Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3931/2024 26.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “1996-1997-ci illərdə İmişli rayonu, Əliqullar kəndində torpaq islahatı vaxtı adam başına düşən pay torpağı normasına uyğun olaraq onlara 3.8 ha torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “1996-1997-ci illərdə İmişli rayonu, Əliqullar kəndində torpaq islahatı vaxtı adam başına düşən pay torpağı normasına uyğun olaraq onlara 3.8 ha torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı1 gəlmiş, cavabdeh İmişli rayon İcra Hakimiyyətinin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə digər iddiaçlar və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. İddiaçılar tərəfindən iddia tələbləri onunla əsaslandırılmışdır ki, onlar ailəlikcə 1989-cu ildən İmişli rayonu Yalavac kənd sakinləridir. Ailələri 5 nəfərdən ibarətdir. Onlar 1997-ci ildə ölkədə gedən torpaq islahatları dövründən bu günə qədər haqları olan pay torpağını ala bilmirlər. Bu barədə dəfələrlə İmişli rayon Yalavac Bələdiyyəsinə müraciət etsələr də müxtəlif bəhanələrlə haqları olan pay torpaqlarının verilməsindən imtina edilmişdir. Qeyd edir ki, İmişli rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-22 RA/2- 183/2023-cü il tarixli məktubundan da görünür ki, İmişli Rayon İHB-nin Rəsullu, Yalavac və Məhəmmədli kəndləri üzrə nümayəndəliyinin 1991-1995-ci illərin 13 nömrəli Təsərrüfatbaşına kitabında 8-ci səhifədə 717-ci şəxs hesabda təsərrüfatın ünvanı Yalavac kəndi olmaqla 5 (beş) nəfər ailə üzvü olmuşdur. Həmin Kitabdan ailə üzvlərinin soyadları, adları, ata adları, birinci yazılan təsərrüfat üzvünə münasibətləri, cinsləri, doğulduğu illəri, milliyyətləri, təhsilləri və iş yerləri haqqında məlumatlar var. Bildirir ki, çoxsaylı kənd camaatı həmin islahat dövründə pay torpağı alsa da onların hüquqları kobud pozulmuşdur. Yuxarıda göstərilənləri nəzərə alsaq “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının qanununun bərabərlik, eyni zamanda etimad hüququnun qorunması prinsipləri kobud şəkildə pozulmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qarar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, idddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Belə ki, iş materiallarında olan İmişli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı “1996-1997-ci illərdə İmişli rayonu Əliqulular kəndində torpaq islahat vaxtı adam başına düşən pay torpağı normasına uyğun olaraq onlara 3,8 ha torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işin icraatı ilə əlaqədar bildiririk ki, İddiaçı1 İmişli rayonunun Əliqulular kəndində anadan olmuş, lakin 1990-cı ildən imişli rayonunun Yalavac kəndinə qeydiyyata düşmüşdür. Yalavac kəndində qeydiyyata olmasına baxmayaraq, o, İmişli şəhəri, Ə.Məmmədov küçəsində məskunlaşmışdır. 1997-ci ildə Yalavac kəndində torpaq islahatı aparılan zaman İddiaçı1 yaşadığı ərazi kolxozun inzibati ərazisinə aid olmadığına görə X2 Komissiyası tərəfindən ona pay torpağının verilməsi nəzərdə tutulmamışdır. İddiaçı1 müraciəti ilə əlaqədar ona izah edilmişdir ki, o, 1996-1997-ci illərdə islahat aparılarkən yaşadığı ərazinin X2 komissiyasına müraciət etməli idi. Respublika Aqrar İslahat Komissiyası, Rayon Aqrar İslahat Komissiyası və X2 Komissiyaları uzun illər əvvəl ləğv edilmişdir. Hazırda ona və ailə üzvlərinə Rayon İcra Hakimiyyəti tərəfindən pay torpağının verilməsi mümkün deyildir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X2 komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə X2 komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X2 komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır. xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki,məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə iddiaçının ərizədə qeyd etdiyi hallara münasibətdə iş materiallarında olan sənədlərə və sübutlara əsaslanaraq müəyyən edir ki, iddiaçının uzun müddətdir ki, ona torpaq ayrılmamasından xəbəri vardır və torpaq islahatından kifayət qədər uzun müddət keçmişdir. Belə ki, iddiaçı 1997-ci ildə ölkədə gedən torpaq islahatından məlumatlı olmuşdur. Əlavə olaraq İddiaçı1 müraciəti ilə əlaqədar İmişli rayon İcra Hakimiyyəti tərəfindən ona izah edilmişdir ki, o, 1996-1997-ci illərdə islahat aparılarkən yaşadığı ərazinin X2 komissiyasına müraciət etməli idi. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçıların mübahisələndirdiyi cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “1996-1997-ci illərdə İmişli rayonu, Əliqullar kəndində torpaq islahatı vaxtı adam başına düşən pay torpağı normasına uyğun olaraq onlara 3.8 ha torpaq sahəsinin ayrılması tələbinə dair inzibati işdən görünür ki, iddiaçıların ölkədə aparılan torpaq islahatından uzun illərdir məlumatı olmuş və Respublika Aqrar İslahat Komissiyası, Rayon Aqrar İslahat Komissiyası və X2 Komissiyaları uzun illər əvvəl ləğv edilmişdir. İddiaçılar iddia ərizəsi ilə isə xx.xx.2024-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddia tələbləri mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-3931/2024 nömrəli hüquqi yardım məktubu ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 yardım edilərək qanunvericiliyin müddətlə bağlı tələbləri, həmçinin müddətin bərpası ilə bağlı ərizənin təqdim edilməsi hüququ izah olunmuşdur. Qeyd edilən hallarla bağlı iddiaçıya yazılı yardımdan əlavə məhkəmə iclasında şifahi yardım göstərilərək İnzibati Prosessual Məcəllənin müddətlə bağlı tələbləri izah edilmişdir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, qanunla müəyyən edilmiş prosessual müddət ötürüldüyündən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “1996-1997-ci illərdə İmişli rayonu, Əliqullar kəndində torpaq islahatı vaxtı adam başına düşən pay torpağı normasına uyğun olaraq onlara 3.8 ha torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “1996-1997-ci illərdə İmişli rayonu, Əliqullar kəndində torpaq islahatı vaxtı adam başına düşən pay torpağı normasına uyğun olaraq onlara 3.8 ha torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-3931/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3931/2024
26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver