Məhkəmə qərarları › İş №2-1(122)-109/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-109/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-109/2023 25.10.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X10 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və cavabdeh Culfa Rayon Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Culfa Rayon Cavabdehnə qarşı "ona vurulmuş ziyana görə X6 hesabından 90 min manat pulun tutulub ona verilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş ziyana görə X6 hesabından 90 min manat pulun tutulub ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Dizə kəndində həyətyanı sahəsi və yaşayış evi vardır. Həmin torpaq sahəsində üzüm bağı və müxtəlif növ meyvə ağacları əkmişdir. Ancaq 2022-ci ilin yay mövsümündə Cavabdeh sədri Əliyev Əli onun bağını suvarmaq üçün suvarma suyu ilə təmin etməmişdir. Nəticədə onun uzun illər istifadə etdiyi üzüm bağı və və 50-dən çox meyvə bağı qurumuş və məhv olmuşdur. O, Cavabdeh sədri Əliyev Əliyə su ilə təmin olunması ilə bağlı müraciət etmişdir. O isə iddiaçıya nə su qrafiki, nə də suvarma suyu verməmişdir. Nəticədə ona doxsan min manat ziyan dəymişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən vurulmuş ziyana görə X6 hesabından 90 min manat pulun tutulub ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2- 1(122)-109/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Culfa Rayon Cavabdehnə qarşı "ona vurulmuş ziyana görə X6 hesabından 90 min manat pulun tutulub ona verilməsi tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(108)-13/2023 nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(122)-109/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(122)-109/2023 nömrəli qərardadı ləğv edilərək, İddiaçı cavabdeh Culfa Rayon Cavabdehnə qarşı “vurulmuş ziyana görə X6 hesabından 90 min manat pulun tutulub ona verilməsi” tələbinə dair inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilmişdir. Bundan sonra işin hazırlıq icraatına başlanılaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Culfa Rayon Cavabdehnə göndərilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Culfa Rayon Cavabdeh məhkəməyə 06 iyun 2023-cü il tarixli, 15 nömrəli və 15 sentyabr 2023-cü il tarixli, 34 nömrəli məktub göndərərək iddiaya qarşı yazılı münasibətini onunla əsaslandırmışdır ki, Culfa rayonunda kəndlərdə İcra Nümayəndəlikləri və bələdiyyələr arasında iş bölgüsünü İcra Hakimiyyəti aparır. 2010-cu ilin yanvar ayından 2019-cu ilin iyul ayınadək Cavabdehnə nə içməli suya, nə də suvarma suyuna nəzarət etmək həvalə edilməmişdir. 2019-cu ilin iyul ayından Culfa rayon Maliyyə Şöbəsinin 20 iyun 2019-cu il tarixli, 1704/87 №-li məktubuna əsasən kənddəki su kəhrizlərindən suvarmada və məişətdə istifadə olunmasına nəzarət Cavabdehnə həvalə edildi. 2020-ci ilin iyul ayında kənddə suyu olan “Qarakol” adlandırılan kəhriz qurudu. Digər kəhrizlər 15- 20 il əvvəl quruyubdur. Bu səbəbdən həmin tarixdən Dizə kəndində həyətyanı sahələri suvarmaq mümkün olmadı. Belə ki, kəndin yaxınlığından keçən çayda su olmadığından kəndin gölünü su ilə doldurmaq mümkün olmur. (Yağış yağdıqda həmin çayla sel gəlir və sel suyu vasitəsi ilə göl doldurulur) 3-4 ildir ki, Muxtar Respublikada quraqlıqdır: nə normal yağış yağır, nə də qar. Kənddəki həyətyanı sahələrin suvarılması üçün Araz çayından Yaycı-2 nasos stansiyası vasitəsi ilə su vurmaq olar. Lakin həmin nasos stansiyasından kəndə çəkilmiş boru xətti ən azı 15 ildir ki, yararsız vəziyyətdədir: borular çürüyüb, bəzi yerlərdə isə borular qaynaqlandıqları yerdən qoparaq bir birindən 10-15 sm aralanmışdır. Cavabdehnə yalnız kəhriz sularına nəzarət həvalə edilmişdir. Digər su mənbələrinə kəndin İcra Nümayəndəliyi nəzarət edir. İddiaçı həyətyanı sahəsindəki ağac və kolların qurumasında Cavabdeh və onun sədrinin heç bir günahı yoxdur. Buna görə də İddiaçı “ona vurulmuş ziyana görə 90 min manat təzminat ödənilməsi” tələbi əsassızdır və Cavabdeh bu təzminatı ödəməyəcəkdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 25 okyabr 2023-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: İddiaçı məhkəməyə iddia tələbinə uyğyn izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Culfa Rayon Cavabdeh nümayəndəsi X7 məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Culfa Rayon Polis Şöbəsi tərəfindən 04 may 2009-cu il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxx 1956-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Dizə kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. - Culfa rayon Cavabdeh İddiaçı ünvanlandığı 28 dekabr 2022-ci il tarixli, 36 nömrəli məktubundan məlum olur ki, Cavabdeh kənddəki kəhriz sularına nəzarət etmişdir. 2021-ci ilin iyul ayından kənddə suyu olan yeganə kəhriz də qurumuşdur. Kəhrizlərin suyunun qurumasında Cavabdeh və onun üzvlərinin heç bir günahı yoxdur, yəni həyətyanı sahədəki meyvə ağaclarının və üzüm tənəklərinin qurumasında Cavabdeh və onun üzvlərinin heç bir günahı yoxdur. Bunları nəzərə alaraq Cavabdeh və onun sədrinin 90000 (doxsan) min manat təzminat tələbini haqsız hesab etdiyi və təzminat ödənilməyəcəyi bildirilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İddiaçı ünvanladığı 30 avqust 2022-ci il tarixli, 958 nömrəli məktubundan məlum olur ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 1-ci bəndinə əsasən bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Cavabdeh sədri Əli Əliyev 2020-ci ilin yanvar ayında keçirilən bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq səsvermə yolu ilə həmin bələdiyyənin sədri seçilmişdir. Bununla bağlı bələdiyyənin iclasında qəbul edilən qərar inzibati nəzarəti həyata keçirən orqana göndərilmişdir. “Bələdiyyə üzvünün statusu haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilir ki, əmək haqqını bələdiyyədən alan bələdiyyə üzvünün əsas iş yeri bələdiyyə hesab olunur. Əmək haqqı bələdiyyə tərəfindən ödənilməyən bələdiyyə üzvü öz səlahiyyətlərini həyata keçirərkən istehsal və ya xidmət, eləcə də elmi, təhsil və yaradıcılıq fəaliyyətini dayandırmır. Qanunvericiliyə görə öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı alan və əsas iş yeri bələdiyyə hesab edilən bələdiyyə üzvüdür. Bələdiyyə sədri Əli Əliyev öz səlahiyyətlərini daimi əsasla bələdiyyədə icra etmədiyindən və bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı almadığından onun əsas iş yeri Dizə kənd tam orta məktəbidir. Qanunçuluq prinsipinə riayət olunmasının təmin edilməsi ilə bağlı Bələdiyyələrlə iş mərkəzinin əməkdaşları tərəfindən ötən illərdə və cari ilin müvafiq dövrlərində Cavabdehndə bələdiyyə sədrinin fəaliyyəti və gördüyü işlər, o cümlədən kargüzarlıq işlərində araşdırmalar aparılmış və bu barədə bələdiyyədə heç bir qanun pozuntusu müəyyən edilməmişdir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 52-2- ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında seçicilərinə hesabat verir. Qanunun bu tələbinə əsasən Cavabdeh tərəfindən hesabat yazılı formada tərtib edilmiş və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilmişdir. Kənd təsərrüfatı ehtiyacları üçün suvarma suyunun su istehlakçılarına verilməsi müvafiq su mənbələrindən, təsdiq olunmuş limitlər həddində, müəyyən edilmiş norma və normativlərə uyğun olaraq verilir. Əkinlərin növündən və sahəsindən asılı olaraq su istehlakçılarına tələb olunan suyun verilməsi suvarma sisteminin imkanları və suyun həcmi nəzərə alınmaqla sudan istifadə qrafıkinə əsasən müəyyən edilir. Dizə kəndində həyətyanı topaqlarm suvarılması ilə bağlı suvarma suyunun təmin edilməsini Rayon İcra Hakimiyyəti və Meliorasiya və Su Təsərrüfatı ASC-nin Culfa rayon bölməsi ilə razılaşdırılmaqla Dizə kənd X9 üzrə Nümayəndəliyi müəyyən edir və bu barədə su istehlakçılarını məlumatlandırır. Üzrlü səbəb olmadan suvarma suyu ilə təmin edilmədikdə rayon icra hakimiyyəti və Meliorasiya və Su Təsərrüfatı ASC-nin rayon bölməsinə müraciət edilməlidir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 13 oktyabr 2006-cı il tarixli, MH seriyalı, ******* nömrəli (reyestr nömrəsi: **********71-103481) çıxarışın surətindən aydın olur ki, Culfa rayon Dizə kəndində mülkiyyətdə olan 824.7 kv.m torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı 33.21 kv.m yaşayış, 7.02 kv.m qeyriyaşayış 64.41 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adın daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 481 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2- 1(122)-290/2022 nömrəli qərardadından aydın olur ki, İddiaçı cavabdeh Culfa Rayon X5rşı "ona dəymiş ziyana görə 50000 (əlli min) manat kompensasiyanın cavabdehin hesabından alınıb ona verilməsi tələbi”nə dair iddiası mümkün sayılmamışdır. - Culfa Rayon İcra Hakimiyyətinin Dizə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin İddiaçı ünvanladığı 04 noyabr 2022-ci il tarixli, 15 nömrəli məktubundan görünür ki, mövsümü quraqlıqla əlaqədar olaraq suvarma suyu olmadığı üçün suvarma ilə bağlı heç bir qrafik yoxdur. - Culfa Rayon Cavabdeh İddiaçı ünvanladığı 14 sentyabr 2022-ci il tarixli, 26 nömrəli məktubunda bələdiyyənin iş rejimi barədə məlumat verilmiş, həmçinin Cavabdeh kəhriz sularına nəzarət etdiyi və bir ildən artıqdır kəhriz sularının quruduğu, həyətyanı sahələrin suvarılmasında kəhriz suyundan istifadə etmək mümkün olmadığına görə Cavabdehndə suvarma ilə bağlı qrafik olmadığı bildirilmişdir. - Culfa Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 20 fevral 2023-cü il tarixli, 5-23/2-133/2023 nömrəli məktubdan məlum olur ki, 2021-ci ildən Culfa Rayon Dizə kəndində mövsümi quraqlıqlarla əlaqədar olaraq kəhriz suları qurumuşdur. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 05 may 2023-cü il tarixli, 754 nömrəli məktubdan aydın olur ki, Culfa rayonunun Cavabdeh mülkiyyətinə aid olan torpaq sahəsində bələdiyyə tərəfindən su təsərrüfatı obyekti yaradılmamışdır. - Naxçıvan Muxtar Respublikası Meliorasiya və X11 Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 12 may 2023-cü il tarixli, 198 nömrəli məktubdan görünür ki, Culfa Rayon Dizə kəndində 8 ədəd su obyekti mövcuddur. Həmin obyeklərdən içməli və suvarma məqsədilə istifadə edilir (5 ədəd subartezian quyusu, 1 ədəd kəhriz, içməli su təminatı üçün kaptaj, Dizə gölü). Hazırda həmin obyektlər Culfa Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən istismar olunur. Kəndin əkin sahələrinə əlavə olaraq Yaycı-2 nasos stansiyası vasitəsilə suvarma suyu verilir. Qeyd olunan obyektlər rəsmi olaraq heç bir təşkilatın istifadəsinə, idarəçiliyinə və ya balansına verilməmişdir. Culfa Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi ancaq obyektlərin istismarına cavabdehdir. Əhalinin suvarma və içməli su ilə təminatı zamanı bölgünün aparılması, ödənişlərin yığımı və digər məsələlərin həlli yerli təşkilatlar tərəfindən həyata keçirilir (İnzibati Ərazi Dairəsi uzrə Nümayəndəlik, bələdiyyə, X8 Birliyi) - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak Və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 14 iyun 2023-cü il tarixli, 04/391 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına 13 oktyabr 2006-cı il tarixdə Culfa rayonu, Dizə kəndində 800 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 95.60 m2 olan fərdi yaşayış evi qeydiyyata alınmışdır. - Culfa Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 14 iyun 2023-cü il tarixli, 5-23/2-321/2023 nömrəli məktubdan məlum olur ki, Culfa rayon Dizə kənd ərazisində yerləşən suvarma obyektlərinin istifadəyə verilməsi haqqında Culfa Rayon İcra Hakimiyyəti tərəfindən heç bir akt qəbul edilməmişdir. - Culfa Rayon İcra Hakimiyyətinin Dizə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 14 iyun 2023cü il tarixli, 16 nömrəli məktubdan aydın olur ki, Kərimov X1 qeydiyyatda deyil və yaşamır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: M a d d ə 60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: M a d d ə 89. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. M a d d ə 90. İnzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində vurulmuş ziyana görə maraqlı şəxsə kompensasiya ödənildiyi hallarda, həmin vəzifəli şəxs müvafiq inzibati orqan tərəfindən reqres iddia qaydasında maddi məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: M a d d ə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. M a d d ə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. M a d d ə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. M a d d ə 1100. dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunu: M a d d ə 36.1 bələdiyyələrin digər hüquqi və fiziki şəxslərlə münasibətləri müqavilələr əsasında qurulur. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 7. Bələdiyyə mülkiyyətinə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində, habelə fiziki və hüquqi şəxslərin mülkiyyətində və Birliklərin istifadəsində olmayan meliorasiya və irriqasiya sistemləri daxildir. “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Bələdiyyələrin su təsərrüfatı obyektlərindən istifadə müqaviləsi 13.1. Bələdiyyələrin su təsərrüfatı obyektlərindən istifadə müqavilə əsasında həyata keçirilir. 13.2. Bələdiyyələrin su təsərrüfatı obyektlərindən istifadə bələdiyyələrlə su təsərrüfatı obyektlərinin istifadəçiləri və su istehlakçıları arasında bağlanan müqavilə əsasında aparılır. Maddə 14. Bələdiyyələrə su təsərrüfatı obyektlərindən istifadəyə icazənin verilməsi 14.1. Bələdiyyələr dövlət mülkiyyətində olan su təsərrüfatı obyektlərindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş icazə əsasında istifadə edirlər. 14.2. Bələdiyyələrə su təsərrüfatı obyektlərindən istifadəyə icazə su obyektlərində su ehtiyatlarının həcmi, su istehlakçılarının suya olan tələbatı və su obyektlərinin vəziyyəti nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada verilir. Maddə 15. Bələdiyyə torpaqlarında yerləşən yeraltı su təsərrüfatı obyektləri və onlardan istifadə Bələdiyyə torpaqlarında yerləşən yeraltı su təsərrüfatı obyektlərində suların tükənməsinin və bununla əlaqədar ətraf mühitə vurulan zərərin (meşə, bitki örtüyü və s.) qarşısının alınması üçün onların istismar ehtiyatından artıq çıxarılmasına icazə verilmir. Yeraltı içməli sulardan bir qayda olaraq əhalinin su təchizatında istifadə olunur. Yeraltı içməli suların ehtiyatlarından asılı olaraq bu sulardan suvarma üçün istifadə oluna bilər. Yeraltı su təsərrüfatı obyektlərindən istifadə rejimini və onun üzərində nəzarəti Azərbaycan Respublikasının su qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Maddə 16. Bələdiyyə mülkiyyətində və idarəçiliyində olan su təsərrüfatı obyektlərinin mühafizəsi 16.1. Bələdiyyə mülkiyyətində olan və onların idarəçiliyinə verilmiş su təsərrüfatı obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların tükənməsinin, israfçılığın qarşısının alınması, habelə bunların zərərli təsirinin aradan qaldırılması üzrə tədbirlər bələdiyyələrin su təsərrüfatı müəssisələri tərəfindən həyata keçirilir. 16.2. Bələdiyyələr tərəfindən dövlət mülkiyyətində olan su təsərrüfatı obyektlərinin istifadəsi və mühafizəsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla, hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Hazırkı iş üzrə iddiaçının əsas dəlili ondan ibarətdir ki, vəzifəli şəxsin hərəkətsizliyi (suvarma suyu ilə təmin etməməsi) nəticəsində ona maddi ziyan dəymişdir. İddiaçının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçı tələb etdiyi məbləğdə cavabdeh tərəfindən ona maddi zərər vurulmasını sübut etmək öhdəliyi daşıyır. Lakin iddiaçı ona dəymiş maddi ziyana görə 90000 (doxsan min) manat ödənilməli olduğunu bildirsə də, qeyd edilən məbləğdə maddi zərər dəyməsinə dair hər hansı mümkün və mötəbər sübutu məhkəməyə təqdim etməmiş, cavabdeh orqanın hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulmasını göstərməklə kifayətlənənərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh inzibati orqanla su istehlakçısı kimi müqavilə bağlamamış, Culfa Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda isə Dizə kəndinin kəhriz sularının hələ 2021-ci ildən quruduğu bildirilmişdir. Bu hal işdə olan fotoşəkillərdə də öz əksini tapmışdır. Bununla da hazırkı iş üzrə qeyd edilən maddi hüquq normaları baxımından cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə su təchizatı ilə bağlı hər hansı öhdəliyi yaranmamışdır. Odur ki, İddiaçı cavabdeh Culfa Rayon Cavabdehnə qarşı "ona vurulmuş ziyana görə X6 hesabından 90 min manat pulun tutulub ona verilməsi tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 2.2.7, 4.1, 14.3, 34, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Culfa Rayon Cavabdehnə qarşı "ona vurulmuş ziyana görə X6 hesabından 90 min manat pulun tutulub ona verilməsi tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar