Məhkəmə qərarları › İş №2-1(120)-1369/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1369/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1369/2025 22.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 12/1 nömrəli qərarının ləğv edilməsi, iddiaçıya və ailə üzvlərinə 1.90 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 12/1 nömrəli qərarının ləğv edilməsi, iddiaçıya və ailə üzvlərinə 1.90 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2396/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 12/1 nömrəli qərarının ləğv edilməsi, iddiaçıya və ailə üzvlərinə 1.90 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamışdır. İddiaçı Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2396/2023 nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(106)-98/2024 nömrəli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2396/2023 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının 08 dekabr 1999-cu il tarixli, 12/1 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 0.51 ha deyil 1.90 ha torpaq sahəsi verilməli idi. Uzun illərdir ki, torpaq sahəsindən təyinatı üzrə istifadə edir. Torpaq sahəsinə dair Yardımlı rayon Aqrar İslahat Komissiyasının 08 dekabr 1999-cu il tarixli, 12/1 nömrəli qərarının dəyişdirilərək ona və ailə üzvlərinə verilmiş torpaq sahəsinin 1.90 ha edilməsi barədə müraciət etmiş, lakin cavabdeh orqan ona imtina verərək Yardımlı rayon Aqrar İslahat Komissiyasının 08 dekabr 1999-cu il tarixli, 12/1 nömrəli qərarı ilə ona və ailə üzvlərinə məxsus 0,51 ha torpaq sahəsinə JN-0057 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir və “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanına əsasən vətəndaşlara subsidiya torpağın mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq ölkədə torpaq islahatı rayon və yerli aqrar islahat komissiyaları tərəfindən aparılmışdır. Hazırda ölkədə torpaq islahatı bitmiş, torpaq islahatını aparan komissiyalar (rayon və yerli aqrar islahat komissiyaları) və Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası ləğv edilmişdir. Torpaq islahatı aparılan zaman torpaq payının əldə edilməsi ilə əlaqədar yaranan mübahisələrlə bağlı narazı vətəndaşların “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş müddət ərzində yerli aqrar islahat komissiyasının qərarından rayon aqrar islahat komissiyasına, Azərbaycan Respublikası Dövlət Aqrar islahat Komissiyasına və məhkəməyə şikayət etmək hüquqları olmuşdur. Hazırda həmin komissiyaların ləğv edilməsi və hüquqi varislərinin olmaması səbəbindən müraciətdə göstərilən məsələ aidiyyəti üzrə məhkəməyə müraciət etməklə öz həllini tapa bilər. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı X4 iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan JN-0057 KOD 80413018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 12/1 nömrəli qərarına əsasən 0.51 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün Yardımlı rayonu Yolocaq kənd sakini İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-B-0701-8/2022 nömrəli məktubundan görünür ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının 8 dekabr 1009-cu il tarixli 12/1 nömrəli qərarı ilə ona və ailə üzvlərinə məxsus 0,51 ha torpaq sahəsinə JN-0057 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir və “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanına əsasən vətəndaşlara subsidiya torpağın mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq ölkədə torpaq islahatı rayon və yerli aqrar islahat komissiyaları tərəfindən aparılmışdır. Hazırda ölkədə torpaq islahatı bitmiş, torpaq islahatını aparan komissiyalar (rayon və yerli aqrar islahat komissiyaları) və Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası ləğv edilmişdir. Torpaq islahatı aparılan zaman torpaq payının əldə edilməsi ilə əlaqədar yaranan mübahisələrlə bağlı narazı vətəndaşların “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş müddət ərzində yerli aqrar islahat komissiyasının qərarından rayon aqrar islahat komissiyasına, Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və məhkəməyə şikayət etmək hüquqları olmuşdur. Hazırda həmin komissiyaların ləğv edilməsi və hüquqi varislərinin olmaması səbəbindən müraciətdə göstərilən məsələ aidiyyəti üzrə məhkəməyə müraciət etməklə öz həllini tapa bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 12/1 nömrəli qərarını mübahisələndirir və iddiaçı iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsini qeyd edərək Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 12/1 nömrəli qərarının ləğv edilərək ona və ailə üzvlərinə 1.90 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsinin ayrılmasını xahiş edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır. Nəticədə, Azərbaycan Respublikasının torpaqları dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olmaqla 3 kateqoriyaya bölünmüşdür. Beləliklə, iddiaçının tələbi üzrə cavab verməli olan dövlət qurumu (aqrar islahat komissiyası) artıq mövcud deyildir, həmin qurum 1996-cı ildən təsis edilərək fəaliyyətə başlamış və 2005-ci ilədək (10 il ərzində) aqrar islahatın, o cümlədən torpaq islahatının aparılmasını, bununla bağlı məsələlərin həllini həyata keçirmiş, öz missiyasını sona çatdırması ilə əlaqədar 2005-ci ildə mövcudluğuna xitam verilmişdir. xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Oxşar mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2019-cu il tarixli 3 nömrəli bülletenində (11-ci səhifəsində) aşağıdakı kimi öz əksini tapmışdır: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanı aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı Babayev X3 rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 12/1 nömrəli qərarının ləğv edilməsini, ona və ailə üzvlərinə 1.90 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsinin ayrılması istəyir. Məhkəmədə iddia qaldırılan zaman iddiaçı qeyd edilən JN 0057 kod 80413018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 12/1 nömrəli qərarına əsasən verildiyini nəzərə almamışdır. Belə ki, dövlət aktı Lənkəran rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1999-cu il tarixli, 12/1 nömrəli qərarı əsasında verilmişdir ki, iddiaçı da məhkəmədə qeyd edilən Aqrar İslahatı Komissiyasının qərarını mübahisələndirməli idi. İddiaçı tərəfindən cavabdeh olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi seçilməsi məhkəmə münasibət bildirərək qeyd edir ki, “X9 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli, 290 nömrəli Fərmanı Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 206 nömrəli Fərmanı ilə qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hazırkı iş üzrə yerli aqrar islahat komissiyasının hüquqi varisi hesab edilə bilməz və iddiaçı bu hisədə də cavabdeh inzibati orqanı düzgün seçməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya xx.xx.2024-cü il tarixli, 2-1(120)-4158/2024 nömrəli məktubla hüquqi yardım məktubuna münasibət bildirmək üçün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin iddiaçı hüquqi yardım məktublarını poçt xəbərnaməsinə imza edərək qəbul etməsinə baxmayaraq, hüquqi yardım məktubuna münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçıya təkrar hüquqi yardım göstərilmiş, cavabdeh və tələbi ilə bağlı hüquqları izah edilmişdir. Bir daha qeyd olunur ki, Araşdırma nəticəsində və İş materiallarına əlavə edilən sənədlərə əsasən iddiaçı tərəfə tələbi üzrə ayrılan torpaq sahəsi ilə bağlı müvafiq sənədlərin olmadığı müəyyən edilir. Belə ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 12/1 nömrəli qərarına əsasən İddiaçı Almirzə oğlu və digər 5 nəfər ailə üzvünə 0,51 ha torpaq sahəsi, X6 və digər 1 nəfər ailə üzvünə 0,77 ha torpaq sahəsi,X2 isə 0,38 ha torpaq sahəsi ayrıldığı müəyyən edilir. İddiaçının məhkəmə iclaslarında verdiyi izahatlara əsasən qeyd edilən torpaq sahələrinin onların mülkiyyətində olduğu lakin əlavə olaraq istifadələrində 1,90 ha torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş etdikləri müəyyən edilir. Belə olan halda məhkəmə tərəfindən iddiaçı tərəfə hüquqi marağına uyğun yardımlar edilmiş və bir daha aşağıdakı halların iddiaçının diqqətinə çatdırılması zəruri hesab olunur: - Müvafiq hüquqi maraq üzrə ilk öncə istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyətçi müəyyən edilməlidir ki, bu istiqamətdə torpaq sahəsinin ölçülməsi və mülkiyyətiçinin müəyyən edilməsi üzrə müvafiq Daşınmaz Əmlakın Kadastrı və Reyestri-nə müraciət olunmalı, mülkiyyətçi müəyyən edildiyi təqdirdə torpaq sahəsi ilə bağlı müvafiq alqı-satqının həyata keçirilməsi proseduru üzrə mülkiyyətçi olan orqana müraciət etmək hüququ vardır. - Digər hal mübahisələndirmək istədiyi müvafiq Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 12/1 nömrəli qərarına əsasən ona və digər ailə üzvlərinə verilən torpaq sahələrinin ölçülərinin yanlış olması ilə bağlı (qərarın onlara aid olan hissədə) Yardımlı rayon İcra hakimiyyətinə müraciət etmək hüququ vardır. Lakin qeyd edilən istiqamətdə imtina cavabı aldığı təqdirəd inzibati məhkəmədə iddia qaldırmaq hüququ, iddianın növünün mübahisələndirmə olduğu və xüsusi mümkünlük şərtləri də nəzərə alınmalıdır. Bu istiqamətdə iddiaçı tərəfə hüquqi yardım edilmişdir. Beləliklə, məhkəmə bütün qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı iddiası mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar