Məhkəmə qərarları › İş №2-1(120)-371/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-371/2021

12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-371/2021 12.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının nümayəndəsi X1 (ali təhsilli, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, ünvan 1 mənzil 39 ünvanda yaşayan) iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Cavabdeh qarşı «Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Ağayeva Könül Həşim qızı hal-hazırda Bakı şəhəri, “Mərkəz” bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh barəsində şikayət ərizəsi ilə Azərbaycan Respublikası Vəkillər X4 müraciət etmişdir. Həmin müraciət əsasında Vəkillər X6 xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə vəkil Cavabdeh barəsində intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. K.H.Ağayevanın müraciəti belə əsaslandırılmışdır ki, məhkəmədə onu təmsil etmək üçün vəkil Cavabdeh ilə müqavilə bağlayaraq, ona 1000 (min) manat məbləğində pul ödəmişdir ki, peşəkar vəkil kimi onun hüquqlarını qorusun. Çox təəssüf ki, sözügedən cinayət işi üzrə aylarla davam edən məhkəmə prosesi başa çatsa da, vəkil Cavabdeh bir dəfə də olsun prosesdə iştirak etməmiş və onun hüquqlarını müdafiə etməmişdir. Dəfələrlə ona zəng vurub iştirak etmədiyi proses üçün ondan aldığı pulun geri qaytarılmasını tələb etsə də, vəkil zənglərə cavab verməmiş və onunla görüşdən yayınmışdır. Sonradan isə öyrənmişdir ki, vəkil Cavabdeh artıq Bakı şəhərinə köçüb və Bakı şəhərindəki Vəkil Bürolarının birində fəaliyyət göstərir. Bundan sonra o, vəkilin çalışdığı Vəkil Bürosuna getmiş, büronun müdiri ilə görüşmüş və vəkil Cavabdeh işdə olmadığı üçün öz şikayətini ona bildirmişdir. Vəkil Cavabdeh 1000 manat pulunun geri qaytarılmasını xahiş edir. İntizam icraatı üzrə vəkil Cavabdeh verdiyi izahatında göstərmişdir ki, “2019-cu ilin may ayında Lənkəran rayon Vəkil Bürosunda fəaliyyət göstərərkən qonşu rayonun istintaq bölməsinin əməkdaşı işləyən bir şəxs tanışının məhkəmədə təmsil olunması üçün ona köməklik göstərməsini istəmişdir. Bundan sonra o, Ağayeva Könül Həşim qızı ilə görüşmüş və iş barədə razılaşmışlar. Ağayeva Könül iş üzrə zərərçəkmiş idi və o da onu nümayəndəsi kimi təmsil etməli idi. Lakin təqsirləndirilən şəxsin uzun müddət xəstəliyi ilə əlaqədar məhkəməyə gətirilməməsi səbəbindən məhkəmə prosesi gec baş tutmuşdur. İşlə tanış olarkən istintaq zamanı təqsirləndirilən şəxsin vəkili Natiq Əsədov vəfat etdiyi üçün istintaqın yekununda şəxsin onun tərəfindən müdafiə edildiyini görmüşdür. Astara rayon Polis şöbəsinin istintaq bölməsinin qərarı əsasında istintaqda dövlət hesabına müdafiəçi qismində iştirak etmişdir. Həmin ərəfələrdə dövlət hesabına işlərin çoxluğu və üzərindən uzun müddət keçdiyindən təqsirləndirilən şəxsi dövlət hesabına müdafiə etdiyini unutmuşdur. Çünki üzərindən uzun müddət keçmişdir və o yalnız istintaqın yekununda iştirak etmişdir. Bunu bilərəkdən zərərçəkmiş şəxsin nümayəndəliyini həyata keçirə bilməzdi. K.Ağayeva ilə əlaqə saxlaya bilmədiyi üçün bu barədə onu yanına göndərənlərə məlumat vermişdir. Könül Ağayeva həmin vaxt ölkə xaricində idi. Ölkədə olsa idi, etibarnaməni dəyişmək surəti ilə başqa bir vəkilə həmin işi həvalə edərdi. Lakin bu mümkün olmadığı üçün məhkəmə prosesində iştirak etməmişdir. Daha sonra K.Ağayevanın ondan pulunu geri istəməsi və ya hər hansı irad bildirməsi halı baş verməmişdir. Onunla heç bir əlaqə saxlamamışdır. Qeyd etdiyi kimi K.Ağayeva ilə xaricdə olması səbəbindən əlaqə saxlaya bilmədiyi üçün onu onun yanına göndərən şəxsə bu barədə ətraflı məlumat vermişdir.” İntizam icraatı üzrə araşdırma zamanı Könül Ağayeva ilə bağlanmış müqavilənin və iş üzrə digər sənədlərin təqdim edilməsi dəfələrlə vəkil Cavabdeh təklif olunsa da, onun tərəfindən komissiyaya hər hansı bir sənəd təqdim edilməmişdir. İntizam icraatı üzrə araşdırmaya tərəflərdə hər hansı bir sübut təqdim edilmədiyindən, Könül Ağayevanın müraciəti və vəkil Cavabdeh izahatı ilə müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəmədə zərərçəkmiş şəxs Könül Ağayevaya nümayəndə qismində hüquqi yardım göstərilməsi üçün onunla vəkil Cavabdeh arasında müqavilə bağlanmışdır. Eyni zamanda Cavabdeh izahatı ilə müəyyən edilmişdir ki, həmin cinayət işi üzrə vəkil Cavabdeh ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə hüquqi yardım göstərdiyi halda həmin şəxsin mənafelərinə zidd olmasına baxmayaraq, zərərçəkmiş şəxs Könül Ağayeva ilə müqavilə bağlayıb ona hüquqi yardım göstərmişdir. Həmçinin həmin izahatla müəyyən edilmişdir ki, əvvəllər təqsirləndirilən şəxsin hüquqlarını istintaqda müdafiə etdiyini əsas gətirərək, vəkil Cavabdeh cinayət işi üzrə Könül Ağayevaya məhkəmədə hüquqi yardım göstərilməsi üçün məhkəmə proseslərində iştirak etməmişdir. O, Könül Ağayevanın özünə bu barədə məlumat verməmiş və məhkəmədə nümayəndə qismində özü-özünə etiraz etməyərək, müdafiə öhdəçiliyindən imtina etmişdir. Vəkillərin İntizam Komissiyası xx xxxxxx 2019-cu il tarixli rəylə intizam icraatı üzrə araşdırma materiallarını məcmu halında qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, vəkil Cavabdeh cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə hüquqi yardım göstərdiyi halda, həmin şəxsin mənafelərinə zidd olmasına baxmayaraq, Könül Ağayeva ilə müqavilə bağlayıb ona hüquqi yardım göstərməklə, eyni zamanda Könül Ağayeva ilə bağlı müdafiə öhdəçiliyindən imtina etməklə öz fəaliyyətini yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməmiş və vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməklə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 1.5, 2.3, 2.4, 2.5, 3.8-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozmuşdur. Vəkil Cavabdeh Könül Ağayevadan 1000 manat alması hissəsinə isə intizam icraatı üzrə araşdırma ilə qiymət verilməsi mümkün olmamışdır. Bundan başqa X7 Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Cavabdeh barəsində Azərbaycan Respublikası Vəkillər X6 “Qaynar xətt”inə müraciət etmişdir. Həmin müraciət əsasında Azərbaycan Respublikası Vəkillər X6 xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Cavabdeh barəsində intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Ş.X.Məmmədovun müraciəti belə əsaslandırılmışdır ki, 2019-cu ilin may ayında vəkil Cavabdeh 3 illik etibarnamə vermiş, (alimentin azaldılması tələbi ilə bağlı) əvvəl 180 manat, sonra isə 20 manat bank hesabına ödəmişdir. Lakin bir neçə ay keçməsinə baxmayaraq, vəkil Cavabdeh ona hüquqi yardım göstərməmişdir. Bu səbəbdən vəkil Cavabdeh imtina edir və 200 manat pulun qaytarılmasını xahiş edir. İntizam icraatı üzrə vəkil Cavabdeh tərəfindən elektron qaydada təqdim edilmiş izahatında göstərilmişdir ki, “2019-cu ilin may ayında X7 onunla əlaqə saxlayaraq alimentlə bağlı problemləri olduğuna görə ona köməklik etməyini xahiş etmişdir. O, isə ona aliment və nikahın pozulması işləri ilə ümumiyyətlə, məşğul olmadığını və bununla yanaşı iddia ərizələri yazmadığını, Şahmar Məmmədovla münasibəti olduğuna və onun israrına görə ona ofisdə çalışan işçiyə ərizələri yazdırmağı təklif etmişdir. O, isə necə alınırsa yazdır demişdir. Ş.Məmmədovda heç bir qətnamə və ya digər boşanma sənədləri olmadığından xidməti yerindən çıxa bilmədiyi üçün ona sənədləri toplamağı özü kömək edəcəyini, ancaq bir etibarnamə yazdırıb vatsap vasitəsi ilə ona göndərməyini tapşırmışdır. Şahmar Məmmədov 2 dəfə evli olub ayrılmışdır. Hər iki evliliyindən övladları vardır. Aliment ödənilməsi barədə Lənkəran rayon və Göyçay rayon məhkəmələrinin qətnamələri ilə ondan aliment tutulur. O, qətnamələri əldə edib iddia ərizələri yazdırmışdır. Bunun müqabilində hissə-hissə olmaqla 200 manat məbləğində iddia yazılması üçün pul göndərmişdir. Ərizələr barədə məlumat verərək öhdəlikləri barədə və iş yerindən arayışlar lazım olduğunu başa salmışdır. Avqust ayında “Mərkəz” vəkil bürosuna keçdiyinə görə prosesdən xəbəri olmamışdır. Oktyabr ayında yenidən onunla əlaqə saxlayaraq, işin yenidən bərpa olunmasını xahiş etmiş və həmin ay iş yerindən arayışlarını, noyabr ayının sonunda isə bankda ipoteka öhdəliyi barədə çıxarışı təqdim etmişdir. Bu sənədləri təqdim etdikdən sonra xidməti yerinin dəyişməsi ilə əlaqədar keçmiş həyat yoldaşlarının şikayət etməsindən şikayət edərək, məhkəmələrə yenidən müraciət edilməsinin saxlanılmasını bildirmişdir. Ona aliment tələbinin azaldılmasının çox çətin iş olduğunu əvvəlcədən demişdir. Ondan şikayət etdiyini eşidəndə axtarıb onu tapmış və 1600 manat əmək haqqından ona pul qalmadığı üçün atasının məhkəmə işlərinin uzanma səbəbinə görə Vəkillər Kollegiyasının Qaynar xəttinə guya ondan xəbərsiz zəng etdiyini demişdir. Məhkəmə işlərinin uzanmasının onun maddi durumu ilə bağlı olduğunun ona aidiyyətinin olmadığını demişdir. Üzrxahlıq etmiş və onda ailə problemləri yarandığını görə ona heç bir söz deməmişdir." İntizam icraatı üzrə araşdırma zamanı Ş.X.Məmmədova hüquqi yardım göstərilməsinə dair müqavilənin Vəkillərin İntizam komissiyasına təqdim edilməsi vəkil Cavabdeh dəfələrlə təklif edilməsinə baxmayaraq o, müqaviləni komissiyaya təqdim etməmişdir. İntizam icraatı üzrə araşdırma ilə müəyyən edilmişdir ki, vəkil Cavabdeh müqavilə bağlamadan X5 hüquqi yardım göstərmiş və ondan müqavilədən kənar 200 manat qəbul etmişdir. Vəkillərin İntizam Komissiyası xx xxxxx 2020-ci il tarixli rəylə intizam icraatı üzrə toplanmış materialları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, vəkil Cavabdeh peşə fəaliyyətini həyata keçirərkən yalnız qanunun tələblərini rəhbər tutmalı və icra etməli olduğu halda, konkret işlə əlaqədar hüquqi yardıma görə ondan aldığı 200 manat məbləğində ödənişi müqavilədən kənar şəkildə nağd qaydada qəbul etməklə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 5-ci maddəsinin, İ, İİ və İV hissələrinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, 19-cu maddəsinin İ və İİ hissələrinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 1.5, 2.3, 2.4, 2.5, 3.1, 3.5-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Vəkillər X2 xx xxx 2020-ci il tarixli iclasında Vəkillərin İntizam Komissiyasının Ağayeva Könül Həşim qızının və X3 müraciətləri əsasında başlanılmış intizam icraatları üzrə rəyləri nəzərə alınaraq, peşə fəaliyyətini həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 5-ci maddəsinin İ, İİİ və İV hissələrinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 1.5, 2.3, 2.4, 2.5, 3.1, 3.5, 3.8-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkilləri Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozduğuna görə Cavabdeh Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh iddia ərizəsinə etiraz edərək, bildirmişdir ki, iddia ərizəsində qeyd olunanlar onun kollegiyadan xaric edilməsi üçün əsas deyildir. Belə ki, 2019-cu ilin may ayında Lənkəran rayon Vəkil Bürosunda fəaliyyət göstərərkən qonşu rayonun istintaq bölməsinin əməkdaşı işləyən bir şəxs tanışının məhkəmədə təmsil olunması üçün ona köməklik göstərilməsini istəmişdir. Bundan sonra o, Ağayeva Könül Həşim qızı ilə görüşmüş və iş barədə razılaşmışdır. Ağayeva Könül iş üzrə zərərçəkmiş idi və o da onu nümayəndəsi kimi təmsil etməli idim. Lakin təqsirləndirilən şəxsin uzun müddət xəstəliyi ilə əlaqədar məhkəməyə gətirilməməsi səbəbindən məhkəmə prosesi gec baş tutmuşdur. İşlə tanış olarkən istintaq zamanı təqsirləndirilən şəxsin vəkili Natiq Əsədov vəfat etdiyi üçün istintaqın yekununda şəxsin onun tərəfindən müdafiə edildiyini görmüşdür. Astara rayon Polis şöbəsinin İstintaq bölməsinin qərarı əsasında istintaqda dövlət hesabına müdafiəçi qismində iştirak etmişdir. Həmin ərəfələrdə dövlət hesabına işlərin çoxluğu və üzərindən uzun müddət keçdiyindən təqsirləndirilən şəxsi dövlət hesabına müdafiə etdiyini unutmuşdur. Çünki üzərindən uzun müddət keçmişdir və o, yalnız istintaqın yekununda iştirak etmişdir. Bunu bilərəkdən zərərçəkmiş şəxsin nümayəndəliyini həyata keçirə bilməzdi. K.Ağayeva ilə əlaqə saxlaya bilmədiyi üçün bu barədə K.Ağayevi yanına göndərənlərə məlumat vermişdir. Könül Ağayeva həmin vaxt ölkə xaricində idi. Ölkədə olsa idi, etibarnaməni dəyişmək surəti ilə başqa bir vəkilə həmin işi həvalə edərdi. Lakin bu mümkün olmadığı üçün məhkəmə prosesində iştirak etməmişdir. Sonradan K.Ağayevanın ondan pulunu geri istəməsi və ya hər hansı irad bildirməsi halı baş verməmişdir. K.Ağayeva ilə xaricdə olması səbəbindən əlaqə saxlaya bilmədiyi üçün K.Ağayevanı onun yanına göndərən şəxsə bu barədə məlumat vermişdir. Həmçinin 2019-cu ilin may ayında X7 onunla əlaqə saxlayaraq alimentlə bağlı problemləri olduğuna görə ona köməklik etməyini xahiş etmişdir. O isə ona aliment və nikahın pozulması işləri ilə ümumiyyətlə, məşğul olmadığını və bununla yanaşı iddia ərizələri yazmadığını bildirmişdir. X10 israrına görə ona ofisdə çalışan işçiyə ərizələri yazdırmağı təklif etmişdir. O, isə necə alınırsa, yazdır demişdir. Ş.Məmmədovda qətnamə və digər sənədlər olmadığından o, həmin sənədləri ona elektron formada göndərmişdir. O, qətnamələrin surətlərini aldıqdan sonra iddia ərizəsini yazdırmışdır. Bunun müqabilində hissə-hissə olmaqla 200 manat pul göndərmişdir. Ərizələr barədə məlumat verərək, iş yerindən arayışlar lazım olduğunu izah etmişdir. Avqust ayında “Mərkəz” vəkil bürosuna keçdiyinə görə prosesdən xəbəri olmamışdır. Oktyabr ayında yenidən onunla əlaqə saxlayaraq işin yenidən bərpa olunmasını xahiş etmiş və həmin ay iş yerindən arayışlarını, noyabr ayının sonunda isə bankda ipoteka öhdəliyi barədə çıxarışı təqdim etmişdir. Bu sənədlər təqdim edildikdən sonra keçmiş həyat yoldaşlarının şikayət etməsindən Ş.Məmmədov şikayət edərək, məhkəmələrə yenidən müraciət edilməsinin saxlanılmasını bildirmişdir. Ona aliment tələbinin azaldılmasının çox çətin iş olduğunu əvvəlcədən demişdir. Sonradan eşitmişdir ki, Ş.Məmmədov ondan şikayət etmişdir. Qeyd etdiklərini nəzərə alaraq, iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materialında olan xx.xx.2012-ci il tarixdə Lənkəran ŞRPŞ tərəfindən verilmiş Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1987-ci il tarixdə ünvan 2 ünvanda qeydiyyatdadır. İş materialında olan Azərbaycan Respublikası Vəkillər X6 xx xxx 2020-ci il tarixli 06 saylı iclas protokolundan çıxarışın təsdiq olunmuş surətindən görünür ki, “Mərkəz” vəkil Bürosunun vəkili Cavabdeh barəsində Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, yekdilliklə Vəkillərin İntizam Komissiyasının rəyləri nəzərə alınaraq, Ağayev Könül Həşim qızının və X3 müraciətləri əsasında peşə fəaliyyətini həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 5-ci maddəsinin İ, İİİ və İV hissələrinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, 19-cu maddəsinin İ və İİ hissələrinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 1.5, 2.3, 2.4, 2.5, 3.1, 3.5, 3.8-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozduğuna görə Cavabdeh Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək, vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, vəkil Cavabdeh cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə hüquqi yardım göstərdiyi halda həmin şəxsin mənafelərinə zidd olmasına baxmayaraq, zərərçəkmiş şəxs Könül Ağayeva ilə müqavilə bağlayıb ona hüquqi yardım göstərmişdir. Əvvəllər təqsirləndirilən şəxsin hüquqlarını istintaqda müdafiə etdiyini əsas gətirərək, vəkil Cavabdeh cinayət işi üzrə Könül Ağayevaya məhkəmədə hüquqi yardım göstərilməsi üçün məhkəmə proseslərində iştirak etməmiş, Könül Ağayevanın özünə bu barədə məlumat verməmiş və məhkəmədə nümayəndə qismində özü-özünə etiraz etməyərək, müdafiə öhdəçiliyindən imtina etmişdir. Həmçinin vəkil Cavabdeh müqavilə bağlamadan X5 hüquqi yardım göstərmiş və ondan müqavilədən kənar 200 manat məbləğində pulu qəbul etmişdir. Hər iki şəxsin müraciəti əsasında Vəkillər X6 xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə vəkil Cavabdeh barəsində intizam icraatı başlanılaraq araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Kollegiyanın İntizam Komissiyasında aparılmış araşdırma üzrə tərtib olunmuş rəylər nəzərə alınaraq, vəkil Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət olunması və müvafiq məhkəmə qərarı qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır. İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası həmin iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi, vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi, vəkillərin hüquqlarının bərabərliyi, özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi. Həmin Qanunun 3-cü maddəsinə əsasən vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Həmin Qanunun 5-ci maddəsinin İV hissəsinə əsasən işin mahiyyəti əsasında vəkil hüquqi yardım üçün müraciət etmiş şəxsə həmin tapşırığın icra edilməsinin ehtimalı ilə əlaqədar olan bütün şərtləri bildirir və tərəflər razılığa gəldikdə yazılı surətdə müvafiq müqavilə tərtib edilir. Həmin Qanunun 16-cı maddəsinə görə peşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir, vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir, yalnız qanunun tələblərini rəhbər tutmalıdır, hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir, mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalıdır, vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir, vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir. Həmin Qanunun 18-ci maddəsinə əsasən vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. Həmin Qanunun 19-cu maddəsinin İ-İİ hissələrinə əsasən vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir. Həmin Qanunun 22-ci maddəsinə əsasən vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir. İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: irad tutma, töhmət, üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. Həmin Qanunun 23-cü maddəsinin İ hissəsinə görə vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: - öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə; - barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda; - fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; - vəfat etdikdə; - məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; - Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə; - bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə; - üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. Həmin maddənin İİ hissəsinə görə vəkillərin fəaliyyətinə Vəkillər X2 qərarı ilə xitam verilir. Bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər. «Vəkillərin davranış qaydaları haqqında» Əsasnamənin 2-ci bəndinə görə: - 2.2. Vicdanlı davranış - Vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz. - 2.3. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması - Vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır. - 2.4. Loyallıq - Vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranışında vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Vəkil qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməli, başqa vəkillərin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. - 2.5. İctimai etimad - Vəkil vəkillik peşəsinin nüfuzunu artırmağa və möhkəmləndirməyə borcludur. Vəkil davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, о cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Vəkil çıxışlarında və yazışmalarında obyektivliyi qorumalıdır. Əsasnamənin 3-cü bəndinə görə: - 3.1. Vəkil müqavilə əsasında və ya qanunla müəyyən olumuş qaydada dövlət hesabına hüquqi yardım göstərir. - 3.4. Vəkil hüquqi yardım göstərdiyi şəxsi vicdanla və əzmlə təmsil etməli və məsləhətlər verməlidir. Vəkil ona etibar olunmuş işin gedişatı və icrası ilə bağlı hüquqi yardım göstərdiyi şəxsi mütamadi olaraq məlumatlandırmalıdır. - 3.5. Vəkilin hüquqi yardım göstərdiyi şəxslərlə qarşılıqlı münasibətləri vəkilin dürüst və ədalətli olmasına dəlalət edən etimad üzərində qurulmalıdır. Vəkil göstərdiyi hüquqi yardımın nəticəsi ilə əlaqədar vəd verməməlidir. - 3.8. Eyni işlə bağlı müraciət edən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət olduğu halda vəkil həmin işlə əlaqədar iki və daha artıq şəxsi təmsil edə bilməz. Göründüyü kimi vəkil Cavabdeh cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə hüquqi yardım göstərdiyi halda, həmin şəxsin mənafelərinə zidd olmasına baxmayaraq, Könül Ağayeva ilə müqavilə bağlayıb, ona hüquqi yardım etməsi və məhkəmədə nümayəndə qismində özü-özünə etiraz etməyərək, müdafiə öhdəçiliyindən imtina etməsi, eləcə də yazılı surətdə müvafiq müqavilə bağlamadan Şahmar Məmmədova hüquqi yardım göstərərək ondan müqavilədən kənar pulu qəbul etməsi ilə «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun və «Vəkillərin davranış qaydaları haqqında Əsasnamə»nin tələblərini pozmuşdur. Onun bu cür davranışı vəkilliyin nüfuzunu aşağı sala biləcək, vəkil etikası ilə bir araya sığmayan və cəmiyyətin vəkilliyə olan inamına xələl gətirən hərəkətlər kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq, hesab edir ki, cavabdeh «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun və «Vəkillərin davranış qaydaları haqqında» Əsasnamənin tələblərini pozduğundan iddia əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə nzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar