Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1328/2022 29.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «hüququnun yarandığı tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 29 noyabr 2022-ci il tarixdə, Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 2 saylı X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 avqust 1985-ci ildən əmək fəaliyyətinə başlamaqla xx.xx.2010-cu ilədək işlədiyi 14 il iş stajı sosial sığorta stajı kimi qəbul edilərək, ona 03 may 2013-cü ilə təyin edilmiş sosial müavinətin əlilliyə görə əmək pensiyasına dəyişdirilərək pensiyanın hüququnun yarandığı tarixdən (03 may 2013-cü ildən) əlilliyə görə əmək pensiyasının təyin olunması və arada olan fərqin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 2 saylı X2 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «işlədiyi illərin sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan, yəni 03 may 2013-cü il tarixdən 3-cü qrup əllliyə görə əmək pensiyasının təyin olunması və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (10 sentyabr 2021-ci il) əvvəlki illər üçün, yəni 10 sentyabr 2018-ci ildən 10 senyabr 2021-ci il tarixədək hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 2 saylı X2 üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 2 saylı X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 04 iyul 1964-cü ildə anadan olmaqla 01 avqust 1985-ci ildən əmək fəaliyyətinə başlamışdır. Fasilələrlə xx.xx.2010-cu il tarixədək işləməklə 14 il iş stajı vardır. Bu əmək kitabçasında da əks olunmuşdur. Həmçinin, əmək kitabçasında qeyd edilməyən 1996-cı ilin yanvar-oktyabr ayları ərzində işləməyinə dair arxiv arayışı da vardır. Lakin ona 2013-cü ilin may ayında 3-cü qrup əlilliyə görə sosial müavinət təyin edilmiş, iş stajları nəzərə alınmamışdır. Ona əlilliyə görə əmək pensiyası təyin edilməsi və pensiyanın hüququnun yarandığı vaxtdan hesablanmaqla arada olan fərqin ödənilməsi barədə cavabdehə olan müraciəti hazırkı vaxtadək cavabsız qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən kişilərə yaşa görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından aslı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda təyin edilir. Qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. «İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı Qərarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. «Əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbacan Respublikası Qanunu qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. «Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Ona 2013-cü ildə pensiya təyinatı həyata keçirilməklə həmin vaxt sosial pensiya təyin edilmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən xx.xx.1964-cü il təvəllüdlü olduğundan pensiya təyinatı həyata keçirilərkən 2013-cü ilin may ayında 49 yaşı olmuşdur. Bundan 18 ili çıxdıqda 31 il qalır ki, həmin illərin hər birinə görə 4 ay stajı olmalı idi. Bu isə 124 ay edir ki, bu da 10 il 4 ay staj deməkdir. Onun isə ümumilikdə həmin tarixədək 14 il stajı olmuşdur. Bu isə onu göstərir ki, ona pensiya təyinatı həyata keçirilərkən əlilliyə görə əmək pensiyası təyin edilməli olduğu halda, əsassız olaraq sosial müavinət təyin edilmişdir. Qanunvericiliyə uyğun olaraq mənə pensiya növünün dəyişdirilərək əlilliyə görə əmək pensiyası təyin edilməsi və pensiyanın hüququnun yarandığı vaxtdan hesablanmaqla arada olan fərqin ödənilməsi barədə cavabdeh təşkilata müraciət etsə də, cavabdeh təşkilat tələbini təmin etməmişdir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı İİİ qrup əlilliyə görə pensiyanın təyin edilməsi tələbi ilə Dövlət Sosial Müdafiə Fondunun 9 saylı regional ərazi filialına müraciət etmişdir. Vətəndaşın müraciətinə cavabdeh orqan, yəni Mərkəzi Filial tərəfindən baxılmış və xx.xx.2021-ci il tarixdə cavablandırılmışdır. Cavabdeh orqanın imtina məktubuna əsasən İddiaçı əmək kitabçasına əsasən İİİ qrup əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan sığorta stajının (13 ildən az) və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının (5926,54 manat) əmək pensiyasının minimum (13603,54 manat) məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra - “DTSERX”) xx.xx.2013-cü il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəliklə əlaqədar” olmaqla İİİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. Bundan sonra iddiaçı “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh isə ona pensiyanın təyin olunmasından imtina barədə qərar qəbul etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Burada qanunun qeyd edilən müddəasına əsasən, İİİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017-ci il tarixindən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyqun gəlməsi tələb olunur. 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Bu iki şərti eyni zamanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən ərizəçiyə DSMF-in İİİ qrup əlilliyə görə əmək pensiyasının təyinindən imtinası qanuni və əsaslı olacaq. Hesab edirik ki, şəxsə pensiyanın təyin olunması üçün 12.1-ci maddənin hər iki şərti ödənmir. İddiaçı xx.xx.2021-ci il tarixli müraciəti əsasında təqdim etdiyi əmək kitabçasının surətinə və arxiv arayışına əsasən xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1989-cu il tarixdən 03.11,1995-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 9 il 1 ay 8 gün, X1 Sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2006- cı il tarixdən xx.xx.2010-cu il tarixədək 3 il 10 ay əmək fəaliyyəti dövrü olmaqla onun ümumi sığorta stajı 12 il 11 ay 8 gün təşkil edir ki, faktiki sığorta stajı qanunla tələb olunan (54 yaş üçün) 13 il sığorta stajından azdır. Eyni zamanda sözügedən şəxsin xx.xx.2006-cı il tarixədək 9 il 1 ay 8 gün sığorta stajına uyğun olaraq 6354,55 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək 2232,43 manat, ümumilikdə 8586,98 manat pensiya kapitalı xx.xx.2018-ci il tarixdə (müraciət etdiyi tarixdən 3 il əvvəl) qanunvericiliklə tələb olunan 13603,54 manat pensiya kapitalından azdır. Bundan başqa, iddiaçı əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 13 il müddətə tamamlanarsa, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan əmək fəaliyyəti dövrünə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. İddiaçı vəziyyətində isə əmək fəaliyyətinin təsdiqlənməsi üçün işə girmə və işdən çıxma əmrlərinin olmaması, eləcə də kolxozda işləməsini təsdiq edən əmək kitabçasının olmaması həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə uyğun deyil. Qeyd olunanlara əsasən İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilərkən əmək kitabçası ilə təsdiqlənən sosial sığorta stajına əsasən də pensiya kapitalı hesablanmalıdır. İddiaçı cavabdeh orqana müraciət edən zaman onun sığorta stajı 09 il 01 av 08 gün olmaqla, (belə ki, qanunla tələb olunan staj 13 ildir) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 8586,98 manat məbləğində olmuşdur. İddiaçının İİİ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin olunması üçün qanunla tələb olunan sığorta stajı və pensiya kapitalı yetərli olmamışdır. İddiaçıya münasibətdə əlilliyinin təyin olunduğu dövrə əsasən tələb olunan sığorta stajı: 1) 54 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 39 il (əmək qabiliyyətli yaş dövrü); 2) 39 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 156 ay; 156 ay : 12 ay = 13 il. İddiaçıya münasibətdə əlilliyinin təyin olunduğu dövrə əsasən tələb olunan sığorta stajı: Qeyd edilən hesablamadan da göründüyü kimi, iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sığorta stajı 13 ildir. Beləliklə, iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan ilkin şərt ödənilmir. “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 17 saylı qərarının 4.3.4-cü bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı 01 iyul 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Həmin Qaydaların 4.3.5-ci bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. İddiaçının mövcud olan pensiya kapitalı: Belə ki, iddiaçının 09 il 01 ay 08 gün stajını (2010-cu ilə qədər) “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən hesabladıqda 8586,98 manat pensiya kapitalı yaranır: İddiaçının pensiya kapitalı toplam olaraq 8586,98 manat təşkil etməkdədir ki, bu da tələb olunan pensiya kapitalı məbləğindən yəni 13603,54 manatdan azdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.6-cı bəndinə əsasən, TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. Həmin Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. İddiaçıya əlillik xx.xx.2013-cü il tarixdə təyin edilmiş, başqa sözlə iddiaçının qanunvericilikdə əlilliyi olan şəxslər üçün nəzərdə tutulan hüquqları xx.xx.2013-cü il tarixdə yaranmışdır. Bu isə o deməkdir ki, onun İİİ dərəcəli əlil kimi pensiya hüququnun yaranıb-yaranmadığı məsələsinə həmin vaxt qüvvədə olan qanunvericiliyə (daha dəqiq desək həmin vaxt qüvvədə olan qanunun redaksiyasına əsasən) görə qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” İddiaçı əlillik statusunu xx.xx.2020-ci il tarixində “qazanmışdır”. Belə ki, 01 iyul 2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, iddiaçıya İİİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin olunması qanunaziddir. Əlilliyin səbəbini DTSERX-in müvafiq qərarı ilə müəyyən edildiyindən və əlilliyin təyinolunma tarixi DTSERX-in qərarının qəbul edildiyi tarixdən hesablandığından cavabdehin İİİ dərəcəli əlilliyə görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət imtinası əsaslı olmuşdur. Eyni zamanda bildirirlər ki, iddiaçıya münasibətdə DTSERX-in xx.xx.2013-cü il tarixli qərarında, həmin qərarın qüvvəsinin ondan əvvəlki dövrə şamil edilməsi də qeyd edilməmişdir. Göründüyü kimi, iddiaçının əmək pensiya hüququ yaranmadığından iddiaçıya İİİ dərəcəli əlilliyə görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət iddia tələbi əsassız və qanunsuz olduğundan məhkəmə tərəfindən təmin edilməməlidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından, o cümlədən cavabdeh təşkilatın iddiaya qarşı etirazından görünür ki, xx.xx.1964-cü il tarixində doğulmuş İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2013-cü il tarixli qərarı ilə əlillik səbəbi “ümumi xəstəliklə əlaqədar” olmaqla üçüncü dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. İş materiallarında olan “əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” 28 oktyabr 2021-ci il tarixli, **********4 nömrəli məktubdan görünür ki, iddiaçı müvafiq sənədləri əlavə etməklə əlillik statusunu aldığı xx.xx.2013-cü il tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun 9 saylı regional ərazi filialına müraciət etmiş, ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmiş, cavabdeh inzibati orqan tərəfindən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuş, buna əsas kimi “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin tələblərinin iddiaçıya münasibətdə ödənilmədiyi, yəni 13 il sığorta stajı və 13603,54 manat pensiya kapitalı tələb olunduğu halda, iddiaçının xx.xx.2006-cı il tarixədək 9 il 1 ay 8 gün sığorta stajına və 6354,55 manat pensiya kapitalına, xx.xx.2010-cu il tarixinə isə 12 il 11 ay 8 gün sığorta stajına və 8586,98 manat pensiya kapitalına malik olduğu bildirilmişdir. İş materiallarında olan İddiaçı məxsus 20 iyun 1986-cı ildə tərtib olunmuş İT-İ ******* №-li əmək kitabçasına əsasən o, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək 10 ay 20 gün, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək 1 ay 18 gün, xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək 4 il 7 ay 16 gün, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək 1 il 6 ay 13 gün, xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixədək 3 il 8 ay, xx.xx.2009-cu ildən xx.xx.2010-cu il tarixədək 1 il 2 ay 13 gün olmaqla, ümumilikdə 12 il 20 gün sığorta stajı toplamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 140 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, yəni 10 ay Biləsuvar rayon Mikayıl Müşviq adına qoyunçuluq icarə müəssisəsində işləmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş İT-İ ******* №-li əmək kitabçasına əsasən 12 il 20 gün və xx.xx.2022-ci il tarixli 140 nömrəli arxiv arayışına əsasən 10 ay olmaqla, xx.xx.2010-cu il tarixinə iddiaçının ümumilikdə 12 il 10 ay 20 gün sığorta stajına malik olduğu təsdiq olunur. Belə ki, “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istinaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Qeyd olunduğu kimi, cavabdeh təşkilat iddiaçıya “əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina”sının və iddiaya qarşı etirazının hüquqi əsası olaraq “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin tələblərinin iddiaçıya münasibətdə ödənilmədiyinə, yəni 13 il sığorta stajı tələb olunduğu halda, iddiaçının xx.xx.2010-cu il 12 il 11 ay 8 gün sığorta stajına malik olduğuna istinad etmişdir. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh təşkilatın həm imtina məktubundan, həm də iddiaya qarşı etirazından görünür ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtinanın hüquqi əsası kimi, “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci ildə edilmiş dəyişikliklərdən sonrakı redaksiyada verilmiş 12.1-ci maddəsinə istinad edilmiş və iddiaçıya münasibətdə əlilliyinin təyin olunması üçün tələb olunan sığorta stajı aşağıdakı qaydada hesablanmışdır: 1) 54 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 39 il (əmək qabiliyyətli yaş dövrü); 2) 39 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 156 ay; 3) 156 ay : 12 ay = 13 il. Qeyd edilən hesablamadan göründüyü kimi, iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sığorta stajı 13 il müəyyən edilmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı əlillik statusunu əldə etdiyi xx.xx.2013-cü ildə “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olmuş 12-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası (bu Qanunun qüvvəyə mindiyi günədək əlilliyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) 19 yaşınadək əlil olmuş sığorta olunana bir il sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığorta olunana isə 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Qeyd olunan maddi hüquq normasına əsasən iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sığorta stajı aşağıda göstərilən qaydada hesablanmalıdır: 1) 49 il (yaş) - 18 il (yetkinlik yaş dövrü) = 31 il (əmək qabiliyyətli yaş dövrü); 2) 31 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 124 ay; 124 ay : 12 ay = 10 il 4 ay; İddiaçının əmək qabiliyyəti olmayan yaş dövrü 15 il götürülmüş olsa belə, əlillik statusunu əldə etdiyi xx.xx.2013-cü ildə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sığorta stajı aşağıda göstərilən qaydada hesablanmalı idi: 1) 49 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 34 il (əmək qabiliyyətli yaş dövrü); 2) 34 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 136 ay; 3) 136 ay : 12 ay = 11 il 4 ay. Məhkəmə araşdırması nəticəsində iddiaçının xx.xx.2010-cu il tarixinə 12 il 10 ay 20 gün sığorta stajı təsdiq olunmuş və göründüyü kimi, o, hər iki halda xx.xx.2013-cü ildə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sığorta stajını toplamışdır. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sığorta stajı ilə bağlı cavabdeh təşkilatın dəlilini əsassız hesab edir. Cavabdeh təşkilatın həm imtina məktubundan, həm də iddiaya qarşı etirazından görünür ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtinanın hüquqi əsası kimi, “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci ildə edilmiş dəyişikliklərdən sonrakı redaksiyada verilmiş 12.1-ci maddəsinə istinad edilmiş və iddiaçıya münasibətdə Qanunun tələb etdiyi “fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi” bildirilmişdir. Qeyd olunduğu kimi, qanunvericiliyin tələbinə əsasən İddiaçı münasibətdə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci ildə edilmiş dəyişikliklərdən sonrakı redaksiyada verilmiş 12.1-ci maddəsi deyil, onun əlillik statusunu əldə etdiyi xx.xx.2013-cü ildə “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olmuş 12-ci maddəsi tətbiq edilməli idi. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinin ilkin redaksiyasına əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiçının əlillik statusunu əldə etdiyi xx.xx.2013-cü il tarixində “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olmuş 12-ci maddəsində isə “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” barədə heç bir göstəriş yoxdur. Qeyd olunanlara əsasən məhkəmə cavabdeh təşkilatın İddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalı ilə bağlı dəlilini də əsassız hesab edir. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının da qoşulduğu, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyanın 4-cü maddəsinin 1-ci hissəsində əsasən iştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrı seçkiliyə yol vermədən bütün əlillərin bütün insan hüquqlarının və əsas azadlıqlarının tam realizəsini təmin etməyi və həyata keçirməyi öhdələrinə götürürlər. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçıya hüququnun yarandığı vaxt əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sığorta stajı olmaqla 10 il 4 ay sığorta stajı tələb olunduğundan, iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.2010-cu il tarixədək 12 il 10 ay 20 gün sığorta stajını təsdiq edən mötəbər sübutlar mövcud olduğundan və həmin sığorta stajı iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsinə kifayət etdiyindən, həmçinin həmin dövrdə qüvvədə olan qanunvericilik normalarından göründüyü kimi pensiya təyinatı üçün kapital tələbi nəzərdə tutulmadığından iddiaçı işlədiyi illərin sığorta stajı kimi nəzərə alınmaqla ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı əlilliyə görə əmək pensiyasının inzibati orqana ilk dəfə müraciət etdiyi 10 sentyabr 2021-ci il tarixdən əvvəlki illər üçün, yəni 10 sentyabr 2018-ci ildən 10 senyabr 2021-ci il tarixədək hesablanaraq ödənilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (xx.xx.2017-ci ilə qədər olan redaksiya). Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (xx.xx.2017-ci ildən qüvvəyə minmiş redaksiya). Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı, yəni xx.xx.2003-cü il tarixdən 3-cü dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsi və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (10 sentyabr 2021-ci il) əvvəlki illər üçün, yəni 10 sentyabr 2018ci ildən 10 sentyabr 2021-ci il tarixədək hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı, yəni xx.xx.2003-cü il tarixdən 3-cü dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsi və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (10 sentyabr 2021-ci il) əvvəlki illər üçün, yəni 10 sentyabr 2018ci ildən 10 sentyabr 2021-ci il tarixədək hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1328/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1328/2022
29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver