə dərc etdirilmişdir. 15 avqust 2018-ci il tarixində Cəmiyyətin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilmiş və ümumi yığıncaqda Cəmiyyətin ləğv edilməsi qərarı alınmış, Ləğvetmə komissiyası seçilmişdir. Ləğvetmə komissiyası da Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri əsasında ləğv prosesini başlatmış və Azərbaycan Respublikasının müvafiq qurumu (cavabdeh) tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə Cəmiyyətin ləğv prosesində olduğu qeydə alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Ləğvetmə komissiyası ləğv prosesini davam etdirmiş, kreditor və debitorlar müəyyən olunmuş, borclar ödənilmiş, Cəmiyyətin bütün əmlakı satışa çıxardılmış və satılmış əmlak əsasında yekun balans və bölünmə balansı səhmdarların ümumi yığıncağı tərəfindən 28 may 2019-cu il tarixində təsdiq edilmiş və səhmdarlara çatacaq payın ödənilməsi üçün onlara bildirişlər göndərilmişdir. Bundan sonra isə Ləğvetmə komissiyası Azərbaycan Respublikasının qanunvericliyinə uyğun olaraq maliyyə bazarlarına nəzarət orqanına yazılı müraciət edərək Cəmiyyətin səhmlərinin dövriyyədən çıxarılmasını xahiş etmişdir. Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən xeyli sual ünvanlanmış və bu sualların cavablandırılması tələbi qoyulmuşdur. Ləğvetmə komissiyası tərəfindən bu tələb də yerinə yetirildikdən sonra maliyyə bazarlarına nəzarət orqanı tərəfindən yazılı məlumat verilmişdir ki, Cəmiyyət ilə səhmdar arasında məhkəmə mübahisəsi olması və məhkəmə prosesinin davam etməsi səbəbindən səhmlərin dövriyyədən çıxarılması prosesi həyata keçirilə bilməz. Maliyyə bazarlarına nəzarət orqanının qeyd etdiyi məhkəmə prosesi birinci instansiya məhkəməsində yekunlaşdırıldıqdan sonra Ləğvetmə komissiyası yenidən maliyyə bazarlarına nəzarət orqanına müraciət etmişdir. Lakin qurumdan alınan yazılı cavab nəticəsində müəyyən olunmuşdur ki, eyni səhmdar məhkəmə prosesini davam etdirdiyi üçün qanunvericiliklə Cəmiyyətə tanınan hüquq həyata keçirilə bilməz. Cəmiyyətə qarşı qeyd olunan bütün məhkəmə prosesləri bitdikdən sonra yenidən maliyyə bazarlarına nəzarət orqanına yazılı müraciət edilmiş və maliyyə bazarlarına nəzarət orqanından alınan yazılı cavabda ləğvetmə prosesinin vaxtının bitdiyi və bu səbəbdən səhmlərin dövriyyədən çıxarılması məsələsi qurum tərəfindən yenidən qanunvericlik əsasında müraciət edildikdən sonra baxılacaqdır. Səhmlərin dövriyyədən çıxardılması ilə AR Milli Bankına müraciət edilsə də, cavabında bildirilmişdir ki, cəmiyyətin ləğv prosesində olması barədə qeyd hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Bu səbəblə də Milli Bank imtina vermişdir. Bundan sonra cavabdehə müraciət edilsə də, cavabdeh qurum əsassız imtina vermişdir. Belə ki, cavabdeh orqan xx.xx.2022-ci il tarixli, **********773800 saylı İmtina məktubunda bildirilmişdir kİ, “AR Mülki Məcəlləsinin 59.6-cı maddəsinə əsasən ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğvetmə prosesində olması barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlanma səbəbi olur. X4 ASC-nin ləğv edilmə prosedurları qanunvericiliklə müəyyən edilmiş 1 il müddətində başa çatmadığından cəmiyyətin ləğv prosesində olması barədə qeyd hüquqi şəxslərin dövlət qeydiyyatından çıxarılmışdır. Bununla əlaqədar olaraq tərəfinizdən hüquqi şəxsin ləğvetmə prosedurlarına yenidən başlanması üçün 3 saylı Ərazi Vergilər İdarəsinə mürcaiət edilməlidir." Maliyyə bazarlarına nəzarət orqanına Cəmiyyətin Ləğvetmə komissiyası tərəfindən edilən müraciətlərdə qurum tərəfindən cavab verilərkən heç zaman ləğv etmə müddətinin keçməsi səbəbi qeyd edilməmişdir. Bundan əlavə Azərbacyan Respublikasının qanunvericiliyinə əsasən hüquqi şəxsə qarşı səhmdarlardan hər hansı biri və ya bir neçəsi tərəfindən iddia qaldırılması qurum tərəfindən üzərinə düşən öhdəlikləri yerinə yetirməməyə səbəb deyildir. Belə ki, cəmiyyət qanunvericilik əsasında yenidən ləğvetmə prossesini baçlatmış olsa belə səhmdarlardan hər hansı birivə ya birneçəsi tərəfindən Cəmiyyətə qarşı iddia qaldırılmış olanda maliyyə bazarlarına nəzarət orqanı bu prossesi əsassız və səbəbsiz olaraq dayandıracaqmı? Bunu bilən və bazarda aktiv fəaliyyət göstərmək istəyən diller səhmdarların əlindən ölkəmizdə heçbir hüquqi şəxs qanunvericilik əsasındaona tanınan ləğv prossesini tamamlaya bilməz. Məhkəmə prossesləri ən azı 7-8 ay davam edir. Ləğv etmə prosesi qanunvericilik əsasında bəzi müddətlərin gözlənilməsi səbəbindən ən azı 5-6 ay çəkir. Belə olan halda qanunvericliyə uyğun olaraq 1 (bir) illik müddətində ləğv etmə prosesini bitirmək heç cür mümkün deyildir. Belə olan halda da qanunvericliklə hüquqi şəxsə tanınan ləğv etmə prosesləri maliyyə bazarlarına nəzarət orqanının keyfı hərəkətləri nəticəsində bitirilə bilməz. Bundan əlavə belə bir təəssürat yaranır ki, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həmin diller səhmdarlara müəyyən şəraitlər yaradılır. Maliyyə bazarlarına nəzarət orqanına Ləğvetmə komissiyası tərəfindən dəfələrlə yazılı müraciətlər olunmuş, lakin qurum tərəfindən hər dəfə verilən cavabda məhkəmə prosesinin olması səbəbindən səhmlərin dövriyyədən çıxardılmasnın mümkün olmayacağı, məhkəmə prosesi bitdikdən sonra Cəmiyyət tərəfindən yenidən müraciət edilməli olduğu bildirilmişdir. Cəmiyyətin Ləğvetmə komissiyası tərəfindən edilən bütün müraciətlərə verilən yazılı cabvabda maliyyə bazarlarına nəzarət orqanı ləğvetmə prosesi üçün nəzərdə tutulan müddətin keçməsi səbəbindən səhmlərin dövriyyədən çıxarılmasının mümkün olmayacağı və yenidən ləğv etmə prosesinin başlanılmalı olduğu qeyd edilməmişdir. Məhkəmə prosesi bitdikdən sonra isə qurum tərəfindən “ləğv etmə müddətinin bitməsi” səbəbindən səhmlərin dövriyyədən çıxarılmasının mümkünsüzlüyü kimi verilən cavab isə hesab edirlər ki, açıq aydın qanunvericiliklə hüquqi şəxsə tanınan ləğv prosesi hüququnun həyata keçirilməsinə maneçilikdən başqa bir şey deyildir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, “məhkəməyə müraciət etməzdən əvvəl İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğv prosesində olması müddətinin artırılması barədə bir neçə müraciətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən baxılmış və iddiaçıya qanunvericiliyin müvafiq müddəaları izah olunmuşdur. Bildiririk ki, İddiaçı ASC-nin “ləğv prosesində” olması barədə qeyd 5 sentyabr 2018ci ildə reyestrə daxil edilmiş, ləğvetmə prosesi hazırki dövrədək yekunlaşmamış və beləliklə də ləğvetmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddət başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.6-cı maddəsinə əsasən ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur. Cəmiyyət “ləğv prosesində” olmasına baxmayaraq 2019-cu ilin fevralında bank hesablarının açılması ilə bağlı müraciət etmiş və iki bank hesabı açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.3-cü maddəsinə əsasən hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Odur ki, ləğvetmə ilə bağlı qanunvericlikdə nəzərdə tutulmuş bir illik müddət başa çatdığından, həmçinin debitor və kreditor borclarının olub-olmamasının müəyyən edilməsi üçün İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvetmə prosesi yenidən başlanılmalıdır. Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-692/2019 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvi ilə bağlı hərəkətlərə səhmdarlar arasında məhkəmə mübahisəsi həll edilənədək qadağa qoyulmuşdur. Qeyd edilmiş qərardad Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-692 nömrəli qərardadı ilə ləğv edilmişdir. Qeyd edilənlərdən əlavə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müraciətlərinə Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmiş cavablar da bir illik müddətin keçməsi səbəbindən və səhmdarlar arasında məhkəmə mübahisəsinin olması səbəbindən ləğvin mümkün olmaması birmənalı olaraq qeyd edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğv prosesinin başa çatması ilə bağlı ancaq xx.xx.2022-ci il tarixdən sonra müraciət edə bilərdi və indiyə qədər müraciət olunmamışdır. Eyni zamanda, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğv edilmə prosedurları qanunvericiliklə müəyyən edilmiş 1 il müddətində başa çatdırılmadığından cəmiyyətin ləğv prosesində olması barədə qeyd hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Bununla əlaqədar olaraq tərəfinizdən hüquqi şəxsin ləğvetmə prosedurlarına yenidən başlanılması üçün 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Bu funksiyaların həyata keçirilməsinin təmin edilməsi qanunla müəyyən edilmiş vergiləri ödəməklə bağlı fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini yaradır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sğorta, işsizlikdən sğorta və icbari tibbi sğorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Pzezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasını təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirilməsini təmin edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin struktruna daxil olan qurumdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə görə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verir. İddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi X1 haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. - Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-692/2019 saylı qərardadından görünür ki, “ Azərbaycan Respublikasının Maliyyə bazarlarına Nəzarət Palatasına İddiaçı ASC-nin səhmlərinin dövriyyədən çıxarılaraq ləğv edilməsinin qadağan edilməsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinə İddiaçı ASC-nin hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmasının qadağan edilməsinə dair Quba rayon Məhkəməsinin 2(027)-692 saylı, 11 yanvar 2019-cu il tarixli qərardadının ləğv edilməsi qərara alınmışdır. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış 13 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, cəmiyyətin ləğvetmə prosesinin bərpa edilməsi ilə bağlı müraciət edilmişdir. - Cavabdehin iddiaçıya ünvanladığı 21 sentyabr 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinn 59.6-cı maddəsinin tələblərinə əsasən ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğvetmə prosesində olması barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır, həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərtləri təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
İddianın əsaslılığı ilə bağlı məhkəmə inzibati iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) 13 sentyabr 2022-ci ildə cavabdeh orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək cəmiyyətin ləğvetmə prosesinin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh orqan 21 sentyabr 2022-ci il tarixli cavab məktubu ilə onun müraciətini təmin etməmişdir. Cavabdeh orqan imtinasının əsası kimi qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötməsini göstərmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Məcəllənin 59.6-cı maddəsinə əsasən ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur. Məcəllənin 60.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. Məcəllənin 60.3-cü maddəsinə əsasən hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. Qeyd olunan hüquq normalarından göründüyü kimi qanunvericilikdə ləğvetmə prosesinin ümumi müddəti 1 (bir) il müəyyən edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğv prosesi olması barədə məlumat 05 sentyabr 2018-ci il tarixdə dövlət reyestrində daxil edilmişdir. Qanunvericiliyə əsasən iddiaçının ləğvetmə prosesinin ümumi müddəti 05 sentyabr 2019-cu ildə bitmişdir. İnzibati iş materiallarına əlavə edilmiş Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-692/2022 saylı qərardadından görünür ki, “Azərbaycan Respublikasının Maliyyə bazarlarına Nəzarət Palatasına İddiaçı ASC-nin səhmlərinin dövriyyədən çıxarılaraq ləğv edilməsinin qadağan edilməsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinə İddiaçı ASC-nin hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmasının qadağan edilməsinə dair Quba rayon Məhkəməsinin 2(027)- 692/2019 saylı, 11 yanvar 2019-cu il tarixli qərardadının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardad ilə müəyyən edilir ki, Quba rayon Məhkəməsinin 2(027)-692/2019 saylı, 11 yanvar 2019-cu il tarixli qərardadı ilə “Azərbaycan Respublikasının Maliyyə bazarlarına Nəzarət Palatasına İddiaçı ASC-nin səhmlərinin dövriyyədən çıxarılaraq ləğv edilməsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinə İddiaçı ASC-nin hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması cavabdeh orqana qadağan edilmişdir. İddiaçı isə ləğv etmə prosesində olan hüquqi şəxslərin dövlət reyestrindən çıxarıldıqdan sonra cavabdeh orqana müraciət edərək ləğvetmə prosesinin bərpa edilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunan normaların tələbindən görünüdüyü kimi qanunvericilikdə mübahisə ilə bağlı birbaşa müddət nəzərdə tutulmuşdur. İdiaçı cavabdeh orqana müraciət edərkən qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Əlavə olaraq qeyd etmək zəruridir ki, qanunvericilikdə “hüquqi şəxsin ləğv prosesinin bərpa edilməsi” ilə bağlı hər hansı norma və ya hal nəzərdə tutulmamışdır. Qeyd olunanlardan görünüdüyü kimi, cavabdeh iddiaçının müraciətinin təmin edilməməsində haqlı olmuşdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvetmə faktının qeydə alınması ilə bağlı “ləğvetmə prosesinin” hüquqi şəxslərin dövlət reyestrində qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı X4” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvetmə faktının qeydə alınması ilə bağlı “ləğvetmə prosesinin” hüquqi şəxslərin dövlət reyestrində qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva