Məhkəmə qərarları › İş №2-1(118)-800/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-800/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-800/2021 11.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Mirzəyeva Leyla Eytibar qızı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət müəssisəsinin İdarəetmə Mərkəzinə qarşı cavabdehlərin hərəkəti (hərəkətsizliyi) barədə iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət müəssisəsinin İdarəetmə Mərkəzinə qarşı iddia qaldıraraq cavabdehlərin hərəkəti (hərəkətsizliyi) barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı həmin normaya uyğun olaraq hüquqi yardım olunması üçün məhkəməyə dəvət olunmuş və məhkəmə iclasında ona tələbinin qeyri-müəyyən olması, tələbi ilə bağlı inzibati orqana müraciətinin zəruri olması, inzibati orqanın hansı hərəkət və ya hərkətsizliyindən narazı olmasının müəyyən olunmadığı izah edilmiş və tələbi ilə bağlı ilk öncə inzibati orqana müraciət etməsi, müraciət etdikdən sonra tələbinin təmin olunmadığı halda və ya müraciətinə cavab verilmədiyi halda məhkəmədə həmin orqana qarşı iddia qaldırmaq hüququnun olduğu bildirilmişdir. İddiaçı ona təyin edilmiş pensiyanın düzgün hesablanmadığını, işlədiyi dövrlərlə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzindən arxiv arayışı aldığını, lakin pensiyasının düzgün hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmədiyini bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Qeyd edilən normaya görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki işdə iddiaçının tələbi qeyri-müəyyən olmaqla, onun cavabdeh qismində qoyduğu orqanların hansı hərəkət və ya hərəkətsizliklərindən narazı olması, habelə həmin orqanların hansı hərəkətləri və ya hərəkətsizliyi nəticəsində onun hüquq və qanuni mənafelərinin pozulması müəyyən deyildir. Bundan başqa iddiaçı məhkəmə iclasında cavabdeh inzibati orqan tərəfindən ona əmək pensiyasının düzgün hesablanmadığını və pensiyasının düzgün hesablanmasını istədiyini bildirmişdir. Lakin iddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etməsi ilə bağlı məhkəməyə hər hansı bir sənəd təqdim etməmiş və məhkəmə iclasında cavabdehə müraciətinin olmamasını bildirmişdir. İddiaçının müəyyən subyektiv hüququn tanınması üçün inzibati orqana müraciət etmədən, birbaşa məhkəməyə müraciət edərək həmin hüququn tanınmasını məhkəmədən tələb etməsi inzibati məhkəmə icraatında nəzərdə tutulmamışdır. Məhkəmədə öhdəliyin icrası haqında iddialara baxılmasının mümkünlük şərti kimi məhkəməyə müraciət etməmişdən öncə şəxs tərəfindən səlahiyyətli cavabdeh inzibati orqana konkret tələblə müraciət edilməsi, eyni zamanda inzibati orqanın onun tələbinin təmin edilməsindən imtinası və ya hərəkətizlik göstərməsi tələb olunur. İddiaçıya izah olunsun ki, tələbi ilə bağlı ilk öncə səlahiyyətli inzibati orqana müraciət etməlidir. İnzibati orqan tərəfindən tələbi təmin edilmədiyi halda məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ünvan 1 ünvanında yerləşən) şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar