Məhkəmə qərarları › İş №2-1(120)-844/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-844/2023

06.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-844/2023 06.03.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçının nümayəndələri X1 və X4 iştirakı ilə, İddiaçı Xuduş oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «06 iyul 2022-ci il tarixli, **********908400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə inzibati işə 06 mart 2023-cü il tarixdə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Xuduş oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 06 iyul 2022-ci il tarixli, **********908400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 - 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia dəyişdirilərək “06 iyul 2022-ci il tarixli, **********908400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********908400 saylı qərarının ləğv edilməsi və bu qərara əsasən hesablanmış bütün vergi və faizlərin iddiaçının şəxsi hesabından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sahibkarlıq fəaliyyəti ilə məşqul olan fiziki şəxs kimi iddiaçı Cəlilabad rayonunun Günəşli kəndi ərazisində yerləşən YDM-də neft məhsullarının satışını təşkil etmişdir. Bu fəaliyyəti göstərmək məqsədi ilə Azərbaycanda bu sahədə ən böyük təchizatçı olan "xxxx" QSC (“Satıcı”) ilə xx.xx.2020-ci il tarixdə 11/403 saylı “Alqı-satqı müqaviləsi” bağlamışdır. "xxxx" QSC ilə aralarında xx.xx.2020-ci il tarixdə bağlanmış bu “Alqı-satqı müqaviləsinin” 3.1-ci bəndinə əsasən yanacağın daşınması “Alıcı”nın öz nəqliyyat vasitələri və öz vəsaiti hesabına həyata keçirir. Müqavilənin 3.3-cii bəndinə əsasən: “Satıcı” müəyyən olunmuş miqdarda neft məhsullarını “Tərəflərin” nümayəndələrinin iştirakı ilə “Satıcı”nın X7 “Alıcı”ya təhvil verir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən: “Alıcı” məhsulun dəyərini “Satıcı”nın təqdim etdiyi hesab-fakturaya əsasən əvvəlcədən köçürmə yolu ilə “Satıcı”ya ödəyir."xxxx" QSC ilə bağlanmış müqavilənin icrasını təmin etmək və sahibkarlıq fəaliyyətimi davam etdirmək məqsədi ilə alacağım neft məhsullarının daşınması üçün xx.xx.2021-ci il tarixdə X5 ilə. (VÖEN **********) nəqliyyat xidməti göstərilməsi haqqında 01 №-li müqavilə bağladım. 2021-ci il ərzində “Satıcı”mn Bakı şəhərindəki X6 aldığı neft məhsullarını onun vasitəsi ilə Cəlilabad rayonuna daşımış və daşınma xərcini bank vasitəsi ilə X2 ödəmişdir. xx.xx.2022-ci il tarixdə 2021-cu il üçün kassa metodu tətbiq edilməklə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim etmiş və həmin bəyannaməyə əsasən hesablanmış 15229.50 manat məbləğində gəlir vergisini tam məbləğdə büdcəyə ödəmişdir. xx.xx.2022-ci il tarixdə 6 saylı Ərazi Vergilər Baş İdarəsindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” **********938400 saylı məktub daxil olmuşdur. Həmin məktubda təqdim etdiyi bəyannamə kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığı qeyd olunmuş və səbəb kimi aşağıdakıları göstərmişdilər: Tarif şurasının təyin etdiyi qiymətlərə əsasən Aİ-92 benzininin və dizelin hər tonuna 84,75 manat ticarət əlavəsi müəyyən olunmuşdur və bu ticarət əlavəsi, eləcə də heç bir ehtiyyac olmadan vergi əməkdaşları tərəfindən xərcin gəlirdə xüsusi çəkisini müəyyən etmək əmsalı hesablanıb. Nəticədə vergi əməkdaşları heç bir rəsmi əsası olmayan şəxsi mülahizələrinə əsasən və eləcə də gəlir vergisi hesablanan zaman təqdim edilmiş (faktiki olaraq satılmış) malın miqdarını nəzərə almaq əvəzinə tədarük edilmiş (alınmış) malın miqdarına görə hesabat aparmışlar. Bu hesablamaya görə vergi əməkdaşları bəyannamədə satılmış yanacağın dəyərinin 6625,68 manat azaldılmasını qeyd ediblər. xx.xx.2022-ci il tarixli **********938400 saylı məktuba verdikləri xx.xx.2022-ci il tarixli **********119400 saylı izahatlarında bu hesablamanın düzgün olmadığı və satılmış malın dəyərini, hər e-qaimə üzrə 1 litrində əldə edilən qazancın və ümumi mənfəətin məbləğini əks etdirən cədvəli izahata əlavə etməklərinə baxmayaraq vergi əməkdaşları təqdim etdikləri sənədlərdə göstərdiklərini nəzərə almamışlar və öz mülahizələrinə görə, heç bir qanunla əsaslandırılmayan mövqelərini müdafiə edərək ona əlavə olaraq 1325,14 manat (6625,68*20%) məbləğində əlavə gəlir vergisi hesablayıblar. Təqdim etdiyi bəyannamənin “Xərclər“ bölməsinin nəqliyyat xərcləri sətrində qeyd etdiyi 32450 manat daşınma xərcləri vergi orqanı tərəfindən qəbul edilməyib və buna görə əlavə olaraq 6490.00 manat (32450 *20%) məbləğində əlavə gəlir vergisi hesablanıb. Vergi orqanı tərəfindən daşınma xərclərinin bəyannamənin “Xərclər” bölməsində nəzərə almamalarını belə izah edirlər ki: Ölkə ərazisində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarı ilə tənzimlənir və bu Qərarın 2.5-ci bəndinə əsasən topdansatış tarifinin tərkibində nəzərdə tutulmuş təchizat tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınmasa ilə bağlı bütün xərclər daxil edilib. Buna əsasən neft məhsullarının topdansatışını həyata keçirən şəxslər tərəfindən təqdim edilmiş neft məhsullarına görə ödənilmiş dəyər (tarif) müqabilində həmin məhsulların pərakəndə satış yerlərinə qədər daşınmasının da həyata keçirilməsi nəzərdə tutulur. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********938400 saylı məktubuna xx.xx.2022-ci il tarixdə göndərdikləri izahat, alqı- satqı müqaviləsi və bu ərizənin 3-a bəndində qeyd olunmuş 1325,14 manat məbləğində gəlir vergisinin tam qanunsuz olaraq hesablanmasını təsdiq edən cədvəl cavabdeh tərəfindən nəzərə alınmamışdır. Bildirdikləri iradlar və təqdim etdikləri sənədlər cavabdeh tərəfindən araşdırılmamış, bunun səbəbi ona bildirilməmiş və xx.xx.2022ci il tarixdə “Vergilərin, social siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə “ **********908400 saylı, heç bir hüquqi əsası olmayan, sənəd və hesablamalarla təsdiq edilməyən qərar qəbul edilmişdir. Bu qərarla ona 7815,14 manat (1325,14 + 6490.00) əlavə vergi hesablamışdır. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixdə “Vergilərin, social siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə “ **********908400 saylı qərarını mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız hesab edirlər. Belə ki: Təqdim etdikləri müqavilə və aldıqları neft məhsullarının avtosisternlə daşınmasını təsdiq edən eqaimələr bir daha sübut edir ki, aldıqları yanacaq Bakı şəhərindən Cəlilabadın Günəşli kəndində yerləşən YDM-ə təchizatçı (SOCAR) tərəfindən yox, digər şəxslər tərəfindən həyata keçirilib və daşınma xərci “Alıcı” tərəfindən ödənilib. Tərəfımizdən alınmış neft məhsullarının təchizatçı (SOCAR) tərəfindən Cəlilabadın Günəşli kəndində yerləşən YDM-ə çatdırılmasını sübut edən heç bir əsas yoxdur. Neft məhsulları avtosisternlə daşınmasının başqa şəxs tərəfindən həyata keçirilərək müvafiq xərclərin tərəflərindən ödənildiyini bildirsə də, bu ödənişlərin reallıqda baş verməsini təsdiq edən ödəniş sənədləri ondan tələb edilməmiş və qeyd etdiyi xüsusatlar vergi orqanı tərəfindən araşdırılmamışdır. İddiaçı tərəfimdən yanacağı tənzimlənən topdsansatış qiymətinə almaqımda və satış məntəqəsinə öz vəsaiti hesabına daşımaqımda vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadığından vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Tarif şurası tərəfindən pərakəndə qaydada yanacaq satışı ilə məşqul olan şəxslər üçün topdan və pərakəndə satış qiymətləri arasında təyin edilmiş marja (ticarət əlavəsi) reallıqda və faktiki olaraq sabit yox, “üzən” rəqəmdir. Belə ki,neft məhsulları təchizatçıdan tonla alınmasına baqxmayaraq pərakəndə satış nöqtələrində litrlə satılır. Bu səbəbdən də hesablamalar litrə görə aparılır. Neft məhsullarının spesifik xüsusiyyətinə görə havanın temperaturundan asılı olaraq çəkisi dəyişir, bu da öz növbəsində ticarət əlavəsinin dəyişməsi ilə nəticələnir. Cavabdeh təqdim etdikləri rəsmi sənədlərdən istifadə edərək mövcud qanunvericiliyə müvafiq qaydada faktiki gəliri hesablamayıb, öz mülahizəsinə görə vergi hesablayıb. Bu isə iddiaçı tərəfimdən vergi qanunvericiliyinin pozulmasına sübut ola bilməz. İddiaçı neft məhsullarının pərakəndə satışı ilə məşquldur. Bu məhsulların topdansatış və pərakəndə satış qiymətləri dövlət tərəfindən tənzimlənir. Deməli, o yalnız pərakəndə satış qiymətini pozsa məsuliyyət daşıyır. Topdansatış qiymətinin tərkibinə daxil edilmiş təchizat xərclərinin istifadəsinə qiymət intizamının pozulmasına görə təchisatçı məsuliyyət daşıyır. Təchizatçı məhsulunu tənzimlənən topdansatış qiyməti ilə “Alıcı”ya satır, lakin həmin qiymətin tərkibində qeyd edilmiş xidməti göstərmirsə və bu sənədlə təsdiq olunursa, bu zaman “Təchizatçı” “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmuş olur. Həmin qanunun 9.1-ci maddəsinə əsasən: Hüquqi şəxslər və onlarm rəhbərləri, hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər müvafiq məhsullara (mallara, işlərə, xidmətlərə) tənzimlənən qiymətlərin düzgün tətbiq olunmasına və qiymətləri tənzimlənən məhsullara (mallara, işlərə, xidmətlərə) sərbəst qiymətlərin tətbiq edilməsinə görə məsuliyyət daşıyırlar. Həmin qanunun 9.2-ci maddəsinə əsasən: Tənzimlənən qiymətlər haqqında qanunvericiliyin pozulması nəticəsində hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti məşğul olan fiziki şəxslərin əldə etdikləri əlavə gəlir dövlət büdcəsinə köçürülür. Həmin qanunun 9.3-cü maddəsinə əsasən: Hüquqi şəxslərin rəhbərləri hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tənzimlənən qiymətlər haqqmda qanunvericiliyin pozulmasma görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Göründüyü kimi, hal-hazuda mübahisələndirilən halda tənzimlənən qiymətlərin düzgün tətbiq olunmamasına təchizatçı tərəfindən yol verilib və Qanunun 9.2-ci maddəsinə müvafiq olaraq onun əldə etdiyi əlavə gəlir dövlət büdcəsinə köçürülməlidir. Cavabdeh təchizatçıdan əldə etdiyi əlavə gəliri tam məbləğdə tələb edib dövlət büdcəsinə almaq əvəzinə sahibkarı incidir, lazımsız yazışmalara səbəb olur və fəaliyyətinə süni maneə yaradır. Azərbaycan Respublikasının Tarif ( Qiymət) Şurasının xx.xx.20222-ci il tarixli 4№-li “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” qərarının 6-cı bəndinə əsasən: Pərakəndə satış tariflərinə neft məhsullarının respublika ərazisində pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan xərclər daxil edilmişdir. Bu isə o deməkdir ki, cavabdehin neft məhsullarının daşınması ilə bağlı sahibkarlara qarşı qoyduğu tələb Dövlət səviyyəsində öz həllini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ-ci bəndinə əsasən: Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. . Vergi Məcəlləsinin 2.2-ci maddəsinə əsasən bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. Həmin Məcəllənin 14.10-cu maddəsinə əsasən qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür. Göstərilənlərə əsasən məhkəmədən 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 06 iyul 2022-ci il tarixli, **********908400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Baş Vergilər İdarəsi tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015-ci il tarixli 2 nömrəli qərarının 2.5-ci bəndinə əsasən ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir. Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tariflərinə əsasən avtomobil benzini, dizel yanacağı, reaktiv mühərrik yanacağının 1 (bir) tonu üçün təchizat tarifi 15,0 manat müəyyənləşdirilmişdir. Mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər neft məhsullarının topdan və pərakəndə satışını bu qərarla təsdiq edilmiş tariflərlə, qanunvericiliyə uyğun olaraq yol vergisi tətbiq olunan neft məhsullarının topdan satışını isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər. Göründüyü kimi, neft məhsullarının topdansatış tarifinin tərkibində təchizat xərcləri nəzərə alınmışdır və bu təchizat xərcləri satılan neft məhsullarının satıcı tərəfindən ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə (məntəqələrinə) qədər daşınması ilə bağlı bütün xərcləri də ehtiva edir. Qeyd olunanları nəzərə alaraq, neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması ilə bağlı (təchizatı ilə bağlı) xərclər də nəzərdə tutulduğundan həmin məhsulların alışı zamanı alıcı tərəfindən digər daşınma xərclərinin çəkilməsi təchizat xərclərinə aid edilmir və neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş daşıma xərcləri gəlirdən çıxılmır.Təchizat xərcləri alınmış malın dəyərində nəzərə alınan xərc elementi olduğundan “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində nəqliyyat xərcləri müstəqil xərc elementi kimi nəzərə alınmamalı, satılmış malların dəyəri kimi gəlirdən çıxılan xərclərə aid edilməlidir. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün kassa metodu tətbiq edilməklə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim etmişəm və həmin bəyannaməyə əsasən hesablanmış 15229.50 manat məbləğində gəlir vergisini tam məbləğdə büdcəyə ödəmişəm. xx.xx.2022-ci il tarixdə 6 saylı Ərazi Vergilər Baş İdarəsindən "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” **********938400 saylı məktub daxil olmuşdur. Həmin məktubda təqdim etdiyimiz bəyannamə kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığı qeyd olunmuş və səbəb kimi aşağıdakıları göstərmişdilər: Tarif şurasının təyin etdiyi qiymətlərə əsasən Al-92 benzininin və dizelin hər tonuna 84,75 manat ticarət əlavəsi müəyyən olunmuşdur və bu ticarət əlavəsi, eləcə də heç bir ehtiyyac olmadan vergi əməkdaşları tərəfindən xərcin gəlirdə xüsusi çəkisini müəyyən etmək əmsalı hesablanıb. Nəticədə vergi əməkdaşları heç bir rəsmi əsası olmayan şəxsi mülahizələrinə əsasən və eləcə də gəlir vergisi hesablanan zaman təqdim edilmiş (faktiki olaraq satılmış) malın miqdarım nəzərə almaq əvəzinə tədarük edilmiş (alınmış) malın miqdarına görə hesabat aparmışlar. Bu hesablamaya görə vergi əməkdaşları bəyannamədə satılmış yanacağın dəyərinin 6625,68 manat azaldılmasını qeyd ediblər. xx.xx.2022-ci il tarixli **********938400 saylı məktuba verdiyimiz xx.xx.2022-ci il tarixli **********119400 saylı izahatımızda bu hesablamanın düzgün olmadığı və satılmış malın dəyərini, hər e-qaimə üzrə 1 litrində əldə edilən qazancın və ümumi mənfəətin məbləğini əks etdirən cədvəli izahata əlavə etməyimizə baxmayaraq vergi əməkdaşları təqdim etdiyimiz sənədlərdə göstərdiklərimizi nəzərə almamışlar və öz mülahizələrinə görə, heç bir qanunla əsaslandırılmayan mövqelərini müdafiə edərək mənə əlavə olaraq 1325,14 manat (6625,68*20%) məbləğində əlavə gəlir vergisi hesablayıblar. Qeyd olunanlara əsasən bildiririk ki, aparılmış araşdırmalar zamanı vergi ödəyicisinin qeyd olunan hesabat dövründə yanacaq alışı 1564262.81 manat dəyərində 1744.42 ton dizel və Ai 92 benzini almışdır. Belə ki, tarif şurasının təyin etdiyi qiymətlərə əsasən Al-92 benzinin və dizelin hər tonuna 84.75 manat ticarət əlavəsi, müəyyən olunmu ümumilikdə 1744.42*84.75=147839.59 manat ticarət əlavəsi müəyyən olunmuş. Vergi ödəyicisi tərəfindən 2021-ci il üçün əldə etdiyi malların dəyəri 1564262.81 manat ticarət əlavəsi 147839.59 manat gəliri isə 1564262.81+147839.59=1712102.40 manat olacaqdır. Bu göstəricilərə əsasən xərcin gəlirdə xüsusi çəkisini müəyyən etsək 15642xx.xx/1712102.40 =0.9142 olacaqdır. Eləcə də 2021-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində təqdim edilmiş malların dəyəri 1678999.5 manat və müəyyən edilmiş xüsusi çəkiyə əsasən bu gəlirin əldə olunması ilə bağlı malların dəyərini müəyyən etsək 1678999.5*0.9142=1534941.34 manat olacaqdır lakin təqdim edilmiş gəlir vergi bəyannaməsində 1534941.34 manat göstərməli olduğu halda 1541566.92 manat göstərmişdir. Həmçinin malların dəyərini 1 541 5xx.xx-1534941.34 = 6625.68 manat və Tarif Şurasının qərarına əsasən daşıma xərcləri malların dəyərinə aid olduğundan 32450 manat rezident üzrə nəqliyyat xərclərinin 6625.68+32450=39075.58 azaldılması əlavə olaraq 7815.11 manat əlavə vergi hesablanmışdır. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********938400 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmiş və 2021-ci gəlir vergisi üzrə kameral vergi yoxlaması ilə 7815,11 manat gəlir vergisi hesablamaq nəzərdə tutulmuşdur. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyinə görə kameral vergi yoxlaması ilə 7815,11 manat əlavə vergi hesablanmış və xx.xx.2022-ci il tarixli **********908400 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmədən İddiaçı təqdim etdiyi iddia ərizəsi üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edəsiniz. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndələri gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə iş materiallarına əsaslanaraq və İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X3 və X8 iddia ərizəsində göstərilənləri təsdiqlədilər və iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, vergi orqanı tərəfindən iddiaçıya 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilmiş, yoxlama ilə əlavə və borca çevrilmiş vergi məbləğləri hesablanmışdır. Yekun olaraq iddiaçı barəsində xx.xx.2022-ci il tarixli, **********908400 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar qəbul edilmişdir. İddiaçı vergi orqanının mövqeyi ilə razılaşmır və qərarın verilməsi üçün göndərilən “vergi öhdəliyinin yaranmaması haqqında” **********908400 nömrəli arayış formasında bəyannamənin onun tərəfindən imzalanmadığını bildirir və 22 avqust 2022-ci il tarixli həmin qərarı mübahisələndirir. İPM-in 8.1.2-ci maddəsinə (1-ci cümləsi) əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Lənkəran rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə vurğulayır ki, iddiaçının hazırda inzibati orqanın 06 iyul 2022-ci il tarixli **********908400 nömrəli qərarını mübahisələndirmək üzrə subyektiv hüququ olduğundan (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı müddəti buraxılmadığından, mübahisələndirilən qərar hazırkı cavabdeh inzibati orqan tərəfindən qəbul edildiyindən, habelə iddianın mümkünlüyünü istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq mübahisə predmeti olan 12 mart 2020-ci il tarixli inzibati aktı qəbul etmiş cavabdeh inzibati orqanın olduğu yer (Lənkəran rayonu) üzrə inzibati məhkəmə kimi Şirvan İnzibati Məhkəməsi səlahiyyətlidir. MPM-in 76-cı maddəsinə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «İnzibati icraat haqqında» Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. Həmin Məcəllənin 14.10-cu maddəsinə əsasən qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan redaksiyada tələblərinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Həmin Məcəllənin 54.0-cı maddəsinə əsasən şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; Həmin Məcəllənin 109.1-ci maddəsinə əsasən əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. Həmin Məcəllənin 109.3-cü maddəsinə əsasən əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir. Həmin Məcəllənin 109.4-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, müvafiq olaraq əyləncə və sosial xərclər gəlirdən çıxılır. Həmin Məcəllənin 109.5-ci maddəsinə əsasən əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən çıxılmır. Həmin Məcəllənin 109.7-ci maddəsinə əsasən faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015-ci il tarixli 2 nömrəli qərarının 2.5-ci bəndinə əsasən topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir. "İnzibati icraat haqqında" Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İşin məhkəmə araşdırması zamanı iddiaçının Cəlilabad rayonu Günəşli kənd ərazisində yerləşən YDM-də neft məhsullarının satışını həyata keçirən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu, bu sahədə fəaliyyət göstərmək məqsədilə "xxxx" QSC (“Satıcı”) ilə xx.xx.2020-ci il tarixdə 11/403 saylı “Alqı-satqı müqaviləsi” bağladığı və həmin müqavilənin 3.1-ci maddəsinə əsasən alıcı olan İddiaçı Xuduş oğlu neft məhsullarının daşınmasını öz nəqliyyat vasitələri ilə həyata keçirməyi öhdəsinə götürdüyü müəyyən edilmişdir. Buna uyğun olaraq iddiaçı xx.xx.2021-ci il tarixində X5 ilə Nəqliyyat xidməti göstərilməsi haqqında 1 nömrəli müqavilə bağlamış və daşınma xərclərini bank vasitəsilə adı çekilən şəxsə ödəmişdir. İddiaçı tərəfindən sözügedən halları təsdiq edən qəbzlər məhkəməyə sübut kimi təqdim edilmişdir. Cavabdeh vergi orqanı neft məhsullarının daşınması ilə bağlı iddiaçının çəkdiyi xərclərin mənfəət vergisi bəyannaməsində “Hesabat dövrünün gəlirləri” hissəsində nəqliyyat xərclərinə aid edilməsini qanunsuz hesab etsə də, qeyd edilən xərclərin həqiqətən iddiaçı tərəfindən çəkilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. "xxxx" QSC ilə iddiaçı arasında bağlanmış ilə xx.xx.2020-ci il tarixdə 11/403 nömrəli alğı-satqı müqaviləsinə əsasən Cəmiyyət tərəfindən neft məhsullarının satışı Azərbaycan Respublikası Tarif(qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015-ci il tarixli, 2 nömrəli Qərarının 1-ci bəndi ilə təsdiq edilmiş “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri əsasənda həyata keçirilmişdir. "xxxx" QSC tərəfindən yanacaq məhsullarının pərakəndə satış məntəqələrinə çatdırılması maddi və texniki baxımdan mümkün olmadığına görə neft məhsullarının alqı-satqısı üzrə müqavilənin 3.1-ci bəndində “tərəflərin qarşılıqlı razılaşması əsasında Alıcı müəyyən olunmuş miqdarda neft məhsullarını Satıcının Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir X6 öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıyır” şərti ilə qeyd edilmişdir. Odur ki, daşınma xərclərinin əlavə xərc olaraq vergi bəyannaməsinə əlavə edilməsi əsassız hesab oluna bilməz. Digər tərəfdən cavabdeh sözügedən xərclərin nəqliyyat xərci kimi bəyannaməyə əlavə edilməsini Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015-ci il tarixli, 2 nömrəli Qərarının 2.5-ci bəndinə uyğun hesab etmir. Bununla bağlı məhkəmə qeyd edir ki, artıq yuxarıda göstərildiyi kimi iddiaçı ilə "xxxx" QSC arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə əsasən alıcı müəyyən olunmuş miqdarda neft məhsullarını satıcının Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir X6 öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşımağı öhdəsinə götürmüşdür. Burada qeyd olunmalıdır ki, iddiaçı neft məhsulunun topdansatışı ilə yox, pərakəndə satışı ilə məşğul olur və onun tərəfindən çəkilən nəqliyyat xərcləri, məhsulun pərakəndə qiymətinə əlavə olunmur və neft məhsulu Tarif Şurasının müəyyən etdiyi qiymətə uyğun olaraq satılır. İş materiallarına əlavə olunmuş “ödəniş tapşırığı” yolu ilə ödənilmiş elektron qəbzlərindən görünür ki iddiaçı aldığı neft məhsullarının daşınması X5 tərəfindən həyata keçirilmiş və müvafiq xərclər iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015-ci il tarixli, 2 nömrəli qərarının 2.5-ci bəndinə əsasən ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir. İddiaçı tərəfindən daşıma xərclərinin çəkilməsi təqdim edilmiş mədaxil qəbzləri ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası təqdim edilmiş qəbzləri mötəbər sübut kimi qəbul edir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən mədaxil qəbzləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş nümunəvi formaya uyğun olmuş, həmin sənədlərin iddiaçının vergi bəyannaməsi üzrə qeyd etdiyi nəqliyyat xərclərini təsdiq etməsi sübuta yetirilməmişdir. Bu təqdirdə sözügedən qərarla müəyyənləşdirilən xüsusatlara istinadən iddiaçıya mənfəət vergisinin hesablanması qanunsuz və əsassız olmuşdur. Bununla yanaşı, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının çəkdiyi nəqliyyat (daşınma) xərcləri Vergi Məcəlləsinin 109-cu maddəsində nəzərdə tutulan gəlirdən çıxılmayan xərclərin siyahısında nəzərdə tutulmamışdır. Belə olan halda, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş kameral vergi yoxlamasının nəticələrinə dair 06 iyul 2022-ci il tarixli **********908400 nömrəli qərar qanunvericiliyin tələblərinə uyğun olmamışdır. İddiaçının sözügedən xərcləri bəyannamədə qeyd etməsi vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu kimi qiymətləndirilə bilməz. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda vergi orqanı vergi ödəyicisini vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Hazırkı işdə isə cavabdeh tərəfindən göstərilən normanın tələbinə əməl edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin kameral vergi yoxlamasının nəticələrinə dair qəbul etdiyi 06 iyul 2022-ci il tarixli **********908400 nömrəli qərarı qanunvericliyin tələblərinə uyğun olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən yekun qərar qəbul edilən zaman təqdim edilmiş mötəbər sübutlar əsassız olaraq nəzərə alınmayaraq iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Cavabdeh orqan yekun qərarı qəbul edərkən işin həqiqi hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2197/2021 saylı, 2-1(102)-1119/2022 saylı qərarlarında da kassasiya instansiya məhkəməsi yuxarıda qeyd edilən mövqedən yanaşmış və inzibati orqanın qeyd edilən formada hərəkətləri əsassız və qanunsuz hesab edilmişdir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.10-cu maddəsinə əsasən, vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 15.1.3-cü maddəsində vergi qanunları ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək, 15.1.7-ci maddəsində vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək vergi ödəyicisinin hüquqları kimi təsbit olunmuşdur. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə görə vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 64-cü maddəsində göstərilir ki, vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bununla da belə nəticəyə gəlmək olur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 06 iyul 2022-ci il tarixli **********908400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qanunsuzdur. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən iddiaçı barədə keçirilən vergi yoxlamasının keçirilməsi üçün qanuni əsas olmadığından, keçirilmiş yoxlama qanunsuz olduğundan, habelə cavabdehin dəlilləri əsassız olduğundan iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Baş Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 iyul 2022-ci il tarixli **********908400 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Baş Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 iyul 2022-ci il tarixli **********908400 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar