Məhkəmə qərarları › İş №2-1(120)-2237/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2237/2025

23.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2237/2025 23.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin verilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “İmişli rayonunun Qulubəyli kəndində aqrar islahat zamanı ona və ailəsinə verilmiş 0,63 ha həyətyanı torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı İmişli rayonunun Qulubəyli kəndində aqrar islahat zamanı ona və ailəsinə verilmiş 0,63 ha həyətyanı torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını məhəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1965-ci ildə Qulubəyli kəndində anadan olmuşdur. Ailə üzvləri ilə həmin kənddə qeydiyyatda olmaqla yaşayır. Respublikamızda torpaq islahatı aparılan zaman ona ailəsi ilə birlikdə 0,63 ha həyətyanı torpaq payı düşdüyünü bildiriblər və həmin torpaq sahəsi 3 massivdə verilib yeri göstərilmişdir. Lakin kənddə bu günə kimi ona və qeyri şəxslərə torpaq sənədi verilməyib. İmişli RİHB-nin aparatı ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Ə.Əhmədovun, Qulubəyli bələdiyyəsinin sədri T.Tarıverdiyevin, Qulubəyli kənd ərazi nümayəndəsi müavini A.İsmayılovun, DTXK-nin İmişli rayon şöbəsinin mühəndisi R.Şükürovun iştirakı ilə xx.xx.2007-ci il tarixdə həyətyanı sahəsi ölçülüb və aktda göstərilib ki, İddiaçı 0,44.1 ha, evinin ətrafında həyətyanı sahə 0.15.5 ha olması müəyyən edilib. Əlavə olaraq 1996-cı ildə kolxoz islahatı zamanı İddiaçı adına 0.63 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Hal-hazırda onun həyətyanı sahəsi 0,59.6 ha oldu. Əlavə olaraq İddiaçı həyətindən kənar 02 sot torpaqdan istifadə edilir. Həmin torpaq sahəsində odunu, otunu və başqa əşyalarını yığıb həmin sahədən istifadə edir. Qulubəyli kənd icra nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 43 nömrəli arayışında göstərilir ki, İddiaçı həyətyanı torpaq sahəsi 2 nömrəli təsərrüfatbaşına kitabın 103 şəxsi hesab nömrəsi ilə qeydə alınmışdır. Onun Qulubəyli kəndində 1990-cı ildə çiy kərpicdən tikilmiş fərdi yaşayış evi vardır. Torpaq islahatı zamanı Qulubəyli kəndinin torpaq komissiyası ona 0,63 ha həyətyanı torpaq sahəsi ayırmışdır. Qulubəyli bələdiyyəsi 08 noyabr 2010-cu ildə 20 manat qəbzlə pul ödətdirdi ki, 2 sot torpaq sahəsindən istifadə hüququ yaransın. Buna baxmayaraq hüquqmüəyyənedici sənəd olmadığından həyətyanı torpaq sahəsinin bir hissəsini mübahisələndirirlər. Göstərdiklərinə əsasən ona həyətyanı torpaq sahəsi üçün hüquqmüəyyənedici sənəd verilməlidir. Keçmiş aqrar islahat komissiyası və torpaq orqanları ləğv edildiyindən aidiyyəti üzrə İmişli rayon icra hakimiyyətinə və ƏMDX-nin DƏDKRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Ərizələri poçtla göndərdiyi vaxtdan 1 aydan çox keçməsinə baxmayaraq, ona heç bir cavab verilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Cavabdehin etirazı: Cavabdehin məhkəməyə daxil olmuş etirazında qeyd edir ki, “Daşınmaz Əmlakın X5 Reyestri” publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin arxiv əsaslarında aparılmış araşdırmalar nəticəsində İddiaçı adına 0.0798 ha həyətyanı torpaq sahəsinə dair DT və XK-nin “Torpaq sahəsinin planı və ölçüsü” sənədi aşkar edilmişdir. Əlavə olaraq bildirir ki, torpaq islahatı “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq, rayon və yerli aqrar islahat komissiyaları tərəfindən aparılmışdır. Hazırda ölkəmizdə torpaq islahatı bitmiş, torpaq islahatını aparan komissiyalar (rayon və yerli aqrar islahat komissiyaları) və Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası ləğv edilmişdir. Torpaq islahatı aparılan zaman torpaq payının əldə edilməsi ilə əlaqədar yaranan mübahisələrlə bağlı narazı vətəndaşların “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş müddət ərzində yerli aqrar islahat komissiyasının qərarından rayon aqrar islahat komissiyasına, Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və məhkəməyə şikayət etmək hüquqları olmuşdur. Hazırda həmin komissiyalar ləğv edildiyindən, islahatın nəticələrindən narazı olan vətəndaşların qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları vardır. İddia tələbi araşdırılarkən aşağıda qeyd edilən hüquq normalarına istinad edilərək bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilərək hüquqların dövlət qeydiyyatı aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə və hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, yuxarıda şərh olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 8, 9 və 15-ci maddələrinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20 və 22-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1 və 140-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən İddiaçı cavabdeh Daşınmaz Əmlakın X5 Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “İmişli rayonunun Qulubəyli kəndində aqrar islahat zamanı ona və ailəsinə verilmiş 0,63 ha həyətyanı torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə etiraz edir və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərin xəbərdar edilmələrinə baxmayaraq, tərəflər iclasda iştirak etmir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X5 Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sorğuda qeyd edilən İddiaçı və ailə üzvlərinə verilmiş həyətyanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin və müraciətdən imtinaya əsas olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim olunur və bildirilir ki, müraciət ilə bağlı müayinə aktı tərtib edilmədiyindən və subyekt siyahısı aşkarlanmadığından sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmək mümükün olmadı. İddiaçı İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 06 nömrəli qərarı ilə ayrılmış 798.86 kv.m həyətyanı torpaq sahəsinə dair A № 188776 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Azərbaycan Respublikası İmişli Rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı müəyyən olundu ki, həqiqətən İmişli rayon Qulubəyli kəndindəki yerli X2 bu kənd üzrə torpaq islahatı zamanı həyətyanı torpaq sahələri barədəki məlumatında vətəndaş İddiaçı adı 192-ci sırada olmaqla 5 nəfər ailə üzvü, 0.08 hektar qanuni həyətyanı torpaq sahəsi, 0.55 hektar isə zəbt həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. Bundan nəticəyə gəlinir ki, vətəndaş İddiaçı istifadəsində 0.63 hektar həyətyanı toıpaq sahəsi olmuşdur. İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X5 Reyestri Publik Hüquqi Şəxsi 6 Saylı Beyləqan Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Daşınmaz Əmlakın X5 Reyestri” publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin arxiv əsaslarında aparılmış araşdırmalar nəticəsində sizin adınıza 0.0798 ha həyətyanı torpaq sahəsinə dair DT və XK-nin “Torpaq sahəsinin planı və ölçüsü” sənədi aşkar edilmişdir. Məlumat üçün bildiririk ki, torpaq islahatı “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq, rayon və yerli aqrar islahat komissiyaları tərəfindən aparılmışdır. Hazırda ölkəmizdə torpaq islahatı bitmiş, torpaq islahatını aparan komissiyalar (rayon və yerli aqrar islahat komissiyaları) və Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası ləğv edilmişdir. Torpaq islahatı aparılan zaman torpaq payının əldə edilməsi ilə əlaqədar yaranan mübahisələrlə bağlı narazı vətəndaşların “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş müddət ərzində yerli aqrar islahat komissiyasının qərarından rayon aqrar islahat komissiyasına, Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və məhkəməyə şikayət etmək hüquqları olmuşdur. Hazırda həmin komissiyalar ləğv edildiyindən, islahatın nəticələrindən narazı olan vətəndaşların qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İmişli rayonunun Qulubəyli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəldə İddiaçı və ailə üzvlərinin qanuni istifadəsində 0.08 ha torpaq sahəsi və zəbtində 0.55 ha torpaq sahəsi olduğu qeyd olunmuşdur. İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X5 Reyestri Publik Hüquqi Şəxsi 6 Saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən müraciətdə qeyd edilən 0.63 ha torpaq sahəsi ilə İmişli rayonu Qulubəyli kəndində yerləşən İmişli rayon X4 24 oktyabr 1997- ci il tarixli 06 nömrəli qərarı ilə verilmiş 798.96 kv.m həyatyanı torpaq sahəsinin (AN 188776 **********0088) eyni torpaq sahəsi olması barədə məlumat aşkarlanmadı. İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X5 Reyestri Publik Hüquqi Şəxsi 6 Saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2237/2025 nömrəli sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi barədə müraciətinə Daşınmaz Əmlakın X5 Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır.

1. Bununla əlaqədar olaraq bildiririk ki, mövcud elektron baza məlumatlarına əsasən iddiaçının faktiki istifadəsində 0,2865 ha (2865 kv.m) həyətyanı torpaq sahəsi vardır.

2. Kompleks yerquruluşu layihəsinə əsasən iddaçının istifadəsində 0,11 ha bələdiyyə mülkiyyətinə aid 0,11 ha torpaq sahəsi qeyd edilsə də hal-hazırda iddiaçı X1 istifadəsində normadan 0,2065 ha (2065 kv.m) artıq torpaq sahəsi vardır.

3. A№188776 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin aid olduğu 0,08 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olan torpaq sahəsidir.

Əsaslandırma hissəsi:

Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. “Torpaq islahatı haqqında” Qanun: Maddə 20. İslahatı aparan orqanlar Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 22. Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.

Məhkəmənin mövqeyi: Məhkəmə iddia, etiraz ərizəsini və ona əlavə edilmiş sənədləri obyektiv və qərəzsiz şəkildə araşdıraraq və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə müəyyən edir ki, iddiaçının hüquqi marağı İmişli rayonunun Qulubəyli kəndində aqrar islahat zamanı ona və ailəsinə verilmiş 0,63 ha həyətyanı torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin verilməsindən ibarətdir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh düzgün müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X5 Reyestri Publik Hüquqi Şəxsi 6 Saylı Beyləqan Ərazi İdarəsinin qanunvericilikdən irəli gələn belə bir səlahiyyəti yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır. Bundan əlavə məhkəmə müəyyən edir ki, İddiaçı İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 06 nömrəli qərarı ilə 0.08 ha kv.m həyətyanı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair A № 188776 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan İmişli rayonunun Qulubəyli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəldən müəyyən edilir ki, İddiaçı və ailə üzvlərinin qanuni istifadəsində 0.08 ha torpaq sahəsi və zəbtində 0.55 ha torpaq sahəsi vardır. Həmçinin İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X5 Reyestri Publik Hüquqi Şəxsi 6 Saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mövcud elektron baza məlumatlarına əsasən iddiaçının faktiki istifadəsində 0,2865 ha (2865 kv.m) həyətyanı torpaq sahəsi vardır. Kompleks yerquruluşu layihəsinə əsasən iddaçının istifadəsində 0,11 ha bələdiyyə mülkiyyətinə aid 0,11 ha torpaq sahəsi qeyd edilsə də hal-hazırda iddiaçı X1 istifadəsində normadan 0,2065 ha (2065 kv.m) artıq torpaq sahəsi vardır. A№188776 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin aid olduğu 0,08 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olan torpaq sahəsidir. Göstərilən hallar nəzərə alınmaqla məhkəmənin qənaətinə görə iddiaçının hazırki iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlarla bağlı məhkəmə tərəfindən iddiaçıya müxtəlif tarixlərdə hüquqi yardım məktubları ünvanlanaraq qanunvericiliyin mümkünlük məsələsi ilə bağlı müddəaları izah edilmişdir. Beləliklə, məhkəmə işin faktiki və hüquqi əsaslarına istinadən hesab edir ki, iddia mümkün sayılmamalıdır.

Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar