Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-883/2021 01.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Sumqayıt şəhəri, “Üzvi sintez” zavodunun Metalbaza rayonundakı 16 ha torpaq sahəsinə İddiaçı MMC-nin daimi istifadə hüququnu qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 05.02.1999-cu il tarixli 78 saylı sərəncamı ilə Sumqayıt şəhəri, "Üzvi sintez" zavodunun Metalbaza rayonundakı 16 ha torpaq sahəsi "xxxx" Azərbaycan Bolqariya Birgə İstehsalat-Kommersiya Firmasının balansına verilmişdir. İddiaçı "xxxx" Azərbaycan Bolqariya Birgə İstehsalat-Kommersiya Firmasının hüquqi varisidir. Müvafiq qaydada sənədləri toplayıb sözügedən torpaq sahəsinə dair daimi istifadə hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi ilə bağlı 23.11.2020-ci il tarixli ********** saylı ərizə ilə DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etsələr də, cavabdeh təşkilat 10.12.2020-ci il tarixli **********99 saylı məktubu ilə "daşınmaz əmlak üzrəində hüquqların dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulan sənəd əlavə olunmamışdır" səbəb gətirilərək torpaq sahəsinə dair çıxarışın verilməsindən imtina etmişdir. Hesab edir ki, DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin hərəkəti qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən "xxxx" MMC-yə istifadəsində olan torpaq sahəsi üzərində daimi istifadə hüquqlarının qeydiyyata alınması üçün əsasdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi torpaq sahəsi qanuna müvafiq ilkin olaraq "xxxx" Azərbaycan Bolqariya Birgə İstehsalat-Kommersiya Firmasına verilmiş, həmin sahə də naturada təhvil verilmişdir. Hüquqi varisi olan "xxxx" MMC hal-hazıra kimi sahiblik və istifadə hüquqları həyata keçirir. Cavabdeh təşkilatın imtinada qeyd etdiyi hallar həqiqəti əks etdirmir, belə ki, torpaq sahəsi 1993-cü ildən MMC-nin faktiki istifadəsindədir və həmin sahəyə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən Torpaq Sahəsinin plan ölçüsü verilmişdir. Bu səbəbdən hesab edir ki, qanuni istifadəmizdə olan torpaq sahəsinə dair daimi istifadə hüququmuz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla "AZƏR-BOL” MMC-nin adına müvafiq çıxarış verilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəfimizdən araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı MMC-nin təsisçisi Kərimov Aydın Arif oğlu Sumqayıt şəhəri ərazisində yerləşən 16 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin daimi istifadə hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsinə dair 23 noyabr 2020-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı MMC-nin təsisçisi Kərimov Aydın Arif oğluna bildirilmişdir ki, müraciətə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulan əsas (əsaslar) əlavə olunmamışdır. Belə ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan biri təqdim olunacağı təqdirdə müraciətinə qanunamüvafiq qaydada baxılacağı İddiaçı MMC-nin təsisçisi Kərimov Aydın Arif oğluna bildirilmiş və bu barədə ona 10 dekabr 2020-ci il tarixli **********99 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştrak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb edilmiş Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 məhkəmənin ötən iclaslarında izahat verərəlk, bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin 1999-cu ildə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 05 fevral 1999-cu il tarixli 78 saylı Sərəncamı ilə İddiaçı X2 firmasının balasına verilməsinə baxmayaraq, həmin torpaq sahəsinin 1993 və 1999-cu ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin mülkiyyətində olub-olmaması barədə məlumat yoxdur. Məhkəmə tərəfindən qərar qəbul edilərkən bu hallara diqqət yetirilməsi xahiş olunmuşdur. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat və Sumqayıt Şəhər İcra Hakimiyyəti məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Digər üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 məhkəmədə izahat verərək, bildirmişdir ki, qeyd olunan 16 ha torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri olmadığından həmin torpaq sahəsinin hansı qurumun balansında olub-olmamasını müəyyən etmək mümkün olmur. Nəzərə alınmalıdır ki, 16 ha torpaq sahəsinin İddiaçı MMC-nin balansına verilməsi haqqında Sumqayıt Şəhər İcra Hakimiyyətinin 1999-cu il tarixli sərəncamı verilən ərəfədə dövlət mülkiyyətində olan daşınmaz əmlak özəlləşdirmə proqramı çərçivəsində həyata keçirilirdi və yerli icra hakimiyyətlərinin torpaq sahəsinin ayrılmasında subyektiv hüququ mövcud deyildi. İddiaçı MMC tərəfindən qeyd olunan torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı müraciəti olduğu tədqirdə torpaq sahəsinin onun sahibliyinə verilməsi məsələsinə baxıla bilər. Qeyd olunanları məhkəmə tərəfindən qərar qəbul edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 10 dekabr 2020-ci il tarixli **********99 nömrəli imtina məktubu, **********68 nömrəli, 15.04.2021-ci il tarixli etirazı, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 05.02.1999-cu il tarixli 78 saylı sərəncamının surəti, Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş 60/1 nömrəli, 03.08.2021-ci il tarixli məktub, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 1247 nömrəli, 28.07.2021-ci il tarixli və 1920 nömrəli, 21.10.2021-ci il tarixli məktublar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 05.02.1999-cu il tarixli 78 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsi üzərində iddiaçı tərəfindən sahiblik hüququnu həyata keçirməyə başladığı vaxtdan yaranmış olur. Cavabdeh iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 2 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 2 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 2 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 2 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı MMC DƏDRX-in 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 10 dekabr 2020-ci il tarixli **********99 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbində göstərilənləri aydınlaşdırmaq məqsədilə məhkəmə tərəfindən Sumqayıt arxiv idarəsinə sorğu göndərilmiş və məlum olmuşdur ki, "xxxx" Dövlət Şirkətinin Sumqayıt “Üzvi Sintez” Zavodu tərəfindən İddiaçı firmasına istifadəyə verilmiş göl sahəsinin İddiaçı firmasının balansına keçirilməsi haqqında etirazı olmamasını nəzərə alaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 05.02.1999-cu il tarixli 78 saylı sərəncamı ilə Sumqayıt şəhəri, “Üzvi sintez” zavodunun Metalbaza rayonundakı 16 ha torpaq sahəsi "xxxx" Azərbaycan Bolqariya Birgə İstehsalat-Kommersiya Firmasının balansına verilmişdir. Sərəncamın verildiyi tarixdən etibarən göl hesab edilən ərazi İddiaçı MMC-nin sahibliyindədir və oda öz növbəsində sahibliyində olan daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını qeydə alınması məqsədi ilə DƏDRX-nin 2 saylı ərazi İdarəsinə müraciət etmişdir. Lakin DƏDRX-nin 2 saylı ərazi İdarəsi müraciəti təqdim edilmiş sənədlərin hüquqi əsası olmamsı səbəbindən yerinə yetirməkdən imtina etmişdir. Belə ki, cavabdeh təşkilatın nümayəndəsi məhkəmədə izahat verərək, bildirmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin mübahisə predmeti olan torpaq sahəsinin İddiaçı MMC-nin balansına verilməsi üçün subyektiv hüququ olmamışdır. Qeyd olunanlara əsasən İddiaçı MMC-ti sahibliyində olan 16 ha torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnu qeydə aldıra bilmir. Məhkəmə tərəfindən 1993-cü ildə Ülvi Sintez zavodunun, 1999-cu ildə İddiaçı MMCnin balansına verilmiş 16 ha torpaq sahəsinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin balasında olub-olmaması ilə bağlı müvafiq sorğular verilmiş, lakin Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 1247 nömrəli, 28.07.2021-ci il tarixli və 1920 nömrəli, 21.10.2021-ci il tarixli məktublar ilə İddiaçı MMC-nin balansına verilmiş “Üzvi sintez” zavodunun Metalbaza rayonundakı 16 ha torpaq sahəsinin 1993-cü il və 1999-cu illər ərzində Sumqayıt Şəhər İcra Hakimiyyətinin balansında olub-olmaması barədə şəhər icra hakimiyyətində məlumatların olmadığı məlum olmuşdur. Nəzərə alınmalıdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin torpaq sahəsinin İddiaçı MMC-nin balansına verilməsi haqqında 1999-cu il tarixli Sərəncamı qəbul edilən ərəfədə "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanunun icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 1995-ci il tarixli 1120 saylı Fərmanı ilə təstiq edilmiş “Azərbaycan Respublikasında 1995- 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” və 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı qəbul edilmişdir. İİ Dövlət Proqramı Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"na uyğun olaraq özəlləşdirilməyə açıq elan edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış müəssisə və obyektlərin İİ Dövlət Proqramı çərçivəsində özəlləşdirilməsi məqsədi ilə qəbul edilmişdir. İ-ci Dövət Proqramına edilmiş 1 saylı əlavəyə əsasən dövlət müəssisələri Azərbaycan Respublikası Prezidentinin qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı və Yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq, Dövlət Əmlak Komitəsinin qərarı ilə özəlləşdirilə bilməsi göstərilmiş. İİ Proqramın 2-ci bəndinə əsasən dövlət əmlakları Azərbaycan Respublikası Prezidentinin və ya Əmlak Məsələləri Dövlət Komitəsi qərarları ilə özəlləşdirilə bilər. İİ Dövlət Proqramının 4.1-ci bəndinə əsasən dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi, özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə (bundan sonra-işçilər) güzəştli satışı, dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı, dövlət əmlakının hərraclar vasitəsi ilə satışı, dövlət əmlakının investisiya müsabiqələri vasitəsi ilə satışı, icarəyə verilmiş dövlət əmlakının satışı, dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı dövlət əmlakının özəlləşdirilməsi üsulları hesab edilir. Hüquq münasibətlərinin yarandığı 1999-cu ilin fevral ayında qüvvədə olan Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən torpaq üzərində, Azərbaycan Respublikasının dövlət mülkiyyətinə, respublika ərazisində bu Məcəllə ilə müəyyən edilmiş qaydada digər subyektlərin mülkiyyətinə verilmiş torpaqlardan başqa, bütün torpaqlar aiddir. Dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Torpaq sahəsinin verilməsi və geri alınması, o cümlədən dövlət və ictimai məqsədlər üçün geri alınması barədə vəsatətin qaldırılması və ona baxılması qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Torpaq verilməsinə dair vətəndaşların ərizələrinə bir ay müddətindən gec olmayaraq baxılır. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən orpaq üzərində mülkiyyət hüququnu, sahiblik və daimi istifadə hüququnu təsdiq edən sənədlər torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 40-cı maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqdan istifadə pulludur. Torpaq haqqı onun keyfiyyətinə və coğrafi mövqeyinə müvafiq surətdə torpaq vergisi və ya icarə haqqı formasında hər il tutulur. Həmin Məcəllənin 41-ci maddəsinə əsasən xüsusi mülkiyyətinə, sahibliyinə, daimi və müvəqqəti istifadəsinə torpaq sahələri verilmiş vətəndaşlardan, kolxozlardan, sovxozlardan, kəndli (fermer) təsərrüfatlarından, dövlət, kooperativ, ictimai müəssisələrdən, idarələrdən, təşkilatlardan, digər dövlətlərin hüquqi şəxslərinin iştirak etdiyi birgə müəssisələrdən beynəlxalq birliklərdən və təşkilatlardan, xarici hüquqi və fiziki şəxslərdən torpaq vergisi tutulur. Verginin tutulma qaydası və dərəcəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Məcəllənin 49-cu maddəsinin 4cü bəndinə əsasən torpaq vergisini və ya torpaq üçün icarə haqqını vaxtında ödəmək torpaq istifadəçisinin vəzifəsidir. Göründüyü kimi Dövlət Əmlakın Özəlləşdirilməsi ilə bağlı hər iki proqramın tələbləri baxımından yerli icra hakimiyyətinin dövlət mülkiyyətində olan əmlakın hər hansı şəxsin balansına vermək hüququ mövcud deyildi. İ-ci dövlət proqramı çərçivəsində Yerli icra Hakimiyətlərinin səlahiyyətləri Əmlak Məsələri Dövlət Komitəsi tərəfindən dövlət əmlakı özəlləşdirilən zaman müvafiq razılığın verilməsi ilə məhdudlaşdırılmışdır. Lakin qeyd olunan və yerli icra hakimiyyətləri üçün məcburi qüvvəyə malik olan göstərişlərin qüvvədə olmasına baxmayaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 05.02.1999-cu il tarixli 78 saylı sərəncam verilmişdir. Bu isə 78 saylı sərəncamın qanuna söykənmədiyinə dalələt edir. Bundan başqa o da nəzərə alınmalıdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 05.02.1999-cu il tarixli 78 saylı sərəncam qəbul edildiyi vaxt qüvvədə olan Torpaq Məcəlləsinin tələblərinə əsasən torpaq sahələri daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Torpaq sahələrinin daimi istifadəyə verilməsi rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilirməli və torpağın hansı məqsəd ilə daimi istifadəyə verilməsi həmin aktda öz əksini tapmalı idi. Daimi istifadə hüququna malik olan şəxs həmin torpaq sahəsinə görə torpaq haqqı və torpaq vergisi ödəməli idi. Lakin məhkəmə araşdırması zamanı iddiaçının və Əmlak Məsələri Dövlət Xidmətinin nümayəndəsinin ifadələrindən məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi ilə bağlı dövlət haqları ödənilməmişdir. Bundan başqa oda nəzərə alınbmalıdır ki, 1999-cu ilə qədər qüvvədə olan Torpaq Məcəlləsinin tələblərinə əsasən torpaqlar daimi istifadəyə yerli icra hakimiyyətlərinin qərarı ilə deyil rayon və şəhər xalq deputatları sovetinin qərarı əsasında ayrılırdı. Bu isə bir daha Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən “hansı məqsəd üçün ayrılması (balansa verilməsi) göstərilməyən” 05.02.1999-cu il tarixli 78 saylı sərəncam əsasında qeyd olunan torpaq sahəsinin daimi istifadəyə ayrılması hüququnun olmamasına dəlalət edir. Buna görədə məhkəmə hesab edir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 05.02.1999-cu il tarixli 78 saylı sərəncamı mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının daimi istifadə hüququnun qeydə alınması üçün əsas hesab edilə bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Sumqayıt şəhəri, “Üzvi sintez” zavodunun Metalbaza rayonundakı 16 ha torpaq sahəsinə İddiaçı MMC-nin daimi istifadə hüququnu qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Sumqayıt şəhəri, “Üzvi sintez” zavodunun Metalbaza rayonundakı 16 ha torpaq sahəsinə İddiaçı MMC-nin daimi istifadə hüququnu qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-883/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-883/2021
01.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver