Məhkəmə qərarları › İş №2-1(118)-8872/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-8872/2025

13.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-8872/2025 13.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə, mütəxəssis X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”-in 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 8 oktyabr 2025-ci il tarixli, 3-17-1/2-N-240199/2025 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Mərkəzi Filial tərəfindən 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, 18 avqust 2020-ci il tarixə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40.800 manat hesablandığı halda, fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21.885,84 manat təşkil etmişdir. Qeyd olunanları nəzərə alaraq, ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşının tamam olduğu 18 avqust 2020-ci il tarixdən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

2. İddiaçı məxsus 7 avqust 1979-cu il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın surəti.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 13 noyabr 2025-ci il tarixli, 3-17-1/2-273463/2025 nömrəli məktubu ilə İddiaçı münasibətdə aparılmış inzibati icraata dair materiallar təqdim edilmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” 20 sentyabr 2022-ci il tarixli, **********6 nömrəli qərarından görünür ki, İddiaçı 29 iyun 2022-ci il tarixdə 240 manat məbləğində pensiya təyin edilmişdir. - pensiya işinə dair digər materiallar.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 28 yanvar 2026-cı il tarixli, 3-17-1/2-21330/2026 nömrəli məktubundan görünür ki, İddiaçı 1 yanvar 2006-cı il tarixədək olan 28 il 7 ay 20 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 21.229,63 manat müəyyən edilməklə həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi şəxsi hesabında 18 avqust 2020-ci il tarixədək qeydə alınan pensiya kapitalı 3.481,25 manat olmaqla 18 avqust 2020-ci il tarixə cəmi pensiya kapitalı 24.710,88 manat təşkil edir. Eyni zamanda bildirilmişdir ki, 18 avqust 2020-ci il tarixə İddiaçı münasibətdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40.800 manat təşkil edir.

5. İddiaçı oktyabr 2022-ci il – noyabr 2025-ci il dövrdə ödənilmiş pensiya məbləğinə dair cədvəl.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddiaçı tərəfin tələbi və əsasları

6. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən 21 aylıq pensiyanın verilməməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, iddiaçıya çatmalı olan 21 aylıq pensiya məbləğinin tam şəkildə ödənilməsini, gecikdirilmiş dövr üçün hesablanmış faiz və ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi işin hallarına (§1-2) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı 18 avqust 1960-cı il Qusar rayonunda anadan olmuş, 1975-ci ildən 1979-cu ilə qədər Sumqayıt Politexnik texnikumunu oxuyub bitirmiş və həmin ildə də boru prokat sexində 3cü dərəcəli kəsici kimi işə düzəlmiş, sonra 1979-cü ildə Sovet çağırıldığına görə zavoddan azad edilmiş və 1979-cu ildən 1981-ci ilədək Sovet ordusunda xidmət etmiş, 1981-ci ildə həqiqi hərbi ximdətdən geri döndükdən sonra, 1982-ci ildən 1984-cü ilə qədər yenidən həmin zavodun Prokat sexində 3-cü dərəcəli metal tədarükçüsü kimi işə düzəlmiş, 1984cü ildə boru prokat bölməsinin plazma kəsmə sahəsində 4-cü dərəcəli qaz kəsici sahəsinə keçirilmiş və 1986-cı ilə qədər həmin sahədə işləmiş, 1986-cı ildən 2007-ci ilə qədər elektrik sexinə elektrik avadanlıqlarının təmiri sahəsinin sabit və dəyişən cərəyanla işləyən elektrik avadanlıq və transfarmatorların təmiri üzrə elektrik sayğacları briqadasına elektrik avadanlıqlarının sarğılarının və izolə edilməsi təmiri üzrə şagird vəzifəsinə keçmiş və 2007-ci ilə qədər sıra-sıra 2-ci, 3-cü, 4-cü və 6-cı dərəcə elektrik montyoru vəzifələrinə keçmiş, fiziki işçi kimi işləmiş və dövlətinə sığorta, vergi və digər ödənişləri etmişdir. Hesab edir ki, xüsusi şərtlərlə işləyən şəxs kimi 60 yaşı tamam olduqda sığorta kapitalına baxılmadan xüsusi şərtlərlə işlədiyinə görə pensiyaya çıxmaq hüququ qazanmışdır. Lakin Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu hüququn vaxtında tətbiqi barədə məlumat verilmədiyi üçün pensiya ilə bağlı yalnız 62 yaşında müraciət etmiş, müraciət etdikdən sonra cəmi 3 ay pensiya ödənişi edilmiş, lakin qanuna əsasən çatmalı olan ödənilməmiş 21 ayın pensiya ödənişi edilməmişdir.

8. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 38, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7, 9, 22.1, 25.1, 38, 39.2, prosessual hüquqi əsası kimi İPM-in 2.2.2, 13, 33.1, 33.2-ci maddələrinə istinad olunmuşdur.

9. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

10. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddiaçıya 60 yaşı tamam olduğu 18 avqust 2020-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 13 yanvar 2026-cı il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

11. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

Cavabdeh tərəfin iddia ərizəsinə qarşı mövqeyi - etiraz və onun dəlilləri:

12. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

13. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 18 avqust 1960-cı il təvəllüdlü olduğundan 60 yaşı 18 avqust 2020-ci il tarixdə tamam olur. Həmin tarixdə qüvvədə olan Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmişdir. Belə ki, 18 avqust 2020-ci il tarixə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40.800 manat hesablandığı halda, fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21.885,84 manat təşkil etmişdir. Qeyd edildiyi kimi, iddiaçıya 60 yaşdan əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşının tamam olduğu 18 avqust 2020-ci il tarixdən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Eyni zamanda, “Pensiya” altsistemindən çıxarışdan görünür ki, iddiaçıya pensiya təyin olunduğu tarixdən etibarən bu günədək ödəniş həyata keçirilmişdir.

14. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 7, 9.1, 22-1.3, 37-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubuna, prosessual hüquqi əsası kimi İPM-in 12.1, 12.2, 47.2, 58.7-ci maddələrinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

15. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə (§6-8) uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi iddia tələbini qəbul etməyərək,etiraz dəlillərini müdafiə etmiş, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında iştirak edən cavabdeh orqanın mütəxəssisi izahat verərək, iddiaçının 60 yaşı tamam olduğu tarixdə mövcud qanunvericiliyə əsasən pensiya kapitalı tələb olunmuşdur. İddiaçının pensiya kapitalı hesablanaraq, 2006-ya qədərki dövr üçün vətəndaşlara standart formada hesablandığı kimi, 306 manat məbləği, 2006-2020-ci illər dövr üçün yaranmış elektron sistemdə işlədiyi müəssisə tərəfindən köçürülmüş məbləğ barədə mövcud olan məlumatlar, həmçinin hər il aparılmış indeksləşdirilmə nəzərə alınmış, nəticədə 60 yaşı tamam olduğu 18 avqust 2020-ci il tarix üçün qanunvericiliklə nəzərdə tutulmuş 40.800 manat məbləğindən az olaraq 21.885,84 manat məbləğində pensiya kapitalı müəyyən edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

18. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

19. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

20. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

22. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

1.0.6. dövlət sosial sığorta sistemində fərdi uçot – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır; 1.0.7. fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır; 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; (-) 1.0.10. pensiya kapitalı -müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; (-)

Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (-)

Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa,habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti; 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən və dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7. zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

24. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: ... 1.1.6. sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər; 1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; 1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər; 1.1.9. sığortaolunanın sığorta stajı – sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti; 1.1.10. məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaiti; (-)

Maddə 9. Sığortaçının hüquq və vəzifələri Sığortaçının hüquqları aşağıdakılardır: müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq; məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq; məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 9-1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 9-1.2. Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 10. Sığortaedənlərin hüquq və vəzifələri Sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Sığortaedənlərin vəzifələri aşağıdakılardır: ... bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək; hesabat dövründə fəaliyyət göstərmədiyi halda Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək; bu Qanunun 14.5.1-1-ci maddəsində (bu Qanunun 14.5.1-1.10-cu maddəsi istisna olmaqla) nəzərdə tutulan fəaliyyət növlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək; bu Qanunun 14.5.1-1.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növünü Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” almaqla həyata keçirmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 11. Sığortaolunanların hüquq və vəzifələri Sığortaolunanların hüquqları aşağıdakılardır: onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək; könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müstəqil seçmək; sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək; sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq. Sığortaolunanların vəzifələri aşağıdakılardır: ... sosial sığorta haqqını vaxtında ödəmək; sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək. Maddə 18. Məcburi dövlət sosial sığortası sahəsində idarəetmə

Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı: məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir; ... sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir; ... sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirir; qanunla nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaedənlər və sığortaolunanlar barədə olan məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edir; Əsasnaməsində müəyyən edilmiş digər fəaliyyətlə məşğul olur. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. ...

25. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

26. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (hüquq münasibətinin yarandığı zaman qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; (-)

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

28. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarı:

“… Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. ...”

29. İPM-n müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 11. Qanun və məhkəmə qarşısında bərabərlik prinsipi 11.1. İnzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur.

Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

Maddə 15. Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri 15.1. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir.

Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)

Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

Məhkəmənin mövqeyi:

30. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

31. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı).

32. İddiaçı tələbinin əsası kimi bildirir ki, onun ümumi və güzəştli iş stajının mövcud olduğuna baxmayaraq, cavabdeh orqan tərəfindən əsassız olaraq pensiya kapitalına istinad edilmiş, nəticədə qanunvericiliklə nəzərdə tutulmuş 60 yaşı tamam olduğu 2020-ci ildən deyil, 2022-ci ildə pensiya ödənişləri başlanılmış, ödənilməli olan 21 ay müddətinin pensiya məbləği ödənilməmişdir.

33. Cavabdeh tərəfin mövqeyi isə ondan ibarətdir ki, iddiaçının 60 yaşı tamam olduğu 18 avqust 2020-ci il tarix üçün o, mövcud olan qanunvericiliklə nəzərdə tutulmuş pensiya kapitalına malik deyildir.

34. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin 20 sentyabr 2022-ci il tarixli, **********6 nömrəli qərarı ilə iddiaçıya 29 iyun 2022-ci il tarixdən 240 manat məbləğində pensiya təyin edilmişdir.

35. İddiaçının iddia etdiyi 60 yaşı tamam olduğu 18 avqust 2020-ci il tarix üçün cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə hesablanmış, həmçinin hesablama qaydası məhkəmə iclasında iştirak edən mütəxəssis tərəfindən ətraflı izah olunmuş pensiya kapitalının məbləği 1 yanvar 2006-cı il tarixədək olan 28 il 7 ay 20 gün iş stajı pensiya kapitalına çevrilməklə indeksləşdirilərək 21.229,63 manat, həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi şəxsi hesabında 18 avqust 2020-ci il tarixədək qeydə alınan 3.481,25 manat, ümumilikdə 24.710,88 manat olaraq müəyyən edilmişdir.

36. Lakin həmin dövr üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40.800 manat təşkil etmişdir.

37. Belə ki, 18 avqust 2020-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olmuş redaksiyasının 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan sığortaolunanlar kişilər üçün əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ üçün aşağıdakı halların mövcud olması nəzərdə tutulmuşdur: - 60 yaşına çatması; - azı 25 il sığorta stajına malik olması; - sığorta stajının azı 12 il 6 ayını həmin işlərdə çalışması; - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.

38. Belə ki, həmin maddənin göstərilən məzmunu 29 iyul 2022-ci il tarixədək qüvvədə olmuş, daha sonra isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, pensiya kapitalı tələb edilməmişdir.

39. İş materiallarından müəyyən edildiyi kimi, iddiaçının onun 60 yaşı tamam olduğu 18 avqust 2020-ci il tarixdə mövcudluğu zəruri olan pensiya kapitalı məbləğinə malik deyildir, bu səbəbdən də həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas müəyyən edilməmişdir.

40. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh orqanın təqdim etdiyi iddiaçının ödənilmiş pensiyasına dair cədvəldən istinad edilən qanun müddəasının qüvvədən düşmüş 29 iyul 2022-ci il tarixdən etibarən iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilərək, 29 iyun 2022-ci il – 30 sentyabr 2022-ci il dövr üçün ödənilməmiş pensiya məbləği nəzərə alınmaqla, 2022-ci ilin oktyabr ayından ödənilməyə başlanılması müəyyən edilmişdir.

41. Göründüyü kimi, iddiaçının 18 avqust 2020-ci il tarixdə qanunla tələb edilən 40.800 manat pensiya kapitalı müəyyən edilmədiyindən, həmin tarixdən “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа olunmuşdur və işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir.

42. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

43. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi – Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar