Məhkəmə qərarları › İş №2-1(120)-2313/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2313/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-2313/2022 20.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ünvanlı dövlət sosial yardımının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 20 dekabr 2022-ci il tarixdə, Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəlidir, 2 azyaşlı övladı olmaqla ailədə 4 nəfərdirlər. Fərdi əmək fəaliyyəti ilə məşğuldur. Sabit vergi ödəyicisidir (VÖEN: **********). Ailədə işləyən şəxs tək odur. Aylıq gəliri 300 (üç yüz) manatdır. X3 Sosial Yardımının ayrılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSM) bir neçə dəfə müraciət etsə də, imtina olunmuşdur. İmtinanın səbəbi olaraq bildirilmişdir ki, "Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbavcan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ailənin əmək qabiliyyətli üzvü olan İddiaçı orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfra bərabər olduğu üçün ailə ünvanlı dövlət sosial yardımı almaq hüququna malik deyildir”. Bununla bağlı ƏƏSM nazirliyinin qaynar xətti olan 142 çağrı mərkəzi ilə əlaqə saxladıqda bildirildi ki, “orta aylıq gəlirinin ondan asılı olan səbəblərdən sıfra bərabər olması” deyildikdə son 12 ayın gəliri nəzərə alınır. Amma imtina səbəbində istinad olunan “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində “son 12 ay” nəzərdə tutulmayıb. Qeyd edir ki, sabit vergi ödəyicisi vergi bəyənnaməsi təqdim etmir, sabit vergi ödəyicisinin aylıq gəlir uçotu aparılmır. Ona görə də “son 12 ay” termini sabit vergi ödəyicisinə şamil edilə bilməz. Bundan əlavə, yuxarıda qeyd etdiyi kimi o, sabit vergi ödəyicisidir. Hər ay aylıq gəlirindən asılı olmayaraq sabit olaraq dövlət büdcəsinə 31 manat vergi ödəyir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Sosial yardım almaq huququ olan ailələr: Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olart şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfındən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ehtiyac meyarının həddi 1 yanvar 2022-ci ildən 200 manat təyin olunub. Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ailəsinin ehtiyac meyarı 800 (səkkiz yüz) manatdır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-ci maddəsinə əsasən ailəsinin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq 500 (beş yüz) manatdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçınm iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, iddiaçı 16 iyun 2022-ci il tarixdə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə VEMTAS proqramına müraciət etmişdir. 19 iyun 2022-ci il tarixli 88cb27b8f1c04a879eeb67b7e33d4b32 nömrəli bildirişlə iddiaçının sosial yardımın alınması üçün müraciətindən VEMTAS tərəfindən imtina edilmişdir. İmtina səbəbi kimi ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfra bərabər olması qeyd edilmişdir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq qəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Qanunun 6.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları müəyyən edilmişdir. Eyni zamanda, Qanunun 6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X4 və X6 (VEMTAS) yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq, “Elektron hökumət” portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. Qərar elektron qaydada (insan müdaxiləsi olmadan) və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla təyin edilir. Hazırda məhkəmə mübahisəsinin predmetini, iddiaçının imtinada qeyd edilmiş səbəbi düzgün qiymətləndirməməsidir. Belə ki, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, sabit vergi ödəyicisi olduğundan son 12 ay müddəası sabit vergi ödəyicisinə şamil edilə bilməz. Bununla əlaqədar imtinanı qanunsuz hesab etmişdir. Lakin iddiaçının qeyd etdiyi məsələ “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapmamışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, İddiaçı əmək qabiliyyətli şəxs hesab edilir. Həmçinin, ailənin orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfra bərabər olduğundan, VEMTAS tərəfindən verilmiş imtina cavabının əsaslı olduğu tərəflərindən sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixdə Lənkəran ŞRPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə ünvan 3 ünvanında yaşayır. İş materiallarında olan “fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə”nin surətindən və 6 saylı Ərazi Vergilər Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********975200 nömrəli “uçota dair arayış”dan görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən vergi ödəyicisi kimi 6 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. İş materiallarında olan vergi orqanının möhürü ilə təsdiq olunmuş “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında” 08 iyun 2022-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı vergi, məcburi dövlət sosial sığorta haqqı və icbari tibbi sosial sığorta haqqı üzrə ümumilikdə aylıq 31 manat ödəniş etməklə sabit vergi ödəyicisidir. İş materilallarında olan “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciətdən imtina edilməsi“nə dair bildirişlərdən görünür ki, iddiaçı dəfələrlə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə VEMTAS proqramına müraciət etmiş, iddiaçının sosial yardımın alınması üçün müraciətlərindən VEMTAS tərəfindən imtina edilmiş, imtinanın səbəbi kimi ailənin əmək qabiliyyətli üzvü olan İddiaçı orta aylıq gəlirinin ondan asılı olan səbəblərdən sıfra bərabər olması qeyd edilmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, İddiaçı dörd nəfər ailə üzvü ilə birlikdə ünvan 4 ünvanlı dövlət sosial yardımının təyin olunması üçün cavabdeh təşkilata müraciət etmiş, orta aylıq gəlirinin ondan asılı olan səbəblərdən sıfra bərabər olması əsas gətirilərək ona ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt- maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İnzibati icraat haqqında Qanunun 11-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Məhkəmə, cavabdehin hərəkətinin qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən qanunvericiliyin pozulması halına yol verilməmiş və iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Belə ki, iş materiallarından, o cümlədən cavabdeh təşkilatın iddiaya qarşı etirazından görünür ki, cavabdeh iddiaçıya və onun ailə üzvlərinə ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtina edilməsinin səbəbi kimi iddiaçının orta aylıq gəlirinin ondan asılı olan səbəblərdən sıfra bərabər olmasını göstərir, iddiaçı isə sabit vergi ödəyicisi olduğunu, aylıq gəlirinin 300 (üç yüz) manat təşkil etdiyini əsas gətirərək imtinanın qanuna müvafiq olmadığını iddia edir. İddiaçı aylıq gəlirinin 300 (üç yüz) manat təşkil etdiyini bildirsə də, iş materiallarında olan vergi orqanının möhürü ilə təsdiq olunmuş “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında” 08 iyun 2022-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı sahibkarlıq fəaliyyətini məişət cihazlarının təmiri vasitəsi ilə həyata keçirir. Bu isə onun aylıq gəlirinin sabit olaraq 300 manat təşkil etməsini sübut etmir və iddiaçı aylıq gəlirinin sabit olaraq 300 manat təşkil etməsini və beləliklə, orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailə olmasını təsdiq edən hər hansı bir mötəbər sənədi məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, iddiaçı sabit vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınsa da, qanunvericilikdə bu kateqoriyadan olan şəxslərə ünvanlı dövlət sosial yardımının təyin edilməli olduğu təsbit olunmamışdır. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 4-cü maddəsinin 4.1-ci bəndinə əsasən “Sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir”. Qeyd olunan hüquq normasında “orta aylıq gəlirin şəxslərdən asılı olmayan səbəbləri açıqlanmış və göründüyü kimi, şəxsin “sabit vergi ödəyicisi” olması bu səbəblərə daxil edilməmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, İddiaçı və onun ailə üzvlərinə ünvanlı dövlət sosial yardımının təyin olunmasından cavabdehin imtina etməsi qanuna müvafiq olmaqla iddiaçının hüquqlarını pozmur və iddiaçı aztəminatlı ailə kimi ünvanlı dövlət sosial yardımının təyin olunmasını tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikasının İPM-nin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Şərh olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ünvanlı dövlət sosial yardımının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ünvanlı dövlət sosial yardımının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar