Məhkəmə qərarları › İş №2-1(120)-1146/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1146/2025

14.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1146/2025 14.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş idarəsinə qarşı “ona məxsus olan ünvan 1 ünvanı daşınmaz əmlakın alınmasında ödənilmiş məbləğin 18 faiz ƏDV-nin geri qaytarılması və 90 gün müddətin bərpa olunması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş idarəsinə qarşı “ona məxsus olan ünvan 1 ünvanı daşınmaz əmlakın alınmasında ödənilmiş məbləğin 18 faiz ƏDV-nin geri qaytarılması və 90 gün müddətin bərpa olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3253/2024 nömrəli qərardadına əsasən iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci ildə Mida MMC ilə ünvan 2 ünvanı üzərinə ipoteka müqaviləsi bağlayaraq bank BTB-də vasitəsi ilə evin mülkiyyətçisi olmuş, ona məxsus həmin daşınmaz əmlakın alınmasında ödənilmiş məbləğin 18% ƏDV vasitəsi ilə geri qaytarıldığını bildikdən sonra xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə ƏDV-nin qaytarılması ilə əlaqədar müraciət etmiş, lakin Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən imtina cavabı verilmişdir. İmtinada qeyd olunmuşdur ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödənildikdən sonra 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədi ilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır elektron kabinet vasitəsi ilə müraciətini və sənədləri skan edərək portal göndərir. Qaydanın 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri yaşayış sahələrinə görə həmin Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir.” Belə ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər bu portala daxil olaraq alıcı fiziki şəxsə qaydaların tələblərinə uyğun e-qaimə faktura tərtib edir, alıcı isə öz növbəsində aldığı eqaimə fakturanın məlumatlarının doğruluğunu yoxlayaraq təsdiq edir. Bundan sonra, alıcı şəxsi kabinetində yerləşən keçid vasitəsilə qaydaların tələblərinə uyğun şəkildə ödənişləri həyata keçirmək üçün X5 “Kommunal” ödənişlər bölməsinin “Yaşayış və qeyri-yaşayış sahələrinin alışı üzrə ödənişlər” altbölməsinə daxil olur (Alıcının fərdi qaydada banka yaxınlaşaraq ödənişi həyata keçirmək imkanı mövcuddur). Burada FİN və qaimənin nömrəsi barədə məlumatlar daxil edilməklə ödənişlər həyata keçirilir. Ödənişlər tam etdikdən sonra alıcının elektron kabinetində müvafiq ərizə forması doldurulur və təsdiqedici sənədlər əlavə olunaraq portal vasitəsilə ƏDV-nin geri qaytarılması ilə bağlı müraciət edilir. Müraciət avtomatik olaraq vergi orqanına daxil olur və müvafiq risk qiymətləndirilməsi aparılır. Risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin bir hissəsinin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul olunur və 2 iş günü müddətində alıcının elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Yaşayış və qeyri-yaşayış sahələrinin çıxarışı olduğu halda fiziki şəxslərlə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər arasında alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilir. Bu zaman vəsaitin daşınmaz əmlaka sərəncam müqavilələrinin mötəbərliyini və hüquqi baxımdan icrasının tamlığını təmin etmək məqsədilə tərəflərin biri-birinə ödəməli olduqları pul məbləğləri notariusun bankda açdığı depozit hesabı vasitəsilə köçürülür. Alqı-satqı müqaviləsi notarial qaydada təsdiqləndikdə, alıcı müvafiq eqaimə fakturanı notariusa təqdim etməli və notariusdan ödənişin, müvafiq qaydada, əsas məbləğini satıcının bank hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına köçürülməsini tələb etməlidir. Vətəndaşlar müraciət zamanı ödəniş formasına qoyulan tələblərlə yanaşı, aşağıdakı məqamlara da diqqət yetirməlidirlər: Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra. 90 gündən gec olmayaraq. ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaratmalı və müvafiq sənədlər əlavə etməklə elektron kabinet vasitəsilə müraciətini portala göndərməlidir; Alıcı eyni binadan 1, yaxud bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi alınmış sahələrin hər biri üzrə 500 kvadratmetrdən çox olmayan hissəyə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir; ƏDV bir hissəsi alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır; Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya 30 iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. Lakin onun bu qanundan xəbərsiz və məlumatsız olduğu üçün müddəti keçirmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş idarəsinin iddiaya qarşı etirazında qeyd olunmuşdur ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə vergi orqanına müraciət etmişdir. İddiaçı tərəfindən xx.xx.2023- cü il tarixli elektron ərizəyə xx.xx.2021-ci il tarixli müqavilə və ödəniş sənədləri əlavə edilmişdir. iddiaçının vergi orqanına təqdim etdiyi xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı- satqı müqaviləsinə (№ MİDA-057/21/11) və xx.xx.2021-ci il tarixli bank ödəniş tapşırığına əsasən müəyyən etmək olur ki, alıcı İddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya nağdsız qaydada tam şəkildə xx.xx.2021-ci il tarixində ödənilmişdir. Bununla əlaqədar bildiririk ki, yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması üçün fərmanla yaradılması nəzərdə tutulmuş elektron portal xx.xx.2022-ci il tarixindən istifadəyə verilmişdir. İddiaçının əldə etdiyi yaşayış sahəsinə görə ödənişin xx.xx.2021-ci il tarixində başa çatdırıldığı nəzərə alsaq, onun tərəfindən müraciət qanunvericiliklə müəyyən edilmiş müddət ötürüldükdən sonra, yəni xx.xx.2023-cü il tarixində edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və sənədləri skan edərək portala göndərir. Qaydanın 5.3-cü bəndinə əsasən isə dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə həmin Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Bundan başqa Qaydaların keçid müddəalarına əsasən aşağıdakılar müəyyən edilmişdir: 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. 6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir. Göstərilənləri və inzibati Prosessual Məcəllənin 48-ci maddəsini əsas tutaraq, İddiaçı vergi orqanına qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş idarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi ev 5, mənzil 3 Yeni qaydalarla” Az 1089, Bakı şəhəri, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, 147, M2, m3 nömrəli 38.5 kv.metr mənzil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, MİDA-057/21/11 nömrəli güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, kreditor-ipoteka saxlayan: Bank "xxxx" ASC “Azadlıq” filialının müdiri X7 ilə alıcı-ipoteka qoyan: İddiaçı arasında ipoteka müqavilə bağlanmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi ev 5, mənzil 3 Yeni qaydalarla” Az 1089, Bakı şəhəri, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, 147, M2, m3 nömrəli 38.5 kv.metr mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3456 nömrəli reyestr kitabının 323994 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş idarəsinin xx.xx.2023-cü il tarixli, **********948500 nömrəli qərarının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət komitəsinin xx.xx.2023-cü il tarixli, 3-36/2-4049/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsində olan məlumata əsasən məktubda adı çəkilən vətəndaş - Vəliyev X3 rayonundan məcburi köçkün Vəliyev X4 şəhəri, məcburi köçkünlər üçün tikilmiş 500 ailəlik qəsəbəsində məskunlaşmışdır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»nın 1.1-ci bəndinə əsasən Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtlərini və qaydasını tənzimləyir. Həmin Qaydanın 1.3-cü maddəsinə əsasən ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Həmin Qaydanın 1.4-cü maddəsinə əsasən bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. Həmin Qaydanın 1.6-ci maddəsinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. Həmin Qaydanın 2-ci maddəsinə əsasən bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: Həmin Qaydanın 2.0.8-ci maddəsinə əsasən portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDVnin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi; Həmin Qaydanın 5.1-ci maddəsinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: (5.1.1) yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; (5.1.2) alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3. ödənişin təyinatı. Həmin Qaydanın 5.2-ci bəndinə görə bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: (5.2.1) elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; (5.2.2) ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). Həmin Qaydanın 5.3-cü bəndinə görə dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Həmin Qaydanın 5.6-cı bəndinə görə operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Həmin Qaydanın 6.1-ci bəndinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: (6.1.1) ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; (6.1.2) bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. İşin faktiki hallarından da göründüyü kimi istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması barədə Vergi Məcəlləsinin 165.6-cı maddəsi 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş, bu iddiaçı mənzilin ödənişini 28 yanvar 2021-ci il tarixdə ödəmiş, ƏDV-nin qaytarılması ilə bağlı portal 21 noyabr 2022-ci il tarixdən istifadəyə verilmiş, iddiaçı ƏDV-nin qaytarılması ilə bağlı cavabdehə 11 sentyabr 2023-cü il tarixdə müraciət etmişdir. Adıçəkilən Qaydaların tələbindən də müəyyən edildiyi kimi yaşayış sahəsinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 gündən gec olmayaraq müraciət edilməsi nəzərdə tutulsa da, cavabdehin də bildirdiyi kimi, müraciət edilməsi ilə bağlı portal 21 noyabr 2022-ci il tarixdən istifadəyə verilmişdir ki, bu səbəbdən də 90 günlük müraciət müddət portalın istifadəyə verildiyi vaxtdan hesablanmalıdır. İşin mübahisəsiz halı isə ondan ibarətdir ki, həmin müraciət iddiaçı tərəfindən 11 sentyabr 2023-cü il tarixdə, yəni portalın istifadəyə verildiyi vaxtdan da 90 günlük müddət bitdikdən sonra edilmişdir ki, məhkəmə hesab edir ki, konkret qanunvericiliyin tələblərinə uyğun olaraq da müddətin göstərilən formada ötürülməsi müraciətin təminindən imtina üçün əsasdır. Məhkəmə iddiaçının üzürlü səbəb kimi göstərdiyi hala, yəni iddiaçının sözügedən Qaydalardan gec məlumatlı olması ilə bağlı bildirir ki, bu hal hər hansı obyektiv və üzrlü səbəb olmamışdır. Məhkəmə də qeyd olunanları nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, ƏDVnin geri qaytarılması ilə bağlı qanunvericilik normalarının bilinməməsinin “onun iradəsindən asılı olmayan obyektiv və üzrlü səbəb” olub-olmaması barədə qiymətləndirmə aparılması zəruridir və bununla bağlı aşağıdakılar qeyd edilməlidir. Hər nə qədər hazırkı işin faktiki halları ilə bağlı olmasa da, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİİ-ci hissəsində, müəyyən edilmişdir ki, Qanunu bilməmək məsuliyyətdən azad etmir. Konstition normanın tətbiqi ilə bağlıdır ki, mülki, inzibati xəta, intizam və ya cinayət olmasından asılı olmayaraq məsuliyyət müəyyən hərəkət və hərəkətsizliyin qanunauyğun olmamamasının şəxs tərəfindən bilinməməsi məsuliyyətin istisna əsası qismində çıxış etmir. Eyni zamanda, oxşar xarakterli, məsuliyyət müəyyən edilməyən hüquq münasibətlərinin yaranması zamanı da qanunvericiliyin bilinməməsi həmin şəxsin xeyrinə şərh edilməyən hal kimi müəyyən edilmişdir. Bu zaman, ümumiyyətlə qanunvericilik terminin anlayışı qanunvericiliyin əsasını təşkil edən qanunvericilik aktlarını özündə ehtiva etmişdir ki, «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanunun 1.0.2-ci maddəsindən də görünür ki, qanunvericilik aktları – Azərbaycan Respublikasının qanunvericilik sistemini təşkil edən normativ hüquqi aktlardır. Həmin Qanunun 1.0.4-cü maddəsinə görə hüquqi akt dedikdə normativ hüquqi akt, normativ xarakterli akt və ya qeyri-normativ hüquqi aktlar başa düşülür. Qanunvericilik sisteminin əsasını normativ hüquqi akt dedikdə isə tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd hesab edilir. Qanunun 2.1-ci maddəsinə görə isə normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir ki, Konstitusiyanın adıçəkilən maddəsindən də müəyyən edilir ki, qanun normativ hüquqi aktdır. Həmin Qanunun 85.1-ci maddəsinə görə qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Həmin Qanunun 88.1-ci maddəsinə əsasən normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə malikdir. Həmin Qanunun 88.2-ci maddəsinə əsasən normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, normativ hüquq aktlar, eləcə də qanunlar rəsmi dərc edildiyi vaxtdan müəyyən istisnalarla qüvvəyə minir. Qüvvəyə minmə isə özündə onu ehtiva edir ki, həmin qanunun tələbləri Azərbaycan Respublikasının bütün ərazisində müəyyən istisnalar olmaqla məcburi qüvvəyə malikdir. Qanunun dərc edilməsindən sonra onun hüquqi qüvvəyə minməsinin asılı edilməsində isə məntiq onunla bağlıdır ki, dərc materialları ünvanlanan şəxslər qanunun müddəalarından məlumatlı olsunlar. Təbii haldır ki, rəsmi məlumatlandırma olmadan hər hansı qanunun müddəasının şəxslərə münasibətdə tətbiqindən söhbət gedə bilməz ki, qanunun qüvvəyə minməsi ilə isə ona münasibətdə yaranan hüquq münasibətlərində əhəmiyyətli prinsipin mövcudluğu nəzərə alınmalıdır. Belə ki, istər məsuliyyət müəyyən edən hüquq münasibətlərində (misal cinayət, inzibati xəta və s), istərsə də məsuliyyət müəyyən edilməyən hüquq münasibətlərində qanunvericiliyin bilinməməsi oxşar mahiyyət daşıyır. Hər iki hüquq münasibəti üçün isə oxşar cəhət ondan ibarətdir ki, qanunvericiliyin tələblərinin bilinməməsi vəziyyəti bilməyən şəxsin xeyrinə dəyişməyən hal müəyyən edilir. Necə ki, cinayət qanunu qüvvədə olduğu vaxtdan şəxs müəyyən əməllərin cinayət olmadığını bilməsə belə həmin əməli törədir və cinayət məsuliyyəti daşıyırsa, eləcə də həmin hal mülki hüquq münasibətləri üçün də keçərlidir. Eyni zamanda, inzibati icraatın əsasını təşkil edən publik hüquq münasibətlərinin tərəflərinə münasibətdə də qanunun tələblərini bilməmə oxşar xarakter daşıyır. Hazırkı iş üzrə iddianın təmin edilməməsini məhkəmə də məhz, qanunvericiliyin tələbinin bilinməməsinin “şəxsin iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəb” qismində qiymətləndirilməli olmaması qənaətindədir. Beləliklə Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanunamüvafiq olmuşdur. Məhkəmə tələbin ikinci hissəsi üzrə yuxarıda qanunvericiliyin tələblərinə izah verilmiş və həmin hissədə tələbin dəqiqləşdirilməsi barədə yardım məktubu ilə iddiaçıya izah verilməsini lüzum olmadığı qənaətindədir. Belə ki, həmin hissə də hər hansı bir dəqiqləşmə və ya dəyişiklik qərarın nəticə hissəsinə təsir etməyəcəkdir. Başqa sözlə iddiaçı cavabdehin ehtimal etdiyi imtinası ilə bağlı məhkəməyə müraciət edə bilərdi ki, həmin halın istisna edilməsini qeyd edilən qanunvericilikdən xəbəri olmaması və ya hər hansı vətəndaş vasitəsilə öyrənilməsi halına istinad edərək müddətin üzrlü səbəbdən ötürülməsini istinad etməsi Qaydanın konkret tələbinin nəzərə alınmamasını ehtiva edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş idarəsinə qarşı “ona məxsus olan ünvan 1 ünvanı daşınmaz əmlakın alınmasında ödənilmiş məbləğin 18 faiz ƏDV-nin geri qaytarılması və 90 gün müddətin bərpa olunması” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş idarəsinə qarşı “ona məxsus olan ünvan 1 ünvanı daşınmaz əmlakın alınmasında ödənilmiş məbləğin 18 faiz ƏDV-nin geri qaytarılması və 90 gün müddətin bərpa olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar