Məhkəmə qərarları › İş №2-1(120)-56/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-56/2020

23.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-56/2020 23.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı nümayəndəsi x1 (ünvan 1 ünvanda yaşayan) və Üçüncü şəxs Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi x6 (Masallı Rayon İHBnin Hüquq şöbəsinin məsləhətçisi, ünvan 3 ünvanda yaşayan) iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı x3rşı «Masallı şəhəri, H.Əliyev prospektində yerləşən mülkiyyətində olan torpaq sahəsində tikilmiş 251,9 kv.metr qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, həmin qeyri-yaşayış binasına dair reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı x3rşı məhkəmədə iddia qaldıraraq Masallı şəhəri, H.Əliyev prospektində yerləşən mülkiyyətində olan torpaq sahəsində tikilmiş 251,9 kv.m qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, həmin qeyri-yaşayış binasına dair reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia tələbi üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Masallı Rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Masallı şəhəri, H.Əliyev prospektində yerləşən ümumi sahəsi 75,1 kv.metr olan qeyri-yaşayış binasını x2 xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında almışdır. Satın aldığı 0,00924 ha torpaq sahəsi üzərində inşa olunmuş 75,1 kv.metr qeyri-yaşayış binası onun xüsusi mülkiyyətində olmaqla bu barədə ona DƏDRX-nin 8 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ******* nömrəli çıxarış verilmişdir. Həmin torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binasını sökərək yerində ümumi sahəsi 251,9 kv.m olan yeni qeyri-yaşayış binası inşa etdirmişdir. Mülkiyyətində olan torpaq sahəsində tikilmiş qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə DƏDRX-nin 8 saylı x7 ərizə ilə müraciət etmişdir. Sonuncu tərəfindən ona xx xxxx 2019-cu il tarixli məktubla cavab verilmiş və müraciətin təmin olunmasından imtina edilməsi qeyd edilərək məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Göründüyü kimi, DƏDRX-nin 8 saylı x9 Masallı şəhəri, H.Əliyev prospektində yerləşən mülkiyyətində olan torpaq sahəsində tikilmiş 252,9 kv.metr qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə müraciətinin təmin olunmasından imtina etmişdir ki, bu imtina da onun məhkəməyə müraciət etməsinə əsas verir. İddiaçının nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddianın həllini məhkəmənin mülahizəsinə buraxaraq, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı x7 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual (bundan sonra İnzibati Prosessual Məcəllə) 62.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı x9 tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, müraciətinizlə əlaqədar Ərazi idarəsinin mütəxəssisi tərəfindən sözügedən qeyri-yaşayış binasına baxış keçirilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsi üzərində əsas sahəsi 75,1 kv.metr olan bina sökülmüşdür. Yeni inşa edilmiş 251,9 kv.metr qeyri-yaşayış binası arxaya sürüşdürülmüşdür. Tikintinin aparılmasına dair icazə barədə Masallı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı, layihə sənədləri və tikintinin başa çatmasına dair istismara icazə sənədi təqdim edilməmişdir. Odur ki, qeyd olunan sənədlərdəki çatışmamazlıqlara görə daşınmaz əmlakın dövlət qeydiyyatına alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə əsasən mümkün olmamışdır. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı x9 tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Masallı şəhəri, Heydər Əliyev prospektində 0,00924 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, ümumi sahəsi 75,1 kv.metr olan qeyri-yaşayış binası İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İş materialında olan Masallı RİHB aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Abbas Mikayılovun xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Masallı şəhəri, Heydər Əliyev prospektində qeyd olunan ərazidə şəhər sakini İddiaçı istifadəsində 2011- 2012-ci illərdə divarları mişar daşından inşa edilmiş, tikintialtı sahəsi 164,0 kv/metr olan, 1 mərtəbəli (+ yarımzirzəmi) qeyri-yaşayış obyekti mövcuddur. Vizual baxış zamanı obyektin tikinti-texniki normalara uyğun inşa edildiyi müəyyən edilmiş və uzun müddət istifadə dövründə obyektin insanların həyatı üçün təhlükə törətməsi barədə rayon İcra hakimiyyətinə heç bir rəsmi məlumat daxil olmamışdır. Sözügedən obyektin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması digər şəxslərin hüquqlarının pozulması ilə əlaqədar heç bir fakt müəyyən edilməmişdir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyində qeyd olunmuşdur ki, kordinatları müəyyən edilmiş torpaq sahəsinin **********04-06301 reyestr nömrəli çıxarışa əsasən azad sahibkar “Tərəqqi” şirkətinin istifadəsində olan yaşayış məntəqələri torpağı olmaqla dövlət mülkiyyətinə aid qeyriyaşayış binası altında yerləşən torpaq sahəsidir, torpaq sahəsi Masallı şəhəri, H.Əliyev prospekti 504B ünvanında yerləşir, torpaq sahəsində qeyri-yaşayış binası olması müəyyən olundu. 5-6-cı sualları cavablandırmaq səlahiyyətlərimizə aid olmadığından cavablandırılmadı. Torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərcləri 119,96 AZN təşkil edir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2010-ci il tarixli 1417 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası Masallı rayon xalq deputatlarının x4 10 nömrəli, xx xxxxxx 1994-cü il tarixli qərarı əsasında “Tərəqqi” şirkətinin tikəcəyi mağazanın (hazırda Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX ******* saylı, **********04-06301 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışı əsasında İddiaçı məxsus tikilinin) tikintisi altına ayrılmış 221 m2 torpaq sahəsinin və faktiki 164 m2qeyri-yaşayış binasının tikili altında olan torpaq sahəsinin hüdudları (koordinatları) mütəxəssis rəyinə əlavə olunmuş planda göstərilmişdir. Torpaq sahəsinin **********04-06301 reyestr nömrəli çıxarışa əsasən Azad sahibkar “Tərəqqi” şirkətinin istifadəsində olan yaşayış məntəqələri torpağı olmaqla dövlət mülkiyyətinə aid qeyri-yaşayış binası altında yerləşən torpaq sahəsidir, torpaq sahəsi Masallı şəhəri, H.Əliyev prospekti 504B ünvanında yerləşir, torpaq sahəsində qeyri-yaşayış binası olması müəyyən olundu. Şəhər sakini İddiaçı istifadəsində 2011- 2012-ci illərdə divarları mişar daşından inşa edilmiş, tikinti altı sahəsi 164,0 m2 olan, 1 mərtəbəli (+ yarımzirzəmi) qeyri-yaşayış obyekti mövcuddur. Vizual baxış zamanı obyektin tikinti-texniki normalara uyğun inşa edildiyi müəyyən edilmiş və uzun müddət istifadə dövründə obyektin insanların həyatı üçün təhlükə törətməsi barədə rayon İcra hakimiyyətinə heç bir rəsmi məlumat daxil olmamışdır. Sözügedən obyektin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması digər şəxslərin hüquqlarının pozulması ilə əlaqədar heç bir fakt müəyyən edilməmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsassızdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). x5 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində ümumi sahəsi 75,1 kv.metr olan birmərtəbəli qeyri-yaşayış binası olmuş, sonradan həmin tikilini sökərək yerində 251,9 kv.metr olan tikili tikmiş və cavabdeh inzibati orqana müraciət edərək yeni qeyri-yaşayış binasına mülkiyyət hüququnun qeydə alınmasını tələb etmiş, lakin cavabdeh sözügedən qeyri-yaşayış binasının tikintisinə dair hüquqmüəyyənedici sənədlər tam şəkildə təqdim edilmədiyindən daşınmaz əmlaka mülkiyyət hüququnun tanınmasından imtina etmişdir. Məhkəmə qeyd edir ki, belə olan halda, yəni mülkiyyət hüququnun qeydə alınması tələb olunan tikili 2011-ci il tarixdən sonra inşa edildiyindən həmin mübahisənin həllində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə əsasən; 11.1. Tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda və aşağıdakı şərtlərin birgə mövcud olduğu hallarda yol verilir: 11.1.1. layihələndirilən obyektin tikintilərin mövcud olduğu ərazilərin hüdudları daxilində tikilməsi nəzərdə tutulduqda; 11.1.2. tikilməsi nəzərdə tutulan obyekt istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğun olduqda. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən; 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.15. Tikintiyə və tikinti obyektinin istismarına icazə verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi” Qaydalarının 3.2-ci bəndinə əsasən, şəhərsalma əsaslandırılması bu Qaydaların 2-ci hissəsinin tələblərinə uyğun işlənilərək dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə yerli icra hakimiyyəti orqanının, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentliyinin, Bakı şəhərinin və digər şəhərlərin inzibati ərazisində isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq edilir. Sadalanan normalardan göründüyü kimi, tikintiyə icazə verilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icazə tələb olunur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı sonradan inşa edilmiş tikinti obyektinin istismarına icazə almaq üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etməmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə, obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən; 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Həmin Qanunun 15.1-15.1.1-ci maddələrinə görə, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Sadalananlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı sonradan inşa etdirdiyi tikinti obyektinin inşasına qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icazə almadığından cavabdeh inzibati orqan tərəfindən iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinin qanuni əsası vardır. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspert rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmə tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsində qeyd olunur ki, ekspert rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə ekspert rəyi ilə razılaşmayaraq qeyd edir ki, təyin olunmuş tikinti-texniki ekspertizasına dair rəydə ekspert, iddiaçıya məxsus torpaq sahəsində qeyd olunan tikilinin tikinti-texniki normalara uyğun inşa olunub-olunmaması, iddiaçının mülkiyyətinə verilməsi üçün istismara yararlı olub-olmaması ilə bağlı qoyulmuş suala yalnız Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinin məhkəməyə ünvanlanmış məktubuna əsaslanmaqla, həmin məktubda qeyd olunanlarla kifayətlənməklə rəy vermişdir. Həmin məktubda Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının memarlıq və tikinti idarəsi tərəfindən yalnız tikiliyə vizual baxış keçirilməklə rəy verilmişdir. Halbuki qeyd olunan tikilinin istismara yararlı olub-olmaması vizual baxışla deyil, tikinti-texniki normaların tələblərinə uyğun olub-olmaması yoxlanılmaqla cavab verilməli idi. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı x3rşı «Masallı şəhəri, H.Əliyev prospektində yerləşən mülkiyyətində olan torpaq sahəsində tikilmiş 251,9 kv.metr qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, həmin qeyri-yaşayış binasına dair reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası rədd edilməlidir. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. İnzibati Prosessual Məcəllənin 110.3-cü maddəsinə əsasən, iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, prosessual xərclər (məhkəmə xərci) – ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat və torpaq sahəsinin inventarlaşdırılmasına dair 119,96 (bir yüz on doqquz manat doxsan altı qəpik) manat məhkəmə xərci İddiaçı tutulmalıdır. İnzibati Prosessual Məcəllənin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı x3rşı «Masallı şəhəri, H.Əliyev prospektində yerləşən mülkiyyətində olan torpaq sahəsində tikilmiş 251,9 kv.metr qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, həmin qeyri-yaşayış binasına dair reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri- 50 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə- büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı-Dövlət xəzinədarlığı agentliyi- Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********, AZ34CTRE******************** hesaba, torpaq sahəsinin inventarlaşdırılmasına dair 119,96 (bir yüz on doqquz manat doxsan altı qəpik) manat Kapital Bank ASC Xətai filialının, filialın kodu 200071, VÖEN (bank) **********, müxbir hesab:AZ37NABZ013501**********1944, SWİFT kod:AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC, VÖEN:**********, AZ23AİİB******************** hesaba keçirilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar