Məhkəmə qərarları › İş №2-1(122)-1281/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1281/2025

02.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1281/2025 02.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə qarşı "onun işlədiyi müəssisədə pozulmuş hüquqlarının müraciət etdiyi xx.xx.2025-ci il tarix nəzərə alınmaqla bərpa edilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun işlədiyi müəssisədə pozulmuş hüquqlarının müraciət etdiyi xx.xx.2025-ci il tarix nəzərə alınmaqla bərpa edilməsi barədə öhdəliyin cavabdeh Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şahbuz rayonunun Keçili kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir. 42 (qırx iki) illik pedaqoji əmək stajına malikdir. 2021-ci ildə keçirilmiş müəllimlərin sertifikatlaşdırılması imtahanında 43 bal toplamışdır. Azərbaycan Respublikasının Əməkdar müəllimidir. Ötən il 19 saat dərs yükü ilə təmin olunmuşdur. Cari ildə isə dərs yükü heç bir əsaslı səbəb olmadan 2 saat azaldılmışdır. Aylıq maaşı 103 (yüz üç) manat azadılmışdır. Bununla əlaqədar xx.xx.2025ci il tarixdə Naxçıvan MR Ali Məclisində olmuşdur. Müraciəti qeydə alınıbdır. Sonraki müddətdə müxtəlif rəhbər təşkilatlara ünvanlanan yazılı müraciətlər Naxçıvan MR Təhsil Nazirliyinin eyni əməkdaşı tərəfindən və hər dəfə də eyni faktlar sadalanmaqla cavablandırılmışdır. Şikayəti ört-basdır etmək məqsədi güdüldüyündən ərizəsində qoyduğu problemlərin üstündən vaz keçilmişdir. Bu səbəbdən aşağıda qeyd etdiklərinə qarşınızda cavabdeh tərəfindən aydınlıq gətirilməsini istəyir. 1. 4 nəfər ixtisas yoldaşı arasında stajlısı, sertifikasiya imtahanı zamanı yuxarı nəticə göstərəni odur. Eyni zamanda əməyi ölkə rəhbəri tərəfindən dəyərləndirilərək fəxri ada layiq görülən də odur. Niyə onu ixtisası üzrə ən azı 1 stavka dərs yükü ilə təmin etməmiş digər yoldaşlara ixtisas dərsi verilmişdir. 2.Son iki ildə məktəbin nə müəllim sayında, nə də Azərbaycan dili və ədəbiyyat fənni üzrə dərs sayında heç bir dəyişiklik olmamışdır. Belə halda nə üçün onun dərs yükü 2 saat azaldılmışdır? Azərbaycan Respublikasında müəllimin həyat səviyyəsi ildən-ilə yüksəlir, yoxsa aşağı düşür? 3.Əgər məktəbdə dərs çatışmırsa niyə hər il direktor və onun müavinləri bir stavka vəzifədən əlavə 12 saat da dərs qamarlayıblar? Onların nəyi ondan artıqdır? 4. Azərbaycan Respublikasında müəllimlərin sertifikasiyasının keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 155 saylı Qərarı vardır. Qərara görə, sertifikasiyaya cəlb olunan və nəticə göstərə bilməyən müəllimlərə bir il möhlət verilir. Növbəti ildə onlar yenidən sertifikasiyaya cəlb olunurlar, nəticə göstərə bilməyənlərin əmək müqaviləsinə xitam verilir, onlar pedaqoji işdən uzaqlaşdırılırlar. 3 nəfər ixtisas yoldaşından 2 (iki) nəfəri 2021-ci ildə keçirilmiş sertifikasiya imtahanında və sonrakı ildə təkrar keçirilən sertifikasiyada nəticə göstərə bilməmişdir. Onlar hələ də işlədilir, ixtisas dərsi tədris edirlər. Bu hal Azərbaycan Respublikası Konstitusiyasının 134cü maddəsinin 4 və 5-ci bəndlərinin tələblərinin kobudcasına pozulması deyilmi? 5.Onun diplomunda ixtisası "orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi" kimi göstərilmişdir. Uzun illər dərs apardığı siniflərdə hər iki fənni özü tədris etmişdir. Son 2-3 ildə məktəbin direktoru Azərbaycan dili saatlarını ona, ədəbiyyat saatlarını isə başqa müəllimə verir. Bununla da tədris planının tələblərini pozur. 6. 2025-ci ildə ölkədə orta əmək haqqı 1087 manat, müəllimin orta əmək haqqı 965 manatdır. Məktəbdə bütün müəllimlərin təminatı nəzərə alındığından, yaxşı müəllimlə pis müəllimə fərq qoyulmadığından o, bu əmək haqlarından heç birini ala bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 02 mart 2026-ci il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq, yardım məktubları ünvanlanaraq iddia ərizəsində iddia tələbiniz aydın ifadə olunmadığı, belə olan təqdirdə məhkəmə tərəfindən cavabdeh orqan tərəfindən hansı müəssisədə, hüquqlarının hansı qaydada pozulmasını müəyyən etməyin mümkün olmadığı, inzibati məhkəmə icraatı qaydasında şəxsin (fiziki və ya hüquqi şəxs) hüquq və vəzifələri ilə bağlı dövlət orqanlarının qərarları, hərəkət və ya hərəkətsizliyindən verilmiş iddialara baxıldığı, hazırki iddia tələbi üzrə hüquqlarınızın və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etməyin mümkün olmadığı iddiaçının diqqətinə çatdırılmış, iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur. Həmçinin iddia ərizəsinin surəti iddianın mümkünlüyü məsələsinə münasibət bildirilməsi üçün cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə göndərilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi iddiaya dair məhkəməyə ünvanlanan 15 yanvar 2026-cı il tarixli, 3-29-72/2-67/2026 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, ümumtəhsil müəssisəsinin fəaliyyəti “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarına uyğun olaraq tənzimlənir. Belə ki, Qərarın 2.3-cü bəndinə əsasən ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14də başa çatır. Həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 08 may 2018ci il tarixli F346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Bundan əlavə “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 29 mart 2019-cu il tarixli 1532-VQ nömrəli Qanunun 20.4-cü maddəsinə əsasən dövlət ümumi təhsil müəssisəsində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şuradır. Pedaqoji Şura müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş əsasnaməyə və ümumi təhsil müəssisəsinin nizamnaməsinə uyğun fəaliyyət göstərir. Belə ki, ümumi təhsil müəssisəsində Pedaqoji Şura pedaqoji kollektivin hər bir üzvünü müəssisənin idarə olunmasına fəal cəlb etməklə demokratik şəraitdə qarşıda duran aktual məsələləri müzakirə edib kollegial qərarlar qəbul etmək məqsədilə yaradılır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 noyabr 2010-cu il tarixli 1486 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə”nin 3.1.2.6-ci yarımbəndinə əsasən dərs bölgüsünün təsdiqi pedaqoji şurada müzakirə olunaraq qərar qəbul edilir. Qeyd olunan Əsasnamənin 2.8-ci bəndinə uyğun olaraq məktəb direktorunun müvafiq əmri ilə rəsmiləşdirilir. Qeyd edilənləri nəzərə alaraq bildirilir ki, Şahbuz rayonu Keçili kənd tam orta məktəbində tədris ilinin başlanması ilə əlaqədar olaraq (15 sentyabr) pedaqoji şura keçirilmiş, sinif komplektlərinə uyğun olaraq məktəb üzrə dərs yükü müzakirə olunmuşdur. Müəyyən olunmuşdur ki, Şahbuz rayon Keçili kənd tam orta məktəbinin V-Xİ sinifləri üzrə 8 sinif komplekti olmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 21 avqust 2025-ci il tarixli 3-29/3- 2-522F/2025 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrinin İ-Xİ siniflərinin 2025- 2026-cı tədris ili üçün tədris planı (3 nömrəli əlavə)”na uyğun olaraq məktəbdə ümumilikdə Azərbaycan dili və ədəbiyyatı fənnindən 44 saat dərs yükü 4 müəllim tərəfindən tədris olunur. Məktəb üzrə həmin fənn üzrə orta dərs yükü 11 saat təşkil etmişdir. İddiaçı 2021-ci ildə keçirilən müəllimlərin sertifikatlaşdırılması imtahanlarında 43 bal toplayaraq uğur qazanmışdır. Məktəb üzrə 2025-2026-cı tədris ilinin dərs bölgüsü zamanı İddiaçı 14 saat Azərbaycan dili, 2 saat ədəbiyyat, 1 saat musiqi olmaqla, ümumilikdə 17 dərs saatı ilə təmin olunmuşdur. Digər müəllimlərdən X1 da 2021-ci ildə keçirilən müəllimlərin sertifikatlaşdırılması imtahanlarında 36 bal toplayaraq vəzifəyə uyğun hesab edilmişdir. Dərs bölgüsü zamanı Araz Kərimovun orta dərs yükü 17 saat təşkil etmişdir. İddiaçının ərizədə qeyd etdiyi digər iki ixtisas müəllim isə müəllimlərin sertifikatlaşdırılması imtahanlarında uğur qazana bilmədiyi üçün müvafiq olaraq 6 və 7 saat dərs yükü ilə təmin olunmuşdurlar. Tərəfllər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 46.1-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının: - 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. - 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. - 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Hazırkı iş üzrə iddiaçı məhkəmədən onun işlədiyi müəssisədə pozulmuş hüquqlarının müraciət etdiyi xx.xx.2025-ci il tarix nəzərə alınmaqla bərpa edilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi aydın və dəqiq ifadə olunmadığından konkret olaraq üzərinə onun hansı müəssisədə işlədiyini, həmçinin pozulmuş hüquqlarının nədən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan aydın olur ki, iddia tələbi iddiaçının hüquqi marağının təmin edilməsinə yönəlməmişdir. Bu hal isə hazırki tələb üzrə mümkünlük şərtlərini istisna edir. Belə ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı dərs saatlarının azaldılmasından narazıdır. İddiaçının əsas hüquqi marağı azaldılmış dərs saatlarının bərpasından ibarətdir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etməyin mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 noyabr 2010-cu il tarixli, 1486 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə”nin 3.1.2.6-ci yarımbəndinə əsasən dərs bölgüsünün təsdiqi pedaqoji şurada müzakirə olunaraq qərar qəbul edilir. Qeyd olunan Əsasnamənin 2.8-ci bəndinə uyğun olaraq məktəb direktorunun müvafiq əmri ilə rəsmiləşdirilir. Hazırkı iş üzrə iddiaçının işlədiyi Şahbuz rayonu Keçili kənd tam orta məktəbində tədris ilinin başlanması ilə əlaqədar olaraq pedaqoji şura keçirilmiş, sinif komplektlərinə uyğun olaraq məktəb üzrə dərs yükü müzakirə olunaraq bölüşdürülmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında şəxsin (fiziki və ya hüquqi şəxs) hüquq və vəzifələri ilə bağlı dövlət orqanlarının qərarları, hərəkət və ya hərəkətsizliyindən verilmiş iddialara baxılır. Göründüyü kimi hazırki iddia tələbi üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi deyil, Şahbuz rayonu Keçili kənd tam orta məktəbi olmalıdır. Belə olan halda Şahbuz rayonu Keçili kənd tam orta məktəbi inzibati orqan olmadığından işə inzibati məhkəmədə deyil, müvafiq rayon (şəhər) məhkəməsində mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, inzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların” təsnifatında qeyd edilmişdir. Hazırki iddia tələbində cavabdeh qismində göstərilməli olan Şahbuz rayonu Keçili kənd tam orta məktəbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların” təsnifatında inzibati orqanların siyahısında inzibati orqan kimi qeyd olunmamışdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin halların müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçının ünvanına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən yardım məktubları göndərilərək ona zəruri hüquqi yardım göstərilmişdir. Lakin iddiaçı tərəfindən yardım məktubunda göstərilən hallarla bağlı hər hansı tədbir görülməmişdir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərtin yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə qarşı "onun işlədiyi müəssisədə pozulmuş hüquqlarının müraciət etdiyi xx.xx.2025-ci il tarix nəzərə alınmaqla bərpa edilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. İddiaçıya pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə qarşı "onun işlədiyi müəssisədə pozulmuş hüquqlarının müraciət etdiyi xx.xx.2025-ci il tarix nəzərə alınmaqla bərpa edilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar