Məhkəmə qərarları › İş №2-1(120)-1422/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1422/2021

25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1422/2021 25.11.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı (Saatlı şəhəri, Nəsimi küçəsi, ev 68-də yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Saatlı rayonu üzrə Maliyyə şöbəsinin və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X1 (Saatlı şəhəri, Ə.Hüseynov küçəsi, ev 3-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Saatlı rayonu üzrə Maliyyə şöbəsinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Saatlı rayonu üzrə Maliyyə şöbəsinin (keçmiş Maliyyə İdarəsinin) 31.05.2020-ci il tarixli, K-25 nömrəli əmrinin ləğv olunması, Saatlı rayonu üzrə Maliyyə şöbəsində dövlət qulluğuna bərpa olunması və işləmədiyi bütün müddət üçün orta əmək haqqının ödənilməsi barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Saatlı rayonu üzrə Maliyyə şöbəsinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Saatlı rayonu üzrə Maliyyə şöbəsinin (keçmiş Maliyyə İdarəsinin) 31.05.2020-ci il tarixli, K-25 nömrəli əmrinin etibarsız hesab edilərək ləğv olunması, Saatlı rayonu üzrə Maliyyə şöbəsində dövlət qulluğuna bərpa olunması və cavabdehin təqsiri üzündən əmək kitabçasının verilməsi ləngidilərək 08.10.2020-ci il tarixində verildiyi üçün işləmədiyi bütün müddət üçün orta əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 03.08.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini dəyişərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Saatlı rayonu üzrə Maliyyə şöbəsinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Saatlı rayonu üzrə Maliyyə şöbəsinin (keçmiş Maliyyə İdarəsinin) 31.05.2020-ci il tarixli, K-25 nömrəli əmrinin ləğv olunması, Saatlı rayonu üzrə Maliyyə şöbəsində dövlət qulluğuna bərpa olunması və işləmədiyi bütün müddət üçün orta əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 20.10.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Saatlı rayonu üzrə Maliyyə şöbəsinin (keçmiş Maliyyə İdarəsinin) 31.05.2020-ci il tarixli, K-25 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) 31.05.2020-ci il tarixdən dövlət qulluğuma xitam verilmişdir. O, Maliyyə Nazirliyinin Saatlı rayonu üzrə keçmiş Maliyyə İdarəsinin xəzinə əməliyyatlarının uçotu sektorunda aparıcı məsləhətçi-mühaisib vəzifəsində işləmiş və maliyyə sistemində 33 ildən artıq iş stajı vardır. 2020-ci ilin iyun ayında struktur dəyişikliyi ilə əlaqədar İdarənin müəyyən işçiləri 13 saylı X2 İdarəsinə təyinat almaqla, qalan işçilər Maliyyə İdarəsinin bazasında yaradılmış Maliyyə şöbəsində müvafiq işlə təmin edilmişlər. O, da 22.07.2020ci ilə kimi yeni yaradılmış Maliyyə şöbəsinə işə gedib-gəlmiş, 13.07.2020-ci il tarixdə iş yoldaşları ona ərizə nümunəsi təqdim edərək, yenidən işə qəbul olunmaq üçün bu nümunəyə uyğun işdən çıxma haqqında ərizə yazıb və həmin ərizəyə 31.05.2020-ci il tarixinin qoyulmasını bildirmişlər. O, da Maliyyə şöbəsində başqa işə keçməyi ilə əlaqədar ərizə yazıb, deyilən tarixi qeyd etmişdir. Bu ərizəni yazdıqdan 9 gün sonra, yəni 22.07.2020-ci il tarixində işə gəldikdə mühafizəçilər onu binaya buraxmadılar və bildirdilər ki, 31.05.2020-ci il tarixdən işdən azad olunmuşdur. 31.05.2020-ci il tarixli, K-25 nömrəli əmrin ləğv edilməsi, dövlət qulluğuna bərpa olunma və işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının ödənilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia tələbi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 08.02.2021 ci il tarixli, 2(006)-1952/2021 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Nəsimi rayon məhkəməsinin bu Qətnaməsindən verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılmış və şikayəti qismən təmin edilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 11.06.2021 -ci il tarixli, 2(103)- 5357/2021 nömrəli qərardadına əsasən Nəsimi rayon məhkəməsinin 08.02.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, 31.05.2020-ci il tarixli, K-25 nömrəli əmrin ləğv edilməsi, dövlət qulluğuna bərpa olunma və işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının ödənilməsi tələbinə dair mülki işin icraatına xitam verilmiş və ona aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Yuxarıda göstərilənlər nəzərə alınaraq, Bakı Apellyasiya Məhkəməsinin 11.06.2021-ci il tarixli qərardadına, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci və 8.1.2-ci maddələrinə əsasən dövlət qulluğuna xitam verilməsi barədə 31.05.2020-ci il tarixli əmrin ləğv edilməsi, dövlət qulluğuna bərpa olunmağı və işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının ödənilməsinə dair iddia ərizəsi Şirvan İnzibati Məhkəməsinə təqdim etmişdir. Dövlət qulluğuna 31.05.2020-ci il tarixində xitam verilməsi barədə Maliyyə Nazirliyinin Saatlı rayonu üzrə keçmiş Maliyyə İdarəsinin (hazırda Maliyyə Şöbəsinin) 31.05.2020-ci il tarixli, K-25 nömrəli əmri qanunauyğun olmamışdır. “Dövlət qulluğu haqqında” Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Eyni zamanda Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq olunur. ƏM-nin 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Bu məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 31.05.2020-ci il tarixli əmrdə əmrin tarixi və dövlət qulluğuma xitam verilməsinin günü, ayı və ili qeyd edilsə də, faktiki olaraq həmin tarixlər düzgün göstərilməmişdir. 2020-ci ilin istehsalat təqvimindən görünür ki, 31.05.2020-ci il respublikamızda bazar, yəni istirahət günü olduğu üçün Maliyyə Nazirliyi və onun yerli maliyyə orqanlarında, o cümlədən Saatlı rayonu üzrə Maliyyə şöbəsində də həmin tarixdə iş günü olmamışdır. İşdən çıxma ərizəsində göstərilən tarix, işçinin sonuncu iş günü hesab olunur və işçi faktiki olaraq həmin gün işləməlidir. 31.05.2020-ci il istirahət günü olduğu üçün o, işdə olmamışdır. Cavabdeh də 31.05.2021-ci il tarixdə işləmədiyi halda, dövlət qulluğuna hansı əsasla həmin tarixdə xitam vermişdir. Əgər cavabdeh qeyri-iş günü, 31.05.2021-ci il tarixdə işləmişdirsə, onda əmək qanunvericiliyinin tələblərini pozmuşdur. “Dövlət qulluğu haqqında” Qanunun 30.1-ci maddəsinə əsasən Dövlət qulluğunda iş vaxtı həftədə 40 saat olmaqla, gündəlik 8 saatdır. 2020-ci ilin fevral ayının 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir: “Mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o rəhbərlər cəzalandırılmalıdır”. Göründüyü kimi bu məsələ Prezidentin də nəzarətindədir. ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün onun əmək müqaviləsi ləğv edilə bilər. 31.05.2020-ci il tarixli ərizəsində yuxarıda qeyd edilən bu hallardan hər hansı biri mövcud deyildir (göstərilməmişdir). Həmin ərizədə “başqa işə keçməyim”i göstərmişdir. “Başqa isə keçməyim” ilə 69-cü maddənin 3-cü hissəsində göstərilən “başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda” ifadələri bir-birindən tamamilə fərqli anlayışlardır. “Başqa işə keçməyim” bilavasitə strukturun daxilində olduğu halda, “başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda” məhz həmin strukturdan kənarda mümkündür. O, 31.05.2020-ci il tarixli ərizəni dövlət qulluğuna xitam verilməsi üçün deyil, həmin strukturun (Maliyyə Şöbəsinin) öz daxilində başqa işə keçməyi ilə əlaqədar yazmışdır. Əgər ərizədə işdənçıxma tarixi onun tərəfindən düzgün göstərilməmişdirsə, onda nə üçün ərizənin tarixinin dəyişdirilməsi, yəni buraxılmış bu səhvin düzəldilməsi ondan tələb edilməmişdir. Məlum olduğu kimi əmək müqaviləsi bağlayan hər bir əməkdaşın məlumatları X5 daxil edilir. İşçinin əmək müqaviləsi ləğv edildikdə (dövlət qulluğuna xitam verildikdə) onun adı bilavasitə işdən çıxdığı gün sistemdən çıxarılır. Dövlət qulluğuna 31.05.2020-ci il tarixində xitam verildiyi halda, nə üçün onun adı da 31.05.2020-ci il tarixində Elektron Portaldan çıxarılmamışdır. Məlum olduğu kimi 23 mart 2020-ci il tarixində respublikada koronovurusun (COVİD-19) yayılması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mülkiyyət formasından asılı olmayaraq, bütün dövlət müəssisə və idarə rəhbərlərinə "işçilərin ixtisara salınmaması və onların əmək haqlarının ödənilməsi” barədə müraciət etmişdir. Prezidentinin göstərişinə əsasən hətta işləməyən şəxslərə belə 190 manat pul ödənilmişdir. Göründüyü kimi cavabdeh Prezidentinin bu çağırışına da etinasız yanaşaraq, bu müraciəti nəzərə almamışdır. Eyni zamanda bildirir ki, onun həmin dövrdə öz xahişi ilə işdən çıxması üçün heç bir hüquqi əsas yox idi. Yəni o, pensiya yaşında deyil ki, yaşa görə pensiyaya çıxsın (xx.xx.1961-ci il anadan olmuşdur), əlil deyil ki, əlillik qrupuna görə pensiyaya çıxsın, təhsilini davam etdirmək üçün hər hansı təhsil müəssisəsinə daxil olmamışdır ki, təhsilini davam etdirmək üçün işdən çıxsın, yeni yaşayış yerinə köçməmişdir (əvvəl də Saatlı şəhərində yaşamış, yenə də həmin şəhərdə yaşayır) və başqa işəgötürənlə yeni əmək müqaviləsi bağlamamışdır (bağlanılsaydı bu ƏƏSMNnin əmək müqavilələrinin qeydiyyatı sistemində öz əksini tapardı). O, həm də ailə başçısıdır. Himayəsində iki məktəbyaşlı övladı və həyat yoldaşı vardır. Onların ehtiyaclarının təmin edilməsi üçün işləməlidir. Çünki onun gəliri yalnız əmək haqqıdır, digər gəlir mənbəyi yoxdur. Belə olan halda onun öz xahişi ilə işdən çıxmaq haqqında ərizə yazmağı inandırıcı səslənmir. Bunun üçün əsaslandırıcı hər hansı bir səbəb də yoxdur. Deməli, ƏM-nin 69 və 84-cü maddələrinin tələblərinə uyğun olmayan 31.05.2020-ci il tarixli, K-25 nömrəli əmrlə onun dövlət qulluğuna xitam verilməklə, əmək hüquqları kodud şəkildə pozulmuşdur. Bu əmr məhkəmə tərəfindən etibarsız hesab edilərək, ləğv olunmalıdır. Maliyyə Nazirliyinin 25.01.2021-ci il tarixli, 16/02-03-10 340 nömrəli məktubunda göstərilir ki, Saatlı rayonu üzrə X6 Nazirliyinə təqdim olunmuş məlumatlarına və 2020-ci ilin 14, 18 və 22 dekabr tarixli Protokollarına əsasən Şöbə rəisi Tahir Kazımovun ona dövlət qulluğu vəzifəsinə müsabiqə və müsahibə əsasında tutulması qaydası izah edilmiş və əmək qanunvericiliyinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlamaqla işə qəbul edilməsi təklif edilmişdir. O, isə həmin təkliflərə etiraz edərək, gələcəkdə Saatlı rayonu üzrə Maliyyə Şöbəsində olan vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan olunacaq müsahibədə iştirak etmək istədiyini bildirmişdir. Saatlı rayonu üzrə Maliyyə Şöbəsinin rəisi Tahir Kazımov tərəfindən Maliyyə Nazirliyinə təqdim edilmiş məlumatlarda konkret olaraq ona hansı iş təklif edildiyi və nə üçün onun müddətli əmək müqaviləsi bağlamaqdan imtina etdiyinin səbəbləri dəqiq göstərilməmişdir. Maliyyə Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Rumiyyə Ağdamskayanın imzası ilə 06.11.2020-ci il tarixində Saatlı rayonun rabitə (poçt) şöbəsindən aldığı 30.10.2020-ci il tarixli, 16/02-05-372-532 saylı məktubda ona Saatlı rayonu üzrə X3 və xərclərin proqnozlaşdırılması sektorunda əvvəlki vəzifəsinə uyğun vakant aparıcı məsləhətçi-xərclər üzrə vəzifəsində işləmək təklif edilmişdir. 07.11.2020-ci il tarixli ərizə ilə həmin təklifi qəbul etdiyini rəsmi surətdə Rumiyyə xanıma bildirməklə, bu razılıq ərizəsini poçt vasitəsi ilə Nazirliyə göndərmişdir. Ərizəsinin gec çatmasından narahat olaraq, 10.12.2020-ci il tarixində şəxsən Nazirlikdə olmuş, bu təklifi qəbul etdiyi barədə İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Rumiyyə xanımın və həmin şöbənin müdir müavini Bayram Əliyevin adlarına yenidən iki ərizə yazıb təqdim etmişdir. Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusifovun imzası ilə Saatlı rayonu üzrə Maliyyə Şöbəsinin rəisi Tahir Kazımova ünvanlanmış 13.11.2020-ci il tarixli, 16/01-04-382-5470 saylı məktubda onun Maliyyə Şöbəsində müvafiq vəzifəyə təyin olunmağı barədə məsələnin həll edilməsi və bu barədə Nazirliyin məlumatlandırılması tapşırılmışdır. İstər Rumiyyə xanımın, istərsə də Cavanşir Yusifovun imzaladığı məktublarda birinci halda ona konkret olaraq vəzifə təklif edilmiş və 2-ci halda isə müvafiq vəzifəyə təyin edilməyi barədə Şöbəyə göstəriş verilmişdir. Çox təəssüf ki, Saatlı rayonu üzrə Maliyyə şöbəsinin rəisi Tahir Kazımov “vəzifə” ilə “iş” anlayışlarını bir-birindən fərqləndirə bilməmişdir. Maliyyə Nazirliyini 13.11.2020-ci il tarixli məktubu Saatlı rayonu üzrə Maliyyə Şöbəsinə daxil olmamışdan əvvəl həmin Şöbənin kargüzar-böyük mütəxəssis tərəfindən mobil telefonuna zəng edilmiş və Şöbə rəisinin adından ona Şöbədə müddətli müqavilə üzrə iş təklif edilmişdir. Nazirliyin bu məktubu daxil olduqdan sonra və məktubun cavablandırılması məqsədi ilə 31.05.2020-ci il tarixində Şöbənin kargüzar-böyük mütəxəssisi yenidən ona zəng edərək Şöbəyə dəvət etmişdir. 14.12.2020-ci il tarixində Saatlı rayonu üzrə Maliyyə şöbəsi işçilərinin keçirilən iclasında Şöbənin rəisi Tahir Kazımov Nazirliyin təkliflərini, uzunmüddətli, 33 ildən artıq maliyyə (mühasibatlıq) sahəsində iş tərcübəsini nəzərə almayaraq, vəzifəyə uyğun Şöbədə Gəlirlərin və xərclərin proqnozlaşdırılması sektorunda vakant aparıcı məsləhətçi-xərclər üzrə vəzifəni deyil, “Kompüter ustası” təklif etmişdir. Kompüter ustası vəzifə deyil, texniki işdir. Kompüterlərin təmiri ilə bağlı heç bir anlayışı (biliyi) və bu işlə məşğul olmaq üçün icazəsi (sertifikatı) olmadığı halda, o, “Kompüter ustası” təklifini qəbul edib, müddətli əmək müqaviləsini necə bağlaya bilərdi. O, məhz bu səbəbdən həmin iş təklifindən imtina etmişdir. Onun istər Saatlı rayonu üzrə Maliyyə şöbəsinə, istərsə də Maliyyə Nazirliyinə müraciətlərində növbəti aylarda müsahibələrdə iştirak edərək, dövlət qulluqçusu statusunu almaq barədə hər hansı bir tələbi olmamışdır. Buna zəruriyyət də yoxdur. Aldadılaraq, tutduğu vəzifədən qanunsuz azad olunduğu üçün o, 31.05.2020-ci il tarixli əmrin ləğv edilməsi və əvvəlki müddətsiz dövlət qulluğuna bərpa olunması barədə müraciət etmişdir. Bunlar - “növbəti aylarda müsahibədə iştirak edərək, dövlət qulluqçusu statusu”nu almaqla “dövlət qulluğuna bərpa olunmaq” bir-birindən fərqli anlayışlardır. Dövlət qulluqçusu statusuna qanunsuz olaraq xitam veridiyi üçün o, həmin dövlət qulluqçusu statusunun geri qaytarılmasını tələb etmiş və edir də. Protokolda onun adından belə əsassız (lüzumsuz) ifadələrin işlədilməsi cavadehə yaraşmayan bir haldır. Saatlı rayon X6 Nazirliyinə təqdim edilmiş 2020-ci ilin 14, 18 və 22 dekabr tarixli Protokollarının məzmunlarından tamamilə xəbərsizdir. Əgər həmin Protokollarda onun çıxışları qeyd edilmişdirsə, bu Protokollarla mütləq tanış edilməli idi. Protokolda göstərilənlərin həqiqətən onun tərəfindən deyilməsini imzası ilə təsdiq etməli, razılaşmadıqda isə “etirazımın səbəblərini” qeyd etməklə imzalamalı idi. Cavabdehdə bunları təsdiq edən hər hansı bir sənəd mövcuddurmu? ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən “Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq- hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.” ƏM-nin 87-ci maddəsinin 3-cü hissəsinə əsasən, İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. ƏM-nin 172-ci maddəsinin 6-cı hissəsinə əsasən isə “İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir”. Dövlət qulluğuna 31.05.2020-ci il tarixdən xitam verilsə də, əmrin surəti və əmək kitabçası cavabdeh tərəfindən ona ən geci 01.06.2020-ci il tarixdə kimi verilməli idi. Cavabdeh əmrin surətinin deyil, yalnız əmək kitabçasının götürülməsi üçün ona 2 dəfə, 02 və 08 oktyabr 2020-ci il tarixlərdə teleqram göndərmişdir. Dəfələrlə telefon əlaqəsi saxlandıqdan sonra sənədlər 08.10.2020-ci il tarixində, işdən azad edildikdən 4 aydan artıq müddət keçdikdən sonra verilmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Saatlı rayonu üzrə Maliyyə şöbəsinin nümayəndəsi X4 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 09 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”-nin 18.2-ci bəndinə, “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi haqqında Əsasnamə”-nin 3-cü hissəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 may 2020-ci il tarixli 1- 82 nömrəli əmrinə əsasən rayon üzrə Maliyyə İdarəsi müvafiq olaraq rayon üzrə Maliyyə Şöbəsi adlandırılmış və Saatlı rayonu üzrə Maliyyə Şöbəsinin yeni strukturuna və ştat vahidlərinin struktur bölmələr üzrə yeni bölgüsünə uyğun olaraq Saatlı rayonu üzrə Maliyyə İdarəsinin Xəzinə əməliyyatları və Xəzinə əməliyyatlarının uçotu sektoru 13 saylı Regional Xəzinədarlıq İdarəsinə verilmiş və həmin sektorun işçiləri həmin idarədə müvafiq vəzifələrlə təmin edilmişlər. Yeni yaradılmış quruma gedəcək bütün işçilər işdən çıxmaq və 13 saylı Regional Xəzinədarlıq İdarəsində yeni vəzifəyə təyinat almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun müvafiq müraciətlər etdilər. Lakin Saatlı rayonu üzrə Maliyyə İdarəsinin xəzinə əməliyyatlarının uçotu sektorunun aparıcı məsləhətçi-mühasibi vəzifəsində olan İddiaçı işdən çıxma ərizəsini təqdim etdikdən sonra yenidən işə qəbulla əlaqədar iş barədə heç bir fikir bildirmədi. Ona dəfələrlə şöbənin rəisinə şifahi və ya yazılı müraciət etməli olduğu bildirilsədə heç bir reaksiya verməmiş, “mən heç kimə müraciət etməyəcəm, əksinə şöbənin müdiri gəlib sözün mənə desin” deyə ironiyalı ifadələr bildirmişdir. İlhara bildirildi ki, onun 31 may 2020-ci ilədək işlədiyi vəzifənin ştat vahidi 13 saylı Regional Xəzinədarlıq İdarəsinə verildiyi üçün əslində qeyd olunan idarəyə müraciət etməli və orda işlə bərpa olunmalıdır. Lakin o isə aqressiv şəkildə burda qalacağını və burda işləyəcəyini deyə saymamazlıq nümayiş etdirirdi. İddiaçı məqsədi özünü şöbədə hegoman göstərmək və müəssisənin rəhbərini aşağılamaya çalışmaq olmuşdur. Əlavə olaraq bildirir ki, İddiaçı əmək kitabçası və əmrdən çıxarışın götürülməsi ilə əlaqədar olaraq şöbənin kargüzarı tərəfindən dəfələrlə zəng edilməsinə baxmayaraq “işə qayıdacam və yaxud işim var, vaxtım olanda gəlib götürəcəm” deyərək sənədlərini gəlib götürməmişdir. Bildiyiniz kimi işçinin əmək kitabçası və yaxud digər xüsusi əhəmiyyət kəsb edən sənədləri digər şəxslərə verilə bilməz. Sonda İddiaçı qeyd olunan sənədlərinin götürülməsi üçün yaşadığı ünvana teleqramlar vurulmuşdur. Dəfələrlə şifahi zənglər və teleqramlardan sonra İddiaçı şöbəyə yaxınlaşmışdır. Şöbəyə gələndən sonra da bəhanələr gətirərək əmək kitabçasını götürməkdən imtina etdi və səbəb olaraq əmrin onun istəyinə uyğun yazılaraq dəyişdirilməsi tələbini qoydu. Hətta həmin ərəfədə dəfələrlə idarənin böyük mütəxəssis-inspektoruna müraciət edərək son haqq hesabını tələb etmişdir. Ümumiyyətlə, İddiaçı uzun illər bu qurumda çalışsa da heç vaxt idarədə işinə məsuliyyətli və məhsuldar işçi kimi imic formalaşdırmamışdır. Əksinə istər kollektiv üzvləri, istər büdcə təşkilatlarının məsul şəxsləri ilə istərsədə rəhbərlərlə daim aqressiv davranmışdır. Buna baxmayaraq idarənin rəhbərləri tərəfindən düzgün yol seçməsi üçün dəfələrlə xəbərdarlıq edilmiş və tövsiyələr verilərək güzəştlər edilmişdir. Rayon üzrə Maliyyə İdarəsinə əvvəlki dövrlərdə rəhbərlik etmiş şəxslər daim İddiaçı istər iş vaxtı istərsədə işdən sonra etdiyi neqativ hərəkətlərinə görə rayon İcra hakimiyyəti və digər orqanlar qarşısında qınaq obyektinə çevrilmişdilər. O, 1998-ci ildən işlədiyi dövrdən daim şahidi olmuşdur ki, İdarədə İddiaçı əmək funksiyasına aid olan işlər digər işçilərin köməkliyi ilə icra olunmuşdur. İddiaçı 13 saylı Regional Xəzinədarlıq İdarəsinə getməməsi əslində özünün qeyd etdiyi maddi və mənəvi imkanının olmaması deyil, kompüterdə müstəqil işləmək qabiliyyəti, biliklərinin olmaması və idarəyə aidiyyatı olmayan digər işlərlə məşğul olmasıdır. İddiaçı daim özünü xeyirxah insan kimi göstərməyə çalışaraq idarənin nüfuzundan istifadə edərək özünün və özünə yaxın adamların adından müxtəlif nazirlik, komitələr, agentliklər, cəmiyyətlər və digər ünvanlara məktublar, ərizələr, teleqramlar yazmağla məşğul olmuşdur. İddiaçı İdarənin məlumatlarını özünün siyasi marağı üzrə partiyadaşlarına ötürmüş və ictimailəşdirmişdir. Hal-hazırda İddiaçı rəhbəri olduğu siyasi partiyada fəallarından olan bir neçə nəfərin vasitəsi ilə onun və ya idarənin digər sənədləri haqqında böhtan xarakterli məktublar, teleqramlar və digər üsullar vasitəsi ilə yazdırmaqdan çəkinmir. İdarənin sirrini guya xəbəri yoxmuş kimi yuxarıda qeyd etdiyi vasitələrlə ictimailəşdirməyə çalışır. Hətta bu yaxınlarda aralarında olan məsələnin məhkəmə predmeti olduğu bir dövrdə belə qeyd etdiyi yazıları yazdıraraq sosial şəbəkələr vasitəsilə yayımlamağa çalışmışdır. Bütün vasitələrlə çalışır ki, onu nüfuzdan salsın və üzvü olduğu qruplaşmanın etimadını doğrultsun. Ona məxsus olan masada təmsil etdiyi müxalif siyasi partiyaya aid sənədlər, şəkillər və təbliğat xarakterli digər sənədlər mövcud olmuşdur. Gün ərzində onun yanına gələn şəxslərin əksəriyyəti siyasi əqidə yoldaşları və yaxud özü kimi problem yaradan insanlar olmuşdur. Bəzən rayon ictimayyəti arasında rayon üzrə Maliyyə İdarəsini sanki İddiaçı siyasi partiya qərargahı fonunda qələmə verənlərdə olurdu. Əvvəlki dövrlərdə də idarədə rəhbər işləmiş şəxslərlə daim əsassız olaraq problemlər yaratmağa çalışmış və rəhbəri olduğu X9 Partiyasının rayon şöbəsinin (İddiaçı hal-hazırda X9 Partiyasının Saatlı rayon şöbəsinin sədridir) siyasi mövqeyini idarənin işindən üstün tutmuşdur. Ölkədə siyasi kampaniyalar və digər tədbirlər zamanı işdən müxtəlif bəhanələrlə yayınaraq təmsil etdiyi partiyanın maarifləndirici işləri ilə məşğul olmağa və aktivlik nümayiş etdirməyə çalışmışdır. Əlavə olaraq bildirir ki, noyabr 2016-ci ildən yanvar 2018-ci il tarixədək Saatlı rayonu üzrə Maliyyə İdarəsinin rəisi müəyyən səbəblərdən işə çıxa bilməmiş və 29 dekabr 2017-ci il tarixdən öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdir. Həmin tarixdən rəis vəzifəsinin icrası müvəqqəti olaraq Saatlı rayonu üzrə Maliyyə İdarəsinin rəis-müavini xəzinə əməliyyatları sektorunun müdirinə həvalə olunmuşdur. 2019-cu ildə Saatlı rayonu üzrə Maliyyə idarəsinin rəisi vəzifəsi vakant olaraq X7 xətti ilə ümümi müsahibəyə elan edildikdən sonra imtahanda iştirak edərək idarə rəisi təyin edilmişdir. 20 dekabr 2019-cu ildən yəni Saatlı rayonu üzrə Maliyyə İdarəsinə rəis təyin edildiyi gündən var gücü ilə çalışmışdır ki, ona göstərilən böyük etimadı doğruldsun. İdarədə müəyyən sahələrdə yaranmış olan boşluqları və bəzi işçilərdə yaranmış müəyyən məsuliyyətsizlikləri aradan qaldıraraq ciddi nizam intizam yaratmağa nail olsun. Təbii ki, buda müəyyən işçilər, hətta bir sıra təşkilatlar tərəfindən birmənalı qarşılanmamaqla yanaşı müəyyən mənada idarənin bəzi işlərində süni maneələr yaratmağa çalışanlarda oldu. Lakin bütün sadalanan neqativlərə baxmayaraq artıq idarədə bütün işlərini ilk növbədə ölkə başçısı və Maliyyə Nazirliyinin qoyduğu ciddi tələblərə uyğun olaraq qurmağa nail olmuşuq. Hal-hazırda Saatlı rayonu üzrə Maliyyə Şöbəsinin heç bir şəxs və ya təşkilat qarşısında cari yaranacaq xərclər istisna olmaqla ödəmə öhdəliyi yoxdur. Eyni zamanda iddiaçı iddia ərizəsində və məhkəməyə verdiyi izahatında qeyd edir ki, işdən çıxma ərizəsində göstərilən tarix, işçinin sonuncu iş günü hesab olunur və işçi faktiki olaraq həmin gün işləməlidir. 31.05.2020-ci il istirahət günü olduğu üçün o, işdə olmamışdır. Cavabdeh də 31.05.2021-ci il tarixdə işləmədiyi halda, dövlət qulluğuna hansı əsasla həmin tarixdə xitam vermişdir. Əgər cavabdeh qeyri-iş günü, 31.05.2021-ci il tarixdə işləmişdirsə, onda əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 may 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilmiş xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. İş materiallarında olan İddiaçı Saatlı rayonu üzrə Maliyyə İdarəsinin rəisinə ünvanladığı 31.05.2020-ci il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı başqa işə keçməyi ilə əlaqədar olaraq bu gündən etibarən tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Saatlı rayonu üzrə Maliyyə İdarəsinin 31.05.2020-ci il tarixli, K-25 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Maliyyə Nazirliyinin Saatlı rayonu üzrə Maliyyə İdarəsinin xəzinə əməliyyatları uçotu sektorunun aparıcı məsləhətçi-mühasibi İddiaçı dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən 31 may 2020-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan İddiaçı müxtəlif müraciətlərinin surətlərindən görünür ki, İddiaçı 22.07.2020-ci il tarixdə Saatlı rayon İcra Hakimiyyətinə, 16.08.2020-ci və 30.09.2020-ci il tarixlərdə Azərbaycan Respublikası Maliyyə Nazirinə müraciət edərək qanunsuz olaraq işdən çıxarıldığını qeyd etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04.11.2020-ci il tarixli, 2(006)-5704/2020 nömrəli qərardadının surətindən görünür ki, 04.11.2020-ci il tarixdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı 31.05.2020-ci il tarixli əmrin ləğv edilməsi, dövlət qulluğuna bərpa olunma və işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli, 2(006)-1952/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı 31.05.2020-ci il tarixli əmrin ləğv edilməsi, dövlət qulluğuna bərpa olunma və işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.06.2021-ci il tarixli, 2(103)-5357/2021 nömrəli qərardadının surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli, 2(006)-1952/2021 nömrəli qətnaməsi ləğv edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı 31.05.2020ci il tarixli əmrin ləğv edilməsi, dövlət qulluğuna bərpa olunma və işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının ödənilməsi tələbinə dair mülki işin icraatına xitam verilmiş, İddiaçı aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət hüququ izah edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının mübahisələndirilən əmrdən 22.07.2020-ci il tarixindən məlumatı olmuşdur. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında (eyni zamanda iddia ərizəsində) özü bu halı təsdiq etmişdir. Hazırkı inzibati işlə bağlı iddia əriziəsi isə 14.07.2021-ci il tarixdə iddiaçı tərəfindən imzalanmış və 23.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin qənaətinə görə İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt (əmr) barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Buradan da göründüyü kimi, iddiaçı mübahisə üzrə qanunvercilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırmışdır. Bununla yanaşı, İddiaçı qanunla müəyyən edilmiş müddətdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində iddia qaldısa da, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.06.2021-ci il tarixli, 2(103)-5357/2021 nömrəli qərardadı ilə Bakı şəhər Nəsimi rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilmiş, həmin məhkəmə iclasında İddiaçı iştirak etmiş və ona aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. Bu halda da İddiaçı qanunvercilikdə nəzərdə tutulmuş müddət (30 gün) ötürüldükdən sonra məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı mübahisə üzrə qanunvercilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar