Məhkəmə qərarları › İş №2-1(120)-1125/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1125/2025

27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1125/2025 27.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Yusifova Aysel Söhrab qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə 27 noyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 8 saylı Cəlilabad Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1997-ci il tarixli qərarı ilə 0,14 hektar həyətyanı torpaq sahəsinin ona verilməsi barədə JN-026A KOD 80519028 saylı şəhadətnaməyə əsasən ona çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə məhkəməyə ərizə təqdim edərək, Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1997-ci il tarixli qərarı ilə JN-026A KOD 80519028 saylı şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş Masallı şəhəri, Masallı rayonu Xanalion kəndində yerləşən, faktiki istifadədə olan 1260 kv.m-dən ibarət torpaq sahəsinin kordinatlarının düzgün müəyyənləşdirilərək onun yəni İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1997-ci il tarixli qərarı ilə ona 0,14 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin ona verilməsi barədə JN-026A KOD 80519028 saylı şəhadətnamə verilmişdir. Ona verilmiş torpaq sahəsində özünə məxsus fərdi ev inşa etmişdir. Onun torpaq sahəsindən heç vaxt yol nəzərdə tutulmamışdır. Onun evindən sonrakı ev qardaşının evidir. Onun evinə gedən yol başqa istiqamətdəndir. Bir neçə il bundan əvvəl qardaşı ondan evinə gedən yolun yaxın olması üçün həyətindən balaca cığır istəmişdir və o, da ona etiraz etməmiş, müvəqqəti olaraq qardaşına piyada yolu vermişdir. Sonradan qardaşı həmin piyada yolunu bir az böyüdərək maşın yolu etmişdir. Qardaş olduqlarından etiraz etməmiş, sonradan o, həyətində yeni ev inşa etmişdir. İnşa edərkən də qardaşına bildirmişdir ki, həyətindən keçən yolu bağlayacaq, o evinə gedən yoldan istifadə edər. Bu barədə qardaşı ilə aralarında mübahisə düşmüşdür, soncu ondan polisə əsassız şikayətlər etmişdir. Daha sonra həyətindən keçən yolun bağlanması tələbi barədə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasına əsasən guya həyətindən keçən yol xəritədə yol kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən iddia tələbi məhkəmə tərəfindən rədd edilmişdir. Sonradan o, cavabdeh İdarəyə ərizə ilə müraciət edərək JN- 026A KOD 80519028 saylı şəhadətnaməyə əsasən ona verilmiş 0,14 hektar torpaq sahəsinə çıxarış verilməsini xahiş etmişdir. İdarənin mütəxəssisləri torpaq sahəsini ölçərək 0,1394 hektar olduğunu və torpaq sahəsinin azalması barədə razılıq ərizəsinin verilməsini bildirmişlər. O, etiraz etdikdə onlar çıxarış verilməsindən imtina etmişdir. O, yenidən cavabdeh İdarəyə müraciə edərək, torpaq sahəsinin çatışmayan hissəsinin harada olduğu barədə rəsmi cavab istəmiş, sonuncu tərəfindən ona cavab məktubunda bildirilmişdir ki, həmin hissə xəritədə yol kimi nəzərə alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 2-1(120)-1125/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan DƏDKR 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş 3-21-3-44/2-2868/2024 saylı xx.xx.2024 saylı iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, İddiaçı müraciətinə 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 04 aprel 2024-ci il tarixdə **********65 saylı məktubla bildirilmişdir ki, qüvvədə olan Torpaq Məcəlləsinin 103-cü maddəsinə görə torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müraciətdə qeyd edilən mübahisənin həlli üçün müvafiq məhkəmə qurumuna müraciət edilməsi tövsiyyə olunmuşdur. İddiaçı 22 yanvar 2024-cü il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə Masallı regional “ASAN Xidmət” Mərkəzinə müraciət edərək Masallı rayonu, Xanalion kəndində yerləşən fərdi yaşayış evinə reyestrdən çıxarış və texniki pasport almaq üçün xahiş etmişdir. 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılan müayinə baxış zamanı məlum olmuşdur ki, sözü gedən torpaq sahəsində 2018-ci ildə tikilmiş yeni evin inşası zamanı köhnə evin bir hissəsi sökülmüşdür. Təqdim edilmiş JN-026A nömrəli şəhadətnamədə qeyd edilmiş 0.1394 ha torpaq sahəsinin şimalından salınmış yol kompleks yerquruluşu xəritəsində nəzərdə tutulmasa da, “X1 X3”ndə həmin ərazi yol kimi qeyd edilmişdir. İddiaçı həmin yoldan istifadə edən şərq tərəfdəki qonşunun gediş-gəliş üçün başqa yolunun olduğunu və həmin yolun hazırlanacaq texniki pasporta əlavə olunmasını tələb edərək, ölçü işlərinin aparılmasına razı olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilən çatışmamazlıqlara görə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutub həmin fərdi yaşayış evinə reyestrdən çıxarış və texniki pasport verilməsindən 27 fevral 2024-ci il tarixdə **********16 saylı məktubla imtina edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X6 məhkəmə iclasında izahat verərək, üst-üstə düşən torpaq sahəsinin iddiaçının xeyrinə qeydə alınmasına etiraz etmədiyini bildirmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: “Torpağın mülkiyyətə verilməsinə dair” JN-026A seriyalı 80519028 KOD №-li şəhadətnamənin surətindən müəyyən olunur ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1997-ci il tarixli 011 saylı qərarı ilə 0,14 hektar torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. Şəhadətnaməyə əlavə olunmuş həyətyanı sahənin qaiməsinin (sertifikat) surətindən müəyyən olunur ki, torpaq sahəsinin ümumi sahəsi 1394,4 kv. m, tikinti altı sahə 143,9 kv.m, yaşayış evi 143,9 kv. m., suvarılan sahə 1250 kv. m. qeyd olunmuşdur. Masallı rayon İcra Hakimiyyəti Başçısının Sığdaş kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 03 №-li, xx.xx.2024-cü il tarixli Masallı rayonu İHB-nin Sığdaş kənd inzibati ərazi nümayəndəliyinin təsərrüfat başına kitabından çıxarışda qeyd olunmuşdur ki, Masallı rayon İHB-nın Sığdaş İnzibati ərazi nümayəndəliyinin 08 saylı kitabının 28-ci səhifəsində İddiaçı 0,14 ha torpaq sahəsində 1980-ci ildə tikilmiş, 1 mərtəbəli, ümumi sahəsi 148 kv.m, yaşyış sahəsi 82 kv.m olan fərdi yaşayış evi vardır. Məhkəmənin müvafiq sorğusuna əsasən: Masallı Rayon Məhkəməsinin 2(050)683/2023 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(050)-683/2023 saylı qətnaməsi 22 noyabr 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Məktuba əlavə olunmuş Masallı Rayon Məhkəməsinin 2(050)-683/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı, X4 və Masallı Rayon Xanalion Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Masallı rayonu, Xanalion kəndində yerləşən 0,14 ha torpaq sahəsində yerləşən inşa etdiyi yaşayış evinin arxasından keçən yolun bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-683/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı X4 qarşı (üçüncü şəxs-Masallı Rayon Xanalion Bələdiyyəsi) ona məxsus Masallı rayonu, Xanalion kəndində yerləşən 0,14 ha torpaq sahəsində yerləşən inşa etdiyi yaşayış evinin arxasından keçən yolun bağlanması barədə iddiasının təmin olunmaması qət edilmişdir. Qətnamədə (3-cü səhifəsinin 4-cü abzası) qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2023-cü il tarixli, 10/4647 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, qərardadın 1-ci sualı üzrə: DƏDKR 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-28-3-44/2-2723/2023 saylı mütəxəssis rəyinə əsasən mübahisəli yolun İddiaçı mülkiyyətində 0,14 ha həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən olunmuşdur. X1 X3 baza məlumatı materialında mübahisə predmeti olan yolun gediş-gəliş yolu kimi nəzərdə tutulduğu, mübahisəli gediş-gəliş yolunun bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadəli torpaq sahəsi kimi saxlanıldığı müəyyən edilmişdir (5-ci abzas). X1 X3 baza məlumatı materialında şərq istiqamətində X2 yaşadığı evin həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün (piyada, avtomobil) yolun mövcud olduğu müəyyən edilmişdir (6-cı abzas). Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/10028/2024 saylı məktubu ilə təqdim olunmuş 10/10028 №-li, xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində ekspert aşağıdakı nəticəyə gəlmişdir: 1-ci sual üzrə: DƏDKR publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7205/2024 saylı mütəxəssis rəyinə əsasən, X1 X3ndə JN026A "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə X8 mülkiyyətinə verilmiş 0.14 ha torpaq sahəsi faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin ölçülərinə uyğundur. 2-ci sual üzrə: DƏDKR publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7205/2024 saylı mütəxəssis rəyinə əsasən, JN 026A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.14 ha torpaq sahəsi və faktiki istifadəsində olan 0.14 ha torpaq sahəsi X1 X3ndə qeyd olunmuş koordinatlarla uyğundur. 3-cü sual üzrə: DƏDKR publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7205/2024 saylı mütəxəssis rəyinə əsasən, JN 026A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.14 ha torpaq sahəsi və faktiki İstifadəsində olan 0.14 ha torpaq sahəsinin şimalında keçən yolun yerləşdiyi ərazi X1 X3ndə əks olunmuş sərhədlərin daxilinə düşmür. 4-cü sual üzrə: DƏDKR publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024cü il tarixli, 3-21-3-44/2-7205/2024 saylı mütəxəssis rəyinə əsasən, JN 026A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş və faktiki istifadəsində olan torpaq sahəsi X1 X3ndə 140 kv.m üçüncü şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşür. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş: 3-21-3-44/2-1929/2024 saylı, 23.04.202-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, qüvvədə olan Torpaq Məcəlləsinin 103-cü maddəsinə görə torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq İcra Hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Odur ki, müraciətində qeyd etdiyi problemin həlli üçün müvafiq məhkəmə qurumuna müraciət etməyi tövsiyyə olunur. 3-21-3-49/2-6313/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeydiyyata alınması istənilən torpaq sahəsi üzərində çöl ölçmə işlərinin aparılması mümkün olmamış qonşu ilə aralarında mübahisə hallarının mövcud olması məlum olmuşdur. Qeyd olunanları nəzərə alaraq “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizəsinin icrasından imtina edilmişdir. Tətbiq edilən hüquq. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu

1. İslahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. İslahatın vəzifələri torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşdırılmasından, bazar iqtisadiyyatına uyğun istehsal və infrastruktur sahələrində müxtəlifnövlü təsərrüfatların yaradılması və inkişafı ilə istehsal münasibətlərinin dəyişdirilməsindən və təkmilləşdirilməsindən ibarətdir.

5. İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır.

Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu

1.Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. 4.Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.

5. Torpaq islahatı aparılarkən aşağıdakı şərtlərə əməl edilir: ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınması; torpaqlardan təyinatı üzrə istifadə edilməsi; ətraf mühitin mühafizəsinin təyin edilməsi; torpaq islahatının yerquruluşu layihələri əsasında aparılması.

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir.

13. Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdi rilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.

Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;

Məhkəmənin mövqeyi.

Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı işin hallarına əsasən ilk öncə qeyd edilməlidir ki, İddiaçı hüquqi marağı Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-cı il tarixli 011 saylı qərarı ilə ona ayrılmış Masallı rayonu Xanalion kəndi ərazisində yerləşən 1260 kv.m torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqanın imtinasından və iddiaya münasibətdə təqdim olunmuş yazılı etirazdan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün aşağıda qeyd olunan əsaslara istinad etmişdir: 1) qonşu ilə aralarında mübahisəli hallar mövcuddur. Məhkəmə ilk öncə cavabdehin imtina əsası kimi göstərdiyi hala münasibətdə qeyd edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/10028/2024 saylı məktubu ilə təqdim olunmuş 10/10028 №-li, xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində İddiaçı mülkiyyətinə verilmiş və faktiki istifadəsində olan torpaq sahəsinin X1 X3ndə 140 kv.m üçüncü şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. İddiaçı bununla bağlı məhkəməyə iddia tələbinin həcminin azaldılması ( iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, 0,14 ha torpaq sahəsinə deyil 1260 kv.m torpaq sahəsinə çıxarış verilməsini xahiş etmişdir. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Məhkəmə qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Bundan başqa, hazırkı mübahisəyə münasibətdə həmçinin nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində qeydiyyata alınmış və sözügedən şəhadətnamə ilə rəsmiləşdirilmiş mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən tanınmış bir hüquqdur. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi də onun iddia tələbinin məzmununa və iş üzrə materiallara əsasən əslində torpaq sahəsi üzərində hüququn cavabdeh tərəfindən qeydiyyata alınmasına deyil, artıq qeydiyyata alınmış hüquqa dair yeni nümunəli çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Belə ki, iddiaçının həmin torpaq sahəsi üzərində hüququ səlahiyyətli dövlət orqanı tərəfindən artıq 2004-cü ildə qeydiyyata alınmışdır. Məntiqi baxımdan müvafiq səlahiyyətli qeydiyyat orqanı tərəfindən aparılmış dövlət qeydiyyatı qanuna əsasən öz hüquqi qüvvəsini saxladığından, iddiaçı hüququnun təkrar qeydiyyatının aparılmasında maraqlı ola bilməz. Bu mənada iddiaçının tələbinin torpaq sahəsi üzərində hüququn qeydiyyata alınması kimi ifadə olunmasına baxmayaraq, əslində onun həqiqi niyyəti hüququna dair yeni nümunəli müvafiq sənədin əldə olunmasına yönəlmişdir “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1. -dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 - hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 - hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 - daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 - bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1997-ci il tarixli qərarı ilə JN- 026A KOD 80519028 saylı şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş Masallı şəhəri, Masallı rayonu Xanalion kəndində yerləşən, faktiki istifadədə olan 1260 kv.m-dən ibarət torpaq sahəsinin kordinatlarının düzgün müəyyənləşdirilərək İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər.

Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar