Məhkəmə qərarları › İş №2-1(120)-1687/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1687/2025

03.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1687/2025 03.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı təyin edilmiş ünvanlı sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Günəş Yusif qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı təyin edilmiş ünvanlı sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına (bundan sonra Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı )qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin ona ünvanlı sosial yardımın dayandırılmasının, bərpa edilməsi öhdəliyinin həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşidirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ( bundan sonra mətndə ƏƏSMN) göstərilməklə ona təyin edilmiş müavinətin dayandırıldığı tarixdən bərpa edilməsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək ona yəni İddiaçı təyin olunmuş ünvanlı sosial yardımın dayandırıldığı xx.xx.2024-cü il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırımışdır ki, xx.xx.2023-cü il tarixdə ona ünvanlı sosial yardım təyin olunmuşdur. Cavabdeh inzibati orqanın məsul şəxsləri xx.xx.2024-cü il tarixdə evində qonağı olarkən yaşadığı ünvanda montinorinq keçirmişdir. Onun yaşadığı ünvanda dayanmış qonağa məxsus avtomobili görən kimi səs salaraq avtomobilin guya ona məxsus olduğunu bildirmişdirlər. Halbuki, həmin avtomobil ona məxsus olmamışdır. xx.xx.2024-cü il tarixdə ona məlum olmuşdur ki, cavabdeh inzibati orqan ona ayrılan sosial yardımı dayandırmışdır. Müraciət etdiyi zaman ona bildirilmişdir ki, avtomobili var və avtomobillə taksi fəaliyyəti göstərərək pul qazanır. Halbu ki, doğru məlumat deyildir. Bununla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə müraciət etmişdir. Ona verilən xx.xx.2024-cü il tarixli arayışda bildirilmişdir ki, onun adına nə etibarnamə ilə nədəki mülkiyyət hüququ ilə avtomobil yoxdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə və İPM-nin 47-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehə iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirmələri təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Eyni zamanda məhkəmənin 2-1(120)-4652/2024 saylı, xx.xx.2024-cü il tarixli qəradadı ilə əsl olmayan cavabdeh Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialı əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2- 305331/2024 saylı iddiaya dair yazılı etirazında göstərilmişdir ki, İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımı almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********48103 nömrəli ərizə ilə VEMTAS-a müraciət etmişdir. Həmin müraciətə “Ünvanlı dövət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq baxılmış və Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişətin müayinəsi nəticəsində ailəyə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 433,18 manat məbləğində ÜDSY təyin edilmişdir. Daha sonra ailəyə təyin olunmuş sosial yardımı almaq hüququna yenidən baxılması məqsədilə Mərkəzi Filial tərəfindən xx.xx.2024-cü il tarixdə monitorinq aparılmış və ərizə bəyannamədə qeyd olunmuş məlumatlarla uyğunsuzluq, yəni ailənin istifadəsində nəqliyyat vasitəsinin olması aşkar edilmişdir. Belə ki, yoxlamanın nəticələrinə dair monitorinq aktında İddiaçı həyətində “VAZ 2106” markalı ** CA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması, buna əsasən videoçəkliş aparılmasına etiraz etməsi, həmin nəqliyyat vasitəsinin üzərində taksi nişanın mövcudluğu və iddiaçının qonşuluqda taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi tanınması qeyd edilmişdir. Bu səbəblə “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq ünvanlı dövlət sosial yardımın ödənilməsi xx.xx.2024-cü il tarixdə dayandırılmışdır.“Ünvanlı Dövlət Sosial Yardımı” haqqında Qanunun 10.2-ci maddəsinə əsasən sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir.Bundan başqa Qanunun 10.3-cü maddəsində qeyd olunmuşdur ki, bu Qanunun 10.2- ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.Eyni zamanda 10.4-cü maddədə göstərilmişdir ki, ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.4-cü maddəsinə əsasən ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda ( dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) sosial yardımın təyin olunmasından imtina edilir. İddiaçı tərəfindən qeyd olunan Qanunun 10-cu maddəsində göstərilən tələblərin pozulması aşkar olunduğundan sosial yardımın ödənilməsi dayandırılaraq daxil olan müraciətə imtina verilmişdir.Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Günəş Yusif qızı məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı ona təyin olunmuş və daha sonra dayandırılmış ünvanlı sosial yardımın bərpa edilməsini xahiş etmiş, cavabdeh tərəfindən onun müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona təyin olunmuş və daha sonra dayandırılmış ünvanlı sosial yardımın bərpa edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: AZE seriyalı ******** №-li şəxsiyyə vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1979-cu il təvəllüdlü Əskərov X3 şəhəri, Nizami küçəsi, ev 128 ünvanında qeydiyyatdadır. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 3-13-16-5/1-Ə- 81xx/xx/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin məlumatlarına əsasən ünvan 3 ünvanında yaşayan İddiaçı adına və etibarnamə ilə istifadəsində nəqliyyat vasitələri qeydiyyata alınmamışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən : Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin: 3-13-16/9-178600/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1979-cu il təvəllüdlü İddiaçı adında və ya 2023-cü il tarixdən sonra onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. 3-13-16/2-203872/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1989-cu il təvəllüdlü X1 adında qeydiyyatda və ya onun tərəfindən özgəniniləşdirilən nəqliyyat vasitəsi yoxdur. DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı 3-17-1/2-49408/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, qanunvericilikdə ünvanlı dövlət sosial yardımın dayandırılmasına dair inzibati aktın qərar şəklində tərtib edilməsi barədə müddəa nəzərdə tutulmadığından iddiaçının ailəsinə təyin edilmiş sosial yardımın dayandırılması elektron qaydada həyata keçirilmiş və bu barədə qərar mövcud deyildir. Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6cı maddəsinə əsasən, sosial yardımımın aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Qanuna və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq “Elektron hökümət” portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və nəticə ilə bağlı təmsilçinin “Ərizə-bəyənnamə”də qeyd etdiyi əks əlaqə vasitələrindən birinə məlumat göndərilir. Qaydaların 4.4-cü bəndinə əsasən, sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) Vemtas tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. Göründüyü kimi sosial yardımın dayandırılması barədə qərarın bilavasitə tərtib edilməsi Nazirlər Kabinetinin Qərarında nəzərdə tutulmamış, dayandırma VEMTAS vasitəsilə elektron qaydada həyata keçirilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş cavabdan-Elektron sistemdən çıxarışından müəyyən olunur ki, hazırkı iddia tələbi ilə bağlı İddiaçı müraciətinə cavab imtina ilə yekunlaşmışdır. Bundan sonra iddiaçı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Tətbiq edilən hüquq. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; M a d d ə 3.Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması ) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 8. Sosial yardımın təyin olunması müddəti. 8.1.Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. 8.2. Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir. M a d d ə 10. Sosial yardım almaq hüququna yenidən baxılması 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. 10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” Bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Bənd 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. Bənd 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X2 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. İPM: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.4-cü bəndində ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) sosial yardımın təyin olunmasından imtina edilməsi nəzərdə tutulmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 433,18 manat məbləğində ÜDSY təyin olunmuşdur. Sonradan cavabdeh inzibati orqan iddiaçıya (ailəyə) təyin olunmuş sosial yardımı almaq hüququna yenidən baxılması məqsədilə cavabdeh tərəfindən monitorinq həyata keçirmiş və iddiaçının yaşayış evinin qarşısında ** CA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilərək iddiaçının (ailənin) istifadəsində olduğu müəyyən etmişdir. Bunun əsasında iddiaçıya təyin edilmiş ünvanlı dövlət sosial yardımın ödənişləri dayandırılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqanın iddiaçının istifadəsində olduğunu bildirdiyi nəqliyyat vasitəsi rəsmi reyestri aparılan daşınar əmlak olduğundan həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının mövcud olubolmaması yalnız rəsmi reyestr məlumatlarına istinad edilməklə müəyyən edilə bilər. Başqa sözlə, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.4-cü bəndində ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmasının nəzərdə tutulması faktiki istifadəni deyil, məhz əşya hüququ baxımından, hüquqmüəyyənedici sənədə istinad olunmaqla əmlak hüquqlarının mövcud olub-olmamasını nəzərdə tutur. İş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən qeyd edilən nəqliyyat vasitəsi iddiaçının və ya hər hansı digər subyektin faktiki sahibliyində olub-olmamasından asılı olmayaraq, həmin nəqliyyat vasitəsi üzərində mülkiyyət və digər əşya hüquqları iddiaçıya məxsus deyildir. Buna görə də o, iddiaçının (ailənin) istifadəsində olan əmlak kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, ünvanlı sosial yardımın ödənilməsinin dayandırılması ilə bağlı cavabdeh inzibati orqanın qərarı qanunsuz olmaqla “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının tələblərinə uyğun olmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarına qanunsuz müdaxilə olunmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı təyin olunmuş ünvanlı sosial yardımın dayandırıldığı xx.xx.2024-cü il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar