Məhkəmə qərarları › İş №2-1(122)-1044/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-1044/2025

03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-1044/2025 03.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X18 Heydər oğlunun sədrliyi, X19 oğlunun katibliyi, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, iddiaçı X9 qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdehnə qarşı "Cavabdeh Qəyyumluq və Himayə komissiyasının 30 iyul 2025-ci il tarixli qərarının ləğv olunması, xx.xx.2020-ci il təvəllüdlü X9 adının “Nəfəs” adına dəyişdirilməsinə dair rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə ilə X15 2019-cu ildə nikaha daxil olmuş və nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X16 doğulmuşdur. Şahbuz rayon Məhkəməsinin 17 iyun 2022-ci tarixli 2(090)-14/2022 saylı qətnaməsi ilə nikahları pozulmuş və qızı Qanuni nümayəndə himayəsinə verilmişdir. Uşağa ad qoyarkən onun razılığı olmamışdır, belə ki, o, övladına “Nəfəs” adını vermək istəyirdi. Uşaqlıqdan Nəfəs çağırıldığı üçün qızı da həqiqi adının fərqində deyil. Atası da onun adını dəyişməyinə etiraz etmir. Lakin Cavabdeh yanında Qəyyumluq və Himayə komissiyası uşağın adının dəyişdirilməsinə dair 30 iyul 2025-ci il tarixli qərarı qəbul edərək, uşağın adını dəyişməkdən imtina etmişdir. İddiaçı göstərilənlərə əsasən məhkəmədən Cavabdeh Qəyyumluq və Himayə komissiyasının 30 iyul 2025 tarixli qərarının ləğv olunması, xx.xx.2011 təvəllüdlü X9 adının “Nəfəs” adına dəyişdirilməsinə dair sərəncam verilməsi öhdəliyinin cavabdeh orqan Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 14 oktyabr 2025-ci il tarixli protokol qərardadı ilə məhkəməyə göndərilən yeni iddia ərizəsinə əsasən Qanuni nümayəndə iddiaçı X9 qanuni nümayəndəsi kimi işə cəlb olunmuş və iddia tələbi “Cavabdeh Qəyyumluq və Himayə komissiyasının 30 iyul 2025-ci il tarixli qərarının ləğv olunması xx.xx.2020-ci il təvəllüdlü X9 adının "Nəfəs” adına dəyişdirilməsinə dair rəyin verilməsi öhdəliyinin cavabdeh orqan Cavabdeh üzərinə qoyulması” kimi icraata qəbul olunmuşdur. Məhkəmənin 14 oktyabr 2025-ci il tarixli, 2-1(122)-1044/2025 nömrəli qərardadı ilə X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh iddiaya dair məhkəməyə ünvanlanan 06 noyabr 2025-ci il tarixli, 5-27/2- 622/2025 nömrəli məktubla iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, Qanuni nümayəndə 2019-cu ildə X15 ilə nikaha daxil olmuşdur. Bu nikahdan 11 sentyabr 2020-ci il təvəllüdlü X16 doğulmuş, Naxçıvan Şəhər Qeydiyyat şöbəsində 639 nömrə ilə qeyd edilmiş AZ-İV 461395 nömrəli Doğum Haqqında X1 kimi qeyd edilmişdir. Şahbuz Rayon Məhkəməsinin 2022-ci il 17 iyun tarixli 2(090)-/2022 nömrəli qətnaməsinə əsasən Qanuni nümayəndə və X15 ilə aralarında olan nikah pozulmuş, məhkəmə uşağı ananın yanında qalması barədə qətnamə qəbul etmişdir. Bir neçə il keçəndən sonra Qanuni nümayəndə uşağın "Duyğu" adının onun razılığı olmadan qoyulduğunu iddia edərək uşağın adının "Nəfəs" adı ilə əvəz olunmasını istəyir. Cavabdeh başçısı yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən ərizəçilərin fikirləri, uşağın daşıdığı adın onun mənafeyinə xələl gətirməməsi və 18 yaşına çatdıqdan sonra uşağın öz adını dəyışmək hüququnun olması, "Duyğu" adının gülünc ad olmaması və uşağın maraqlarına zidd olan digər hər hansı əsasların olmamasını nəzərə alaraq, Komissiya 11 sentyabr 2020-ci il təvəllüdlü X9 adının dəyışdirilməsini məqsədəmüvafiq hesab etməmişdir. 03 fevral 2026-cı il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: - Cavabdeh yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən qəbul edilmiş 30 iyul 2025-ci il tarixli, 02 nömrəli qərarın surətindən məlum olur ki, yetkinlik yaşına çatmayan 11 sentyabr 2020-ci il təvəllüdlü X9 adı dəyişdirilmədən saxlanılmışdır. - 13 oktyabr 2020-ci il tarixli, AZ-İV seriyalı, 461395 nömrəli X16 11 sentyabr 2020-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 2020-ci ilin 10-cu ayının 13 günündə 639 nömrə ilə qeyd edilmişdir. X4 və anası X11r. - Naxçıvan MR Şahbuz rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(090)- 4/2023 nömrəli qətnaməsinin surətindən məlum olur ki, iddiaçı X12 11 sentyabr 2020-ci ildə doğulmuş X16 ilə ünsiyyət imkanı verilməsi, iddiaçı X12 övladı - 11 sentyabr 2020-ci ildə doğulmuş X16 ilə hər həftənin cümə günləri saat 1000-dan 1800-dək görüşüb ünsiyyətdə olmaq (görüş) hüququ verilməsi və iddiaçı X10 11 sentyabr 2020-ci ildə doğulmuş X16 ilə görüşüb ünsiyyətdə olması cavabdeh Qanuni nümayəndə tərəfindən təmin olunması qət edilmişdir. - Azərbaycan Milli Elmlər X8 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 01 sentyabr 2025-ci il tarixli, 8-1-23/2-130/2025 nömrəli məktubdan məlum olur ki, “Azərbaycan dilinin Orfoqrafiya Lüğəti” kitabında “Nəfəs” sözü tam olaraq dilimizdə işlənən Azərbaycan türklərinin sözü-ismi olmaqla 11 sözümüzü özündə əks etdirməkdədir (“Azərbaycan dilinin Orfoqrafiya Lüğəti, Bakı: Elm, 1975, s.385). Dilimizin antroponimikşəxs adlarında bu söz şəxs adı kimi valideynə nəfəs kimi əziz olan övlad adlarında da yer ala bilər. Bu söz Azərbaycan dilinin ədəbi dil formalarına tam uyğun olmaqla, şəxs adları kimi də işlənə bilər. Nəfəs sözü tam olaraq Azərbaycan dilində düzgün formadadır və şəxs adı kimi işlənə bilər. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 03 sentyabr 2025-ci il tarixli, 3-16-33-4/2-1342/2025 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi elektron səhifəsində olan adlar üzrə statistikaya əsasən son beş il ərzində 1019 uşağa “Nəfəs” adı verilmişdir. - Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18 noyabr 2025-ci il tarixli, 3-16-5/8-13-394 /2025 nömrəli məktubla göndərilmiş X13 Naxçıvan şəhər 2 saylı nikah evi tərəfindən verilmiş 6400 1 0639 13102020 nömrəli doğum akt qeydinin surətindən məlum olur ki, X16 11 sentyabr 2020-ci il tarixdə, Naxçıvan şəhərində doğulmuşdur. Qeydiyyat üçün X17 müraciət etmiş və doğum akt qeydi əsasında 13 oktyabr 2020-ci il tarixli, AZ-İV seriyalı, 461395 nömrəli doğum haqqında şəhadətnamə tərtib olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 20 noyabr 2025-ci il tarixli, 3-13-43/2-16894/2025 nömrəli məktubdan məlum olur ki, "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) üzərindən aparılmış araşdırma nəticəsində xx.xx.2020-ci il təvəllüdlü X9 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmasına dair məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”: 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. 1.4. Uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

2. Adın verilməsi 2.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. 2.2. Valideynlər arasında uşağın adına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.2. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. - 26.3.Qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsi: - 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. - 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. - 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. - 54.1. Müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun: - 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. - 10-cu maddəsinə əsasən: ... Uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya göstərişi əsasında verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 31 iyul 2025-ci il tarixli, 2-1(102)-1414/2025 nömrəli Qərarı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının qanuni nümayəndəsinin əsas hüquqi marağı Cavabdeh Qəyyumluq və Himayə komissiyasının 30 iyul 2025-ci il tarixli qərarının ləğv olunaraq, xx.xx.2020-ci il təvəllüdlü X9 adının “Nəfəs” adına dəyişdirilməsinə dair rəyin verilməsinə nail olmaqdan ibarətdir. İddiaçının qanuni nümayəndəsi qızına “Duyğu” adı qoyularkən onun razılığının olmadığını, “Nəfəs” olaraq çağırıldığı üçün qızının da öz adının fərqində olmadığını əsas gətirərək hazırkı iddia tələbini irəli sürmüşdür. Cavabdeh isə uşağın hazırda daşıdığı adın onun mənafeyinə xələl gətirməməsi, "Duyğu" adının gülünc ad olmaması və uşağın maraqlarına zidd olan hər hansı digər əsasların olmaması əsası ilə iddia tələbinin icrasından imtina etmişdir. Məhkəmə əvvəlcə qeyd etməyi zəruri hesab edir ki, şəxsi ad, soyad və ata adı fərdin özünü müəyyən etməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir və şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Belə ki, Mülki Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Lakin digər tərəfdən, ad hüququnun təzahürü kimi ad, ata adı və soyadın verilməsi və dəyişdirilməsi hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, bu hüququn məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, ictimai maraqlara xidmət etməklə başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Məhkəmə qeyd edir ki, bu qəbil işlərdə ictimai və fərdi maraqlar əsas götürülməlidir. Belə ki, ictimai maraqlar dedikdə, əhalinin qeydiyyatının dəqiq şəkildə aparılması, şəxsin kimliyinin müəyyən olunması üsullarının və hər hansı bir adın (soyadın) daşıyıcısının müəyyən bir ailə və nəsil ilə əlaqələndirilməsi vasitələrinin qorunması, dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların, eləcə də milli adqoyma ənənələrinin qorunmasının təmin olunması və bu kimi digər məqsədlər başa düşülür. Məhkəmələr və inzibati orqanlar ictimai maraqlar naminə məhdudiyyətlər tətbiq edərkən ictimai maraqlar ilə fərdin maraqları arasında ədalətli tarazlığın qorunmasına diqqət yetirməlidir. İctimai maraqlar naminə məhdudiyyətlər o zaman tətbiq oluna bilər ki, konkret mübahisənin halları baxımından ictimai maraqları fərdin maraqlarından üstün tutmaq mümkün olsun. Fərdi maraqlar dedikdə isə uşağın və şəxsin mənafeyinin təmin edilməsi, şəxsin öz kimliyini formalaşdırmaq və ifadə etmək hüququ, özünü emosional və mənəvi cəhətdən tanıdığı və qəbul etdiyi şəkildə adlandırmaq hüququ, keçmişi və ailə üzvləri ilə bağlılığın simvolik olaraq ifadəsi və bu kimi digər məqsədlər başa düşülür. Məhkəmələr və inzibati orqanlar fərdin maraqlarının (mənafeyinin) aydınlaşdırılması və qiymətləndirilməsi zamanı şəxsin istinad etdiyi konkret əsaslandırmaları nəzərə almalı, xüsusən də, onun məhrumiyyətlərinin nədən ibarət olmasına və iddia edilən məhrumiyyətlərin təsdiq olunubolunmadığına diqqət yetirməlidir. İşin məzmunundan aydın olur ki, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə və X15 2019-cu ildə nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü qızları X16 doğulmuşdur. Şahbuz rayon Məhkəməsinin 17 iyun 2022-ci tarixli, 2(090)- 14/2022 saylı qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuşdur. Qanuni nümayəndə övladına “Duyğu” adı verilərkən özünün razılığının olmadığına istinad etmişdir. Məhkəməyə verdiyi izahatlarında iddiaçı uşağın adının sabiq ərinin anası X17 tərəfindən qoyulduğunu, ona görə də, uşağın adının dəyişdirilməli olduğu əaslarından çıxış edərək hazırkı tələbi irəli sürdüyünü bildirmişdir. Nəzərə alınmalıdır ki, qanunvericilik 18 yaşına çatmamış uşağın adının dəyişdirilməsini valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə şərtləndirir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş, “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 297 nömrəli Fərmanının 2.9-cu bəndinə əsasən, həmin Məcəllənin 54.1, ...-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Göründüyü kimi 18 yaşına çatmayan uşağın adının dəyişdirilməsi yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının icazəsi ilə şərtləndirilsə də, hazırki iş üzrə iddiaçının həmin orqana müraciətinə müsbət cavab verilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «L.İsmayılzadə Azərbaycana qarşı» iş üzrə xx.xx.2024-cü il tarixli, 17780/18 nömrəli qərarının 31-ci bəndində qeyd edilmişdir ki, toqquşan müxtəlif maraqları qiymətləndirərkən, bir tərəfdən, ərizəçinin öz övladı üçün ad seçmək hüququ, digər tərəfdən, adların seçiminin tənzimlənməsində ictimai maraq nəzərə alınmalıdır (müqayisə edin: Heidecker-Tiemann Almaniyaya qarşı (dek.), № 31745/02, 6 may 2008-ci il və Kyazim Bolqarıstana qarşı, № 39356/17, § 29, 16 noyabr 2021-ci il). İctimai maraqlara gəldikdə, Məhkəmə əvvəllər qəbul edib ki, uşağın maraqlarına lazımi diqqət yetirilməlidir və uşağın yararsız addan (məsələn, gülünc və ya şıltaq adlar) qorunması ictimai maraqlara uyğundur. Məhkəmə həmçinin qəbul edib ki, milli adların qoyulması təcrübəsinin qorunub saxlanması ictimai maraqlara uyğun hesab edilə bilər (baxın, yuxarıda adı çəkilən Yohansson, § 36). Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 31 iyul 2025-ci il tarixli, 2-1(102)-1414/2025 nömrəli Qərarında formalaşmış aşağıdakı hüquqi mövqelər əsas götürülməlidir. “(a) Ümumi prinsiplər

30. Konvensiyanın 8-ci maddəsinin məqsədi əsasən fərdi dövlət orqanlarının əsassız müdaxiləsindən qorumaqdır. Lakin bu, dövləti yalnız belə müdaxilədən çəkinməyə məcbur etmir: şəxsi və ailə həyatına səmərəli hörmətin təmin edilməsindən irəli gələn pozitiv öhdəliklər də ola bilər. 8-ci maddə üzrə dövlətin pozitiv və neqativ öhdəlikləri arasındakı sərhədlər dəqiq müəyyən olunmayıb. Məhkəmə qeyd etmişdir ki, adların bütün hallarda tənzimlənməsi müdaxilə hesab edilə bilməz. Belə ki, adın dəyişdirilməsinə məcburiyyət müdaxilə sayılsa da, yeni adın qəbuluna icazə verilməməsi avtomatik olaraq müdaxilə kimi qiymətləndirilə bilməz. Bununla belə, tətbiq edilən prinsiplər oxşardır. Hər iki halda əsas diqqət toqquşan maraqlar arasında ədalətli tarazlığın təmin edilməsinə yönəldilməlidir (bax: Johansson, yuxarıda göstərilən, § 29; Golemanova Bolqarıstana qarşı, № 11369/04, §§ 38-39, 17 fevral 2011; Garnaga Ukraynaya qarşı, № 20390/07, § 37, 16 may 2013).

31. Məhkəmə xatırladır ki, müxtəlif maraqlar arasında tarazlıq aparılarkən, bir tərəfdən ərizəçinin övladı üçün ad seçmək hüququna, digər tərəfdən isə adların seçiminin tənzimlənməsində ictimai marağa diqqət yetirilməlidir. ...

36. Şəxsi ad, soyad və ata adı fərdin özünü müəyyən etməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir və şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Belə ki, Mülki Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir.

37. Digər tərəfdən, ad hüququnun təzahürü kimi ad, ata adı və soyadın verilməsi və dəyişdirilməsi hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, bu hüququn məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, ictimai maraqlara xidmət etməklə başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.

44. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək kollegiya qeyd edir ki, adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi hüququnun məhdudlaşdırılması ilə bağlı aşağıdakı meyarlar müəyyən edilir: - uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir; - İctimai (ümumi) maraqların qorunması məqsədi ilə adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsinə məhdudiyyətlər tətbiq edilə bilər

47. Ad və soyadla bağlı dəyişiklik tələbi zamanı şəxsin qarşılaşdığı real, ciddi və əsaslandırılmış məhrumiyyətlərin olması vacibdir. Yalnız şəxsi zövq, sadə emosional bağlılıq və ya adi sosial-mədəni səbəblərə istinad etmək fərdi hüquqların üstünlüyü təmin etmək üçün kifayət deyil. Şəxsin adını (soyadını) dəyişdirməyə sövq edən gerçək səbəblər mövcud olmalı, həmin səbəblərin mövcudluğunun davam etməsi onun həyatında real məhrumiyyətlər yaratmalıdır.

48. Həmçinin, adın, ata adının və soyadın verilməsi ilə müqayisədə dəyişdirilməsi zamanı dövlətin dəyişiklikləri həyata keçirmək və izləmək üçün müəyyən resursları sərf etdiyi, buna görə də, daha real, ciddi və əsaslandırılmış səbəblər tələb oluna biləcəyi nəzərə alınmalıdır. Məhkəmə iddiaçının fərdi marağından irəli gələrək, sadəcə Duyğu adının sabiq qaynanası tərəfindən uşağa verildiyinə görə dəyişdirilməli olduğu əsasından çıxış etməsini onun şəxsi zövqünə görə qızının adının “Nəfəs” olaraq dəyişdirilməsini istəməsi kimi qiymətləndirir. İddiaçının arqumentləri daha çox emosional və subyektiv xarakter daşımaqla onun hazırkı vəziyyətdə hər hansı çətinlik və məhrumiyyətlərlə qarşılaşdığını müəyyən etməyə imkan vermir. Həmçinin diqqətə alınmalıdır ki, uşağın 5 yaşı var və o, artıq bu adla cəmiyyətdə tanınır. adın dəyişdirilməsi üçün "uşaqlıqdan Nəfəs çağırılması" arqumenti də hüquqi baxımdan yetərli əsas sayıla bilməz. Eləcə də, Azərbaycan Milli Elmlər X3 "Nəfəs" adının dil baxımından düzgün olduğunu təsdiqi də, hazırkı halda mövcud "Duyğu" adının dəyişdirilməsi üçün məcburi əsas yaratmır. Hazırki halda Qanuni nümayəndə uşağın mövcud adının hüquq və azadlıqların həyata keçirilməsi baxımından real olaraq hansı problem və ya məhdudiyyətlər yaratdığını, hüquqlarını həyata keçirməyə hansı şəkildə maneə törətdiyini, yəni konkret hansı çətinliklərlə qarşılaşdığını, eləcə də onları dəf edə bilmədiyini təsdiq edən hər hansı sübutları təqdim edə bilməmiş və beləliklə uşağının adının dəyişdirilməsini zəruri edən şərtlərin mövcudluğunu məhkəmədə sübuta yetirə bilməmişdir. Bununla məhkəmə belə nəticəyə gəlir ki, Qanuni nümayəndə iddiaçının adının “Nəfəs” olaraq dəyişdirilməsinə nail olmaq istəyi sadəcə şəxsi zövq və emosional bağlılıqla əlaqəlidir. Çünki adın valideynlərdən birinin iradəsi olmadan qoyulması, alternativ adın daha çox bəyənilməsi və ya emosional davranış və s. hallar adın dəyişdirilməsi üçün yetərli hüquqi əsas sayılmır və iddiaçının sadəcə şəxsi zövqünə görə uşağın adını dəyişməkdən ibarət olan fərdi marağı ictimai maraqlardan üstün tutulmur. Məhkəmə hesab edir ki, real, ciddi və əsaslı səbəblər olmadan adların dəyişdirilməsi, adlarla bağlı aparılan qeydiyyatın dəqiqliyi, şəxsin kimliyinin sənədlərdə sabitliyinin qorunması baxımından cavabdeh inzibati orqanın adın dəyişdirilməsindən imtinası ictimai maraqların təmin edilməsi baxımından düzgün olmuşdur. Beləliklə, iddiaçı X9 qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdehnə qarşı "Cavabdeh Qəyyumluq və Himayə komissiyasının 30 iyul 2025-ci il tarixli qərarının ləğv olunması, xx.xx.2020-ci il təvəllüdlü X9 adının “Nəfəs” adına dəyişdirilməsinə dair rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı X9 qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdehnə qarşı "Cavabdeh Qəyyumluq və Himayə komissiyasının 30 iyul 2025-ci il tarixli qərarının ləğv olunması, xx.xx.2020-ci il təvəllüdlü X9 adının “Nəfəs” adına dəyişdirilməsinə dair rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar