Məhkəmə qərarları › İş №2-1(120)-3690/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3690/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3690/2025 20.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasından tutulmanın dayandırılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Yusifova Aysel Söhrab qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasından tutulmanın dayandırılması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,əmək pensiyasından tutulmanın dayandırılması və hazırkı vaxtadək tutulmuş məbləğin ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1951-ci ildə Sabirabad rayonu, Cavad kəndində doğulmuşdur. 2014-cü ilin iyul ayında ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin tarixdən 2025-cı ilə kimi mütəmadi olaraq pensiya almışdır. Lakın 2025-cı ilin mart və aprel aylarında heç bır əsas olmadan onun pensiyasından tutlmağa başlamışdır. Mart ayında təxminən 140 manata yaxın pul vəsaiti tutuldu. Hesab etdi ki, yəqin anlaşılmaqlıq olub. Lakin aprel ayında təkrarən onun pensiyasından 140 manata yaxın pul tutulmuşdur.Pensiyasından tutulmanın səbəbi barədə məlumat almaq üçün 01 aprel 2025-ci il tarixdə cavabdeh təşikalata müraciət etmişdir. DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 24 aprel 2025-ci il tarixli məktubu ilə ona cavab verilmişdir.İmtina cavabında qeyd edilmişdir ki, xidməti araşdırma zamanı müəyyn olunmuşdur kı, əmək pensiyasının üzərinə hesablanan şəhid ailəsi üzvü kimi 93.50 manat əlavə pensiyanın sığorta hissəsinin tərkibinə daxi edilərək illər üzrə indeksləşdirilmişdir. X3 haqqında Qanunun 39.1-cı maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyasının məbləğində 01 03 2022-ci il tarixdən xx.xx.2025-ci il tarixindək artıq ödəmə müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddaya dair yazılı etirazda və etiraza əlavədə göstərmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2014-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi sənədlərin surətinə əsasən onun xx.xx.2006-cı il tarixinədək 25 il 11 ay 7 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir.Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 27.1-ci maddəsinə əsasən “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İddiaçının xx.xx.2006-cı il tarixinədək 25 il 11 ay 7 gün sığorta stajına əsasən pensiya kapitalının məbləği bu şəkildə müəyyən edilir: (25+(11+7/30gün)/12ay)x170=4409,14 manat. 2006-4409,14; 2007-8,30-4775,1;2008-. 16,70-5572,54; 2009-20,80-6731,63; 2010-1,50-6832,6; 2011-5,70-7222,06; 2012-7,90- 7792,6; 2013-1,10-7878,32; 2014-2,40-8062,56; 8062,56:144=55,99 manat.İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2009-cu il tarixindən sonra xx.xx.2014-cü il tarixinədək qeydə alınmış 2197,41 manat pensiya kapitalına uyğun olaraq əmək pensiyasının sığorta hissəsi 15,26 manat təşkil edir.İddiaçı pensiya yaşına çatdığı xx.xx.2014-cü il tarixinə pensiya məbləği 256,25 manat hesablanmışdır: xx.xx.2014-55,99+15,26 + 85 (şəhid əlavəsi) + 100 (baza hissə) = 256,25 manat.Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq aşağıdakı qaydada indeksləşdirilmişdir: xx.xx.2015 - 256,25 + 256,25 x 1,4% = 257,24 manat.İddiaçı xx.xx.2014-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2015-ci il tarixinədək əmək pensiyasının sığorta hissəsi (207 manat pensiya kapitalına uyğun olaraq) 1,5 manat təşkil edir: xx.xx.2015 - 257,24 + 1,5 (işdən çıxma) = 258,74 manat; xx.xx.2016 - 258,74 + 258,74 x 4% = 261,68 manat xx.xx.2016-cı il tarixindən baza hissə 110 manat və şəhid ailə üzvünə görə əlavə 93,5 manat təşkil etdiyindən pensiya məbləği buna uyğun indeksləşdirilərək 280,18 manat təşkil etmişdir.Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilərək xx.xx.2017-ci il tarixindən 289,68 manat, xx.xx.2018-ci il tarixindən 300,86 manat, xx.xx.2019-cu il tarixindən 307,08 manat, xx.xx.2020-ci il tarixindən 342,53 manat, 01.01.202*1 -ci il tarixindən 370,92 manat, xx.xx.2022-ci il tarixindən 380,36 manat təşkil etmişdir.Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır.Qeyd olunan maddənin tələbləri də nəzərə alınaraq vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 441,63 manat müəyyən edilmişdir: xx.xx.2023 - 380,36 manat + 380,36 manat x 14,7% = 441,63 manat.Eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək 480,63 manat təşkil etmişdir: xx.xx.2024 - 441,63 manat + 441,63 manat x 11,2% = 480,63 manat.Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı əmək pensiyasının məbləği yenidən hesablanaraq 511,98 manata çatdırılmışdır. Eyni zamanda bildiririk ki, İddiaçı pensiya məbləğinin üzərinə hesablanan şəhid ailəsi üzvü kimi 93,5 manat əlavə indeksləşdirilmədən ödənilməli olduğu halda, pensiyanın sığorta hissəsinin tərkibinə daxil edilərək illər üzrə indeksləşdirilmişdir. Bu səbəbdən xx.xx.2025-ci il tarixindən İddiaçı pensiya məbləğində artıqvermə müəyyən edilmişdir.X1 Sisteminin Pensiya altsistemində olan məlumata əsasən İddiaçı pensiya məbləğindən hər hansı tutulma aparılmamışdır. İşin faktiki və hüquqi hallarından göründüyü kimi iddiaçının tələbi hal-hazırda əmək pensiyasından tutulmanın dayandırılması və tutulmuş məbləğin geri qaytarılması ilə bağlı olsa da, Mərkəzi Filial tərəfindən hər hansı tutulma həyata keçirilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında izahat verərək iddiasının mümkün hesab olunaraq təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında yazılı etirazda qeyd olunanları müdafiə edərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. ƏSASLANDİRMA HİSSƏSİ TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib - edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Hazırkı iş üzrə iddia tələbindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə çatmaq istədiyi hüquqi nəticə onun əmək pensiyasından tutulmanın dayandırılmasına nail olmaqdır. Belə ki, işin araşdırılan hallarından-məhkəmənin müvafiq sorğusuna əsasən DSMFnun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 3-17-1/2-166773/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı pensiya məbləğinin üzərinə hesablanan şəhid ailə üzvü kimi 93,5 manat əlavə indeksləşdirmədən ödənilməli olduğu halda, pensiyanın sığorta hissəsinin tərkibinə daxil edilərək illər üzrə indeksləşdirilmişdir. Bu səbəbdən xx.xx.2025-ci il tarixdən İddiaçı pensiya məbləğində artıqvermə müəyyən edilmişdir. MEİS-in Pensiya altsistemində olan məlumata əsasən İddiaçı pensiya məbləğindən hər hansı tutulma aparılmamışdır. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiya məbləğindən hər hansı tutulmalar həyata keçirilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən hər hansı tutulma həyata keçirilmədiyi üçün tərəflər arasında inzibati mübahisə də mövcud deyil. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu ünvanlanaraq əmək pensiyası hesablanarkən nəzərə alınmayan mübahisəli illərin nəzərə alınmaqla yenidən hesablamanın aparılması tələbi ilə cavabdeh inzibati orqana müraciət etmək hüququ olduğu izah edilmişdir. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.3. iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasından tutulmanın dayandırılması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar