Məhkəmə qərarları › İş №2-1(118)-9612/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-9612/2025

16.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-9612/2025 16.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı “rezidenturaya qəbul üçün ixtisas seçimində iştirak edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ

1. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, rezidenturaya qəbul üçün ixtisas seçimində iştirak etməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh orqana müraciət edərək bildirmişdir ki, 10 avqııst 2025-ci il tarixdə cavabdeh tərəfindən rezidenturaya qəbul üçün ixtisas fənləri üzrə keçirilmiş biliklərin qiymətləndirilməsi imtahanında ona 49 bal hesablanmış, cavabdeh tərəfindən imtahanın mövcud qanunvericiliyin tələblərinə uyğun təşkil edilməməsi, imtahanda iştirak edən namizədlər arasında bərabərliyin təmin edilməməsi, və imtahana mübahisəli, yanlış və proqramdan kənar suallar salınması səbəbindən imtahan nəticəsi 49 bal olaraq ixtisas seçimi müsabiqələrində iştirak etmək üçün tələb olunan 50 baldan 1 bal az hesablanmışdır. Bununla da, ixtisas seçimi müsabiqələrindən qanunsuz olaraq kənarda saxlanılmışdır. Odur ki, hələ də boş qalan plan yerləri üzrə ixtisas seçimi prosesində iştirak etməyi üçün qərar (inzibati akt) qəbul edilməsi xahiş edilmiş, cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, keçirilən rezidenturaya qəbulun ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 49 bal toplamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2017-ci il tarixli, 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydalan”nın 4.1-ci bəndinə uyğun olaraq ixtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri cavabdeh tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar. 10 avqust 2025-ci il tarixdə keçirilən rezidenturaya qəbulun ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanmdakı nəticəsi (49 bal) müsabiqə şərtini ödəmədiyinə görə müsabiqəyə buraxılmamışdır.

3. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

4. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri

5. Etiraz daxil olunmamışdır.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi izahat verərək bildirmişdir ki, iddiaçının hazırkı iddia tələbi ilə bağlı digər inzibati işin müvəqqəti xarakterli təminat tədbiri qismində məhkəməyə müraciət etmiş və kassasiya instansiyasının icraatında da baxılaraq, mümkün hesab edilməmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır.”

9. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

10. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

11. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü

12. İrəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

13. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

Məhkəmənin mövqeyi:

15. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

16. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

17. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

18. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

19. Belə ki, iddiaçının hazırkı iddia tələbi rezidenturaya qəbul üçün ixtisas seçimində iştirak edilməsindən ibarətdir.

20. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 dekabr 2025-ci il tarixli, 15(102)-521/2025 nömrəli qərarından müəyyən edilir ki, İddiaçı (hazırkı iş üzrə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə (hazırkı iş üzrə cavabdeh) qarşı “zərurət yarandıqda, müstəqil ekspertiza təyin edilərək cavab kartının və mübahisəli sualların yenidən yoxlanılması, “yanlış” kimi qiymətləndirilmiş 51 sualın məhkəmə qaydasında araşdırılması və düzgün qiymətləndirmə nəticəsində itirilmiş balların bərpa olunması, imtahan suallarının hazırlanmasında istifadə edilən mənbələrin dilinin imtahanın elan edilmiş dili ilə uyğunluğunun araşdırılması və pozuntunun aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, bununla yanaşı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə müraciət edərək, “yekun məhkəmə araşdırması yekunlaşanadək “ixtisas seçimi müsabiqəsində iştirak etməsinə şərait yaradılması” barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

21. Həmin qərarda qeyd edilmişdir ki, “artıq rezidenturaya qəbul imtahanları və ixtisas seçimi mərhələləri başa çatdığından, müvafiq nəticələr elan olunduğundan, həmçinin tədris prosesi başlandığından müvəqqəti tədbirlərin tətbiqi üçün tələb olunan təcililik elementi hazırkı işdə mövcud deyil. Bu mərhələdən sonra müvəqqəti tədbirin tətbiqi nə zərəri önləyə bilər, nə də ərizəçinin hüquqlarının bərpasına real təsir göstərə bilər.”

22. Göründüyü kimi, hazırkı halda iddiaçının məhkəməyə “iddia tələbi ilə” etdiyi müraciət onun digər inzibati işlə əlaqədar verilmiş “müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə” tələbi ilə eynilik təşkil edir və artıq Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən də tələbə dair məhkəmə tərəfindən münasibət bildirilmişdir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. ... Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir.Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. ...”

24. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd olunmuşdur ki, “15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.”

25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iddia tələbi mümkün hesab edilməməlidir.

26. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

27. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar