Məhkəmə qərarları › İş №2-1(120)-770/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-770/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-770/2025 07.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “fərdi hesabında toplanmış sığorta kapitalı, vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar, müavinətlər, məzuniyyət pulu, son haqq-hesab kompensasiya büdcə, büdcədən kənar, digər (VMƏ) büdcədənkənar vəsaitlər hesabına topalanmış vəsaitlər daxil olmaqla “Əmək Pensiyaları” haqqında Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fərdi hesabında toplanmış sığorta kapitalı, vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar, müavinətlər, məzuniyyət pulu, son haqq-hesab kompensasiya büdcə, büdcədən kənar, digər (VMƏ) büdcədənkənar vəsaitlər hesabına topalanmış vəsaitlər daxil olmaqla “Əmək Pensiyaları” haqqında Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi orqanlarında uzun müddət xidmət etdikdən sonra xidmətdə olmanın son yaş həddimə çatdığına görə xidmətinə xitam verilib. Xidmətinə xitam verildikdən sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər idarəsinin təqdim etdiyi Əmək Pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün arayışına əsasən ona, vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar, müavinətlər, məzuniyyət pulu, son haqq-hesab kompensasiya büdcə, büdcədən kənar, digər (VMƏ) büdcədənkənar, formalaşan ümumi əmək haqqından pensiya təyin edilib. Yuxarıda qeyd edilənlərə əsasən onun pensiyası yenidən aşağıdakı qaydada fərdi hesabına toplanmış sığorta kapitalı, büdcədənkənar vəsaitlər hesabına toplanmış vəsaitlər daxil olmaqla “Əmək Pensiyaları” haqqında Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi ona tam məbləğdə ödənilməklə pensiyasının yenidən hesablanması, büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər daxil edilməklə yenilənmiş məlumat vərəqəsinin Fonda ötürülməsini təmin etməklə pensiyasının yenidən hesablanması barədə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-M-2783/2023 saylı imtina məktubunu xx.xx.2023-cü il tarixdə almışdır. İmtina məktubunda qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinə uyğun olaraq vergi orqanları əməkdaşlarının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Yuxarıda qeyd olunanlara əsasən fərdi hesabında toplanmış sığorta kapitalı, vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar, müavinətlər, məzuniyyət pulu, son haqq-hesab kompensasiya büdcə, büdcədən kənar, digər (VMƏ) büdcədənkənar vəsaitlər hesabına toplanmış vəsaitlər daxil olmaqla “Əmək Pensiyaları” haqqında Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilməklə pensiyanın yenidən hesablanması öhdəliyini cavabdehin üzərinə qoyulması həvalə edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Hacıqabul rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İş materiallarında olan Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-278389/2023 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 8 sentyabr 2023-cü il tarixli 3-17-1/2-M- 207023/2023 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 6 noyabr 2023-cü il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bir daha bildiririk ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən vergi orqanlarının sabiq əməkdaşlarının əmək pensiyasına əlavələr qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqısının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında Qanunun 20.30-cu maddəsinə uyğun olaraq vergi orqanları əməkdaşlarının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Qeyd olunanları nəzərə alaraq, sizə 26 may 2023-cü il tarixində (2 aprel 2023-cü il tarixindən hesablanmaqla) “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 29 il 29 gün qulluq illərinizə uyğun olaraq vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın-1150,05 manatın (Mərkəzi Filiala təqdim etdiyiniz əmək haqqınız barədə arayışda göstərilən ümumilikdə ödənilmiş 52707,84 manatdan büdcədənkənar pul vəsaitləri hesabına ödənilmiş 25106,51 manat çıxıldıqdan sonra qalan pul vəsaitinin 27601,33 manat 24-ə olan nisbəti) 80 faizi-920,04 manat məbləğində vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilərək müvafiq kart hesabınıza köçürülür. Əlavə olaraq bildiririk ki, əmək pensiyanızın yenidən hesablanması haqqında sizə 5 iyul 2023-cü il tarixli 3-17-1/2-M-149160/2/2023 nömrəli və 8 sentyabr 2023-cü il tarixli 3-17-1/2-M- 207023/2023 məktublarla ətraflı məlumat verilib. İş materiallarında olan NT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış, fasilələrlə əmək fəaliyyətini xx.xx.2023-cü il tarixədək davam etdirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-11498/2023 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə 524 manat 34 qəpik əmək pensiyası təyin olunmuş, daha sonra xx.xx.2023-cü il tarixdən əmək pensiyası yenidən hesablanaraq 920 manat 04 qəpik müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-124818/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Şirvan İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək “pensiyanın yenidən hesablanması” öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı ərizəsinin əsasları kimi qeyd edir ki, fərdi hesabında toplanmış sığorta kapitalı, vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar, müavinətlər, məzuniyyət pulu, son haqq-hesab kompensasiya büdcə, büdcədənkənar, digər (VMƏ) büdcədənkənar vəsaitlər hesabına toplanmış vəsaitlər daxil olmaqla “Əmək pensiyaları” haqqında Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilməklə pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı cavabdehin hərəkətlərini qanunsuz və əsassız hesab edir. İddiaçı sonuncu dəfə əmək pensiyasının yenidən hesablanması tələbi ilə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra-Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən vergi orqanlarının sabiq əməkdaşlarının əmək pensiyasına əlavələr qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqısının orta aylıq məbləğindən, pensiya təyinatı tarixədək əmək haqqındakı sonraki artımlar da nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda bildiririk ki, "Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinə uyğun olaraq vergi orqanları əməkdaşlarının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Qanunun 20.11-ci maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən vergi orqanlarının sabiq əməkdaşlarının əmək pensiyasına əlavələr qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqısının orta aylıq məbləğindən, pensiya təyinatı tarixədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya 26 may 2023-cü il tarixdə (2 aprel 2023-cü il tarixdən hesablanmaqla) “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 29 il 29 gün qulluq illərinizə uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqının 1150,05 manatın (Mərkəzi Filiala təqdim etdiyi əməkhaqqı barədə arayışda göstərilən ümumilikdə ödənilmiş 52707,84 manatdan büdcədənkənar pul vəsaitləri hesabına ödənilmiş 25106,51 manat çıxıldıqdan sonra qalan pul vəsaitinin 27601,33 manat 24-ə olan nisbəti) 80 faizi-920,04 manat məbləğində vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilərək ödənilir. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçının qanunla qorunan mənafelərinə hər hansı qanunsuz müdaxilə olmamışdır. Tətbiq edilməli hüquq: Əmək pensiyaları haqqında Qanun: Cavabdeh Qanunun 20.30-cu maddəsinə istinad edərək iddiaçının əmək pensiyasını yenidən hesablayarkən büdcədənkənar vəsaitlər hesabına verilən ödənişləri nəzərə almamışdır. Bundan əlavə iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-M- 149160/2023 nömrəli məktubla 26 may 2023-cü il tarixdə (2 aprel 2023-cü il tarixdən hesablanmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.11.2ci maddəsinə əsasən 29 il 29 gün qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqının (1150,05 manat) 80 faizi-920,04 manat məbləğində vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmiş, həmçinin cari ilin aprel (29 gün üçün), may və iyun ayları üzrə iddiaçıya ödənilməli olan 1173,90 manat fərq məbləği hesablanmışdır. Həmin 1173,90 manat pul vəsaitinin cari aydan etibarən hissə-hissə (hər ay 391,90 manat) əmək pensiyasının (920,04 manat) üzərinə əlavə olunaraq ödənilməsi həyata keçirilir. İddiaçı hazırda bununla razılaşmır və fərdi hesabında toplanmış sığorta kapitalı, vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar, müavinətlər, məzuniyyət pulu, son haqq-hesab kompensasiya büdcə, büdcədənkənar, digər (VMƏ) büdcədənkənar vəsaitlər hesabına toplanmış vəsaitlər daxil olmaqla “Əmək pensiyaları” haqqında Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilməklə pensiyasının yenidən hesablanmasını xahiş edir. Belə ki, 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 20.30-cu maddə əlavə edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən əlavə edilən maddə xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir. Əlavə edilən 20.30-cu maddəyə görə, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Cavabdeh orqan iddiaçının əmək pensiyasını hesablayarkən bu normaya istinad edərək iddiaçıya büdcədənkənar vəsaitlər hesabına verilmiş ödənişləri nəzərə almamaqda maddi hüquq normasını düzgün tətbiq etmişdir. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İPM 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı “pensiyanın yenidən hesablanması” tələbinə dair 2-1(120)- 2539/2024 nömrəli iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. İş materiallarında olan Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-145839/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı ümumi iş stajı 43 il 5 ay 11 gün ( xx.xx.1979- xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Eyni zamanda bildiririk ki, adıçəkilən şəxsin 2 aprel 2023-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 56970,75 manat təşkil edir. Əlavə olaraq bildiririk ki, sorğuda qeyd edilən-X1 Mərkəzi Filial tərəfindən hər hansı növ əmək pensiyası ödənilmir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-12/2-M-3xxxx/2025 nömrəli məktubunda qeyd olunmuşdur ki, 5 saylı Ərazi Vergilər İdarəsinin sabiq işçisi İddiaçı daxil olmuş ərizəyə 5 saylı Ərazi Vergilər İdarəsinin Mühasibatlıq şöbəsində baxılmışdır. Məlumat üçün bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində iylədiyiniz son 24 ay ərzində büdcədənkənar vəsait hesabına sizin vəzifə maaşına əlavədən gəliriniz 21894.35 (iyirmi bir min səkkiz yüz doxsan dörd manat 35 qəpik) manat olmaqla qanunamüvafiq qaydalara əsaslanaraq 656.83 (altı yüz əlli altı manat 83 qəpik) manat 3% MDSS haqqı tutulmuş və DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına ödənilmişdir. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə görə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.3-cü maddəsinə görə yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.4-cü maddəsinə görə yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; BH - yaşa görə əmək pensiyasının baza hissəsidir; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Həmin Qanunun 26.1-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Həmin Qanunun 26.3-1-ci maddəsinə görə 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Hazırkı iş üzrə iddiaçının tələbi və hüquqi marağı işlədiyi dövrdə məcburi dövlət sosial sığorta haqqına cəlb olunan büdcədənkənar mükafat və büdcədənkənar fond hesabına ona ödənilən vəsaitlərin pensiyanın hesablanmasında nəzərə alınmasıdır. Bununla bağlı qeyd edilməlidir ki, dövlət qulluğunda xidmət etmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmaması qanunvericiliklə imperativ qaydada müəyyən edilmişdir. Belə ki, 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa yeni məzmunda 20.30-cu maddə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. Normanın məzmununa görə, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci və 20.30-cu maddələri xx.xx.2019-cu il tarixdən əvvəl təyin olunmuş əmək pensiyalarında qulluq stajına görə əlavə hesablanarkən büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınan şəxslərə münasibətdə geriyə tətbiq edilmir. İddiaçıya əmək pensiyası göstərilən tarixdən sonra təyin edilmişdir ki, bu hal da “Əmək pensiyaları haqqında” Qanunun 20.30cu maddəsinin onun hüquqi sferasına birbaşa təsirini şərtləndirir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1162/2023 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Başqa sözlə, məhkəmə cavabdehin hərəkətinin qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddəsinə görə, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “fərdi hesabında toplanmış sığorta kapitalı, vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar, müavinətlər, məzuniyyət pulu, son haqq-hesab kompensasiya büdcə, büdcədən kənar, digər (VMƏ) büdcədənkənar vəsaitlər hesabına topalanmış vəsaitlər daxil olmaqla “Əmək Pensiyaları” haqqında Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar