Məhkəmə qərarları › İş №2-1(120)-813/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-813/2020

24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-813/2020 24.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Saatlı rayonu, Orta Muğan kəndində yaşayan) və Cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinin nümayəndəsi X1 (Dövlət Sosial X3 rayon şöbəsinin Mühasibat uçot sektorunun məsləhətçisi, ünvan 1 ünvanda yaşayan) iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinə qarşı «müharibə veteranlığına görə verilən müavinətin müharibə veteranı vəsiqəsini aldığı 09 oktyabr 2019-cu il tarixdən əvvəlki üç il üçün hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Buna görə də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona 09 oktyabr 2019-cu il tarixdə M/V 086758 saylı vəsiqə verilmişdir. İddiaçı cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinə ərizə ilə müraciət edib ona müharibə veteranı vəsiqəsi təqdim edilməzdən əvvəlki üç il üçün müavinətin hesablanaraq ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh 24 yanvar 2020-ci il tarixli **********9 saylı məktubla iddiaçıya müharibə veteranı vəsiqəsini aldığı 09.10.2019cu il tarixdən əvvəlki 3 il üçün müavinət hesablanıb ödənilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranlığına görə verilən müavinətin müharibə veteranı vəsiqəsini aldığı 09 oktyabr 2019-cu ildən əvvəlki 3 il üçün hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X3 rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir və əlil olmuşdur. Buna görə də ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 09 oktyabr 2019cu il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. Ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X3 rayon şöbəsi tərəfindən müharibə veteranı müavinəti təyin edilmiş və halhazırda həmin müavinəti alır. Müharibə veteranlığı təyin edildikdən sonra o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X3 rayon şöbəsinə müraciət edərək, müharibə veteranı vəsiqəsini aldığı vaxtdan əvvəlki 3 il üçün müavinət verilməsini xahiş etmişdir. O, müharibə veteranı kimi müavinətin 09 oktyabr 2019-cu il tarixdən deyil, həmin vaxtdan əvvəlki 3 il üçün hesablanmasından ötrü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X3 rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin şöbədən onun müraciətinə **********9 saylı, 24 yanvar 2020-ci il tarixli məktubla cavab verilərək müharibə veteranı kimi müavinətin müharibə veteranı vəsiqəsini aldığı 09 oktyabr 2019-cu ildən əvvəlki 3 il üçün təyin edilməsindən imtina edilmişdir. Göründüyü kimi cavabdeh ona müharibə veteranları üçün müavinətin əvvəlki üç il, yəni 09.10.2016-cı ildən 09.10.2019-cu ilədək olan dövr üçün ödənilməsindən imtina edərkən ona müharibə veteranı vəsiqəsinin 09 oktyabr 2019-cu il tarixdən verildiyini və onun əvvəlki illər üçün müavinət almaq hüququnun olmadığını əsas götürmüşdür. Lakin nəzərə alınmamışdır ki, ona müharibə veteranı vəsiqəsinin 09 oktyabr 2019-cu il tarixdə verilməsi o demək deyildir ki, o, həmin tarixdə müharibə veteranı olmuşdur. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı sayılmışdır. Bu isə onu ehtiva edir ki, cavabdeh tərəfindən «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsi diqqətə alınmamışdır. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinin 05 mart 2020-ci il tarixli **********0 saylı etiraz məktubunda qeyd edilmişdir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə İddiaçı 09.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən müharibə veteranı adı və müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçı Dövlət Sosial X3 rayon şöbəsinə müraciətinə əsasən ona müharibə veteranı vəsiqəsinin verildiyi 09.10.2019-cu il tarixdən düzgün olaraq təqaüd təyin edilərək ödənilir. İddiaçı Dövlət Sosial X3 rayon şöbəsinə 12.10.2012-ci il tarixli müraciətinə əsasən ona 18.09.2012-ci il tarixdən etibarən hərbi xidmət dövrü əlili kimi əmək pensiyası təyin edilmiş və ödənişə göndərilmişdir. Vətəndaş həmin gündən etibarən əmək pensiyası alır. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 4.0.1.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə, nəqliyyat və digər xidmətlərə görə müavinət müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış və əmək pensiyası almaq hüququ olmayan şəxslərə sosial müavinət təyin olunur. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci (müavinətlərin təyin olunması şərtləri) maddəsinin 7.0.6-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət-onu almaq hüququ olan şəxsin əmək pensiyası almaq hüququ olmadıqda təyin edilirdi. İddiaçı iddia etdiyi dövrdə əmək pensiyası aldığından ona həmin dövr üçün müavinət təyin edilib ödənilə bilməz. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 01.04.2019cu il tarixdən etibarən əmək pensiyası almaq hüququ olan müharibə veteranlarına da aylıq məbləği 80,0 manat olmaqla təqaüd təyin edilir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddia tələbinə etirazı müdafiə edərək, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və müharibə veteranı vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətlərini, cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarına Dövlət Sosial X3 rayon şöbəsinin məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Saatlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Saatlı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 18.09.2012-ci il tarixdən ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 09 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən müharibə veteranı adı və vəsiqəsi verilmiş və həmin tarixdən də Prezident təqaüdü təyin olunaraq ödənilir. İddiaçı isə müharibə veteranlığına görə verilən müavinətin müharibə veteranı vəsiqəsini aldığı 09 oktyabr 2019cu il tarixdən əvvəlki üç il üçün hesablanaraq birdəfəyə ödənilməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 25.02.2019-cu il tarixli 992 nömrəli Sərəncamının 1.11-ci bəndinə əsasən, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi nəzərdə tutulmuşdur. «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar «Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli 641 nömrəli Fərmanının 1-ci bəndinə əsasən «Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü» təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan 15.04.2019-cu il tarixli, 641 nömrəli Fərmanının 2.1 və 2.1.1-ci bəndinə əsasən, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan 15.04.2019-cu il tarixli, 641 nömrəli Fərmanının 5-ci bəndinə əsasən, bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Göründüyü kimi 01.04.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Məhkəmə qeyd edir ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə «Sosial müavinətlər haqqında» Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Odur ki, məhkəmə hesab edir ki, 01.04.2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Həmçinin «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 7.0.6cı maddəsinə əsasən Azərbaycan Respublikası Qanununun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Həmin Qanunun 11.1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda müavinətın ödənişi dayandırılır. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı müharibə veteranlığına görə verilən müavinətin müharibə veteranı vəsiqəsini aldığı 09 oktyabr 2019-cu il tarixdən əvvəlki üç il üçün hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinə qarşı «müharibə veteranlığına görə verilən müavinətin müharibə veteranı vəsiqəsini aldığı 09 oktyabr 2019-cu il tarixdən əvvəlki üç il üçün hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. İddiaçı cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinə qarşı «müharibə veteranlığına görə verilən müavinətin müharibə veteranı vəsiqəsini aldığı 09 oktyabr 2019-cu il tarixdən əvvəlki üç il üçün hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi təmin edilməsin.

2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar