Məhkəmə qərarları › İş №2-1(120)-583/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-583/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-583/2020 07.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Üçüncü şəxs Cavabdeh2, Üçüncü şəxs Cavabdeh3 və X15 nümayəndəsi və vəkili X10 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X42 qarşı “vəfat etmiş X8 adına Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi, (keçmiş X49 küçəsi, ev 17) 17 saylı evə dair çıxarış verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X42, Cavabdeh2, Cavabdeh3 və X18 qarşı “ölmüş şəxsin adına çıxarışın verilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-583/2020 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X42, Cavabdeh2, Cavabdeh3 və X18 qarşı “ölmüş şəxsin adına çıxarışın verilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə Cavabdeh2, Cavabdeh3 və X15 cavabdehlər siyahısından çıxarılması, iddia tələbinə “vəfat etmiş X5 miras qalmış Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi, (keçmiş X49 küçəsi, ev 17) 17 saylı evə ölmuş şəxsin adına çıxarış verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsinin üzərinə qoyulması” kimi baxılması, Cavabdeh2, Cavabdeh3 və X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçıların iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 anaları X20 ilə 1954-cü ildə rəsmi nikaha girərək, ailə həyatı qurmuşdur. Onların birgə nikahından 4 övladları dünyaya gəlmişdir. 1955-ci il təvəllüdlü X21, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı1, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.1959-cu il təvəllüdlü Şamedova (Əliyeva) Gülüstan Arastun qızı. X3 xx.xx.1961-ci il tarixdə Bakı şəhərində “septik endokarut” xəstəliyindən, X4 isə xx.xx.1986-cı il tarixdə “Kəskin miokard infarkt” xəstəliyindən Şirvan şəhərində vəfat etmişdir. X2 məxsus ünvan 1), ev 17 saylı ünvanda yerləşən 1033.0 kv.metr ərazini əhatə edən həyətyanı torpaq sahəsi və torpaq sahəsi üzərində 1970-ci il tarixdə inşa edilmiş ümumi tikinti, sahəsi 113.9 kv.m təşkil edən 2 otaqdan ibarət 1 mərtəbəli fərdi yaşayış evi miras qalmışdır. Həmin ev şəxsi mülkiyyət hüququ ilə atalarına məxsus olmuş və onlara bu barədə xx.xx.1970-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi, X6 Bürosu tərəfindən evin texniki pasportu verilmişdir. X4 rəhmətə gedəndən sonra, miras əmlakı vərəsələrin dördü də faktiki qəbul edib, təsərrüfatı birgə idarə ediblər. Kommunal xərcləri birgə ödəyiblər. Ataları rəhmətə gedəndən 3 il sonra yəni 1989-cu ildə qardaşı İddiaçı2 oglu X33 (Yakutiya) Respublikasının Lensk şəhərinə oxumağa göndərilib, sonra həmin şəhərdə işləyərək orada qeydiyyata düşmüş və Rusiya Federasiyası vətəndaşı olmuşdur. Buna baxmayaraq o, hər il məzuniyyətə gələndə ata mülkünə baş çəkmiş və kommunal xidmətləri ödəmişdir. X1 atası rəhmətə gedəndən 2 il sonra yəni xx.xx.1988-ci il tarixdə X28 ilə rəsmi nikaha girərək, ailə həyatı qurmuş və Əliyeva soyadını qəbul etmişdir. Qanun üzrə vərəsələrdən 1955-ci il təvəllüdlü böyük qardaşları X21 xx.xx.2017-ci il tarixdə ürəyin hipertenriv xəstəliyindən Şirvan şəhərində vəfat etmişdir. Qardaşı vəfat edənədək qanun üzrə vərəsələr ata mülkünü faktiki qəbul edib yaşadıqlarından miras əmlak barədə aralarında hər hansı bir mübahisə olmamışdır. Qardaşları vəfat edəndən sonra, onun uşaqları 1984-cü təvəllüdlü Cavabdeh3 oglu, 1985-ci il təvəllüdlü Cavabdeh2 və 1990-cı il təvəllüdlü X29 vərəsələrlə mübahisə etmişdirlər ki, bu miras əmlak atalarına məxsusdur və o, vəfat edəndən sonra bu əmlak onlara çatmalıdır. Qeyd edir ki, miras əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsindən ötəri Şirvan şəhər 1 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmişlər və notarius vərəsələr arasında mübahisə olduğu səbəbindən miras əmlak üzrə məhkəməyə müraciət etməli olduqları barədə xx.xx.2019-cu il tarixli, 997 nömrəli cavab məktubu göndərmişdir. Bir neçə dəfə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X34 mütəxəssis gətirmişdir ki, miras əmlakın ölçülərini götürsün lakin, qardaşı oğlu Cavabdeh2 və onun qardaşları qanunsuzluq edərək, həmin miras əmlaka daxil olan daşınmaz əmlakın ölçülərini işləməkdə mütəxəssislərə maneçilik etmiş və onları əraziyə buraxmamışdırlar. Qardaşı oğlanları xüsusən də Cavabdeh2 miras əmlakın qanuni vərəsələr arasında bölünməsinə, sənədləşdirilməsinə maneçilik yaradırlar. Bu barədə onlar, DƏDRX-nin 13 saylı X42 ərizə ilə müraciət etmiş və idarədən onlara mütəxəssislərə ölçü işlərində maneçilik yaradıldığı üçün, onların torpaq sahəsinə buraxılmadığı üçün həmin daşınmaz əmlakın sənədləşdirilməsindən imtina edilməsi barədə xx.xx.2020-cu il tarixli, **********86 nömrəli rəsmi cavab verilmişdir. Cavabdehin imtinasını əsassız hesab etdikləri üçün hazırda məhkəməyə müraciət etməli olmuşdurlar. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs Cavabdeh2məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs Cavabdeh3 və X15 nümayəndəsi və vəkili X24 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AZ-T 108899 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.1956-cı il tarixdə Neftçala rayonu, Kürdili kəndində anadan olmuş, ata qrafasında X25 qeyd edilmişdir. İş materiallarında olan İ-NE 225957 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 xx.xx.1957-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, ata qrafasında X25 qeyd edilmişdir. İş materiallarında olan İ-NE ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1959-cu il tarixdə Neftçala rayonunda anadan olmuş, ata qrafasında X25 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə X44 üzrə Nümayəndəliyinin xx xxxxxxxx 2020-ci il tarixli, 463 nömrəli arayışdan görünür ki, mərhum X19 vəfat etdiyi xx.xx.1986-cı il tarixə qədər ünvan 2 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. Nümayəndəlikdə olan məlumatlara əsasən mərhumun ailə tərkibi aşağıdakı kimidir: X16 (həyat yoldaşı, vəfat edib), X21 (vəfat edib), X23 (qeydiyyatlı), X30 (qeydiyyatsız), X9 (qeydiyyatsız). İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şirvan şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli, 997 saylı məktubunda qeyd edilmişdir ki, mərhum X14 vərəsələri Şirvan şəhər 1 saylı Notariat ofisinə miras bölgüsü ilə bağlı müraciət etmişdirlər. Vərəsələrin ərizələri ilə birlikdə hər biri fərdi qaydada Notarius tərəfindən qəbul edilmiş və dinlənilmişdi. Əcnəbi vətəndaş olan (qanun üzrə vərəsə) İddiaçı2 Arastun oğlu ərizəsində göstərmişdir ki, əcnəbi vətəndaş olmağına baxmayaraq israrla mirasdan pay istəmiş, digər qanun üzrə vərəsə İddiaçı1 ərizəsində bildirmişdi ki, miras əmlakda hal-hazirda irsi transmissiya üzrə yaşayan vərəsə arasında mübahisə olduğündan həmin mirasa daxil ola bilmir və sonuncu irsi transmissiya üzrə vərəsə Cavabdeh2 müraciətində bildirmişdir ki, hal-hazırda həmin mirasda yaşamaqla mərhum atasına çatası pay üzrə mirası qəbul edib və yalnız ona bütün mirasa vərəsəlik hüquqi haqqında şəhadətnamənin verilməsini istəmişdir. Vərəsələrin müraciətləri və hər birinin dindirliməsi zamanı məlum olmuşdur ki, vərəsələr arasında mübahisənin və ixtilafın olması açıq aşkar görünməkdədir. Belə olan halda vərəsələrə məhkəməyə müraciət etmələri tövsiyyə olunur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 58134 nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********86 saylı məktubunda qeyd olunmuşdur ki, sizin “Şirvan şəhəri, A.Əhmədov küçəsi, indiki Mahir Mirzəyev küçəsində 0.1033 ha həyətyanı torpaq sahəsinə və üzərində yerləşən 17 nömrəli fərdi yaşayış evinə dair mülkiyyət hüquqları qeydiyyata alınmaqla, qeydiyyat vəsiqəsinin verilibverilməməsi, verilmədiyi halda mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” ilə bağlı xx.xx.2020-ci il tarixli müraciətinizə 13 saylı Şirvan Ərazi idarəsində baxılmışdır. Ərazi idarəsinin elektron və arxiv məlumatları arşdırılmış və müəyyən edilmişdir ki, X17 Şirvan şəhəri, A.Əhmədov küçəsi, indiki Mahir Mirzəyev küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamış və müvafiq olaraq qeydiyyat vəsiqəsi verilməmişdir. Müraciətinizə əsasən sizin sözügedən fərdi yaşayış evi ilə bağlı digər istifadəçilərlə mübahisəniz mövcuddur. Bu səbəbdən torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yerində baxış keçirilməsi və ölçü işlərinin aparılmasına şərait yaratmamısınız. Belə ki, təqdim edilmiş sənədlər əsasında daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının, texniki inventarlaşdırılmasının aparılması, ünvan verilməsi, plan və ölçüsünün hazırlanması məqsədilə Ərazi idarəsinin mütəxəssisləri (mühəndis və texnıklər) tərəfindən sizin iştirakınızla daşınmaz əmlaka baxış keçirilməli və müvafiq olaraq daşınmaz əmlakın həmin tarixə mövcud texniki vəziyyətini, habelə torpaq sahəsinin sərhədləri və qonşuluqları barədə məlumatları əks etdirən müayinə aktı, texniki pasport, plan və ölçü hazırlanmasından ötrü işlər aparılması zəruridir. Məlumat üçün bildiririk ki, üzərində mübahisə qeydə alınmış daşınmaz əmlaka, mübahisə məhkəmə qaydasında öz həllini tapdıqdan sonra mülkiyyət hüququ dövlət qeydiyyatına alınır. O cümlədən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunur. Odur ki, hüququn dövlət qeydiyyatı üçün zəruri olan daşınmaz əmlaka yerində keçirilməli olan baxış və ölçmə işlərinin aparılmasına şərait yaratmamağmız səbəbindən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İş materiallarında olan “Əli-Bayramlı şəhərinin keçmiş rayon mərkəzində tikilmiş evlərin və torpaq sahələrinin həmin sahələrdə yaşayan vətəndaşların adına sənədələşdirilməsi haqqında” Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx xxx 1984-cü il tarixli iclasının 11 nömrəli protokolundan çıxarışdan görünür ki, A.Əhmədov küçəsi, 17 nömrəli sahədə tikilmiş, 1 mərtəbəli, 3 otaqlı fərdi ev və 600 kv.m torpaq sahəsi Cavabdeh3 adına sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X7 tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” 2043 inventar nömrəli, xx.xx.1970-ci il tarixli pasportdan görünür ki, Əli-Bayramlı şəhəri, A.M.Əhmədov küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinə dair X8 adına pasport tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə X44 üzrə Nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli, 299 nömrəli arayışdan görünür ki, M.Mirzəyev küçəsi, (keçmiş X49 küçəsi, ev 17) ev 17 ünvanında fərdi yaşayış evi mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi, (keçmiş X49 küçəsi, ev 17) 17 saylı evə dair X8 adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X7 tərəfindən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” 2043 inventar nömrəli, xx.xx.1970-ci il tarixli pasport verilmişdir. İddiaçılar sözügedən pasportu rəhbər tutaraq həmin fərdi yaşayış evi üzərinə X8mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və bu barədə onun (X8) adına çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan fərdi yaşayış evinə yerində baxış keçirilməsi və ölçü işlərinin aparılmasına şərait yaradılmamasını əsas gətirilərək, mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir.Hazırda iddiaçılar Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi, (keçmiş X49 küçəsi, ev 17) 17 nömrəli sahədə tikilmiş, fərdi yaşayış evinə X8 mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və bu barədə onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın1.11-ci maddəsində qeyd edilir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak üzərində hüququn əldə edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1).2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 8.0.5). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksinə, Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi, (keçmiş X49 küçəsi, ev 17) 17 saylı evə dair X8 adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X7 tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” 2043 inventar nömrəli, xx.xx.1970-ci il tarixli pasport verilmişdir. Həmin sənəd qüvvədədir və ləğv olunmamışdır, eyni zamanda yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə hüquqların qeydiyyata alınması üçün əsasdır. Qeyd olunan sənədin qeyridəqiqliyi, sənəddə nöqsan olması, onun saxtalığı və digər bu kimi halların mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməlidir. Ümumiyyətlə cavabdeh tərəfindən həmin sənədin mötəbərliyi mübahsiələndirilməmişdir. Ona görə də, yuxarıda göstərilən səbəblərdən, məhkəmə hesab edir ki, Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi, (keçmiş X49 küçəsi, ev 17) 17 saylı fərdi yaşayış evinə X8 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi ilə bağlı iddiaçının ilkin müraciətindən cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və yahüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X42 qarşı “vəfat etmiş X8 adına Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi, (keçmiş X49 küçəsi, ev 17) 17 saylı evə dair çıxarış verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyindən İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi təmin edilsin. Vəfat etmiş X8 adına Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi, (keçmiş X49 küçəsi, ev 17) 17 saylı evə dair çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar