Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-39/2020 06.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X3 (ali təhsilli, qanuni təmsilçi, Kürdəmir rayonu, Xırdapay kəndində yaşayan) və Cavabdeh 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4 (ali təhsilli, 9 saylı Ərazi Vergilər İdarəsində baş hüquqşünas, ünvan 1 ünvanında yaşayan) iştirakları ilə, İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi, borcun və ona hesablanmış faizlərin silinməsi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti cavabdeh 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş «vergilərin hesablanması barədə» 25 aprel 2019-cu il tarixli **********181803 saylı qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 87662,03 manat vergi borcunun və həmin vergi borcuna hesablanmış faizlərin silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X5 iddianı müdafiə edərək izahatında göstərdi ki, "xxxx" MMC öz nizamnaməsi ilə Azərbaycan Respublikası Qanunları əsasında fəaliyyət göstərən şirkətdir. 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı cavabdeh tərəfindən vergi borcunun hesablanmasına əsas olmuş 25 aprel 2019-cu il tarixli **********181803 saylı vergilərin hesablanması barədə qərarı əsasında 87662,03 manat vergi borcu hesablanmışdır. Departament tərəfindən hesablama düzgün aparılmamışdır. Belə ki, şirkətin balansına daxil olmuş pullar 2013-cü il tarixində görülmüş işlərə görə olmuşdur. Bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə də təsdiq etmək olar. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış müqavilə əsasında təmir etdikləri binaların pullar məhkəmə mübahisəsindən sonra şirkətə köçürülmüşdür. Həmin dövrdə alınmış mallar bazar aktları əsasında təsdiq olunur. Ancaq cavabdeh bunların heç birini nəzərə almamış və mübahisə olmasına baxmayaraq ekspertiza təyin etməmişdir. Sadəcə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı qərarı əsasında mənfəət vergisini müəyyən etmişdir. Bu da onların ziyanına qərar qəbul olunmasına əsas vermişdir. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X6 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək, izahatında göstərdi ki, yoxlama nəticəsində vergi ödəyicisinin 2015-ci il üzrə mənfəət vergisinin 40969,96 manat məbləğində azaldıldığı, artıq hesablanmış verginin olmadığı müəyyən edilmiş və nəticədə ona 40969,96 manat vergi məbləği hesablanmış, həmin il üzrə əlavə dəyər vergisinin 93371,67 manat məbləğində azaldıldığı, artıq hesablanmış 21363,66 manat məbləğində verginin olduğu müəyyən edilmiş və nəticədə ona 72008,01 manat vergi məbləği hesablanmış, 2017-ci il üzrə mənfəət vergisinin 39551,80 manat məbləğində azaldıldığı, artıq hesablanmış verginin olmadığı müəyyən edilmiş və nəticədə ona 39551,80 manat vergi məbləği hesablanmış, həmin il üzrə əlavə dəyər vergisinin 2880,01 manat məbləğində azaldıldığı, artıq hesablanmış 2880 manat məbləğində verginin olduğu müəyyən edilmiş və nəticədə ona 0,01 manat vergi məbləği hesablanmış, 2018-ci il üzrə ödəmə mənbəyindən tutulan verginin 25,72 manat məbləğində azaldıldığı, artıq hesablanmış verginin olmadığı müəyyən edilmiş və nəticədə ona 25,72 manat vergi hesablanmışdır. Yayındırılmış məbləğlərə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsi ilə 2017-ci ilin mənfəət vergisi üzrə 19775,90 manat və əlavə dəyər vergisi üzrə 1440,01 manat, 2018-ci ilin ödəmə mənbəyindən tutulan vergi üzrə isə 12,86 məbləğində, ümumilikdə isə 21228,77 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. 2015-ci ilin mənfəət vergisinin yoxlaması zamanı müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən göstərilən dövriyyədən əlavə 2015-ci ildə 400044,49 manat dəyərində işlərin görülməsinə baxmayaraq onların dəyəri ödənildiyi vaxta, yəni 2016-cı ilin dövriyyəsinə aid edilmişdir. Odur ki, 400044,49 manat 2015-ci ilin dövriyyəsinə əlavə edilmişdir. Cəmiyyət tərəfindən xarici valyuta olan USD ABŞ dolları şəklində götürülmüş kredit nəticəsində 2015-ci il üzrə yaranmış 85749,90 manat məbləğində mənfi məzənnə fərqi nəzərə alınaraq gəlirdən çıxılmışdır. Beləliklə, cəmiyyətin 2015-ci il üzrə 1229098,72 manat gəliri müəyyən edilmişdir. Yoxlama zamanı cəmiyyətin 2015-ci il üzrə gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədlər tam olmadığı üçün xərcləri müəyyən etmək mümkün olmamışdır. Bununla əlaqədar olaraq cəmiyyətin gəlirinin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədlər tam olmadığından cəmiyyətin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmamışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 saylı və 04 aprel 2003-cü il tarixli 42 saylı Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin mənfəəti aşağıdakı kimi hesablanmışdır. Hesablanmış 204849,78 manat mənfəətdən 20% vergi dərəcəsi ilə büdcəyə 40969,96 manat vergi hesablanmışdır. Beləliklə, 2015-ci ilin mənfəət vergisinin 40969,96 manat azaldılması müəyyən edilmişdir. 2016-cı ilin mənfəət vergisinin yoxlaması zamanı müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən 2015-ci ildə 400044,49 manat dəyərində görülmüş işlərin məbləği 2015-ci ilin dövriyyəsinə aiddir. Odur ki, 2016-cı ilin dövriyyəsindən 400044,49 manat çıxarılmışdır. Cəmiyyət tərəfindən xarici valyuta olan USD (ABŞ dolları) şəklində götürülmüş kredit nəticəsində 2016-cı il üzrə yaranmış 23382,31 manat məbləğində mənfi məzənnə fərqi nəzərə alınaraq gəlirdən çıxılmışdır. Beləliklə, cəmiyyətin 2016-cı il üzrə 95261,75 manat gəliri müəyyən edilmişdir. Yoxlama zamanı cəmiyyətin 2016-cı il üzrə gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədlər tam olmadığı üçün xərcləri müəyyən etmək mümkün olmamışdır. Belə ki, cəmiyyətin rəhbərinin verdiyi izahata əsasən yoxlanılan dövr üzrə mal materiallar nağd şəkildə (bank vasitəsilə dəyəri ödənilmiş mal-materialların alışı üzrə əməliyyatlar istisna olunmaqla) müxtəlif bazarlardan qanunvericilikdə nəzərdə tutulmuş qaydada ilkin təsdiqedici sənədlər tərtib edilmədən alınmışdır (akt və izahat etiraza əlavə olunur). Bununla əlaqədar olaraq cəmiyyətin gəlirinin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədlər tam olmadığından cəmiyyətin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmamışdır. Habelə VM-nin 67-ci maddəsinin tətbiqi üsulları araşdırılarkən "xxxx" MMC ilə analoji vergi ödəyicisini müəyyənləşdirmək mümkün olmamışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 saylı və 04 aprel 2003-cü il tarixli 42 saylı Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin mənfəəti aşağıdakı kimi hesablanmışdır. M-1 vergi ödəyicisinin mənfəəti, G1vergi ödəyicisinin əldə etdiyi gəlir (ƏDV nəzərə alınmadan), R-şərti rentabellik norması. Hesablanmış 15876,96 manat mənfəətdən 29% vergi dərəcəsi ilə büdcəyə 3175,39 manat vergi hesablanmışdır. Cəmiyyət tərəfindən 2016-cı ilin mənfəət vergisi üzrə hesablanmış 17289,62 manat vergi məbləği nəzərə alınmaqla mənfəət vergisinin 14114,23 manat artıq hesablanması müəyyən edilmişdir. 2017-ci ilin mənfəət vergisinin yoxlaması zamanı müəyyən edilmişdir ki, eyni qayda ilə hesablanmış 211239,28 manat mənfəətdən 20% vergi dərəcəsi ilə büdcəyə 42247,86 manat vergi hesablanmışdır. Cəmiyyət tərəfindən 2017-ci ilin mənfəət vergisi üzrə hesablanmış 2696,06 manat vergi məbləği nəzərə alınmaqla mənfəət vergisinin 39551,80 manat azaldılması müəyyən edilmişdir. Yoxlama zamanı 2015-ci ilin aprel-dekabr ayları üzrə cəmiyyətin büdcəyə çatası ƏDV məbləği 82655,49 manat göstərməli olduğu halda 10647,48 manat göstərilməklə 72008,01 manat azaldılmışdır. Yoxlama zamanı 2016-cı il üzrə cəmiyyətin büdcəyə çatası ƏDV məbləği 21355,94 manat göstərməli olduğu halda 93363,95 manat göstərilməklə 72008,01 manat artıq hesablanmışdır. Yoxlama zamanı 2017-ci il üzrə cəmiyyət tərəfindən 2017-ci ilin noyabr ayı üzrə 2880,0 ƏDV məbləği artıq hesablanmış, 2017-ci ilin dekabr ayı üzrə isə 2880,0 manat ƏDV məbləği azaldılmışdır. Yoxlama aparılarkən müəyyən olundu ki, 2018ci ilin yanvar-mart ayları üzrə cəmiyyətin fəaliyyəti olmamışdır. Yoxlama nəticəsində müəyyən olundu ki, vergi ödəyicisi tərəfindən təsərrüfat subyekti (obyektin kodu **********- 57001) aylıq icarə haqqı məbləği 100,00 manat olmaqla 03.05.2017-ci il tarixli icarə müqaviləsi əsasında fiziki şəxsdən icarəyə götürülməsinə baxmayaraq, 2018-ci ilin 1-ci rübü üçün təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə ödənən icarə haqqı məbləği 116,28 manat göstərilərək 16,28 manat vergi hesablanmışdır. Faktiki olaraq 03.05.2017-ci il tarixli icarə müqaviləsi ilə təsdiqlənmiş 300,00 manat icarə haqqından 42,00 manat vergi hesablanmalı idi. Buna görə də 2018-ci ilin 1-ci rübü üzrə 25,72 manat əlavə vergi hesablandı. Qeyd olunanlardan aydın olur ki, "xxxx" MMC-də keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib olunmuş 04.03.2019-cu il tarixli **********153959 nömrəli akt və onun nəticəsində qəbul olunmuş 25.04.2019-cu il tarixli **********181803 nömrəli «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında qərara düzəlişin edilməsi haqqında qərar»ın ləğv edilməsi barədə iddia ərizəsi əsassızdır və buna görə də təmin edilməməlidir. Odur ki, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materialında olan 15 iyul 2015-ci il tarixli 23 nömrəli müqavilənin surətindən görünür ki, «Sifarişçi» Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyindən göndərilmiş 10.07.2015-ci il tarixli İÇ/1190 nömrəli icazə məktubuna (Əlavə №2), «Bir mənbədən satınalma metodundan istifadə şərti ilə» qeyd edilən Azərbaycan Respublikasının «Dövlət satınalmaları haqqında» Qanununun 21-ci maddəsinə, FHN-nin Tikintidə Qiymətqoyma Mərkəzinin smetasına (Əlavə №3) və müqavilənin ayrılmaz hissəsi olan qiymət-razılaşma protokoluna (Əlavə №1) əsasən «İcraçı» ilə ƏDV ilə 1334100,00 (bir milyon üç yüz otuz dörd min bir yüz) manat məbləğində müqavilə bağlanmışdır. İş materialında olan Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında 25 aprel 2019-cu il tarixli **********181803 nömrəli qərarının təsdiq olunmuş surətindən görünür ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin maliyyə sanksiyası 21228,77 manat, artıq hesablama 86122,24 manat, əlavə hesablama 152555,5 manat, artıq hesablanmış 110365,9 manat, azaldılmış 176799,16 manat borcu hesablanmışdır. İş materialında olan 18 noyabr 2019-cu il tarixli 24184 nömrəli ekspert rəyindən görünür ki, müəssisənin fəaliyyəti üzrə tərtib edilmiş səyyar vergi yoxlamasının başlanması tarixi 21.05.2018-ci il, bitmə tarixi 28.02.2019-cu il, tərtib olunma tarixi isə 04.03.3019-cu il olmuşdur. Lakin yoxlama ilə əhatə olunan dövr isə 01.04.2015-ci il tarixdən (mənfəət vergisinin, əmlak vergisinin, torpaq vergisinin hesablanması üçün isə 01.01.2015-ci il tarixdən) 01.04.2018-ci il tarixədək olmuşdur. Yuxarıda göstərilənlər nəzərə alınmaqla 04.03.2019-cu il tarixli **********153959 saylı aktın Vergi Məcəlləsinin tələblərinə əsasən müddət baxımından düzgün keçirilməməsi (mənfəət, əmlak və torpaq vergiləri istisna olmaqla, 2015-ci ilin aprel ayı üzrə əhatə olunmuş dövrlərlə bağlı yoxlama keçirildiyindən) müəyyən olunur. Bundan başqa, qeyd edilir ki, Vergi Məcəlləsinin hazırkı rəyin tədqiqi hissəsində göstərilən tələblərinə əsasən səyyar vergi yoxlaması ilə 2015-ci il üçün mənfəət vergisi üzrə yoxlama aparılsa da, həmin dövr üzrə mənfəət vergisi hesablana bilməzdi (yəni, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən 3 illik hesablama müddəti səyyar vergi yoxlamasının bitmə tarixi 28.02.2019-cu il, tərtib olunma tarixi isə 04.03.2019cu il olduğundan ötmüşdür). Təqdim edilmiş iş materiallarına və yuxarıda göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan az hesablanmış verginin məbləği 25463,29 manat (39551,80 (az hesablama) – 14114,23 (artıq hesablama) +25,72 az hesablama) məbləğində müəyyən olunur. O cümlədən: - mənfəət vergisi üzrə – 25437,57 manat; ÖMV üzrə – 25,72 manat. Dörd-onuncu suallar üzrə rəyin tədqiqi hissəsində göstərildiyi kimi, mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır (“Mühasibat uçotu haqqında” AR Qanunu, maddə 2.1.6). İlkin uçot sənədlərinin rəsmiləşdirilməsinə dair tələblər mühasibat uçotu sahəsini tənzimləyən normativ-hüquqi aktlarda müəyyən edilmişdir. Bu sənədlər təsərrüfat əməliyyatları haqqında etibarlı məlumatları əks etdirməli və həmin əməliyyatların həyata keçirildiyi anda zəruri rekvizitlər doldurulmaqla nümunəvi formalı blanklarda tərtib edilməlidir. Mühasibat uçotunda əks etdirilən ilkin sənədlərdə onların təkrar istifadəsinin mümkünlüyünü istisna edən qeydlər olmalıdır. Həmçinin, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 30 yanvar 2017-ci il tarixdə Q-01 nömrəli “X1 Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq edilmişdir. Həmin sənəd 08.02.2017-ci il tarixdə **********0001 nömrəsi ilə X7 Reyestrində qeydiyyata alınmışdır. Qaydaların 2.1.14-cü bəndində ilkin uçot sənədlərinin anlayışı verilmişdir. Belə ki, ilkin uçot sənədləri – maliyyətəsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiq edici sənədlərdir. Qaydaların 7-ci bölməsində ilkin uçot sənədlərinin və mühasibat uçotu registrlərinin tərtibi qaydası təsbit olunmuşdur: 7.1.Mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. 7.2. İlkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilməsi yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. 7.3.İlkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. 7.4.Sənədlərin keyfiyyətli tərtibatı, onların vaxtında mühasibat uçotunda əks etdirilməsi üçün müəyyən edilmiş müddətlərdə təqdim edilməsi, sənədlərdəki məlumatların doğruluğu həmin sənədləri tərtib etmiş və imzalamış şəxslər tərəfindən təmin edilir. 7.5.İlkin uçot sənədlərinə əsasən məlumatları işləyib qaydaya salmaq və onlara nəzarət etmək üçün icmal uçot sənədləri hazırlanmalıdır. 7.6.Uçot registrlərində qeydlər üçün əsas sayılan sənədlər qrafiklə müəyyən edilmiş vaxtlarda mühasibatlığa təhvil verilməlidir. 7.7.Pul vəsaitlərinin, material qiymətlilərinin və başqa əmlakların qəbul-təhvili ilə əlaqədar əməliyyatlar ilkin uçot sənədləri əsasında həyata keçirilən zaman iştirak edən hüquqi şəxsin nümayəndələrinə və ya fiziki şəxslərə sənədləşmənin bir nüsxəsi verilir. Əməliyyatda iştirak edənləri sənədlərin surəti ilə təmin etmək mühasibat uçotu subyektində bu əməliyyatı rəsmiləşdirənin öhdəsinə düşür. Habelə, «Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» 04 may 2018-ci il tarixli 1140-VQD saylı Qanunun 2.2-ci maddəsi ilə «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda maddələr əlavə edilmişdir:“2.1.10.Mühasibat uçotu sənədi-ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. 2.1.11.İlkin uçot sənədləri-maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. ”Göstərilənləri nəzərə alaraq qeyd edilir ki, müəssisə tərəfindən tərtib olunmuş alış aktları (bazardan alınmış mallara dair tərtib olunmuş) yuxarıda öz əksini tapmış tələblərə uyğun deyildir. Bundan başqa qeyd edilir ki, iş materiallarında xərc sənədi kimi qaimə, fakturalar və kassa mədaxil orderləri (digər vergi ödəyicilərinə ödənilmiş pul vəsaiti ilə bağlı) öz əksini tapmışdır. Lakin bildirilir ki, təqdim olunmuş qaimə fakturalar və kassa mədaxil orderləri müəssisənin fəaliyyəti üzrə bütün xərcləri tam əhatə etmir. Həmçinin qeyd edilir ki, qaimə fakturaların və kassa mədaxil orderlərinin hər birində əks olunmuş məbləğin ayrılıqda nə qədər olması, bu sənədlərin hansı vergi ödəyiciləri tərəfindən təqdim edilməsi və həmin sənədlərin hər birinin əks etdirdiyi təsərrüfat əməliyyatının məzmununun ayrılıqda nədən ibarət olması təqdim olunmuş materiallarda öz əksini tapmışdır. Əsaslandırıcı hissə: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, qismən əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundansonra – AzərbaycanRespublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Məhkəmə tədqiqatı zamanı işdə iştirak edən şəxslərin izahatlarından və iş materiallarındakı sənədlərdən müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan "xxxx" MMC üzrə yoxlama dövrü 01.04.2015-ci il tarixdən (mənfəət vergisinin, əmlak vergisinin, torpaq vergisinin hesablanması üçün isə 01.01.2015-ci il tarixdən) 01.04.2018-ci il tarixədək olmaqla səyyar vergi yoxlaması keçirmiş və 25 aprel 2019-cu il tarixli qərarı ilə "xxxx" MMC vergi məsuliyyətinə cəlb edilmiş, cəmi 176799,16 manat azaldılma, 110365,9 manat artıq hesablanmış, 152555,5 manat əlavə hesablama, 86122,24 manat artıq hesablama, 21228,77 manat maliyyə sanksiyası hesablanmışdır. Bununla razılaşmayan iddiaçı hazırda həmin qərarı mübahisələndirir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə görə, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 3.2-3.3-cü maddələrinə əsasən, vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Yenə həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» 27 noyabr 2003-cü il tarixli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Yenə həmin Məcəllənin 38.2-ci maddəsinə görə, vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Vergi Məcəlləsinin 83.3-cü maddəsinə əsasən, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 85.4-cü maddəsinə görə, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. İş üzrə 18 noyabr 2019-cu il tarixli 24184 nömrəli ekspert rəyi ilə həmçinin müəyyən olunmuşdur ki, müəssisənin fəaliyyəti üzrə tərtib edilmiş səyyar vergi yoxlamasının başlanması tarixi 21.05.2018-ci il, bitmə tarixi 28.02.2019-cu il, tərtib olunma tarixi isə 04.03.3019-cu il olmuşdur. Lakin yoxlama ilə əhatə olunan dövr isə 01.04.2015-ci il tarixdən (mənfəət vergisinin, əmlak vergisinin, torpaq vergisinin hesablanması üçün isə 01.01.2015-ci il tarixdən) 01.04.2018-ci il tarixədək olmuşdur. Yuxarıda göstərilənlər nəzərə alınmaqla 04.03.2019-cu il tarixli **********153959 saylı aktın Vergi Məcəlləsinin tələblərinə əsasən müddət baxımından düzgün keçirilməməsi (mənfəət, əmlak və torpaq vergiləri istisna olmaqla, 2015-ci ilin aprel ayı üzrə əhatə olunmuş dövrlərlə bağlı yoxlama keçirildiyindən) müəyyən olunur. Bundan başqa, qeyd edilir ki, Vergi Məcəlləsinin hazırkı rəyin tədqiqi hissəsində göstərilən tələblərinə əsasən səyyar vergi yoxlaması ilə 2015-ci il üçün mənfəət vergisi üzrə yoxlama aparılsa da, həmin dövr üzrə mənfəət vergisi hesablana bilməzdi (yəni, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən 3 illik hesablama müddəti səyyar vergi yoxlamasının bitmə tarixi 28.02.2019-cu il, tərtib olunma tarixi isə 04.03.2019-cu il olduğundan ötmüşdür). Təqdim edilmiş iş materiallarına və yuxarıda göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan az hesablanmış verginin məbləği 25463,29 manat (39551,80 (az hesablama) – 14114,23 (artıq hesablama) +25,72 az hesablama) məbləğində müəyyən olunur. O cümlədən: - mənfəət vergisi üzrə – 25437,57 manat; ÖMV üzrə – 25,72 manat. Ekspert rəyinə əsasən, müəssisə tərəfindən tərtib olunmuş alış aktları (bazardan alınmış mallara dair tərtib olunmuş) qanunvericiliyin tələblərinə uyğun deyildir. Təqdim olunmuş qaimə fakturalar və kassa mədaxil orderləri müəssisənin fəaliyyəti üzrə bütün xərcləri tam əhatə etmir. Məhkəmə hesab edir ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan az hesablanmış verginin məbləği 39551,80 (otuz doqquz min beş yüz əlli bir manat səksən qəpik) manat, artıq hesablanma 14114,23 manat olmuş, nəticədə mənfəət vergisi üzrə – 25437,57 manat; ÖM Vüzrə – 25,72 manat olmaqla, cəmi 25463,29 manat müəyyən olunmuşdur. Həmçinin məhkəmə hesab edir ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan az hesablanmış (azaldılmış) verginin məbləği 39551,80 manat və ÖMV üzrə – 25,72 manat olduğundan həmin məbləğlərin 50% maliyyə sanksiyası da, yəni 39551,80 manatın 50%-i 19775,90 manat, 25,72 manatn 50%-i 12,86 manat olmaqla, cəmi 19788,76 manat maliyyə sanksiyası hesablanmalıdır. Bundan əlavə mübahisələndirilən qərarın inzibati icraat hüququ ilə bağlı olan, yəni formal-hüquqi tərəfinə gəlincə qeyd etmək lazımdır ki, onun qəbulu zamanı icraat qüsurlarına yol verilmişdir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 21.1- 21.2-ci maddələrinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsində göstərilir ki, inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. İstinad olunan qanunvericilik normalarından göründüyü kimi, vergi orqanları vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə qanunla müəyyən edilmiş qaydada baxmalıdırlar. Vergi orqanları inzibati orqan hesab edildiklərindən, onların tərəfindən həyata keçirilən inzibati icraatın hüquqi əsasları, prinsipləri və prosedur qaydaları «İnzibati icraat haqqında» Qanunla müəyyən edilmişdir. «İnzibati icraat haqqında» Qanunda isə (21.2-ci və 51.1-ci maddələr) təsbit edilmişdir ki, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli, işdə onun iştirakını təmin etməli, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməli və bu barədə onların mülahizələrini dinləməlidir. Hazırda baxılan mübahisə üzrə isə inzibati orqan, yəni 9 saylı Ərazi Vergilər İdarəsi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilməsi ilə bağlı icraat barədə vergi ödəyicisinə məlumat verməmiş, aparılan icraatda onun nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə onun mülahizələrini dinləməmişdir. İş materiallarında, aparılan inzibati icraatla bağlı iddiaçıya məlumat verilməsi haqqında hər hansı məlumat yoxdur. Qərarın sonluğunda hüquqi şəxsin rəhbərinin imzasının yoxluğu da aparılan inzibati icraatda onun iştirak etmədiyini təsdiq edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsinə aparılan inzibati icraatla bağlı iddiaçıya məlumat verilməsini təsdiq edən sübutlarını təqdim etmək təklif edilsə də, cavabdehin nümayəndəsi məhkəməyə belə bir sübut təqdim edə bilmədi. Bütün bunlar isə cavabdehin müvafiq inzibati icraatın aparılması və mübahisələndirilən qərarların qəbul edilməsi zamanı qanunvericiliyin tələblərini nəzərə almamasının və həmin tələbləri pozmasının göstəricisidir. «İnzibati icraat haqqında» Qanunun 21.3-cü maddəsində inzibati orqanın maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina etməsinə əsas olan hallar sadalanmışdır. Hazırkı işdə isə həmin maddədə sadalanan hallar yoxdur. «İnzibati icraat haqqında» Qanunun 67.1, 67.2 və 67.3-cü maddələrinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Sadalananlara əsasən, iddiaçının barəsində qəbul edilmiş 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş «vergilərin hesablanması barədə» 25 aprel 2019-cu il tarixli **********181803 saylı qərarı «İnzibati icraat haqqında» Qanunun 67.1-ci maddəsinə əsasən, formal-hüquqi baxımdan qanunsuz sayılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti haqqında 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş 25 aprel 2019-cu il tarixli **********181803 saylı qərar mənfəət vergisi üzrə – 25437,57 manat +ÖMV üzrə – 25,72 manat + hesablanmış 50% maliyyə sanksiyası 19775,90 (39551,80 manatın 50%-i) + 12,86 (25,72 manatın 50%-i) = 45252,05 manat istisna olmaqla, qalan 42409,98 (87662,03-45252,05) manat məbləğində hesablanmış vergi və faizlər hissəsində ləğv edilməli və 42409,98 (qırx iki min dörd yüz doqquz manat doxsan səkkiz qəpik) manat vergi məbləği "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin şəxsi hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Yenə həmin Məcəllənin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikasının İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-68.2-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Yenə həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının nümayəndəsi məhkəmə iclasında ərizə təqdim edərək iş üzrə təyin edilmiş ekspertiza xərclərinin "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən tutulmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən tutulmalıdır. Azərbaycan Respublikası İPM-nin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 68, 69, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. "xxxx" məhdud məsuliyyətli cəmiyyəti haqqında 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş 25 aprel 2019-cu il tarixli **********181803 saylı qərar mənfəət vergisi üzrə – 25437,57 manat +ÖMV üzrə – 25,72 manat + hesablanmış 50% maliyyə sanksiyası 19775,90 (39551,80 manatın 50%-i) + 12,86 (25,72 manatın 50%-i) = 45252,05 manat istisna olmaqla, qalan 42409,98 (87662,03-45252,05) manat məbləğində hesablanmış vergi və faizlər hissəsində ləğv edilsin və 42409,98 (qırx iki min dörd yüz doqquz manat doxsan səkkiz qəpik) manat vergi məbləği "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin şəxsi hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən tutularaq X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba keçirilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-39/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-39/2020
06.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver