Məhkəmə qərarları › İş №2-1(120)-2101/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2101/2023

23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-2101/2023 23.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “Sosial Xidmətlər Agentliyinin övladlığa götürmə ilə əlaqədar imtinasının ləğv olunması, uçotun bərpa edilməsi və onlara 1-3 yaş arasında oğlan uşağının övladlığa verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 23 iyun 2023-cü il tarixdə, Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Sosial Xidmətlər Agentliyinin övladlığa götürmə ilə əlaqədar imtinasının ləğv olunması, uçotun bərpa edilməsi və uşağın Zeynəb xanıma verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Lerik rayonu olduğunu, Lerik rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək 05 dekabr 2022-ci il tarixli, 2-1(112)-13481/2022 nömrəli qərardadı ilə işin baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsini qərara almışdır. İddiaçılar məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Sosial Xidmətlər Agentliyinin övladlığa götürmə ilə əlaqədar imtinasının ləğv olunması, uçotun bərpa edilməsi və onlara 1-3 yaş arasında oğlan uşağının övladlığa verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişlər. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, onlar 10 il uşaqları olar fikri ilə yaşamış, lakin tibbi analizlərin nəticəsinə görə Zeynəb xanımın özünün dünyaya uşaq gətirmək qabiliyyətinin olmadığı müəyyən edilmişdir. Bununla əlaqədar dövlətdən, uşaq evlərindən qanuni yolla övladlığa uşaq götürmək qərarına gəlmişlər. Bu məqsədlə ər və arvadın notariat qaydasında birgə ərizəsi, Lerik-Lənkəran-Bakı şəhərlərində yerləşən xəstəxanalardan xəstəliklərin bütün növlərinə aid sağlamlıq arayışları, kredit öhdəliyinin olmaması barədə və sair sənədlər “DOST” xidməti vasitəsilə Sosial Xidmətlər Agentliyinə göndərilmişdir. Bundan sonra bir ay müddətində hərəsi 3 saat olmaqla 4 dəfə təlim kurslarında fəal iştirak etmişlər. İmtahan günü müəyyənləşdirilmiş, həmin gün saat 10-da onları, yəni iddiaçıları bir otağa salıb, ayrılıqda “imtahan” götürülmüşdür. 20 suallı, 80 variantlı təklifləri tam oxumamış, yəni 20 dəqiqədən sonra imtahan vərəqələri qarşılarından götürülmüş, bir aydan sonra isə onlara imtina xəbəri verilmişdir. İkinci dəfə imtina verilmişdir ki, bəs, onlar sənədlərin birini 6 ay gec vermişlər. Üçüncü imtinada isə belə yazılmışdır: müşahidə mərhələsində övladlığa götürmənin məqsədlərinin uşagın mənafeyinə uyğun olmadığı səbəbindən imtina verilir. Onların məqsədi xoş niyyətlə, xoş arzularla övladlığa götürüb doğma uşaq kimi bütün yaş dövrlərində onunla ünsiyyət yaratmaq, səhhətinin, təhsilinin qayğısına qalaraq boya-başa çatdırmaq, cəmiyyət üçün vətənpərvər, kamil bir insan yetişdirmək olmuşdur. Sosial Xidmətlər Agentliyinin işçilərinin qanunları və onların hüquqlarını pozduqlarını nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahat verərək bildirdi ki, iddiaçılar xx.xx.2022-ci il tarixdə müəssisədə olan uşağın övladlığa götürülməsi üçün VHMOUÖ altsistemi üzərindən müraciət etmişlər (müraciət nömrəsi 2********). Valideyn-namizədlərin uşağı övladlığa götürmək istəməsində əsas məqsəd, tənhalığın aradan qaldırılması və gələcəkdə onlara daimi qayğı göstərəcək şəxsin olmasıdır. Həmçinin, müsahibə zamanı valideyn-namizəd ata uşağı övladlığa götürmək istəməsində səbəblərdən olaraq özü vəfat etdikdən sonra həyat yoldaşına dəstək olacaq birisinin olmasını istəməsidir. İddiaçı2 bildirmişdir ki, “uşağı mən istəmirəm, İddiaçı1 görə müraciət etmişəm”. Qeyd edilən hal valideyn-namizədlərin övladlığagötürmə haqda fikir ayrılıqlarının olmasının və yalnız valideyn-namizəd ananın istəklərinə əsasən olmasını göstərir. Habelə, valideyn-namizədlərin istəkləri uşaq mənafeyinə deyil, şəxsi məqsədləri üçün olduğu məlum olmuşdur. Onlar müsahibə zamanı 0-1 yaş aralığında tam sağlam, valideynləri vəfat etmiş və ya valideynləri tərəfindən atılmış kateqoriyasına uyğun olan oğlan uşağını övladlığa götürmək istədiklərini bildirmişlər. Qeyd edirlər ki, valideynnamizədlər müsahibə zamanı uşağa gələcəkdə öz həyat hekayəsi ilə bağı məlumat verməyəcəklərini, uşağın onları öz valideynləri bilməsini arzuladıqlarını bildirmişlər. Müsahibə zamanı valideyn-namizəd atanın sağlamlığı, valideyn-namizəd ananın dünyagörüş səviyyəsi və psixoloji xüsusiyyətləri azyaşlı uşağa qayğı göstərməkdə çətinlik yarada biləcəyi müəyyən edilmişdir. Belə ki, valideyn-namizədlər səhhətləri ilə bağlı hər hansısa bir narahatlıqlarının olmadığını bildirsələr də, müsahibə vaxtı valideyn-namizəd atanın əlinin əsdiyi, yeriməyə çətinlik çəkdiyi, əl ağacından istifadə etdiyi müşahidə edilmişdir. Valideyn-namizəd ata 2017-ci ildə onurğasında 3 fəqərə sümüyünün sıradan çıxması səbəbindən əməliyyat olunmuşdur. Valideyn-namizəd ananın əvvəllər “Baş beynin üzvi xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, tez tez qıcolma tutmaları” diaqnozu ilə əlilliyi olan şəxs olmuşdur. Hazırda əlillik statusu olmasa da, bəzi suallara qeyri-adekvat cavab vermişdir. Valideyn-namizəd ana uşaq inkişafı və qayğı ehtiyacları ilə bağlı suallara cavab verə bilməmiş, gərgin və əsəbi olduğu müşahidə edilmişdir. Valideynnamizədlər arasında münasibətlərə nəzər saldıqda isə onlar arasındakı münasibətdə müəyyən gərginlik müşahidə edilmişdir. Valideyn-namizədlərin ümumi vəziyyətinə valideyin-namizəd ata yaşla əlaqədar olaraq səhhətində yaranan problemlər (əllərinin əsməsi, yeriyərkən əl ağacından istifadə etməsi, özünü qiymətləndirərkən əsəbi olduğunu qeyd etməsi və yaranan xırda problemə görə tez reaksiya verməsi) və valideyn-namizəd ananın əvvəllər “Baş beynin üzvi xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, teztez qıcolma tutmalarından əziyyət çəkməsi” diaqnozu ilə vaxtilə əlilliyinin olması, özünü qiymətləndirərkən əsəbi olduğunu qeyd etməsi azyaşlı uşağa qayğı göstərməklərində çətinlik yaradacaqdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 119.10.2-ci maddəsinə əsasən, Məcəllənin 118.3.1-ci maddəsinə uyğun olaraq müsahibədən övladlığagötürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı halda valideynnamizədlər uçotdan çıxarılır. Uşağın mənafeyi üstün tutulmaqla onun layiqli həyat şəraitinə malik olmasını təmin etmək məqsədilə müsahibə zamanı qeyd olunan hallar müəyyən edildiyi üçün valideyn-namizədlər tərəfindən övladlığagötürmə uşağın mənafeyinə uyğun hesab edilmir. Övladlığagötürmə departamentinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli müsahibənin nəticəsində övladlığa götürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, valideyn-namizəd(lər) Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.3.1-ci maddəsinə uyğun olaraq müsahibə mərhələsindən övladlığa götürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı səbəbindən keçmədiyi üçün Ailə Məcəlləsinin 119.10.2-ci maddəsinə əsasən uçotdan çıxarılmışlar. Valideyn-namizədlər Ailə Məcəlləsinin 119.10.2-ci maddəsinə əsasən uçotdan çıxarıldıqları üçün Ailə Məcəlləsinin 119.11-ci maddəsinə uyğun olaraq 1 (bir) ildən sonra təkrar uçota alına bilər(lər). Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan cavabdeh Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin iddiaçılara ünvanladıqları “Övladlığa götürmə ilə bağlı müraciətə baxılması haqqında” 07 sentyabr 2022-ci il tarixli, **********7 nömrəli məktubunda bildirilmişdir ki, Sizin övladlığagötürmə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Sosial Xidmətlər Agentliyinə daxil olmuş xx.xx.2022-ci il tarixli müraciətinizə aidiyyəti üzrə Övladlığa götürmə departamentində baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Siz xx.xx.2022-ci il tarixində Nazirliyin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə altsistemi”ndə övladlığa uşaq götürmək istəyən şəxs kimi müraciət etmisiniz. Müraciətiniz üzrə sizinlə xx.xx.2022-ci il tarixində müsahibə aparılmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.3.1-ci maddəsinə əsasən müsahibə mərhələsındə övladlığa götürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmaması səbəbindən Ailə Məcəlləsinin 119.10.2-ci maddəsinə əsasən uçotdan çıxarılmısınız. Bildiririk ki, xx.xx.2022-ci il tarixli müraciətinizin imtina səbəbi ilə bağlı Nazirliyin “e-sosial.az” internet portalı üzərindən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə” altsistemində şəxsi kabinetinizə daxil olaraq ətraflı məlumat əldə edə bilərsiniz. Qeyd edək ki, Ailə Məcəlləsinin 119.10.2-ci maddəsinə əsasən uçotdan çıxarıldığınız üçün həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq 1 (bir) ildən sonra təkrar müraciət etmək hüququnuz var. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı1 xx.xx.1970-ci ildə, İddiaçı2 isə xx.xx.1939-cu ildə Lerik rayonunda anadan olmuşlar. İş materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli tibbi arayışlardan, həmçinin Azərbaycan Kredit Bürosu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışlardan görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ruhi-psixi və fiziki cəhətdən sağlamlıqları qənaətbəxşdir və aktiv kredit öhdəlikləri haqqında məlumat mövcud deyildir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına əsasən müsahibə mərhələsində valideyn-namizəd ata uşağı övladlığa götürmək istəməsində səbəblərdən olaraq özü vəfat etdikdən sonra həyat yoldaşına dəstək olacaq birisinin olmasını istəməsidir. İddiaçı2 bildirmişdir ki, uşağı o istəmir, İddiaçı1 görə müraciət etmişdir. Qeyd edilən hal valideyn-namizədlərin övladlığa götürmə haqda fikir ayrılıqlarının olmasının və yalnız valideyn-namizəd ananın istəklərinə əsasən olmasını göstərir. Habelə, valideyn-namizədlərin istəkləri uşaq mənafeyinə deyil, şəxsi məqsədləri üçün olduğu məlum olmuşdur. Onlar müsahibə zamanı 0-1 yaş aralığında tam sağlam, valideynləri vəfat etmiş və ya valideynləri tərəfindən atılmış kateqoriyasına uyğun olan oğlan uşağını övladlığa götürmək istədiklərini bildirmişlər. Müsahibə zamanı valideyn-namizəd atanın sağlamlığı, valideyn-namizəd ananın dünyagörüş səviyyəsi və psixoloji xüsusiyyətləri azyaşlı uşağa qayğı göstərməkdə çətinlik yarada biləcəyi müəyyən edilmişdir. Belə ki, valideyn-namizədlər səhhətləri ilə bağlı hər hansısa bir narahatlıqlarının olmadığını bildirsələr də, müsahibə vaxtı valideyn-namizəd atanın əlinin əsdiyi, yeriməyə çətinlik çəkdiyi, əl ağacından istifadə etdiyi müşahidə edilmişdir (bu hallar məhkəmə iclasında da müşahidə olunmuşdur). Valideyn-namizəd ata 2017-ci ildə onurğasında 3 fəqərə sümüyünün sıradan çıxması səbəbindən əməliyyat olunmuşdur. Valideyn-namizəd ananın əvvəllər “Baş beynin üzvi xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, tez-tez qıcolma tutmaları” diaqnozu ilə əlilliyi olan şəxs olmuşdur. Hazırda əlillik statusu olmasa da, bəzi suallara qeyri-adekvat cavab vermişdir. Valideyn-namizəd ana uşaq inkişafı və qayğı ehtiyacları ilə bağlı suallara cavab verə bilməmiş, gərgin və əsəbi olduğu müşahidə edilmişdir. Valideyn-namizədlər arasında münasibətlərə nəzər saldıqda isə onlar arasındakı münasibətdə müəyyən gərginlik müşahidə edilmişdir. Valideyn-namizədlərin ümumi vəziyyətinə valideyin-namizəd ata yaşla əlaqədar olaraq səhhətində yaranan problemlər (əllərinin əsməsi, yeriyərkən əl ağacından istifadə etməsi, özünü qiymətləndirərkən əsəbi olduğunu qeyd etməsi və yaranan xırda problemə görə tez reaksiya verməsi) və valideyn-namizəd ananın əvvəllər “Baş beynin üzvi xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, tez-tez qıcolma tutmalarından əziyyət çəkməsi” diaqnozu ilə vaxtilə əlilliyinin olması, özünü qiymətləndirərkən əsəbi olduğunu qeyd etməsi azyaşlı uşağa qayğı göstərməklərində çətinlik yaradacaqdır. Qeyd olunanlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır. İş materiallarında olan Sosial Xidmətlər Agentliyinin iddiaçılara ünvanladıqları “Övladlığa götürmə ilə bağlı müraciətə baxılması haqqında” 07 sentyabr 2022-ci il tarixli **********7 nömrəli məktubundan görünür ki, övladlığa götürmə ilə bağlı müraciətləri üzrə İddiaçı1 və İddiaçı2 ilə xx.xx.2022-ci il tarixdə müsahibə aparılmış, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.3.1-ci maddəsinə əsasən müsahibə mərhələsındə övladlığa götürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmaması səbəbindən Ailə Məcəlləsinin 119.10.2-ci maddəsinə əsasən onlar uçotdan çıxarılmışlar. “Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 29 oktyabr 2009-cu il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarına əsasən Ailə Məcəlləsinə müvafiq olaraq övladlığa götürməyə yalnız uşağın mənafeyi üçün yol verilir. Övladlığa götürülmə zamanı uşaqların mənafeyi dedikdə, onların tərbiyəsi və hərtərəfli inkişafı üçün əlverişli şəraitin (həm maddi, həm də mənəvi xarakterli) yaradılması başa düşülür. Övladlığa götürənin, uşağın verildiyi ailənin düzgün seçilməsi uşağın gələcək taleyində mühüm rol oynayır. Övladlığa götürmə zamanı yol verilən səhvlər övladlığa verilən uşaqların, onların valideynlərinin və övladlığa götürənlərin hüquqlarının pozulmasına səbəb ola bilər. Vəzifə ondan ibarət olmalıdır ki, uşaq üçün onun maraqlarını maksimum təmin edən ailə seçilsin; onun xarakterinin, psixoloji yönümünün səciyyəvi cəhətləri nəzərə alınsın; uşağın ailədə yerləşdirilməsinin məqsədəmüvafiqliyi müəyyən edilsin. Məhz bu amillərdən çıxış edərək övladlığa götürmənin yolverilənlik məsələsi həll olunmalıdır. Uşağın maraqlarını (mənafeyini) dar mənada, məsələn, maddi və mənzil şəraiti ilə təmin olunması ilə məhdudlaşdırmaq olmaz. Əsas məqsəd uşağın daimi olaraq ailənin xeyirxah təsirini, valideyn sevgisi, qayğısı, nəvazişini hiss etməsi, hər bir uşağın mədəni, hərtərəfli inkişaf etmiş, təhsilli, fəal ictimai həyata hazırlanmış şəkildə böyüməsinin təmin olunmasıdır. Ali Məhkəməsi Plenumunun Qərarında həmçinin qeyd edilir ki, təqaüd yaşına çatmış və ya sağlamlıq vəziyyəti azyaşlı uşağın qayğısına qalmağı qeyri-mümkün edən və ya çətinləşdirən hallarda müraciətləri təmin edərkən övladlığa götürmənin formal xarakter daşımadığı, müəyyən maddi (məsələn, təqaüd yaşına çatmış şəxs öldükdən sonra övladlığa götürülmüş nəvənin ailə başçısını itirməyə görə pensiya alması) və sair maraqlar naminə həyata keçirilmədiyinə əmin olmalı, məhkəmə qətnaməsində məhkəmənin gəldiyi nəticə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.3.1-ci maddəsinə əsasən müsahibə mərhələsındə övladlığa götürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmaması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 119.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və övladlığa götürmək istəyən şəxsin (şəxslərin) vahid informasiya bazasını yaratmaq məqsədilə elektron informasiya sistemində “e-sosial” internet portalı üzərindən dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə onların vahid uçotunu bu maddənin tələbləri nəzərə alınmaqla elektron formada aparır. 119.2. Bu Məcəllənin 119.1-ci maddəsində göstərilən vahid informasiya bazasında aşağıdakı məlumatlar əks olunmalıdır: 119.2.1. valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaq və övladlığa götürmək istəyən şəxs barədə fərdi məlumatlar; 119.2.2. valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın və övladlığa götürmək istəyən şəxsin sağlamlıq vəziyyəti barədə məlumatlar; 119.2.3. valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın aşkar olunma şəraitinə dair məlumatlar, valideynləri (olduqda), valideyn himayəsindən məhrum edilmə səbəbləri barədə məlumatlar; 119.2.4. əvvəllər övladlığa götürülüb-götürülməməsi barədə məlumatlar; 119.2.5. övladlığa götürmək istəyən şəxsin təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatlar; 119.2.6. övladlığa götürmək istəyən şəxsin məhkumluğu barədə məlumatlar; 119.2.7. övladlığa götürmək istəyən şəxsin yaşayış şəraiti, gəlirləri və öhdəlikləri barədə məlumatlar; 119.2.8. övladlığa götürmək istəyən şəxsin əvvəllər övladlığa götürən şəxs olubolmamasına dair məlumatlar. 119.3. Azərbaycan Respublikası vətəndaşı olan uşağı övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Məcəllənin 119.2.1-119.2.2-ci və 119.2.5- 119.2.8-ci maddələrində qeyd olunan məlumatları bilavasitə və yaxud akkreditə edilmiş orqan vasitəsilə kağız və ya elektron daşıyıcılarda müvafiq icra hakimiyyəti orqanına təqdim etdikdən sonra uçota alınırlar. 119.4. Qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları), eləcə də ögey ata (ögey ana) tərəfindən övladlığa götürmə zamanı bu Məcəllənin 119.1-ci maddəsində göstərilən vahid informasiya bazasında övladlığa götürən şəxslərə dair yalnız onların məhkumluğu və sağlamlıq vəziyyəti haqqında məlumatlar əks olunur. [68] 119.5. Bu Məcəllənin 119.2-ci maddəsində göstərilən məlumatlar müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə inteqrasiya olunan dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə əldə edilir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin məlumatların mütəmadi yenilənməsi təmin edilir. Bu mümkün olmadıqda həmin məlumatlar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 30.5-ci maddəsinə uyğun olaraq əldə edilir. 119.6. Bu Məcəllənin 119.2.1-119.2.2-ci maddələrində və 119.2.5-119.2.8-ci maddələrində göstərilən məlumatlar övladlığa götürmək istəyən şəxs tərəfindən təqdim edildiyi halda həmin məlumatlar 6 (altı) ay müddətində etibarlıdır. 119.7. Uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) bu Məcəllənin 119.2.1- 119.2.2-ci və 119.2.5-119.2.8-ci maddələrində məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar. Bilə-bilə təhrif olunmuş və ya düzgün olmayan məlumat təqdim etmiş övladlığa götürmək istəyən şəxs (şəxslər) müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 (bir) il müddətində övladlığa götürmənin bu Məcəllənin 118.1.2-ci maddəsində nəzərdə tutulan mərhələsindən kənarlaşdırılırlar. 119.8. Müvafiq icra hakimiyyəti orqanı övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi mərhələsində bu Məcəllənin 119.2-ci maddəsində göstərilən məlumatların monitorinqini aparmaq hüququna malikdir.”. 119.9. Bu Məcəllənin 119.1-ci maddəsində göstərilən vahid informasiya bazasında uçota alınmış valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqlar aşağıdakı hallarda uçotdan çıxarılırlar: 119.9.1. vəfat etdikdə; 119.9.2. 18 yaşına çatdıqda; 119.9.3. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq valideyn himayəsindən məhrum olmuş uşaq hesab olunmadıqda. 119.10. Uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçotdan çıxarılır: 119.10.1. vəfat etdikdə; 119.10.2. bu Məcəllənin 118.3.1-ci maddəsinə uyğun olaraq müsahibədən övladlığa götürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı səbəbindən keçmədikdə; 119.10.3. bu Məcəllənin 120.1.6-cı maddəsində göstərilən cinayət əməllərinin törədilməsinə görə məsuliyyətə cəlb edildikdə; 119.10.4. bu Məcəllənin 120.2-ci maddəsi ilə müəyyən edilən xəstəliklərdən birinə tutulduqda; 119.10.5. barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər, cinayət təqibi müddətində. 119.11. Bu Məcəllənin 119.10.2-ci maddəsinə əsasən uçotdan çıxarılan şəxslər, bu Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq 1 (bir) ildən sonra təkrar uçota alınırlar. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, övladlığa götürmə ilə bağlı müraciətləri üzrə İddiaçı1 və İddiaçı2 ilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.3.1-ci maddəsinə əsasən aparılmış müsahibənin nəticələrinə görə cavabdeh orqan tərəfindən onların övladlığa götürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmaması səbəbindən Ailə Məcəlləsinin 119.10.2-ci maddəsinə əsasən uçotdan çıxarılmalari zamanı qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “Sosial Xidmətlər Agentliyinin övladlığa götürmə ilə əlaqədar imtinasının ləğv olunması, uçotun bərpa edilməsi və onlara 1-3 yaş arasında oğlan uşağının övladlığa verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “Sosial Xidmətlər Agentliyinin övladlığa götürmə ilə əlaqədar imtinasının ləğv olunması, uçotun bərpa edilməsi və onlara 1-3 yaş arasında oğlan uşağının övladlığa verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar