Məhkəmə qərarları › İş №2-1(120)-472/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-472/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-472/2024 06.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına salınmaqla Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan, iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizə təqdim edərək və iddianın dəyişdirilərək İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, xx.xx.2000-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 2-ci X2 xx.xx.2017-ci il tarixli müvafiq əmri ilə (xidmət müddəti başa çatdığına görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində müxtəlif hərbi hissələrdə ümumilikdə N (iyirmi) il 6 (altı) ay qüsursuz xidmət etmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Bu məqsədlə (dövlət vəsaiti hesabına mənzillə təmin edilmək üçün) iddiaçının Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə ünvanladığı müraciətə baxldıqdan sonra, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi rəisinin 07 iyul 2022-cı il tarixli, 4046 nömrəli məktubu ilə ona imtina cavabı verilərək, hazırda Azərbaycan Ordusu sıralarında N (iyirmi) təqvim ili qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan şəxslərin mənzil təminatı məsələsinə baxılması və Azərbaycan Ordusu sıralarında xx.xx.2000-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 17 (on yeddi) il 01 (bir) ay 24 (iyirmi dörd) gün xidmət etməyi səbəbindən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanının ona şamil olunmadığı məktubda qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin qeyd edilən cavabı əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən, üç şərt daxilində hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranır: 1 Hərbi qulluqçu ən azı N (iyirmi) təqvim ili və daha çox xidmət etmiş olmalıdır. 2 Hərbi qulluqçu Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş olmalıdır. 3 Xidmət müddətində qüsursuz xidmət etmiş olmalıdır. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün onun adının müvafiq siyahıya daxil edilməsi məsələsinə baxdıqda xx.xx.2000-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi həqiqi hərbi xidmət keçməyim əsas götürülərək adımın müvafiq siyahılara salınmasından imtina edilmiş və xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçdiyim müddət nəzərə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsində Silahlı Qüvvələrin anlayışı verilmişdir: Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən iddiaçının mənzillə təmin olunma hüququnun xx.xx.2017-ci il tarixdə yaranmışdır. Lakin cənab Prezidentin məlum Fərmanının icrası ilə əlaqədar Müdafiə Nazirliyində yaradılmış müvafiq komissiyada iddiaçının müddətli həqiqi hərbi xidmət keçdiyi dövr (Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları) Azərbaycan Ordusunda xidmət müddətinə əlavə edilmədiyindən, ümumi xidməti 17 (on yeddi) il 01 (bir) ay 24 (iyirmi dörd) gün hesab edilərək, dövlət vəsaiti hesabına mənzillə təmin edilməyindən imtina olunmuşdur. Bu imtina cavabını verərkən komissiya Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli 1476 nömrəli Fərmanını rəhbər tutmuşdur. Lakin iddiaçının mənzillə təmin olunma hüququ xx.xx.2017-ci il tarixdə yarandığı üçün 2017-ci ilin fevral ayında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 1-ci bəndində qeyd olunmşdur: Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə, bərabər münasibətə) əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 3-cü bəndində qeyd olunmşdur: Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndində qeyd olunmşdur: Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7-ci maddəsində mülki qanunvericiliyin zamana görə qüvvəsi təsbit edilmişdir. Bu maddədə göstərilir: 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən mənim mənzillə təmin olunma hüququnun xx.xx.2017-ci il tarixdə yarandığı üçün Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli 1476 nömrəli Fərmanının tələbləri ziyanına olaraq iddiaçıya şamil olunmamalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə araşdırmasını əhatə edən iş materialları aşağıdakılardır: İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 4046 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. Azərbaycan Ordusunda 20 təqvim ilindən (xx.xx.2000-xx.xx.2017, 17 il 01 ay 24 gün) az xidmət etdiyi üçün, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ona şamil edilmir. Azərbaycan Ordusu sıralarında 20 təqvim ilindən az xidmət etmiş hərbi qulluqçuların mənzil təminatı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə tənzimlənir. Odur ki, mənzil təminatı iiə bağiı qeydiyyatda olduğunuz rayon icra hakimiyyətinə və ya ərazi aidiyyəti üzrə yerli bələdiyyə orqanına müraciət etməyiniz məqsədə uyğundur. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 710 nömrəli arayışında qeyd edilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsində hərbi vəzifələrin qeydiyyatında olan xx.xx.1976-cı il təvəllüdlü çavuş Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət, xx.xx.2000-ci il tarixdən xx.xx.2017-ci il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən xidmət müddətdi başa çatdığına görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 014t nömrəli vəsiqəsinin surətindən görünür ki, kiçik çavuş İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı ilə təltif olunmuşdur. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 0106t nömrəli vəsiqəsinin surətindən görünür ki, kiçik çavuş İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə təltif olunmuşdur. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 093t nömrəli vəsiqəsinin surətindən görünür ki, kiçik çavuş İddiaçı “Qüsursuz Xidmətə Görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 365 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Qrdusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. İddiaçı Azərbaycan Ordusunda 20 təqvim ilindən (xx.xx.2000-xx.xx.2017, 17 (on yeddi) il 01 (bir) ay 24 (iyirmi dörd) gün) az xidmət etdiyi üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanı ona şamil edilmir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3150 nömrəli məktubundan görünür ki, İddiaçı Azərbaycan Ordusunda 20 təqvim ilindən az xidmət etməsi səbəbindən (xx.xx.2000-ci ildən xx.xx.2017-ci ilədək) Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011 -ci il tarixli 569 nömrəli Fərmanının tələbləri ona şamil olunmadığı üçün adı Müdafiə Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçularının adlı siyahısına daxil edilməmiş və xidmət müddəti ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. İş materiallarında olan 037 saylı Hərbi Hissə komandiri polkovnik-leytenant Cabir Şahbaleyev tərəfindən Fəxri Fərmanla kiçik cavuş İddiaçı hərbi intizamda də döyüş hazırlığında əldə etdiyi nailiyyətlərə görə və “26 iyun Silahlı Qüvvələrin yaranması günü” münasibəti ilə təltif olunmuşdur. İş materiallarında olan 037 saylı Hərbi Hissə komandiri polkovnik-leytenant Cabir Şahbaleyev tərəfindən Fəxri Fərmanla kiçik cavuş İddiaçı hərbi intizamda də döyüş hazırlığında əldə etdiyi nailiyyətlərə görə və “18 oktyabr Dövlət Müstəqilliyi günü” münasibəti ilə təltif olunmuşdur. İş materiallarında olan 037 saylı Hərbi Hissə komandiri polkovnik-leytenant Nəsrəddin İsgəndərov tərəfindən Fəxri Fərmanla kiçik cavuş İddiaçı 26 iyun Silahlı Qüvvələrin yaranmasının 95-ci ildönümü münasibətilə və nümanəvi xidmətinə görə təltif olunmuşdur. İş materiallarında olan 037 saylı Hərbi Hissə komandiri polkovnik-leytenant Nəsrəddin İsgəndərov tərəfindən Fəxri Fərmanla kiçik cavuş İddiaçı N sentyabr hərbi hissənin yaranmasının 15-ci ildönümü münasibətilə, nümanəvi xidmətinə görə təltif olunmuşdur. İş materiallarında olan 037 saylı Hərbi Hissə komandiri polkovnik-leytenant Nəsrəddin İsgəndərov tərəfindən Fəxri Fərmanla cavuş İddiaçı 26 iyun Silahlı Qüvvələrin yaranmasının 96-cı ildönümü münasibətilə və nümanəvi xidmətinə görə təltif olunmuşdur. İş materiallarında olan 037 saylı Hərbi Hissə komandiri polkovnik-leytenant Nəsrəddin İsgəndərov tərəfindən Fəxri Fərmanla cavuş İddiaçı 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü və döyüş hazırlığında yüksək nəailiyyətlər əldə etdiyinə görə təltif olunmuşdur. İş materiallarında olan 037 saylı Hərbi Hissə komandiri polkovnik-leytenant Vasif Ələkbərov tərəfindən Fəxri Fərmanla cavuş İddiaçı döyüş və ictimai-siyasi hazırlığın yüksəldilməsində fərqləndiyinə, hərbi intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə və 26 iyun Silahlı Qüvvələrin yaranmasının 97-ci ildönümü münasibətilə təltif olunmuşdur. İş materiallarında olan 212 saylı Hərbi Hissə komandiri general-mayor Mayis Bərxudarov tərəfindən Fəxri Fərmanla MAHHXHQ cavuş İddiaçı 2016-cı tədria ilinin İİİ rübündə qarşıya qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində və döyüş hazırlığının yüksəldilməsində əldə etdiyi nailiyyətlərə görə təltif olunmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı:

1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli, 333-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Qüsursuz xidmətə görə" medalı haqqında Əsasnamə:

1. “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər.

2. “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Adından da göründüyü kimi, bu təltif dövlət tərəfindən qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur ki, iddiaçı da Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 093t №-li, 24 iyun 2013-cü il tarixli əmri ilə 3-cü dərəcəli medalla, eləcə də “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalları ilə təltif olunmuşdur. Beləliklə, iddiaçının qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi tanındığı yuxarıda qeyd edilən təltiflərlə təsdiq edildiyindən, iddiaçının 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması onu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid etməyə əsas verdiyindən, həmin Fərman ona da şamil edilməlidir. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, İddiaçı Azərbaycan Ordusunda 20 təqvim ilindən (xx.xx.2000-xx.xx.2017, 17 il 01 ay 24 gün) az xidmət etdiyi üçün, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ona şamil edilədiyi üçün imtina etmişdir. Məhkəmə aaşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.2000-xx.xx.2017-ci illər arasında etdiyi xidmət götürülsə də, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidməti nəzərə alınmamışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. - Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. - Yaşına, xəstəliyə görə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş üstünlük hüququna malikdirlər. Eləcə də, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında Azərbaycan Respublikasının Prezidentinin 15 noyabr 2021-ci il tarixli, 1476 nömrəli Fərmanı ilə dəyişikliklər edilmişdir ki, həmin dəyişikliklərə əsasən aşağıdakı məzmunda 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr əlavə edilmişdi: 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.”. Dəyişikliklərdən də göründüyü kimi “qüsursuz xidmət” müddəti dedikdə hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. Qeyd edilən qanunvericiliyə əsasən məhkəmə hesab edir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən hərbi qulluqçularının xidməti qeyd edilmişdir və xidmət dedikdə yalnız müddətdən artıq həqiqi hərbi xidmət deyil, müddətli həqiqi hərbi xidməti də həmin müddətə əlavə edilməlidir. Belə olan halda iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq həqiqi hərbi xidmətinin olduğu müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına salınması üçün qanunvericilikdə göstərilən tələblər tam ödənilir. Eləcə də, iddiaçının bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri (imtinası) qanuni sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçının Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına salınması öhdəliyi qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar