Məhkəmə qərarları › İş №2-1(118)-8853/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-8853/2025

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-8853/2025 26.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi) GİRİŞ HİSSƏ X3-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Məhərrəmova Türkan Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 26 fevral 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi adı”nın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya “Əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adı”nın verilməsi barədə rəsmi qaydada cavabdeh Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə müraciət edərək, “Azərbaycan Həmkarlar İttifaqları X1”nın “Məhsul” kənd könüllü həmkarlar kooperativ idman cəmiyyətinin Respublika Şurasının, “Azərbaycan Güləş Federasiyası”nın (AGF) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Quba rayon gənclər və idman idarəsinin birgə göndərdikləri “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi adının verilməsi üçün” Təqdimatı və digər sənədləri cavabdehə təqdim etmişdir. Müraciətinə imtina cavabı verilmişdir. Lakin cavabdehin həmin cavabı, ona təqdim edilmiş sənədlərlə təkzib edildiyindən hüququnun müdafiəsi üçün cavabdehə qarşı ona “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi adı”nın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Həmin iddia ərizəsi ilə əlaqəli olan, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)- 7550/2020 saylı inzibati iş üzrə hazırlıq iclası zamanı cavabdeh təşkilat iddiaçıya müraciət edərək iddianın məhkəmədən kənar təmin ediləcəyinə vəd verərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri məhkəmədən götürməyi iddiaçıdan xahiş etmişdir. İddiaçı həmin vədə inanaraq xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-7550/2020 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin vaxtdan sonrakı dövrdə cavabdeh müxtəlif bəhanələrlə vaxtı ötürərək iddiaçıya “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi adı”nın verilməsindən yayınmışdır. Cavabdehə sonuncu müraciətinə də cavabdehin 24 sentyabr 2025-ci il tarixli məktubla aldadıcı cavab verilmişdir.

3. Cavabdeh xx.xx.2026-cı il tarixli, 3-19/2-M-1547/2-xx-xx/2026 saylı imtina məktubunda qeyd edilmişdir ki, “Sizin “Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi ilə bağlı ərizənizə cavab olaraq bildiririk ki, sənədləriniz “Fəxri adların, təqaüdlərin verilməsi, sosial vəziyyətin yaxşılaşdırılması komissiyası”na təqdim edilmiş və növbəti illərdə yenidən baxılacaq.”.

4. Məhkəmənın iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi.

5. Məhkəmənın iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi.

6. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

7. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.

8. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

9. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2026-cı il tarixdə verilmiş cavabda bildirilir ki, sənədləri “Fəxri adların, təqaüdlərin verilməsi, sosial vəziyyətin yaxşılaşdırılması komissiyası”na təqdim edilmiş və növbəti illərdə yenidən baxılacaq.

10. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə qeyd edilən tələblə müraciət etmişdir. İddia mümkündür. III. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə: 1.Azərbaycan Respublikasının fəxri adları mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, memarlıq, jurnalistika, mühəndislik, bədən tərbiyəsi və idman, kənd təsərrüfatı, mülki aviasiya, habelə dövlət qulluğu və hüquq sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilir. Azərbaycan Respublikasının fəxri adları Azərbaycan Respublikasının vətəndaşlarına verilir. Azərbaycan Respublikasının fəxri adları digər ölkələrin vətəndaşlarına da verilə bilər.

2. Azərbaycan Respublikasının eyni fəxri adı bir şəxsə təkrar verilmir. Azərbaycan Respublikasının bir fəxri adına layiq görülmüş şəxs, əmək fəaliyyətinin digər sahəsində xidmətlərinə görə müvafiq fəxri ad almağa — bu, fəxri adların verilməsi şərtlərinə zidd gəlmirsə, — təqdim edilə bilər.

3. Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş şəxslərə Azərbaycan Respublikasının fəxri adının vəsiqəsi və döş nişanı təqdim olunur.

4. “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı bədən tərbiyəsi və idmanın inkişafında böyük xidmətlər göstərmiş, bu sahənin elmi-tədqiqat və müalicəsağlamlaşdırma işində, idman kadrlarının hazırlanmasında və tərbiyə edilməsində yüksək nailiyyətlər əldə etmiş şəxslərə verilir. ...

5. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının fəxri adını öz təşəbbüsü ilə, habelə Azərbaycan Respublikası Milli Məclisinin və ya Nazirlər Kabinetinin təqdimatı əsasında verir.

6. Azərbaycan Respublikası fəxri adının verilməsi haqqında yuxarı orqan və ya təşkilat qarşısında vəsatət, fəxri ada təqdim edilənin işlədiyi əmək kollektivində qaldırılır.

7. Azərbaycan Respublikası fəxri adının vəsiqəsini və onun döş nişanını Azərbaycan Respublikasının prezidenti, yaxud onun vəkil etdiyi digər şəxslər təntənəli və geniş aşkarlıq şəraitində təqdim edirlər.

8. Azərbaycan Respublikası fəxri adlarının vəsiqələri və döş nişanları Azərbaycan Respublikası Prezidenti Administrasiyasında, Milli Məclisdə, Nazirlər Kabinetində, yaxud fəxri ad alanların işlədikləri əmək kollektivlərində, müxtəlif müşavirələrdə, toplantılarda və digər yığıncaqlarda təqdim edilir.

9. Azərbaycan Respublikası fəxri adının vəsiqəsinin və döş nişanının təqdim edilməsi iki nüsxədən ibarət protokolla rəsmiləşdirilir, həmin protokolu fəxri adın vəsiqəsini və döş nişanını təqdim etmiş şəxs imzalayır və protokola təqdimetməni keçirən orqanın möhürü vurulur.

10. Azərbaycan Respublikasının fəxri adına layiq görülmüş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş güzəştlərdən istifadə edirlər.

11. Dövlət orqanları, ictimai təşkilatlar, müəssisə, idarə və təşkilatların müdiriyyəti, əmək kollektivləri Azərbaycan Respublikasının fəxri adları verilmiş şəxslərin nailiyyətlərini və xidmətlərini təbliğ etmək sahəsində iş aparır, onların qabaqcıl təcrübəsini yayır, vətəndaşları, böyüməkdə olan nəsli fəxri adlara layiq görülmüş şəxslərin xidmətlərinə hörmət və ehtiram ruhunda tərbiyə edirlər.

12. Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş vətəndaşlar fəxri adların döş nişanlarını sağ döşə taxırlar.

13. Azərbaycan Respublikasının fəxri adını almış şəxslər öldükdə fəxri adın vəsiqəsi və döş nişanı yadigar kimi saxlamaq üçün həmin şəxslərin ailələrində qalır və ya onların ailələrinə verilir. Azərbaycan Respublikasının fəxri adını almış şəxs öldükdə vərəsələrinin razılığı ilə onun fəxri adının vəsiqəsi və döş nişanı saxlamaq və nümayiş etdirilmək üçün muzeylərə, arxivlərə verilə bilər. Azərbaycan Respublikasının fəxri adını almış şəxs öldükdə vərəsələri olmazsa, onun fəxri adının vəsiqəsi və döş nişanı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına qaytarılır.

İV. Məhkəmənin mövqeyi

12. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

13. Hazırki tələbində iddiaçı ona “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi adı”nın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmasını tələb edir.

14. İnzibati Prosessual Məcəllənin 73.3.2-ci maddəsinə əsasən, inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz.

15. “İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci maddəsinə əsasən, diskresion səlahiyyət qanunla inzibati orqanın mümkün qanunauyğun qərarlardan birini seçmək imkanıdır.

16. Məhkəmə qeyd edir ki, diskresion səlahiyyətlərin həyata keçirilməsi inzibatı orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququdur. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edərsə, onda diskresion qərarı özü qəbul edə bilməz. Başqa sözlə, məhkəmə inzibati aktın qanunsuzluğunu müəyyən etdikdən sonra inzibati orqana diskresion səlahiyyətləri ilə müəyyən edilmiş hərəkət azadlığına müdaxilə etməməlidir. Bundan sonra, məhkəmənin nəzarəti yalnız inzibati orqanın öz diskresion səlahiyyətini düzgün, mütənasiblik prinsipinə müvafiq olaraq yerinə yetirilib-yetirilmədiyinin yoxlanılması ilə məhdudlaşmalıdır.

17. İddiaçının arzuladığı tələbə uyğun inzibati orqanın üzərinə vəzifənin qoyulması isə cavabdeh inzibati orqanın birbaşa diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar.

18. Məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər, çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

19. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

20. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir.

21. Baxılan işdə cavabdehin öz diskression səlahiyyətlərini həyata keçirərkən qanunvericliyin tələblərinə zidd davranması müəyyən edilmir.

22. İPM-in: 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

23. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X3-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar