Məhkəmə qərarları › İş №2-1(120)-2102/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2102/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2102/2023 26.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmağı barədə arayışın (travma haqqında forma 11 arayışının) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati mübahisə üzrə işə Masallı Məhkəmə Kompleksinin İnzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xəsarət alması ilə əlaqədar forma 11 arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə N nömrəli hərbi hissənin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmağı barədə arayışın (travma haqqında forma 11 arayışının) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, iddiaçı xx.xx.2019-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, hərbi xidmətə N saylı hərbi hissədə başlamış, N aydan sonra isə N saylı hərbi hissədə xidmətini davam etdirmiş, həqiqi hərbi xidmət müddətinin bitməsinə 3 gün qalmış Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları başlamış və N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak edərək Talış, Suqovuşan, Laçın rayonunun düşməndən azad olunmasında fəal iştirak etmiş, bu barədə hərbi biletində qeydlər vardır. xx.xx.2020-ci ildə Suqovuşanın azadolunmasında qəlpə yarası almış, yaralı olduğuna görə müalicə olunmaq məqsədi ilə döyüş bölgəsindən uzaqlaşdırıldıqda imtina etmişdir. Bu səbəbdən də xidmət etdiyi N saylı hərbi hissənin tibb məntəqəsində xəsarətlə əlaqədar qeydiyyata alına bilməmiş və Zəfər gününə qədər döyüş əməliyyatlarında iştirak etmişdir. Zəfər günündən sonra xəsarət almağı və müalicə olunmağı ilə əlaqədar N saylı hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş, Hadrutda yerləşən N saylı hərbi hissənin Hospitalına göndərilmişdir. Həmin Hospitalda sol bud və baldır hissələrində çoxlu sayda qəlpə olduğu müəyyən edilmiş, lakin bu barədə qeydiyyat aparılıb-aparılmadığını bilməmişdir. Həmin Hospitalda müalicə üçün lazımi şərait olmadığına görə yenidən N saylı hərbi hissəyə göndərilmişdir. xx.xx.2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə müraciət edərək, döyüş əməliyyatlarında xəsarət almış və müalicə almaq istəmişdir. Həmin şöbədən Hərbi Hospitala göndərilmiş, orada ona müayinə edilərək, sol bud və baldır hissələrində çoxlu sayda qəlpə olduğu müəyyən edilmiş, lakin N saylı hərbi hissənin döyüş əməliyyatlarında xəsarət almağı ilə əlaqədar arayış olmadığı üçün müalicə edilməmişdirlər, eyni zamanda forma 11 olmadığından ona veriləsi sığorta pulundan da imtina edilmişdir. N saylı hərbi hissədə xidmət edərkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almağı ilə əlaqədar ona forma 11 verilməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, SX ******* nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.2019-xx.xx.2020-ci illərdə N saylı hərbi hissədə xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 11400 nömrəli arayışından görünür ki, 1996-cı il təvəllüdlü İddiaçı sol budun və sol baldırın kor qəlpə yaralarından sonrakı bərkimiş dəri çapıqları, budun və baldırın yumşaq toxumalarının yad cismi (metal qəlpə). İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 11/3644 nömrəli məktubundan görünür ki, İddiaçı vətən müharibəsi zamanı yaralanması, onun adına F-11 arayışının tərtib edilib-edilməməsi ilə bağlı tərəflərindən xx.xx.2022-ci il tarixdə aidiyyəti üzrə N nömrəli hərbi hissəyə sorğu göndərilmiş, lakin hal-hazıradək hərbi hissə tərəfindən həmin məktuba cavab verilməmişdir. Qeyd edilən məktubun cavablandırılması ilə bağlı yuxarı rəhbərlik hesab olunan N nömrəli hərbi hissəyə xx.xx.2022-ci il tarixdə sorğu göndərilmiş və cavab olaraq N nömrəli hərbi hissə tərəfindən hüquq idarəsinə ünvanlanmış məktubda İddiaçı döyüşlər zamanı yaralanması ilə bağlı hərbi hissənin travmaların qeydiyyatı kitabında adının qeyd olunmadığı nəzərə alaraq həmin faktın araşdırılaraq prosessual qərar qəbul edilməsi üçün toplanmış materialların aidiyyəti üzrə Laçın şəhərində yerləşən 4-cü təhqiqat bölməsinə göndərildiyi qeyd edilmişdir. İddiaçı barəsində araşdırma aparılıbaparılmaması ilə bağlı 4-cü təhqiqat bölməsinə sorğu göndərilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işi üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 tərəfindən xx.xx.2023-cü il tarixli, 409 nömrəli ekspert rəyi tərtib edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: İddiaçı (1996-cı il təv.) məhkəmə-tibbi ekspertizasına və təqdim edilmiş tibbi sənədlərində aparılmış qeydiyyatlarına əsaslanaraq, qərarda ekspertiza qarşısında qoyulmuş suallara müvafiq aşağıdakı nəticəyə gəlir: İddiaçı almış olduğu xəsarətlər- sol budun və sol baldırın kor qəlpə yaraları- partlayıcı mərminin (qurğunun) partlaması nəticəsində əmələ gələn qəlpələrin təsirindən törənmişlər, müddəti və şəraiti qərarın təsviri hissəsində göstərilənlərə uyğun gəlir, dərəcəsinə görə birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. Məhkəmə qeyd edir ki, inzibati icraat dövlət-şəxs, şəxs-hakimiyyət münasibətləri probleminin səmərəli həlli yollarının axtarışında yaradılmış mühüm institutlardan biridir. Bu institutun məqsədi inzibati orqanlar üçün hüquqi başlanğıcların, rəhbər istiqamətlərin müəyyən edilməsi, bütün idarəçilik orqanları üçün ümumi olan qaydalar qəbul etməklə, hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi sahəsində hüquqi yanaşmaların vahidliyini təmin etməkdən ibarətdir. İnzibati icraat institutu dövlət orqanlarının və ya hakimiyyət səlahiyyətlərini həyata keçirən şəxslərin idarəçilik fəaliyyəti ilə bağlı istifadə etdiyi üsul və qaydaların konstitusion prinsiplərə əsaslanmasını, hüquqi dövlətin tələblərinə, ədalət və mütənasiblik meyarlarına cavab verməli olmasını, maraqlı şəxslərin mənafelərinin nəzərə alınmasını tələb edir. İnzibati orqanların idarəçilik fəaliyyətinin vahid icraat qaydalarının müəyyən edilməsi yolu ilə hakimiyyətdən sui-istifadənin, şəxslərin hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması mümkündür ki, əks hal, hakimiyyət səlahiyyətlərinin qanunla müəyyən edilmiş qaydadan kənar həyata keçirilməsinə şərait yaradır. Belə olan halda, hər bir dövlət orqanı öz səlahiyyətlərini dəqiq və aydın şəkildə müəyyən olunmuş, bütün dövlət orqanları üçün eyni cür və vahid qaydalar əsasında həyata keçirməlidir ki, idarəçilik fəaliyyəti ilə bağlı icraat qaydalarının inzibati orqanların hər biri tərəfindən ayrı-ayrılıqda müəyyən olunması məqbul deyildir. İnzibati icraat institutu konstitusiya prinsipləri əsasında nizama salınan icraat qaydalarının vahidliyini, şəffaflığını və sadəliyini müəyyən etməklə yanaşı, şəxsləri inzibati orqanların və onların vəzifəli şəxslərinin özbaşınalığından, süründürməçiliyindən qorumaq üçün lazımi təşkilati-hüquqi mexanizmlərin yaradılmasını özündə ehtiva edir. Bu çərçivədə şəxs dövlət orqanları tərəfindən idarəçilik fəaliyyəti ilə bağlı qəbul edilmiş qərarların və dövlət orqanlarının hərəkətlərinin (hərəkətsizliyinin) əsaslılığını və qanuniliyini öz hüquq və mənafeləri baxımından qiymətləndirmək, eləcə də onları inzibati və ya məhkəmə qaydasında mübahisələnirmək hüququna malikdir. Bununla da, bir tərəfdən qanunsuz hərəkətlərə yol vermiş şəxslərin hüquqi məsuliyyətə cəlb olunmasına, digər tərəfdən isə şəxslərin qanuni mənafelərinin təmin olunmasına nail olunur. İnzibati orqanın qərar qəbul edərkən işin mahiyyətinə yad olan aspektləri nəzərə alıbalmamasını yoxlayarkən, məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini həmin səlahiyyətin məqsədinə (şübhə mövcud olduğu təqdirdə bu məqsəd təfsir vasitəsilə araşdırılır) uyğun həyata keçirib keçirmədiyinə nəzər yetirir. İnzibati orqanın diskresion səlahiyyət daxilində qəbul etdiyi qərar inzibati icraatın gedişində lazımi qaydada və tam şəkildə müəyyən edilmiş faktlara əsaslanmalıdır. Diskresion səlahiyyət əsasında qəbul edilmiş və işin mahiyyətinə uyğun əsaslandırılmış qərarın yoxlanılması zamanı inzibati orqanın inzibati icraatın ümumi prinsiplərini nəzərə alması da həlledici əhəmiyyət kəsb edir. Buraya, həmçinin bərabərlik prinsipinə riayət edilməsi (İİQ-nin 12-ci maddəsi) və mütənasiblik prinsipinin nəzərə alınması (İİQ-nin 17-ci maddəsi) aiddir. Mütənasiblik prinsipinə müvafiq olaraq, inzibati orqanın hüquqlara müdaxilə edən tədbirləri inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, eləcə də həmin məqsədə çatmaq üçün zəruri və yararlı olmalıdır. Mütənasiblik yararlılıq, zərurilik və uyğunluq kimi üç əlamətdən ibarətdir. Şəxsin subyektiv hüquqlarına müdaxilə o halda qeyri-mütənasib hesab olunur ki, o, güdülən məqsədə çatmaq üçün yararsız və ya qeyri-zəruri olsun (məsələn, həmin məqsədə çatmaq üçün daha yumşaq vasitənin olması səbəbindən). Bundan başqa, konkret müdaxilə güdülən məqsədə qeyri-mütənasib ola bilməz. İnzibati orqanın diskresion səlahiyyəti həyata keçirə bildiyi və ya həyata keçirməli olduğu şəraitdə qəbul etdiyi qeyri-mütənasib inzibati akt, təkcə qeyri-mütənasib hissəyə münasibətdə deyil, bütövlükdə qanunsuz hesab olunur. Qeyd olunanlar ayrı-ayrılıqda aşağıdakıları bildirir: İnzibati orqan yararlı olan tədbiri həyata keçirmiş olmalıdır. Bu, o deməkdir ki, inzibati orqan hər hansı bir müdaxilə tədbiri həyata keçirməklə icazə verilən, qanuni məqsəd güdür və həmin tədbir bu məqsədə çatmanı təmin etməlidir. İnzibati orqanın hərəkəti həmçinin zəruri olmalıdır. Dövlətin adından edilən hərəkətin zəruriliyi ona görə vacib amil hesab olunur ki, kiçik problemlərin böyük tədbirlər vasitəsilə aradan qaldırılması hüquqi dövlətin tələblərinə uyğun sayılmır. Tədbir o zaman zəruri olur ki, inzibati orqan mümkün olan bir neçə yararlı davranış variantından maraqlı şəxsə münasibətdə ən yumşağını seçsin. İnzibati orqanın hərəkəti eyni zamanda mütənasib, yəni uyğun olmalıdır. Əgər yararlı və digər vasitələrlə müqayisədə, hətta ən yumşaq olan vasitə belə, vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına münasibətdə ədalətli olmazsa, tətbiq edilə bilməz. Məqsəd və vasitə arasındakı mütənasiblik İİQnin 17-ci maddəsində təsbit edilən və bütün inzibati orqanların davranışına şamil edilməli olan prinsipdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi; 2.1.2. sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); 2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər; 5-ci maddəyə əsasən: Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. “Hərbi-həkim ekspertizası haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. İşin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının həqiqi hərbi xidmət müddətinin bitməsinə 3 gün qalmış Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları başlamış və N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak edərək Talış, Suqovuşan, Laçın rayonunun düşməndən azad olunmasında fəal iştirak etmişdir. xx.xx.2020-ci ildə Suqovuşanın azadolunmasında qəlpə yarası almış, yaralı olduğuna görə müalicə olunmaq məqsədi ilə döyüş bölgəsindən uzaqlaşdırıldıqda imtina etmişdir. Bu səbəbdən də xidmət etdiyi N saylı hərbi hissənin tibb məntəqəsində xəsarətlə əlaqədar qeydiyyata alına bilməmişdir. Hadrutda yerləşən N saylı hərbi hissənin Hospitalına göndərilmiş, həmin Hospitalda sol bud və baldır hissələrində çoxlu sayda qəlpə olduğu müəyyən edilmiş, lakin bu barədə qeydiyyat aparılıb-aparılmadığını bilməmişdir. Həmin Hospitalda müalicə üçün lazımi şərait olmadığına görə yenidən N saylı hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işi üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 tərəfindən xx.xx.2023-cü il tarixli, 409 nömrəli ekspert rəyi tərtib edilərək qeyd edilmişdir ki, İddiaçı almış olduğu xəsarətlər- sol budun və sol baldırın kor qəlpə yaraları- partlayıcı mərminin (qurğunun) partlaması nəticəsində əmələ gələn qəlpələrin təsirindən törənmişlər, müddəti və şəraiti qərarın təsviri hissəsində göstərilənlərə uyğun gəlir, dərəcəsinə görə birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı tələbində qeyd olunan arayışı əldə edəcəyi təqdirdə sığorta ödənişinin alınması, həmçinin həmin sənəd əsasında Xüsusi Həkim Komissiyasında xəsarətin səbəb əlaqəsinin təyin edilməsindən ibarətdir. Göründüyü kimi, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanması barədə arayışın (travma haqqında arayış) verilməsi üçün hüquqi əsaslar vardır, bunu istisna edən hallar mövcud deyildir. Məhkəmə bir daha vurğulayır ki, analoji işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə cavabdeh iddiaçıya müvafiq arayışın verilməsini istisna edən faktiki halların mövcudluğunu sübut etməlidir. (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-72/2022 nömrəli qərarı). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmağı barədə arayışın (travma haqqında forma 11 arayışının) verilməsi öhdəliyi qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar