Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-653/2024 04.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı və onun vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “Bakı Menecment Universitetini bitirməyinə dair adına yazılmış A-1 № 0069 saylı diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 04 iyun 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Menecment Universitetini bitirməyinə dair adına yazılmış A-1 № 0069 saylı diplomun tanınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, Biləsuvar rayonunun Günəşli kəndində yaşayır. 1993-cü ildə Bakı şəhərində fəaliyyət göstərən Bakı Ali Menecer Kollecinə daxil olmuş, 1995-ci ildə həmin Kollec Bakı Menecment Universiteti kimi təşkil olundu. 1997-ci ildə həmin Universiteti bitirmişdir. Oxuduğu illərdə təhsil haqlarını köçürmüşdür. Bundan başqa tələbə bileti, Məqbul Kitabçası olmuşdur. Məqbul kitabçasında illər üzrə verdiyi imtahanlar və imtahanları qəbul edən müəllimlərin adları və aldığı qiymətlər öz əksini tapmışdır. 1997-ci ildə o, Bakı Menecment Universitetini bitirdi və ona həmin Universitetin A-1 0069 saylı diplomu verildi. Həmin Universitetdə ali təhsil aldığına görə o, 1 il müddətə hərbi xidmətə çağırıldı. 1 il müddətə də hərbi xidmət keçdi. Universiteti bitirdikdən sonra müxtəlif idarələrdə işləmiş, 2003-cü ildən Biləsuvar rayon İHB-nın Günəşli kənd İcra nümayəndəsinin müavini vəzifəsinə təyin edilmişdir. İcra sturukturunda işləməklə ona 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 2021-ci ilin dekabr ayına kimi, yəni 19 il kənd İcra Nümayəndəliyində müavin işləmişdir. Göstərilən tarixdə Təhsil Nazirliyi məktub göndərmişdir ki, onun doplomunun hüquqi əsası yoxdur. Təhsil Nazirliyinin məktubundan belə çıxır ki, ümumiyyətlə o, Universiteti bitirməmiş və onun diplomu saxtadır. Halbuki, onun təhsil aldığı Universitet Bakı şəhərində yerləşir, onun tələbə bileti, ödəniş çekləri, Məqbul kitabçası da qalmışdır. Onun təhsil aldığı müəssisə ilə Təhsil Nazirliyi arasında hansısa mübahisənin ona nə aidiyyəti vardır və yaxud təhsil aldığı müəssisə arxiv sənədlərini və digər qeydləri Təhsil Nazirliyinə verməmişsə buna məgər o cavabdehdirmi? Hazırda həmin məktuba əsasən 19 il dövlət qulluqçusu kimi işlədiyi peşəsindən və işindən olmuşdur. Digər tərəfdən onun diplomunun hüquqi əsası yox idisə onu niyə 2003-cü ildə İcra Hakimiyyətində işə götürürdülər və 19 il işləyərkən ona 2-ci dərəcəli dövlət qulluqçusu ixtisası verirdilər.? Hesab edir ki, Təhsil Nazirliyinin məktubunun heç bir hüquqi əsası yoxdur. Adı çəkilən məktubla əlaqədar onun Konstitision hüquqları pozulmuşdur. Təhsil Nazirliyinə müraciət etsə də, bu günə kimi tələbinə cavab verilməmişdir. Cavabdeh təşkilatların təqsiri üzündən onun hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iş üzrə İddiaçı Bakı Menecment Universitetində təhsil almış və oranı 1997-ci ildə bitirərək adına A-1-0069 saylı diplom blankı verilmişdir. Lakin, sonradan məlum olmuşdur ki, ona məxsus diplomun hüquqi əsası yoxdur və həmin diplom dövlət nümunəli təhsil sənədi deyil. Məlumat üçün bildirirlər ki, iddiaçı özünə məxsus diplomun tanınması ilə bağlı inzibati orqana müraciət etməmiş, lakin buna baxmayaraq, cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, Nazirliyə qarşı iddiaçının tələbinin hüquqi əsası yoxdur. Belə ki, 07 oktyabr 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 2-ci maddəsinə əsasən, dövlətin təhsil siyasətinin əsas prinsiplərindən biri, hüquqi baxımdan hamının dövlət standartı çərçivəsində təhsil almaq imkanına malik olmasıdır. Həmin Qanunun 8-ci maddəsinə görə, “təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir”. Həmin dövrdə qüvvədə olan normativ-hüquqi aktlardan göründüyü kimi, təhsil müəssisəsi məzunlara verdiyi diplomların nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda, müəssisə bunu özü etmiş və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd Universitetə təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş diplomun sürətindən görünür ki, təhsil müəssisəsi məzunlara diplomları verərkən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsinin tələblərinə əməl etməmiş və bununla da məzunların hüquqlarını kobud şəkildə pozmuşdur. Bu Qanunun 13-cü maddəsində qeyd edilir ki, “təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alır. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası höküməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4 Komissiyası haqqında” Əsasnaməyə əsasən, Ekspert Komissiyyası təhsil müəssisəsinin fəaliyyəti üçün zəruri olan sənədləri və maddi-texniki bazasını yoxlayır. Yoxlamaların nəticəsi üzrə Ekspert Komissiyasının əsaslandırılmış qərarı çıxarılır və Təhsil Nazirliyinə təqdim olunur. Xalq Təhsili Nazirliyinin səlahiyyətinə müvafiq tədris müəssisələri üzrə müsbət qərarı olduqda bu tədris və ya tərbiyə müəssisəsi Dövlət reyestrinə daxil edilir və müvafiq sertifikat verilir. Təhsil müəssisəsi ilə bağlı müsbət qərar qəbul edildikdən sonra Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. Nazirlər Kabinetinin qərarından sonra bu tədris müəssisələri qeydə alınmış hesab olunur, mövcud qaydada Dövlət reyestrinə daxil edilir və hansı mütəxəssislərin hazırlanacağını əks etdirən sertifikat verilir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən göründüyü kimi, Menecment Universiteti dövlət reyestrinə daxil edilməmiş və fəaliyyət göstərməsi üçün sertifikat almamışdır. Məlumat üçün bildiririk ki, həmin dövrdə təhsil müəssisələri hüquqi şəxs kimi, ədliyyə orqanlarında dövlət qeydiyyatına alınırdılar. Digər tərəfdən 1990-cı illərdən sonra dövlət qeydiyyatından keçən təhsil müəssisələrinin qeydiyyat sənədləri Ədliyyə Nazirliyində reyestrə daxil edilmiş və hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında” xx.xx.1993-cü il tarixli 413 nömrəli Qərarının 7-ci bəndinə əsasən, dövlət qeydiyyatından keçib sertifikat almamış özəl təhsil müəssisələrinin fəaliyyəti qeyri-qanuni və bu tədris müəssisələrinin verdiyi təhsil sənədləri etibarsız sayılır. Qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, Universitet fəaliyyət göstərərkən, onun fəaliyyət göstərməsi üçün əsas olan hüquq normalarına əməl etməmiş və bunun nəticəsi olaraq orada aparılan təhsilin hüquqi əsası olmamışdır. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, hüquqi şəxslərin dövlət qeydiyyatı-Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xaric hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reystrinə daxil edilməsidir”. Qanunun bu normasından göründüyü kimi, yuxarıda qeyd edilən təhsil müəssisəsi dövlət qeydiyyatına alınmadığından onun hüquqi statusu olmamış və habelə bunun məntiqi nəticəsi olaraq hüquq qabiliyyətinə malik olmamışdır. Ona görə də, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərini pozmaqla fəaliyyət göstərən təhsil müəssisəsinin vermiş olduğu hər hansı təhsil sahəsi üzrə diplom Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd kimi tanına bilməz. Qeyd olunanlardan göründüyü kimi, AR Təhsil Nazirliyində həmin Universitetin fəaliyyəti barədə hər hansı bir məlumat mövcud deyil. Digər tərəfdən qeyd edilən normativ-hüquqi aktların məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası ali təhsil müəssisəsi tərəfindən məzunlara verilən diplom blanklarının dövlət nümunəli təhsil sənədi kimi tanınması Təhsil Nazirliyinin funksiyasına daxil deyildir. Belə olan halda iddiaçının adına yazılmış diplom blankının tanınması öhdəliyinin nazirliyin üzərinə qoyulmasının hüquqi əsası yoxdur. Eyni zamanda bildiririk ki, Təhsil Nazirliyi tərəfindən məzunlara verilmiş diplom blankının tanınması ilə bağlı qanunvericilikdə hər hansı bir norma mövcud deyildir. AR İnzibati Prosessual Məcəllənin 73.3-cü maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uygun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirilməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verdikdə; Qeyd olunan qanunun bu tələbindən göründüyü kimi, təqdim olunmuş diplomların qanuni və ya qanunsuz olmasını müəyyən etmək səlahiyyəti bilavasitə Təhsil Nazirliyinə aid edilmişdir. Digər tərəfdən qanunsuz fəaliyyət göstərən təhsil müəssisəsinin verdiyi diplom blankı qanuni və dövlət nümunəli təhsil sənədi hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və onun vəkili X2 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan, Biləsuvar rayon Polis Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən, 06 iyun 1997-ci il tarixli, A-L 0069 qeydiyyat nömrəli diplomdan, xx.xx.1993-cü il tarixli, 140 nömrəli tələbə vəsiqəsinin və məqbul kitabçasının təsdiq olunmuş surətlərindən, müvafiq qaydada təsdiq olunmuş hesab-faktura və ödəniş qəbzlərinin surətlərindən, xx.xx.2022-ci il tarixli, 782 nömrəli arayışdan, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən müəyyən edilir ki, Biləsuvar rayonunun Günəşli kəndində doğulmuş və həmin kənddə yaşayan İddiaçı Gülhüseyin oğlu 1993-cü ildə Bakı Menecment Universitetinin maliyyə, bank işi və marketinq fakültəsinə daxil olmuş, 1997-ci ildə həmin fakültəni mühasibat uçotu ixtisası üzrə bitirmiş və ona mühasib ixtisası verilmiş, təhsil aldığı müddətdə ona tələbə vəsiqəsi və məqbul kitabçası verilmiş, təhsil haqqını ödəmiş, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçmiş, 2003-cü ildən Biləsuvar rayon İHB-nın Günəşli kənd İcra nümayəndəsinin müavini vəzifəsinə təyin edilmiş, icra sturukturunda işləməklə ona 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, 2021-ci ilin dekabr ayına kimi, yəni 19 il kənd icra nümayəndəliyində müavin işləmişdir. İddiaçı Bakı Menecment Universiteti tərəfindən ona verilən 06 iyun 1997-ci il tarixli, A-L 0069 qeydiyyat nömrəli diplomun cavabdeh inzibati orqan tərəfindən tanınmalı olduğunu iddia edir və bunu həmin təhsil müəssisinin dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsində, həmçinin, ona verilən diplom blankının nümunəsinin qanunvericiliyə uyğun təsdiq edilməməsində təqsirli olmaması ilə əsaslandırır. Cavabdeh isə iddiaya qarşı etirazında bildirir ki, iddiaçının 1993-1997-ci illərdə təhsil aldığı Bakı Menecment Universiteti dövlət qeydiyyatına alınmadığından onun hüquqi statusu olmamış, bunun nəticəsi olaraq hüquq qabiliyyətinə malik olmamışdır. Həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərini pozmaqla fəaliyyət göstərən təhsil müəssisəsinin vermiş olduğu hər hansı təhsil sahəsi üzrə diplom dövlət nümunəli sənəd kimi tanına bilməz. Belə ki, iddiaçının təhsil illərində qüvvədə olan 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 8-ci maddəsinə əsasən, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Lakin iddiaçıya məxsus diplom blankının nümunəsi qanunvericiliyə uyğun deyildir. Belə ki, qanunvericiliyin tələbinə görə, ali təhsil müəssisələrinin məzunlarına verilən diplom blankının nümunəsi hökümət tərəfindən təsdiq edildiyi halda, BMU-nin məzunlarına verilən diplom blankının nümunəsi həmin təhsil müəssisəsi tərəfindən təsdiq edilmişdir. Bu da qanunvericiliyin tələbinin kobud şəkildə pozulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı Bakı Menecment Universitetində təhsil aldığı 1993-1997-ci illərdə qüvvədə olmuş 07 oktyabr 1992-ci il tarixli, 324 nömrəli “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 2-ci maddəsinə əsasən, dövlətin təhsil siyasətinin əsas prinsiplərindən biri, hüquqi baxımdan hamının dövlət standartı çərçivəsində təhsil almaq imkanına malik olmasıdır. Həmin Qanunun 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, “təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alır. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası höküməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4 Komissiyası haqqında” Əsasnaməyə əsasən, Ekspert Komisiyyası təhsil müəssisəsinin fəaliyyəti üçün zəruri olan sənədləri və maddi-texniki bazasını yoxlayır. Yoxlamaların nəticəsi üzrə Ekspert Komissiyasının əsaslandırılmış qərarı çıxarılır və Təhsil Nazirliyinə təqdim olunur. Xalq Təhsili Nazirliyinin səlahiyyətinə müvafiq tədris müəssisələri üzrə müsbət qərarı olduqda bu tədris və ya tərbiyə müəssisəsi Dövlət reyestrinə daxil edlir və müvafiq sertifikat verilir. Təhsil müəssisəsi ilə bağlı müsbət qərar qəbul edildikdən sonra Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. Nazirlər Kabinetinin qərarından sonra bu tədris müəssisələri qeydə alınmış hesab olunur, mövcud qaydada Dövlət reyestrinə daxil edilir və hansı mütəxəssislərin hazırlanacağını əks etdirən sertifikat verilir. Göründüyü kimi, qanunverici təhsil müəssisələrinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçərək hüquqi şəxs statusu almasını və fəaliyyət hüququ verən sertifikata malik olmasını tələb edir. İş materiallarına, o cümlədən işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/2-11- 2684/2024 və xx.xx.2024-cü il tarixli, 3-16-5/2-11-3233/2024 nömrəli məktublarına əsasən, Bakı Menecer Kolleci və Bakı Menecment Universiteti həmin dövrdə hüquqi şəxs kimi, ədliyyə orqanlarında dövlət qeydiyyatına alınmamış, bu təhsil müəssisəsinin qeydiyyat sənədləri Ədliyyə Nazirliyində reyestrə daxil edilməmiş və hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmamış, həmçinin, fəaliyyət hüququ verən sertifikata malik olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında” xx.xx.1993-cü il tarixli 413 nömrəli Qərarının 7-ci bəndinə əsasən, dövlət qeydiyyatından keçib sertifikat almamış özəl təhsil müəssisələrinin fəaliyyəti qeyri-qanuni və bu tədris müəssisələrinin verdiyi təhsil sənədləri etibarsız sayılır. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Bakı Menecment Universiteti fəaliyyət göstərərkən, onun fəaliyyət göstərməsi üçün əsas olan hüquq normalarına əməl etməmiş və bunun nəticəsi olaraq orada aparılan təhsilin hüquqi əsası olmamışdır. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, hüquqi şəxslərin dövlət qeydiyyatı- Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xaric hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reystrinə daxil edilməsidir”. Qanunun bu normasından göründüyü kimi, Bakı Menecment Universiteti təhsil müəssisəsi kimi dövlət qeydiyyatına alınmadığından onun hüquqi statusu olmamış, habelə bunun məntiqi nəticəsi olaraq hüquq qabiliyyətinə malik olmamış, sonda qanunvericiliyin tələbinə əsasən fəaliyyəti qeyri-qanuni və bu tədris müəssisəsinin verdiyi təhsil sənədləri etibarsız olmuşdur. Digər tərəfdən, “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun (07 oktyabr 1992ci il tarixli, 324 nömrəli) 8-ci maddəsinə görə, “təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir”. İddiaçı Bakı Menecment Universitetində təhsil aldığı 1993-1997-ci illərdə qüvvədə olmuş normativ-hüquqi aktlardan göründüyü kimi, təhsil müəssisəsinin məzunlara verdiyi diplomların nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda, müəssisə bunu özü etmiş və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd Universitetə təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş diplomun sürətindən görünür ki, təhsil müəssisəsi tərəfindən məzunlara diplomlar verilərkən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsinin tələblərinə əməl edilməmiş və bununla da məzunların hüquqları kobud şəkildə pozulmuşdur. Bakı Menecment Universitetinin dövlət qeydiyyatı və fəaliyyətinə icazə hüququ verən sənədi olduğu təqdirdə belə, məhkəmə hesab edir ki, iddiaçının həmin təhsil müəssisəsində təhsil aldığı 1993-1997-ci illərdə qüvvədə olmuş normativ-hüquqi aktların tələbinə görə təhsil müəssisəsinin məzunlara verdiyi diplomların nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq edilmədiyindən dövlət nümunəli təhsil sənədi hesab oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesb edir ki, İddiaçı Bakı Menecment Universitetində təhsil aldığı 1993-1997-ci illərdə qüvvədə olmuş normativ-hüquqi aktların tələblərini pozmaqla fəaliyyət göstərən təhsil müəssisəsinin vermiş olduğu 06 iyun 1997-ci il tarixli, A-L 0069 qeydiyyat nömrəli diplom Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd kimi tanına bilməz və həmin təhsil sənədinin tanınması öhdəliyinin nazirliyin üzərinə qoyulması tələbinin hüquqi əsası olmadığı üçün cavabdeh inzibati orqan tərəfindən iddiaçıya məxsus 06 iyun 1997-ci il tarixli, A-L 0069 qeydiyyat nömrəli diplomun tanınmasına münasibətdə qanunvericiliyin tələblərinin pozulması halına yol verilməmişdir. Odur ki, iddiaçının müraciətinin təmin olunmaması barədə cavabdeh təşkilatın gəldiyi nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “Bakı Menecment Universitetini bitirməyinə dair adına yazılmış A-1 № 0069 saylı diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78–79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “Bakı Menecment Universitetini bitirməyinə dair adına yazılmış A-1 № 0069 saylı diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-653/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-653/2024
04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver