Məhkəmə qərarları › İş №2-1(120)-4392/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4392/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4392/2024 04.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “onun öz arzusu ilə Azərbaycan Ordusundan ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 04 dekabr 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Ordusundan ehtiyata buraxılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “İddiaçı öz arzusu ilə Azərbaycan Ordusundan ehtiyata buraxılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafıə Nazirliyi N saylı hərbi hissənin tibb xidməti rəisi kimi xidmət etmiş, tibb xidməti kapitanıdır, xidmətinin 10 ilinin tamamına 1 ay qalmış, yəni-xx.xx.2024-cü il tarixdə (daxilolma nömrəsi 3872) Azərbaycan Respublikası Müdafıə Nazirliyi N saylı hərbi hissənin komandirinə Azərbaycan Ordusundan ehtiyata buraxılmağı ilə bağlı yuxarı komandanlığa vəsatət qaldırılması üçün raport yazmış, Azərbaycan Ordusundan ehtiyata buraxılmağı ilə bağlı rəsmi müraciəti olmasına baxmayaraq daha sonra ona məlum olmuşdur ki, onu Azərbaycan Respublikası Müdafıə Nazirliyi Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Ordusuna məxsus olan N saylı hərbi hissəsinə köçürülmüşdür. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən Hərbi qulluqçular öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili Nümayəndə gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı bəndinə görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: - a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); - b) yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; - v) xəstəliyə görə – hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; - q) ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); - d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə görə dinc dövrdə mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün hərbi xidmətdə olmağın son yaş həddi 48 yaş müəyyən edilir. «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı bəndinə görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılıqlar: - xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); - yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; - öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. Azərbaycan Respublikasının xx.xx.1994-cü il tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi»nin 6cı bəndinə görə hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. Göründüyü kimi, mövcud qanunvericilik müvafiq vəzifələrdə zabit kimi azı 10 il xidmət etmiş zabitlərə öz arzusu ilə ehtiyata buraxılması hüququ nəzərdə tutur və qanuna görə bu hüquqa o, şərtsiz və hərbi xidmətdə olmağın son yaş həddinə çatmasa da malikdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, o cümlədən «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi (və ya onun tabeliyində olan strukturun) tərəfindən onun öz arzusu ilə ehtiyata buraxılmasından imtina olunması qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək, İddiaçı öz arzusu ilə Azərbaycan Ordusundan ehtiyata buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 52-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 81ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı öz arzusu ilə Azərbaycan Ordusundan ehtiyata buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar