Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-999/2024 21.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı ümumi qaydada hesablanmış aylıq pensiyanın altı misli məbləğində birdəfəlik haqqın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 (altı) misli məbləğində birdəfəlik haqqın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı ümumi qaydada hesablanmış aylıq pensiyanın altı misli məbləğində birdəfəlik haqqın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi adı cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, o, İmişli rayon İcra Hakimiyyəti başçısının Boşçallar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən 28 oktyabr 2022-ci il tarixli sərəncamla azad olunmuşdur. Tutduğu dövlət qulluğu vəzifəsindən azad edilməyinin səbəbi qanunla müəyyən edilmiş pensiya yaş həddinə çatmasıdır. Dövlət qulluğunda vəzifə tutmanın yaş həddinə çatdığına görə qeyd etdiyi tarixdə İmişli rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, tutduğu dövlət qulluğu vəzifəsinə xitam verilmişdir. Lakin xx.xx.2022-ci il tarixli sərəncamda “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə istinad edilmiş, yəni dövlət qulluqçusunun öz arzusu ilə vəzifəsindən azad olunması qeyd edildiyindən Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş birdəfəlik haqq ona ödənilməmişdir. O, İmişli rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, ona xx.xx.2023-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, onun pensiya yaşının xx.xx.2022-ci il tarixdə tamam olmasına baxmayaraq öz xahişi ilə müqavilə müddəti bir il müddətinə artırılmış, sonradan öz ərizəsi ilə xx.xx.2022-ci il tarixdə vəzifədən azad edilmişdir və buna görə də “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsində nəzərdə tutulmuş hüquqdan vaxtında istifadə etmədiyinə görə həmin hüququ hazırda itirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdeh İmişli rayon İcra Hakimiyyətinin E.məmmədov iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X1 iddia ərizəsi üzrə qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İmişli rayon İcra Hakimiyyətinə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndələri məhkəmə iclasına gəlməmişdir və gəlməmələrinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdeh İmişli rayon İcra Hakimiyyətinin və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki,baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəniiddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı həm də əsaslıdır. Belə ki, iddiaçı hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq verilməsi öhdəliyinin cavabdeh İmişli rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə İmişli rayonunda anadan olub, İmişli rayonu, Buludlu kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 268 nömrəli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 saylı Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.15 maddəsini rəhbər tutaraq Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1 maddəsinə əsasən İddiaçı 01 noyabr 2022-ci il tarixdən İmişli Rayon İcra Hakimiyyəti başçısının Boşçalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində dövlət qulluğuna xitam verilməsi qərara alınmışdır. İşdə olan İmişli rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5-53-4/2-911/2023 nömrəli məktubdan görünür ki, o, pensiya yaşına çatdığı üçün ümümi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik ödəmənin verilməsinə köməklik göstərilməsi barədə müraciətinə Rayon İcra Hakimiyyətində baxılmışdır. Araşdırma zamanı aydın olmuşdur ki, onun pensiya yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur və həmin tarixdə o, müqavilə müddətinin uzadılması ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinə müraciət etmiş və müraciətinə uyğun olaraq iddiaçı ilə 1 il müddətinə əmək müqaviləsi bağlanılmışdır. Lakin bir müddət işlədikdən sonra müraciətə uyğun olaraq 28 oktyabr 2022-ci il tarixli, 268/1 saylı Sərəncamla tutduğu vəzifədən azad edilmişdir. “Dövlət Qulluğu haqqında Azərbaycan Respublikası Qanunu”nun 33.2-ci maddəsinin tətbiqini şərtləndirən və onu Qanunun 33.1.1-ci maddədən fərqləndirən əsas hal dövlət qulluqçusunun məhz pensiya yaşına çatmasına görə dövlət qulluğundan çıxmasıdır. Lakin o, xx.xx.2022-ci il tarixindən qanunla nəzərdə tutulan pensiya yaşına çatmasına baxmayaraq işləməyə davam etmişdir. Belə olduqda, o, həmin maddədə göstərilən hüquqdan maddədə nəzərdə tutulan vaxtda, yəni pensiya yaşına çatdığı anda istifadə etmədiyi üçün aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq verilməsini tələb etmək hüququnu itirmiş hesab olunur. Yuxarda qeyd olunanları nəzərə alaraq bildirilir ki, pensiya yaşı tamam olduqdan sonra müqavilə əsasında 7 ay tutduğu vəzifədə işləmişdir. Bu səbəbdən “Dövlət Qulluğu haqqında Azərbaycan Respublikası Qanunu”nun 33.2-ci maddəsində nəzərdə tutulmuş, ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində müavinətin hesablanması mövcud qanunvericiliyə uyğun deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İmişli rayon İcra Hakimiyyətinin başçısı aparatının İmişli rayon İcra Hakimiyyəti başçısının Boşçalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində İddiaçı ərizə ilə müraciət edərək dövlət qulluğunda olmanın son yaş həddi bitdiyinə görə xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş etmiş və İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 268 nömrəli sərəncamı ilə İddiaçı xx.xx.2022-ci il tarixdən İmişli rayon İcra Hakimiyyətinin başçısı aparatının İmişli rayon İcra Hakimiyyəti başçısının Boşçalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilməklə dövlət qulluğuna xitam verilmişdir. İddiaçı dövlət qulluğunda olmanın yaş həddinə 65 yaşa çatdıqdan sonra razılıq əsasında müqavilə bağlamaqla bir il müddətinə müqavilə müddətinin artırıldığını, xx.xx.2022-ci il tarixədək əmək fəaliyyətini davam etdirdiyi əsas gətirilərək İmişli rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsindən imtina edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). "Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsasəndövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin şərh edilməsinə dair 08 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki,...“Göründüyü kimi, qanunverici bu halda iki əsas şərti irəli sürür: - dövlət qulluqçusunun pensiya yaşına çatması; - öz arzusu ilə dövlət qulluğundan çıxması. Bu Qanunun 33.2-ci maddəsi dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxmasına həvəsləndirir, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır”. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını işin faktiki hallarına tətbiq edərək, eyni zamanda iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddiaçının birdəfəlik haqq almaq hüququ dövlət qulluğundan çıxdığı anda yaranmışdır. Başqa sözlə, həmin birdəfəlik haqq şəxsə pensiya yaşına çatdıqda deyil, pensiya yaşına çatması ilə əlaqədar dövlət qulluğundan çıxdıqda verilır.Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləlilkə, iddia təmin edilməli, İddiaçı hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilməsi öhdəliyi İmişli rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilməsi öhdəliyi İmişli rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvanşəhəri, Naxçıvanküçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-999/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-999/2024
21.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver