Məhkəmə qərarları › İş №2-1(118)-987/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-987/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-987/2021 06.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X5 oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 29.11.1999-cu il tarixli, 832 saylı sərəncamı və Sumqayıt şəhər Bələdiyyə Şurasının 23.02.2001-ci il tarixli, 11 saylı və 19.04.2001-ci il tarixli, 13 saylı qərarları ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində ona ayrılmış torpaq sahəsi üzərində yerləşən qeyriyaşayış binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “mülkiyyətinə çıxarışın verilməsi və özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdehin imtinasının əsassız hesab edilməsi, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 29.11.1999-cu il tarixli, 832 saylı sərəncamı və Sumqayıt şəhər Bələdiyyə Şurasının 23.02.2001-ci il tarixli, 11 saylı və 19.04.2001-ci il tarixli, 13 saylı qərarları ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində ona ayrılmış torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisindəki qeyri yaşayış sahəsinin Çıxarışını alması və özəlləşdirilməsi üçün cavabdehə 13 fevral 2021-ci il tarixli müraciət ünvanlamışdır. Cavabdeh müraciətinə cavabında Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri - Xidmətinin 2 Saylı Sumqayıt Ərazi İdarəsinin rəisi Fətəli Atakişiyev imzası ilə bildirmişdir ki, ərizəyə əlavə olunmuş Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 29.11.1999-cu il tarixli, 832 saylı sərəncamı ilə hüquqi şəxs olan “Qaraəhmədli” cəmiyyətinə ayrılmış, dövlət mülkiyyətində olan torpaq sahəsinin Sumqayıt Şəhər Bələdiyyə Şurasının 19.04.2001-ci il tarixli, 13 nömrəli qərarı ilə ərizəçiyə aid edilməsi qanunvericiliyin tələblərinin aşkar surətdə pozulması olmaqla, özü-özlüyündə etibarsız aktdır. Fətəli müəllimin qanunsuz və etibarsız hesab etdiyi və onun təqdim edilən dövlət sənədini (Texniki Pasport (18 sentyabr 2002-ci il tarixli, № 003268)) elə həmin qurumun özü iddiaçıya vermişdir. Dövlət sənədini (Texniki Pasport (18 sentyabr 2002-ci il tarixli, № 003268)) alması üçün X4 Sahəsinin Təsnifat hissəsində o zaman tələb olunan və təqdim edilən orijinal sənədlərin siyahısı -Torpaq sahəsinin ayrılmasına dair sənədlər bölümündə qeyd edilməklə birlikdə Texniki Pasportun hazırlanması üçün təqdim olunmuş sənədlərin sihayısı bölümündə Fətəli müəllimin qanunsuz və etibarsız hesab etdiyi Sumqayıt Şəhər Bələdiyyə Şurasının torpaq sahəsinin rəsmiləşdirilməsi haqqında qərarının 19.04.2001-ci il tarixli, 13 saylı protokolu hüquqi və qanuni hesab edilərək qeydə alınmışdır. Digər tələb olunmuş və təqdim edilmiş sənədlərlə birlikdə toplanmışdır. Bundan başqa Fətəli Atakişiyevin imzası ilə ona cavab məktubunda qeyd edilmişdir ki, qeyri-yaşayış binası üzərində hüquqların «dövlət qeydiyyatına alınması üçün əsas ola bilən razılaşdırılmış eskiz lahiyəsi, istismara hazırlıq aktı və tikinti obyektinin istismara icazə ərizəyə əlavə olunmamışdır. Bununla bağlı bildirirki mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisindəki qeyri-yaşayış sahəsi Sumqayıt Şəhər İcra Hakimiyyətinin icazəsi ilə 20 ildən artıq zamandır tikilmişdir və fəaliyyət göstərir. Qeyd edilən sənədlər hamısı Texniki Pasport alınması üçün verilmişdir. 90-cı illərdə bugünün tələb olunan sənədləri tələb edilmirdi. Səhhəti ilə əlaqədar olaraq bu günə kimi mülkiyyətinin özəlləşdirilməsi üçün Çıxarışın alınmasından ötrü çox məşğul olmamışdır. Çünki dövlət qurumlarının qanunsuz tələbləri səhhətinə, sağlamlığına pis təsir edirdi. Hal hazırda oğlu Tural Məhərrəm bu məsələni həll etmək üçün hüquq qanun müstəvisində bir çox dövlət qurumlarına yazıb müraciət etmişdir. Real vəziyyətin nə olduğunu dövlət qurumlarına ünvanladığı və cavabladıqları sənədlər göstərəcək. Bu sənədlər 4 dövlət qurumu arasında necə qanunsuzluq, süründürməçilik və vətəndaşa qarşı pis münasibət olduğunu göstərir. Azərbaycan Dövlətinin Başçısı, Azərbaycan Respublikası Ali Baş Komandanı və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına əsasən sənədsiz torpaq sahələrinin və sənədsiz tikililərin sənədləşdirilməsi aparılmalıdır. Onun əlində dövlət sənədləri olduğu halda belə sənədlərini qanunsuz hesab edərək (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 Saylı Sumqayıt Ərazi İdarəsinin rəisi Fətəli Atakişiyev) yeni sənədlər tələb edirlərki, həmin sənədləri zamanında Sumqayıt Şəhər İcra Hakimiyyətinə təqdim edərək Texniki Pasport (18 sentyabr 2002-ci il tarixli, № 003268) əldə etmiş və qanuni əsasla tikmişdir. Bugün o, mülkiyyətinin özəlləşdirilməsini həyata keçirmək istəyir. İddiaçı nümayəndəsi X5 oğlu şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində qeyri-yaşayış binasına dair dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsinə köməklik göstərilməsi barədə 15 fevral 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, ərizəyə əlavə olunmuş Sumqayıt şəhər icra Hakimiyyəti başçısının 29 noyabr 1999-cu il tarixli 832 saylı sərəncamı ilə hüquqi şəxs olan “Qarəhmədli” Cəmiyyətinə ayrılmış, dövlət mülkiyyətində olan torpaq sahəsinin Sumqayıt şəhər Bələdiyyə Şurası 19.04.2001-ci il tarixli, 13 nömrəli qərarı ilə ərizəçiyə aid edilməsi qanunvericiliyin aşkar surətdə pozulması olmaqla, özü-özlüyündə etibarsız aktdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 155.4-cü maddəsinə əsasən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Bundan əlavə, qeyri-yaşayış binası üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas ola bilən razılaşdırılmış eskiz layihəsi, tikintiyə razılıq, istismara icazə sənədi ərizəyə əlavə olunmamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Odur ki, sözügedən qeyri-yaşayış binası üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar təqdim etdikdən sonra müraciətinə müvafiq qaydada baxılacağı İddiaçı bildirilmiş və bu barədə ona 26 fevral 2021-ci il tarixli **********64 qeydiyyat nömrəli bildiriş göndərilmişidir. Göründüyü kimi, hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan : -Cavabdeh iddiaçıya ünvanladığı 26 fevral 2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən qeyri-yaşayış binası üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsindən imtina edilmişdir. -Sumqayıt şəhər İcra Hakimiyyətinin 29 noyabr 1999-cu il tarixli 832 saylı sərəncamından görünür ki, “Qaraəhmədli” cəmiyyətinə əhaliyə ticarət, məişət və iaşə xidməti sahəsi tikintisi məqsədilə 9-cu mikrorayon ərazisində 60 kv.m torpaq sahəsi ayrılmışdır. -Sumqayıt şəhər Bələdiyyə Şurasının 23 fevral 2001-ci il tarixli 11 saylı qərarı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış 60 kv.m torpaq sahəsindən əlavə 40 kv.m torpaq sahəsi də “Qaraəhmədli” cəmiyyətinə ayrılmış ayrılmışdır. -Sumqayıt şəhər Bələdiyyə Şurasının 19 aprel 2001-ci il tarixli, 13 saylı qərarı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 29 noyabr 1999-cu il tarixli 832 saylı sərəncamı və Sumqayıt şəhər Bələdiyyə Şurasının 23 fevral 2001-ci il tarixli 11 saylı qərarı ilə 9-cu mikrorayon ərazisində cəmiyyətə ayrılmış torpaq sahəsinin cəmiyyətin üzvü İddiaçı adına keçirilməsi qərara alınmışdır. İşdə olan “Qaraəhmədli” Cəmiyyətinə ticarət, məişət, iaşə xidməti sahəsi layihələndirilməsi və tikintisi məqsədilə 9-cu mikrorayon ərazisində ayrılan torpaq sahələrinə aid inşaat pasportlarından görünür ki, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi və Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən torpaq sahəsində ticarət, məişət, iaşə xidməti sahəsinin tikintisi üçün inşaat pasportları tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş müəssisə və obyektin texniki pasportundan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən qeyri yaşayş sahəsinə dair İddiaçı adına texniki pasport hazırlanmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqnda Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlakın qeydiyyatı üçün əsaslar sözügedən Qanunun 8-ci maddəsi ilə imperativ olaraq müəyyən edilmişdir. Beləliklə həmin Qanunun 8.0, 8.0.9 və 8.0.9.2.-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan hüquq normasının mənasından göründüyü kimi 2013-cü ilin yanvarın 1-dək, yəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək tikilmiş tikililər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün təqdim edilməli olan sənədlərin dairəsi qanunvericilikdə imperativ olaraq müəyyən edilmişdir. Hazırki işdə isə iddiaçı tərəfindən cavabdeh inzibati orqana, habelə məhkəməyə sözügedən tikiliyə dair yuxarıda qeyd olunan nomra ilə tələb olunan sənədlər, yəni müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı təqdim edilməmişdir. Bundan əlavə torpaq sahəsinə dair Sumqayıt şəhər bələdiyyə şurasının 13 saylı, 19 aprel 2001-ci il tarixli qərarı təqdim olunmuşdur ki, bələdiyyənin həmin qərarı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 29 noyabr 1999-cu il tarixli 832 saylı sərəncamı və Sumqayıt şəhər bələdiyyə şurasının 23 fevral 2001-ci il tarixli 11 saylı qərarı ilə 9-cu mikrorayon ərazisində cəmiyyətə ayrılmış torpaq sahəsinin cəmiyyətin üzvü İddiaçı adına keçirilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, qanunvericilikdə bələdiyyəyə hər hansı bir şəxsə ayrılmış torpaq sahəsini sonradan digər şəxsin adına keçirməsi kimi bir səlahiyyət verilməmişdir. Sözügedən torpaq sahəsinin bir hissəsi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 29 noyabr 1999-cu il tarixli 832 saylı sərəncamı ilə ayrılmışdır ki, həmin torpaq üzərində bələdiyyənin sərəncam vermək səlahiyyəti olmamışdır. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Yuxarıda qeyd olunanlardan göründüyü kimi hüquqların dövlət qeydiyyatı üçün kifayət qədər əsaslar olmadığı üçün, inzibati orqan tərəfindən qeydiyyat aparılmamışdır. Məhkəmə iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin 2003cü ildə qüvvədə olan redaksiyasına istinad edərək, 10 il ərzində əmlaka sahiblik etdiklərindən həmin əmlak üzərində mülkiyyət hüquqlarının yaranmasına dair dəlilinə münasibətdə qeyd edir ki, qeyd edilən norma 23 dekabr 2003-cü il tarixli 566-İİQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə başqa redaksiyada verilmiş, 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə 179.1-ci maddə Mülki Məcəllədən çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 yanvar 2002-ci il tarixli qərarında nəticə olaraq qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. Beləliklə iddiaçının sözügedən əmlaka 2000-ci ilin sentyabrın 1-dən sahiblik etdiyi müddət hesablandıqda belə, 2005-ci ildə əldə etmə müddətinin təsbit olunduğu norma qüvvədən düşmüş və həmin dövrdə sözügedən normanın tələblərinə uyğun olaraq iddiaçının əldə etmə müddəti ilə bağlı mülkiyyət hüququ yaranmamışdır. Bu halda iddiaçıya münasibətdə sözgüedən normanın tətbiqinə yol verilə bilməz. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının əsassız hesab edilməsi, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 29.11.1999-cu il tarixli, 832 saylı sərəncamı və Sumqayıt şəhər bələdiyyə şurasının 23.02.2001-ci il tarixli, 11 saylı və 19.04.2001-ci il tarixli, 13 saylı qərarları ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində ona ayrılmış torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının əsassız hesab edilməsi, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 29.11.1999-cu il tarixli, 832 saylı sərəncamı və Sumqayıt şəhər bələdiyyə şurasının 23.02.2001-ci il tarixli, 11 saylı və 19.04.2001-ci il tarixli, 13 saylı qərarları ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində ona ayrılmış torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar