Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-820/2022 05.08.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi x7 katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı “2019-cu ilin may ayından 2020-ci ilin aprel ayınadək olan 11 aylıq dövr üçün ona ayrılmalı olan vahid aylıq müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə və Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq “2019-cu ilin may ayından 2020-ci ilin aprel ayınadək olan 11 aylıq dövr üçün ona ayrılmalı olan vahid aylıq müavinətin verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6778/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı iddiası cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə münasibətdə mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6778/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı “2019-cu ilin may ayından 2020-ci ilin aprel ayınadək olan 11 aylıq dövr üçün ona ayrılmalı olan vahid aylıq müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(112)- 6778/2021 saylı inzibati iş aidiyyatı üzrə baxılması üçün Şirvan inzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya ayrılan müavinət 2019-cu ilin may ayında qanunsuz olaraq dayandırılmış və iddiaçının müraciətləri əsasında qanunsuz dayandırılma 2020-ci ilin may ayında bərpa edilmişdir. Lakin aylıq müavinət bərpa edilsə də, 11 aylıq dayandırılmış müavinət məbləği verilməmişdir. Halbuki imtinada göstərilən səbəblərin əsassız olduğu cavabdehin yanlışlığı nəticəsində olmuş və yanlışlıqlar aşkar edildiyi zaman müavinət bərpa edilmişdir. Sözügedən 11 aylıq dövr üçün müavinət əsassız olaraq iddiaçıya ödənilməmiş və onun hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində, eləcə də iddiaçıya ünvanlanan imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017ci il tarixli 11 nömrəli qərarının 2.8-ci bəndinə əsasən məcburi köçkün statusuna malik olub, cəmi 182 təqvim günündən artıq müddətə başqa ölkədə yaşayan məcburi köçkün olduğundan iddiaçının aylıq müavinəti dayandırılmışdır. Sonradan İddiaçı heç bir xarici ölkəyə getmədiyi barədə rəsmi arayış təqdim edilmiş, lakin statusu olmayan şəxsə ərə getdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 11 nömrəli qərarının 2.4-cü bəndinə əsasən müavinət bərpa edilməmişdir. İddiaçı tərəfindən həyat yoldaşından 2017-ci ildən əvvəl rəsmi boşandığı barədə sənədlər təqdim edildiyindən 2020-ci ilin may ayından vahid aylıq müavinət bərpa edilmişdir. 11 ay müddətində almadığı vəsait rayon icra hakimiyyətinə ayrılmadığından ona həmin ayılar üçün vahid aylıq müavinətin ödənilməsi mümkün olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır və iddia tələbi təmin edilməlidir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - iddiaçı tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə ünvanlanan xx.xx.2021-ci il tarixli ərizə baxılmasından ötrü xx.xx.2021-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinə göndərilmişdir. - Cəbrayıl rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı 339 saylı, 20 aprel 2021-ci il tarixli məktubundan görünür ki, onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Cəbrayıl rayon Qeydiyyat şöbəsinin 245786 nömrəli xx.xx.2016-cı il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X6 ilə X5 arasında nikahın xx.xx.2014-cü il tarixli, 12 nömrəli qeyd ilə pozulduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2019-cu il tarixli, 33/5000 nömrəli məktubuna əsasən X2 2009-2019-cu illər ərzində dövlət sərhəddindən hərəkəti barəsində İAMAS bazasında məlumat aşkar edilmədiyi müəyyən edilmişdir. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"ın 4-cü bəndinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: - "Məcburi köçkün" statusuna malik olub respublika ərazisində olan şəxslərə; - Ər və ya arvaddan biri "məcburi köçkün" statusuna malik olmuş ailələrdə nikahın pozulması zamanı məhkəmə qaydasında "məcburi köçkün" statusuna malik olan şəxsin himayəsində qalan uşaqlara; - Faktiki nikahdan doğulmuş, "məcburi köçkün" statusuna malik olan şəxsin (kişi və ya qadının) himayəsində olan uşaqlara (onlara digər müavinətlər verilmədikdə); “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2-ci bəndinə əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: - 2.4. məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara - 2.8. “məcburi köçkün” statusuna malik olub, təqvim ili ərzində cəmi 182 gündən artıq müddətdə başqa ölkədə olan məcburi köçkünlərə; “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İddiaçının hazırkı iddiasının mahiyyəti (hüquqi marağı) pozulmuş hüquqlarının bərpa olunmasıdır. İddiaçı məcburi köçkün olduğuna görə əvvəllər məcburi köçkün statusuna malik şəxslər üçün nəzərdə tutulan aylıq müavinətin verilməsi, məcburi köçkün olmayan şəxslə rəsmi nikaha daxil olaraq ailə münasibətləri qurması, 2014-cü ildə münasibətlərinin pozulması, həmçinin hazırda məcburi köçkün statusunda olması işin mübahisə olunmayan hallarıdır. İddiaçıya "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"a əsasən (qüvvədə olduğu müddətdə) aylıq müavinət ödənilmişdir. Belə ki, həmin Təlimata əsasən "məcburi köçkün" statusuna malik olub respublika ərazisində olan şəxslərin (4.1-ci bənd) aylıq müavinət almaq hüququ var idi. Daha sonra, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edilmişdir. Cavabdehin imtina məktubunda göstərdiyi hər iki halın əsassız olduğu iddiaçı tərəfindən təqdim edilən sənədlərə əsasən əsassız olduğu müəyyən edildiyindən iddiaçının hüquqları bərpa edilərək ona vahid aylıq müavinıt verilmişdir. Lakin cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci (bərabərlik prinsipi) və 13-cü (etimad hüququnun qorunması prinsipi) maddələrinin tələbi baxımından qeyd edilən xüsusatların araşdırılması ilə bağlı zəruri inzibati icraat aparmalı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı idi. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunla onun üzərinə qoyulan vəzifələrini lazımınca icra etməmiş, əsaslı araşdırılma aparılmamış və iddiaçının haqlı narazılığına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçıya aylıq müavinət verilən zaman Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 2744 nömrə ilə xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 N-li əmri ilə təsdiq edilmiş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat" qüvvədə olduğundan həmin dövrün qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Başqa sözlə, iddiaçıya aylıq müavinətin ödənilməsi həmin dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən, cavabdehin iddiaçıya verilməli olan vahid aylıq müavinətin 11 ay dayandırılması ilə bağlı hərəkəti iddiaçının konstitusion hüququnu (bərabərlik hüququnun) pozduğundan qanunsuz olmuşdur. İddiaçıya münasibətdə cavabdeh tərəfindən “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4cü bəndinə əsaslanmaqla aylıq müavinətin verilməsinin dayandırılması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Belə ki, sözügedən Qaydaların 2.4-cü bəndində yalnız məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınların aylıq müavinət almaq hüququ məhdudlaşdırılmışdır. Başqa sözlə, məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxslə ailə həyatı qurmuş kişilərin aylıq müavinət almaq hüququ məhdudlaşdırılmamışdır ki, bu da eyni vəziyyətdə olan şəxslər barəsində cinsi fərqliliyə görə ayrı-seçkilik hesab olunmalıdır. (Ali Məhkəmənin 2-1(102)-2253/2021 saylı qərarı) Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2-ci bəndində təsbit edilmiş müddəalardan göründüyü kimi, qanunvericilik eyni statusda olan şəxslərə (“məcburi köçkün” statusu olmayan şəxslə ailə həyatı quranlara) aylıq müavinətin verilməsi məsələsində fərqli yanaşmalara yol verilmiş və bunun hər hansı bir qanuni əsası olmamışdır. Belə olan halda isə, məhkəmə kollegiyası hesab edir ki, “məcburi köçkün” statusu olmayan şəxslə nikahda olan qadınlara aylıq müavinətin verilməsi ilə əlaqədar qanuni əsası olmayan fərqli yanaşmalar nəticəsində iddiaçının Konstitusiyada təsbit olunmuş bərabərlik hüququ pozulmuşdur. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi, belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2010-cu il tarixli Qərarı). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Beləliklə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü və 2.8-ci bəndlərinə istinad etməklə iddiaçıya aylıq müavinətin verilməsinin 11 ay dayandırılması onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan qanunsuz hesab olunmalı və İddiaçı 2019-cu ilin may ayından 2020-ci ilin aprel ayınadək olan 11 aylıq dövr üçün vahid aylıq müavinət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı 2019-cu ilin may ayından 2020-ci ilin aprel ayınadək olan 11 aylıq dövr üçün ona ayrılmalı olan vahid aylıq müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməlidir. İş üzrə prosessual xərc yoxdur. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69 81 və 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 2019-cu ilin may ayından 2020-ci ilin aprel ayınadək olan 11 aylıq dövr üçün ayrılmalı olan vahid aylıq müavinətin verilməsi öhdəliyi cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-820/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-820/2022
05.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver