Məhkəmə qərarları › İş №2-1(120)-3418/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3418/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3418/2024 18.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İddiaçı Cavabdeh qarşı “iki mərtəbəli qeyri-yaşayış binasının üzərində qanunsuz inşa olunmuş əlavə tikilinin sökülməsi” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası İddiaçı Cavabdeh qarşı “iki mərtəbəli qeyri-yaşayış binasının üzərində qanunsuz inşa olunmuş əlavə tikilinin sökülməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Masallı rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1290/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1290/2024 nömrəli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)- 157/2024 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1290/2024 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi (bundan sonra - Agentlik) tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilən zaman Cavabdeh tərəfindən Masallı şəhəri, H.Əliyev prospekti, 57A ünvanında yerləşən iki mərtəbəli qeyri-yaşayış binasının üzərində əlavə tikilinin inşasına dair heç bir icazəverici sənəd təqdim edilmədən aparılması aşkarlanmışdır. Eyni zamanda nəzərinizə çatdırırıq ki, həmin işlərin layihə sənədləri ekspertizadan keçirilmədən aparılması, qeyd olunan binanın istismarına və orada işləyən və ya toplanan insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır. Agentlik tərəfindən tikinti-quraşdırma işlərinin dayandırılması barədə 18 iyun 2021-ci il tarixli, 0372 nömrəli Qərar verilərək, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinin tələblərinin pozulması bildirilmiş və həmin pozuntunun aradan qaldırılması ilə bağlı müəyyən müddət ərzində müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. Yuxarıda göstərilənlərlə əlaqədar qeyd edirlər ki, tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda onun sökülməsi Məcəllənin 95.1.2-ci maddəsi ilə müəyyən edilir. Bu da, Agentliyin məhkəməyə müraciət edilməsinə məcburiyyət qarşısında qoyur. Xüsusilə, tikinti işləri dayandırılmış obyektdə yan divarların və damın mövcüdluğunu qeyd etmək vacibdir. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci maddəsinə əsasən tikintiyə dövlət nəzarəti çərçivəsində tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə, habelə tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanı tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Eyni zamanda, Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi Məcəllənin 92.4.1ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda sökülür. Məcəllədə nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Digər hallarda isə müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Məcəllənin 97ci maddəsinə uyğun olaraq tikintiyə dövlət nəzarəti zamanı obyektin tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılması, inşaat konstruksiyalarının yararlılığı, tikintinin təhlükəsizliyinin təmin olunması, habelə şəhərsalma və tikinti fəaliyyəti subyektlərinin öz vəzifələrini lazımi qaydada icra etmələri yoxlanılır. Həmin Məcəllənin tətbiqi ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli, 695 nömrəli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci, 95-ci və 97ci maddələrində (yuxarıda qeyd olunan) “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”nın 1.4-cü bəndinə uyğun olaraq, Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə X2 Agentliyi və həmin Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə X2 Agentliyi və həmin Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən tikintisinə icazənin tələb olunmasına baxmayaraq, belə icazə alınmadan tikilmiş və barəsində tikinti işlərinin dayandırılmasına dair Məcəllənin 92-ci maddəsinə müvafiq qaydada qərar qəbul edildiyi gündən 1 (bir) il müddətində Məcəllənin 75-ci maddəsinə uyğun olaraq tikintisinə icazə alınmayan yan divarlarının və dam örtüyünün tikintisi başa çatmamış obyektin sökülməsi barədə Agentlik müvafiq qərar qəbul edir. Həmin Qaydaların 5-ci hissəsinə əsasən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda, Agentlik tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.20-ci bəndinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarın surəti Agentlik tərəfindən icra üçün sifarişçiyə, tikinti ərazisinə nəzarət etmək üçün tikintiyə icazə verən orqana (quruma) və yerli polis orqanlarına, həmçinin müvafiq yerli icra hakimiyyəti orqanlarına göndərilir. Hal-hazırda da qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 3.7-ci bəndinə əsasən dəyişikliklərin aparılması ilə əlaqədar işlənmiş layihə sənədləri müvafiq qaydada ekspertizadan keçirilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 7-ci maddəsi ilə sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların, təhlükəsizliyin və şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi şəhərsalma və tikinti fəaliyyətinin əsas prinsipləri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”na uyğun olaraq tikinti obyektinin tikintisi (inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əsasən hazırlanmış tikinti layihəsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin nəzdində fəaliyyət göstərən X1 Baş İdarəsi tərəfindən ekspertizadan keçirilməlidir. Həmin Qaydaların 1.2ci bəndinə əsasən tikinti layihələrinin ekspertizadan keçirilməsində məqsəd həmin layihələrin etibarlılıq və təhlükəsizlik baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı Azərbaycan Respublikası İddiaçı, Cavabdeh və üçüncü şəxs Masallı rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı Azərbaycan Respublikası İddiaçı, Cavabdeh və üçüncü şəxs Masallı rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdirlər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Cavabdeh adına tərtib olunmuş 12 fevral 2019-cu il tarixli, inventar nömrəsi 57, reyestr nömrəsi **********6-06301 olan qeyriyaşayış binasının texniki pasportundan və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh verimiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı şəhəri, H.Əliyev prospekti, 57A ünvanında yerləşən, 1000 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 517,5 kv.m olan iki mərtəbəli mağaza binası xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti tərəfindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə və Masallı Rayon Polis şöbəsinə ünvanlanmış müvafiq olaraq xx.xx.2020-ci il tarixli, M-03-2316 və xx.xx.2020-ci il tarixli, M-03-2317 nömrəli məktublarda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi çərçivəsində Masallı şəhəri, H.Əliyev prospektində şəhər sakini Cavabdeh tərəfindən müvafiq icazə sənədi almadan, şəhərsalma norma və qaydaları pozulmaqla istifadəsində olan qeyri-yaşayış obyektində konstruktiv dəyişiklik edilməklə həndəsi ölçüləri 14,0 x 6,0 m (84 kv.m.) olan yenidənqurma işlərinin aparılması faktının müəyyən edildiyi bildirilmiş və qanunamüvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti tərəfindən Masallı Rayon Polis şöbəsinə və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə ünvanlanmış müvafiq olaraq xx.xx.2021-ci il tarixli, M-06-820 və xx.xx.2021-ci il tarixli, M-02-821 nömrəli məktublarda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi çərçivəsində Masallı şəhəri, H.Əliyev prospektində rayon sakini Cavabdeh tərəfindən istifadəsindəki həndəsi ölçüləri 28,0 x 10,0 m (280 kv.m.) olan, 2 mərtəbəli qeyri-yaşayış obyektində Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla özbaşına yenidənqurma işlərinin aparılması faktının müəyyən edildiyi, Masallı Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşa özbaşına tikilinin dayandırılması barədə xəbərdarlıq edildiyi bildirilmiş və qanunamüvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, İddiaçı Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən Masallı şəhəri, H.Əliyev prospektində yerləşən Cavabdeh məxsus ölçüləri 28,0 x 10,0 m (280 kv.m.) olan, 2 mərtəbəli qeyri-yaşayış obyektində pozuntularla (tikintiyə xüsusi razılığın, tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın, tikinti layihəsinə dair ekspertiza rəyinin olmaması) müşayiət olunan tikinti işlərinin aparılması faktı aşkar edilmiş və bu barədə xx.xx.2021-ci il tarixli, 175787 nömrəli texniki baxış aktı tərtib olunmuşdur. İş materiallarında olan İddiaçı 18 iyun 2021-ci il tarixli, 0372 nömrəli qərarından görünür ki, Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən Masallı şəhəri, H.Əliyev prospektində yerləşən Cavabdeh məxsus 2 mərtəbəli qeyri-yaşayış obyektinin yenidən qurulması barədə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, 175787 nömrəli texniki baxış aktına əsasən aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün cavabdehə 30 gün müddət təyin olunmuşdur. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Cavabdeh ünvanladığı 21 noyabr 2022-ci il tarixli, 393 nömrəli məktubunda bildirilmişdir ki, Sizin Masallı şəhəri, Bakı prospekti, 120 ünvanında yerləşən torpaq sahəsində həndəsi ölçüləri 26,0 x 15,0 m (390 kv.m.) olan qeyri-yaşayış obyektinin qanunsuz inşa edilməsi faktı aşkarlanmışdır. Bununla bağlı sizdən sözügedən obyektə dair müvafiq sənədlərin 3 (üç) gün müddətində Masallı Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinə təqdim etməyiniz tələb olunur. Əks təqdirdə özbaşına inşa edilmiş qeyri-yaşayış obyekti barədə məlumat hüquq-mühafizə orqanlarına və Fövqəladə Hallar Nazirliyinə göndəriləcəkdir. İş materiallardan, o cümlədən iddia ərizəsinə əlavə olunmuş fotoşəkillərdən, həmçinin məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən Masallı şəhəri, H.Əliyev prospektində yerləşən Cavabdeh məxsus 2 mərtəbəli qeyri-yaşayış obyektinin yeni tikilmiş həndəsi ölçüləri 26,0 x 15,0 m (390 kv.m.) olan üçüncü mərtəbəsinin yan divarlarının və dam örtüklərinin inşası başa çatmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 25 aprel 2024-cü il tarixli, 2-1(120)-3418/2024 nömrəli hüquqi yardım məktubu ünvanlanaraq, tikilinin sökülməsi və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə ilkin müraciət etməsi ilə bağlı hər hansı mötəbər sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı cavabdehə ilkin müraciət etməsi ilə əlaqədar sübutları təqdim etməmişdir. İddiaçıya məhkəmə prosesləri zamanıda qanunvericiliyin tələbləri izah olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı tikilinin sökülməsi və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə ilkin müraciət etməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddianın məhkəmə xərclərinin ödənilməsi hissəsi ilə bağlı da tələbin həmin hissəsi ortalıqda çəkilmiş (çəkiləcək) xərcin konkret səbəbi və dəqiq məbləği olmaması baxımından ehtimala və gələcəkdə mümkün ola biləcək hesablamalara söykəndiyindən, habelə bununla bağlı cavabdehə ilkin müraciət edilərək münasibət öyrənilmədən mahiyyəti üzrə araşdırılması inzibati məhkəmə icraatının prinsiplərinə ziddir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İddiaçı Cavabdeh qarşı “iki mərtəbəli qeyri-yaşayış binasının üzərində qanunsuz inşa olunmuş əlavə tikilinin sökülməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikası İddiaçı Cavabdeh qarşı “iki mərtəbəli qeyri-yaşayış binasının üzərində qanunsuz inşa olunmuş əlavə tikilinin sökülməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar