Məhkəmə qərarları › İş №2-1(120)-141/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-141/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-141/2021 03.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçılar İddiaçı11, İddiaçı6, İddiaçı5, İddiaçı7, İddiaçı1, İddiaçı9 və Cavabdeh Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı11, İddiaçı2, İddiaçı4, İddiaçı6, İddiaçı5, İddiaçı3, İddiaçı12, İddiaçı7, İddiaçı8, İddiaçı1, İddiaçı9 və İddiaçı10 cavabdehlər Masallı Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı «mülkiyyətlərində olan Masallı şəhəri, Azərbaycan küçəsində yerləşən 3,15 hektar torpaq sahəsinin baş planında edilmiş dəyişikliklə bağlı sxeminin və baza xəritəsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı11, İddiaçı2, İddiaçı4, İddiaçı6, İddiaçı5, İddiaçı3, İddiaçı12, İddiaçı7, İddiaçı8, İddiaçı1, İddiaçı9 və İddiaçı10 cavabdehlər Masallı Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan Masallı şəhəri, Azərbaycan küçəsində yerləşən 3,15 hektar torpaq sahəsinin baş planında edilmiş dəyişikliklə bağlı sxeminin və baza xəritəsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İddiaçı11 iddia ərizəsini müdafiə edərək, bildirdi ki, qeyd olunan torpaq sahəsi onun xüsusi mülkiyyətində olmuşdur. Bununla bağlı ona daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarış və texniki pasport verilmişdir. Həmin torpaq sahəsi təyinatına görə yaşayış məntəqələri kateqoriyasına aid edilmişdir. O, həmin torpaq sahəsindən müəyyən hissəsini ayrı-ayrı şəxslərə notarial qaydada alqı-satqı əsasında satmışdır. Həmin şəxslər də müvafiq olaraq mülkiyyətlərinə dair çıxarış və texniki pasport almışlar. Həmin şəxslər mülkiyyətlərinə aid edilmiş torpaq sahəsində tikinti apararkən onlara qeyd edilən torpaq sahəsində tikinti aparılmasına məhdudiyyətlər qoyulmuşdur. Bununla əlaqədar o, müvafiq orqanlarla əlaqə saxladıqda ona bildirilmişdir ki, həmin torpaq sahəsində yalnız ortamərtəbəli, çoxmənzilli binaların tikintisi aparıla bilər. Odur ki, iddia ərizəsini müdafiə edərək, Masallı şəhəri, Azərbaycan küçəsində yerləşən 3,15 hektar torpaq sahəsinin baş planında edilmiş dəyişikliklə bağlı sxeminin və baza xəritəsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən digər iddiaçılar da İddiaçı11 izahatına uyğun ifadə verərək, iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi iddia tələbinə etiraz edərək, bildirdi ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “Azərmemarlayihə” Dövlət Baş İnstitutu tərəfindən 2008-2028-ci illər üçün Masallı şəhərinin Baş Planı hazırlanaraq 2011-ci il təsdiq edilmişdir. Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında xx xxxx 2013-cü il tarixli Azərbaycan Respublikası Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2013-cü il tarixli Sərəncamına əsasən şəhərin Baş Planının yenidən işlənilməsi zərurəti yaranmışdır. “2014-cü ildə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən şəhərsalma işlərinin Dövlət Sifarişi”nin layihəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə şəhərin yeni Baş Plan layihəsinin hazırlanmasına başlanılmışdır. Hazırlanmış Baş Plan aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 140 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Odur ki, hazırkı iddia tələbi üzrə iddianın təmin edilməməsini xahiş etdi. Digər iddiaçılara və cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx xxxxxxx 2020-ci il tarixli xx/xx-4679 saylı etiraz məktubu ilə müəyyən olunur ki, Masallı şəhəri, Azərbaycan küçəsində yerləşən 3,15 hektar torpaq sahəsi Masallı şəhərinin 2034-cü ilə qədərki dövrdə inkişafına dair “Masallı şəhərinin Baş planın”da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 140 nömrəli qərarı ilə ortamərtəbəli, çoxmənzilli yaşayış evləri zonası kimi müəyyən edilmişdir. Belə ki, Baş planda həmin ərazi ortamərtəbəli, çoxmənzilli yaşayış evləri zonası olduğundan Masallı Rayon İcra Hakimiyyəti həmin ərazidə fərdi yaşayış evinin tikintisinin aparılmasını qadağan etmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli M- 06-117 saylı məktubu ilə müəyyən olunur ki, Masallı şəhərinin yeni Baş Planı hazırlanarkən 2008-ci ildə hazırlanmış Baş Plan əsas tutulmuş, mövcud vəziyyət və perspektiv inkişaf nəzərə alınaraq Masallı şəhəri ərazisində hazırda İddiaçı11 mülkiyyətindəki (çıxarış MA № 0196534, qeydiyyat tarixi xx.xx.2011) yaşayış məntəqəsi torpaqları kateqoriyalı, məqsədli istifadə növü sahibkarlıq olan 3.154301 ha torpaq sahəsinin funksional təyinatı dəyişdirilmədən 2008-ci ildə hazırlanmış baş Planda qeydiyyata alındığı kimi (çoxmənzilli, orta mərtəbəli yaşayış binaları zonası) saxlanılmışdır. Şəhərin Baş Planı ictimai müzakirəyə çıxarıldığı dövrdə rayon İcra hakimiyyətinin birinci müavini vəzifəsində çalışan İddiaçı11 tərəfindən mülkiyyətində olan sözügedən torpaq sahəsi ilə bağlı heç bir etiraz və təklif bildirilməmişdir. Həmin dövrdə ilkin layihə ilə bağlı verilmiş rəy və təkliflər layihəçilərə təqdim olunaraq Baş Planın yekun layihəsi hazırlanmışdır. Hazırlanmış Baş Plan aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 140 nömrəli, Qərarı ilə təsdiq edilmişdir. Qeyd olunduğu kimi Baş Planda göstərilən ərazi orta mərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi planlaşdırılan ərazi zonası kimi zonalaşdırılmışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 20.3-cü maddəsinə əsasən ərazi planlaşdırma sənədləri, o cümlədən baş planlar məcburi hüquqi qüvvəyə malikdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçılar iddia tələbində mülkiyyətlərində olan Masallı şəhəri, Azərbaycan küçəsində yerləşən 3,15 hektar torpaq sahəsinin baş planında edilmiş dəyişikliklə bağlı sxeminin və baza xəritəsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Halbuki Masallı şəhəri, Azərbaycan küçəsində yerləşən 3,15 hektar torpaq sahəsinin baş planı aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 140 nömrəli, Qərarı ilə təsdiq edilmişdir. Göründüyü kimi həmin qərar qüvvədə olduğu halda hazırkı iddiaya inzibati icraat qaydasında baxılması mümkün deyildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü bəndində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmçinin həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Yuxarıda qeyd olunan Qərarın 2.3-cü bəndində qeyd olunur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı11, İddiaçı2, İddiaçı4, İddiaçı6, İddiaçı5, İddiaçı3, İddiaçı12, İddiaçı7, İddiaçı8, İddiaçı1, İddiaçı9 və İddiaçı10 cavabdehlər Masallı Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı «mülkiyyətlərində olan Masallı şəhəri, Azərbaycan küçəsində yerləşən 3,15 hektar torpaq sahəsinin baş planında edilmiş dəyişikliklə bağlı sxeminin və baza xəritəsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 49, 50 və 80-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı11, İddiaçı2, İddiaçı4, İddiaçı6, İddiaçı5, İddiaçı3, İddiaçı12, İddiaçı7, İddiaçı8, İddiaçı1, İddiaçı9 və İddiaçı10 cavabdehlər Masallı Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı «mülkiyyətlərində olan Masallı şəhəri, Azərbaycan küçəsində yerləşən 3,15 hektar torpaq sahəsinin baş planında edilmiş dəyişikliklə bağlı sxeminin və baza xəritəsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar