Məhkəmə qərarları › İş №2-1(120)-559/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-559/2020

16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-559/2020 16.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə qarşı «vəzifəli şəxsin hərəkət və ya hərəkətsizliyinin qanunsuz hesab edilməklə 01 iyul 2014-cü il tarixdən 04 aprel 2018-ci il tarixədək əmək pensiyasının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəzifəli şəxsin hərəkət və ya hərəkətsizliyinin qanunsuz hesab edilməklə 01 iyul 2014-04 aprel 2018-ci il tarixlər üçün ona əmək pensiyasının hesablanması və ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X2 rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 28.12.1950-ci ildə Masallı rayonu, Gəyəçöl kəndində anadan olmuşdur və hazırda da həmin kənddə qeydiyyatda olmaqla yaşayır. O, 1968-2005-ci illərdə işləməklə əmək stajı qazanmışdır, işlədiyi illərə dair əmək kitabçası və digər sənədləri vardır və hazırda yaşa görə əmək pensiyası alır. O, 1976-2014-cü illərdə Türkmənistan Respublikasında yaşamış, Türkmənistan Respublikasının vətəndaşı olmuşdur. 01 iyul 2014-cü il tarixdən isə Azərbaycan Respublikasında Miqrasiya Xidmətində qeydiyyata durmuşdur. 4 il Azərbaycan Respublikasında müvəqqəti yaşamış və 04 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuşdur. Lakin onun pensiya almaq hüququ olduğu halda 01 iyul 2014-04 aprel 2018-ci il tarixlərdə ona əmək pensiyası verilməmiş, səbəb kimi isə Azərbaycan Respublikası vətəndaşlığının olmaması göstərilmişdir. Halbuki o, Azərbaycan Respublikasında daimi yaşamağa başladığı vaxtdan 6 ay pensiya almışdır, lakin sonradan əsassız olaraq pensiya verilməsi dayandırılmışdır. Həmçinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində birbaşa təsbit olunmuşdur ki, ölkə ərazisində daimi yaşamaq hüququ olan vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası vətəndaşları ilə bərabər şəkildə pensiya təminatı hüququ vardır və həmin müddəa Dövlət Sosial X2 rayon şöbəsinin ona ünvanlanmış imtina məktubunda da öz əksini tapmış, lakin sonradan onun pensiya hüququnun olmaması göstərilmişdir. Belə olan halda Dövlət Sosial X2 rayon şöbəsi Azərbaycan Respublikasının «Əmək pensiyaları haqqında» qanunvericiliyinin əksinə pensiya təyinatı sahəsində fəaliyyət göstərir. Ona verilmiş imtina məktubunda açıq şəkildə onun pensiya hüququnun olması Dövlət Sosial X2 rayon şöbəsi tərəfindən qanuna əsasən təsdiq olunmuşdur. Lakin əsassız olaraq onun həmin illərə görə pensiya almaq hüququ məhdudlaşdırılmış və pensiya verilməmişdir. Odur ki, məhkəməyə müraciət etmişdir. Cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. İddiaçı və cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 04.04.2018-ci il tarixdə «ASAN-Masallı» tərəfindən verilmiş Seriya AZE 17986860 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, İddiaçı 28.12.1950-ci il tarixdə Masallı rayonu, Gəyəçöl kəndində doğulmuş və Masallı rayonu, Gəyəçöl kəndində qeydiyyatdadır. İş materiallarında olan Masallı Rayon İHB-nin Göyəçöl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07.06.2019-cu il tarixli 251 nömrəli arayışından görünür ki, Dadaşov X1 rayonu, Göyəçöl kəndində yaşayır. İş materiallarında olan Dövlət Sosial X2 rayon şöbəsinin 08.05.2019-cu il tarixli **********4 nömrəli məktubundan görünür ki, 2014-cü ilin 01 iyul tarixindən 2018-ci ilin 04 aprel tarixinədək Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq hüququ olduğu üçün İddiaçı Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla yuxarıda göstərilən dövrlər üzrə əmək pensiyası təminatı hüququ yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin 20.02.2020-ci il tarixli 05/190 nömrəli məktubuna əlavə olunmuş İddiaçı barədə məlumatdan görünür ki, 28.12.1950-ci il təvəllüdlü Türkmənistan Respublikasının vətəndaşı (sənədin nömrəsi: A0206039) İddiaçı 16.01.2015, 16.01.2016, 16.01.2017 və 16.01.2018-ci illərdə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə dair müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 01.06.2020-ci il tarixli 018-5205-1220 nömrəli məktubundan görünür ki, 28.12.1950-ci il təvəllüdlü İddiaçı ilk dəfə 05.04.2018-ci il tarixdə aldığı şəxsiyyət vəsiqəsi ilə 05.04.2018-ci ildən Masallı rayonunun Gəyəçöl kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Onun şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilənədək ölkə ərazisində qeydiyyatı barədə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində məlumat aşkar edilməmişdir. İş materiallarında olan Masallı Rayon Polis şöbəsinin 13.02.2020-ci il tarixli ***- *******0 nömrəli məktubundan görünür ki, 28.12.1950-ci il tarixdə Masallı rayonu, Gəyəçöl kəndində anadan olmuş İddiaçı 05.04.2018-ci il tarixdə Masallı regional «Asan xidmət» mərkəzi tərəfindən ona verilmiş şəxsiyyət vəsiqəsi ilə Masallı rayonu, Gəyəçöl kəndinə qeydiyyata götürülmüşdür. İş materiallarında olan 14.06.2019-cu il tarixli qəbzlə müəyyən olunur ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə bağlı on manat məbləğində dövlət rüsum ödəmişdir Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, iş materialları ilə müəyyən olundu ki, 28.12.1950-ci il təvəllüdlü Türkmənistan Respublikasının vətəndaşı (sənədin nömrəsi: A0206039) İddiaçı 16.01.2015, 16.01.2016, 16.01.2017 və 16.01.2018ci illərdə ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə dair müraciət etmişdir. İlk dəfə 05.04.2018-ci il tarixdə aldığı şəxsiyyət vəsiqəsi ilə 05.04.2018-ci ildən Masallı rayonunun Gəyəçöl kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Hazırda iddiaçı vəzifəli şəxsin hərəkət və ya hərəkətsizliyinin qanunsuz hesab edilməklə 01 iyul 2014-cü il tarixdən 04 aprel 2018-ci il tarixədək ona əmək pensiyasının hesablanıb ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Göründüyü kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda yalnız Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin əmək pensiyası təminatı hüququnun olması nəzərdə tutulmuşdur. İddiaçının 01 iyul 2014-cü il tarixdən 04 aprel 2018-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə almasına dair sübutlar müəyyən olunmadığından iddiaçının ona qeyd edilən dövrlər üzrə əmək pensiyasının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassızdır. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya 01 iyul 2014-cü il tarixdən 04 aprel 2018-ci il tarixədək əmək pensiyasının hesablanıb ödənilməsindən imtina etməkdə haqlı olmuşdur. Məhkəmə, cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin hərəkətlərinin qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə qarşı «vəzifəli şəxsin hərəkət və ya hərəkətsizliyinin qanunsuz hesab edilməklə 01 iyul 2014-cü il tarixdən 04 aprel 2018-ci il tarixədək əmək pensiyasının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75 və 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. İddiaçı cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə qarşı «vəzifəli şəxsin hərəkət və ya hərəkətsizliyinin qanunsuz hesab edilməklə 01 iyul 2014-cü il tarixdən 04 aprel 2018-ci il tarixədək əmək pensiyasının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməsin.

2. Prosessual xərc iddiaçıya aid edilsin.

3. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar