Məhkəmə qərarları › İş №2-1(122)-165/2021

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-165/2021

22.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-165/2021 22.11.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5 və cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı iştirakı olmadan, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında əmrinin ləğv olunması və 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirmək üçün 17 nömrəli xüsusi lisenziyanın bərpa olunmasının cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında əmrinin ləğv olunması və 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirmək üçün 17 nömrəli xüsusi lisenziyanın bərpa olunmasının cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Kəngərli Rayon Qarabağlar Bələdiyyəsinin 31 oktyabr 2016-cı il tarixli, 14 nömrəli qərarı ilə kənd mərkəzində olan köhnə xəstəxana binasından baytarlıq apteki işlətmək üçün iki otağı 15 (on beş) illiyinə icarəyə götürmüşdür. İcarəyə götürdüyü bina baytarlıq apteki üçün yararsız halda olduğundan Kəngərli Rayon İcra Hakimiyyətinin tapşırıqları əsasında həmin binanı şəxsi vəsaiti hesabına əsaslı təmir edərək baytarlıq apteki üçün yararlı vəziyyətə salmışdır. Təmirdən sonra binaya baxış keçirildikdən sonra ona 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirmək üçün 17 nömrəli xüsusi lisenziya verilmişdir. Nəhayət 2020-ci il mart ayında qanunsuz olaraq Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərovun tapşırığı əsasında verilmiş xüsusi lisenziya Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən zorla oğlunun əlindən alınmışdır. İddiaçının sonradan əldə etdiyi məlumatlara görə ona verilmiş xüsusi lisenziya qərəzli şəkildə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli əmri və inzibati aktı ilə ləğv edilmişdir. Lisenziyanın qərəzli şəkildə ləğv olunduğu tarixə qədər Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti tərəfindən sahibkara heç bir yazılı və şifahi xəbərdarlıq olunmamışdır. Sifarişlər əsasında qərəzli şəkildə tərtib olunan aktdan və əmrdən onun xəbəri olmamışdır. Bugünə qədər aktın və əmrin surəti qərəzli şəkildə fəaliyyəti dayandırılan sahibkara çatdırılmamışdır. İddiaçı qeyd edir ki, əvvələr İİ qrup əlil olmuş, bu hadisələrdən sonra xəstəliyi daha da artaraq İ qrup əlil olmuşdur. Xüsusi lisenziyanın bərpası ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə oğlunun çoxsaylı yazılı və şifahi müraciətlərindən heç bir müsbət cavab ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında əmrinin ləğv olunması və 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirmək üçün 17 nömrəli xüsusi lisenziyanın bərpa olunmasının cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 14 oktyabr 2021ci il tarixə təyin olunmuşdur. İddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasında iddiaçının nümayəndəsi X14 iddiaçı tərəfindən məhkəməyə təqdim edilən 19 iyul 2021-ci il tarixli ərizəni müdafiə edərək Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında əmr atasına rəsmi qaydada təqdim olunmadığından məhkəməyə müraciət etmək üçün buraxılmış müddəti üzrlü hesab edərək iddianın mümkün sayılmasını xahiş etmişdir. Məhkəmənin 14 oktyabr 2021-ci il tarixli, 2-1(122)-165/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında əmrinin ləğv olunması və 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirmək üçün 17 nömrəli xüsusi lisenziyanın bərpa olunmasının cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Bundan sonra işin hazırlıq icraatına başlanılaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49-cu maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə göndərilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti tərəfindən iddiaya dair məhkəməyə ünvanlanan 29 oktyabr 2021-ci il tarixli, 2-166 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan iddia tələbini qəbul etməyərək aşağıda qeyd edilən əsaslara görə iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həqiqətən Kəngərli rayonunun X1 31 oktyabr 2016-cı il tarixli iclasının 14 nömrəli qərarı ilə kənd mərkəzində olan köhnə xəstəxana binasında aylıq icarə haqqı 50 (əlli) manat olmaqla baytarlıq apteki üçün iki otaq İddiaçı icarəyə verildiyindən, vətəndaşın Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə müraciəti əsasında ona ayrılmış yerdə baytarlıq aptekinin fəaliyyəti üçün lisenziya verilmişdir. Lakin lisenziya verildikdən bir müddət sonra köhnə xəstəxana binası söküldüyündən aptekin yeri dəyişdirilərək yaşayış sahəsi ərazisində fəaliyyətə başlamış və bu haqda Dövlət Baytarlıq Xidmətinə heç bir məlumat verilməmişdir. “Lisenziya və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsində qeyd edildiyi kimi lisenziyanın (icazənin) sahibi olan fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı dəyişdikdə bu Qanunun 23.2-ci maddəsinə əsasən 5 iş günündən gec olmayaraq lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsi üçün lisenziya və icazə verən orqana ərizə ilə müraciət etməlidir. Lakin sahibkar bu barədə bugünədək heç bir müraciət etməmiş və ya bunu lazım bilməmişdir. Buna görə də “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin bilərəkdən pozulması halına yol vermişdir. Bundan bir müddət sonra ərazidə yaşayan sakinlər tərəfindən baytarlıq xidmətinin rayon idarəsinə xeyli şikayətlər daxil olmuşdur. Həmin şikayətlərdə aptekin şəraitinin olmaması və bununla əlaqədar dərman vasitələrinin keyfiyyətsiz olması, alınan dərmanların müalicə təsirinin olmaması, aptekin sahibi xəstə olduğu üçün aptekin qeyri-ixtisas sahibi olan şəxs tərəfindən işlədildiyi bildirilmişdir. Qeyd olunan şikayətlər tək rayon baytarlıq idarəsinə deyil, X12 Ərazi Dairəsi üzrə Nümayəndəliyə də daxil olduğundan 12 və 19 fevral 2020-ci il tarixlərdə nümayəndə K.Abdullayevə və müavini S.Tağıyevə həmin aptekin yerləşdiyi binanın yaşayış sahəsi olduğundan aptek üçün yarasız olması və burada işləyən satıcının qeyri-ixtisas sahibi olması haqqında məlumatlar daxil olmuşdur. Bütün bunların əsasında Kəngərli rayon Baytarlıq İdarəsi tərəfindən 03 və 25 fevral 2020-ci il tarixdə keçirilən reyd zamanı tərtib olunmuş aktlarda da şikayətlərdə qeyd olunan nöqsanlar öz təsdiqini tapmışdır. Baytarlıq aptekinin lisenziya sahibinə dəfələrlə nöqsanların aradan qaldırılması barədə xəbərdarlıq edilsə də, İddiaçı edilmiş xəbərdarlıqlara baxmayaraq aptekin fəaliyyətini davam etdirmişdir. Bu barədə Kəngərli Rayon Baytarlıq İdarəsinin rəisi R.Ağayevin imzası ilə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə ünvanlanmış 02 mart 2020-ci il tarixli, 7-1 nömrəli məktubda göstərilən nöqsanların araşdırılıb müvafiq tədbir görülməsi üçün mütəxəssislər 04 mart 2020-ci il tarixdə Qarabağlar kəndinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin əməkdaşları F.Şıxəliyev və H.Məmmədovun, Kəngərli Rayon Baytarlıq İdarəsinin rəisi R.Ağayevin, X12 Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini S.Tağıyevin və kənd bələdiyyəsinin sədri M.Hüseynovun imzası ilə tərtib olunmuş 04 mart 2020-ci il tarixli akta əsasən sahibkar İddiaçı xəstə olduğu üçün onun oğlu Nümayəndə aptekdə olan dərman və biopreparatları yığışdıraraq fəaliyyətini dayandırmışdır. 19 aprel 2017-ci il tarixdən İddiaçı baytarlıq aptekinin işlədilməsinə dair lisenziya verilməsinə baxmayaraq, 2020-ci ilin mart ayınadək Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə baytarlıq dərmanlarının dövriyyəsinə dair heç bir hesabat verməmişdir. Hansı ki, sahibkar hər üç aydan bir dərman maddələrinin dövriyyəsinə dair hesabat verməyə borclu idi və bu hesabat təqdim olunmalı idi. İddiaçı bu hesabatın verilməsinə dair dəfələrlə xəbərdarlıq edilsə də, hesabat təqdim etməyərək qanun pozuntusuna yol vermişdir. Cavabdeh inzibati orqan olaraq "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələbinə uyğun həmin baytarlıq aptekinin fəaliyyətinin qanunun tələblərinə cavab verib-verməməsi haqqında qeyd olunan sübutlar toplanmışdır. Bu da kifayət qədər əsas vermişdir ki, lisenziya ləğv edilsin. Ona görə də Dövlət Baytarlıq Xidməti tərəfindən 17 nömrəli lisenziya 16 mart 2020-ci il tarixdə ləğv edilmişdir. 19 aprel 2017-ci il tarixdə İddiaçı verilmiş xüsusi lisenziya aşağıda göstərilən səbəblərə görə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 saylı inzibati aktı ilə ləğv edilmişdir. 1. Aptekin fəaliyyəti üçün nəzərdə tutulmuş kənd mərkəzində olan köhnə xəstəxana binası sökülmüş, aptekin fəaliyyət ünvanı dəyişdirilmişdir. Bu haqda Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə məlumat verilmədiyindən "Lisenziya və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununun 23.1.3 və 23.2-ci maddələri pozulmuşdur. 2. Sahibkar İddiaçı 19 aprel 2017-ci ildən 16 mart 2020-ci ilədək xüsusi lisenziya əsasında fəaliyyət göstərməsinə baxmayaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə heç bir hesabat verməmiş və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunun tələblərinə tabe olmamışdır. 3. Aptekdə satıcı kimi heç bir baytarlıq təhsili olmayan X11 təyin edilmiş, bu haqda ona tutulan iradlara məhəl qoymamışdır. 4. Satılan dərman maddələri haqqında vətəndaşlara düzgün məlumat verilmədiyindən kənd sakinlərinin haqlı narazılığına səbəb olmuş, Kəngərli Rayon İcra Hakimiyyətinə kənd sakinləri tərəfindən dəfələrlə şikayət olunmuşdur. 5. Sahibkar İddiaçı yataq xəstəsi (İ qrup əlil) olduğundan onun oğlu aptekdə olan baytarlıq dərmanlarını götürərək fəaliyyətini dayandırmışdır. Aptekə baxış zamanı heç bir dərman vasitəsinə rast gəlinməmişdir. Ona görə də Xidmətə daxil olmuş sənədlər və Xidmətin özü tərəfindən aparılmış araşdırmaların sonunda lisenziyanın ləğv edilməsi haqqında əmr verilmişdir. Lisenziyanın ləğv edilməsi "Lisenziya və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməklə qəbul edilmişdir. Qeyd olunan Qanunun 26.1.6-cı bəndində göstərilir ki, lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə lisenziya ləğv edilir. Həmin qanunun 26.1.7-ci bəndində göstərilir ki, Qanunun 24.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və ya icazə verən orqana yazılı məlumat verilmədikdə lisenziya ləğv olunur. Digər tərəfdən İddiaçı baytarlıq fəaliyyəti göstərmək üçün xüsusi lisenziya verilmiş ünvanın bugün mövcud olmaması lisenziyanın bərpasını qeyri-mümkün edir. Buna görə də yeni lisenziya alınması üçün yer alınması məqsədi ilə müvafiq orqanlardan icazə alınmalı, orada təlabata uyğun şərait yaradılaraq Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə müraciət olunmalıdır. Etirazda qeyd olunanlar lisenziyanın yenidən bərpa olunmamasına tam əsas verir. İnzibati orqan olaraq diskression səlahiyyətlərdən də istifadə edərək vətandaşların haqlı şikayətləri, müvafiq dövlət orqanları tərəfindən Dövlət Baytarlıq Xidmətinə ünvanlanmış sənədlər araşdırılmış və qanuna uyğun olaraq lisenziya ləğv edilmişdir. İddiaçının özü də etiraf edir ki, əvvələr ikinci qrup əlil olmuş, sonralar xəstəliyi nəticəsində birinci qrup əlil kimi yataq xəstəsidir. Belə olan halda əmək qabiliyyətsiz olan şəxsə lisenziyanın verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İnzibati orqan olaraq inzibati aktın qəbulu zamanı maddi hüquq normaları pozulmamış, qanunvericiliyin tələbləri qorunmuşdur. Ona görə də məhkəmədən iddia tələbini əsassız sayaraq iddianın rədd olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 01 noyabr 2021ci il tarixli, 2-1(122)-165/2021 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 22 noyabr 2021-ci il tarixə təyin edilmiş, proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaraq, iş üzrə İddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X14 iddia ərizəsinə uyğun izahat verərək cavabdehin təqdim etdiyi sənədlərin qanunvericiliyin tələbləri pozulmaqla qərəzli şəkildə tərtib olunduğunu, aptekin 15 oktyabr 2019-cu ildən fəaliyyətə başladığını, müxtəlif vaxtlarda baytarlıq aptekinə yoxlama keçirib akt tərtib edilməsinin saxta və qanunvericiliyə zidd olduğunu, 25 fevral 2020-ci il tarixində baytarlıq aptekində satıcı xanımın işləmədiyini, inzibati akt qəbul edildiyi zaman sahibkara məlumat verilmədiyini, sahibkardan xəbərsiz, qərəzli şəkildə inzibati aktın qəbul edildiyini, qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmiş inzibati aktın qanunsuz sayılmalı olduğunu bildirib, məhkəmədən qanunsuz inzibati aktın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edərək bu barədə yazdığı çıxışı məhkəməyə təqdim etdi. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin nümayəndəsi X8 verdiyi izahatında və ona ünvanlanmış sualları cavablandırarkən cavabdeh tərəfindən məhkəməyə ünvanlanan etiraz məktubuna uyğun izahat verərək cavabdeh inzibati orqana daxil olmuş şikayətlər əsasında Kəngərli rayon Qarabağlar kəndində yerləşən baytarlıq aptekinə baxış keçirildiyini, baxış zamanı qarşılaşdıqları mənzərinin acınacaqlı olduğunu, belə ki, iddiaçının oğlu tərəfindən götürüldüyündən reyd zamanı aptekdə heç bir dərman maddəsinin aşkar olunmadığını, aptekdə satıcı kimi heç bir baytarlıq təhsili olmayan X4 işlədiyini, satılan dərman maddələri haqqında vətəndaşlara düzgün məlumat verilmədiyini, bu halın heyvanlar arasında kütləvi zəhərlənmələrə səbəb olaraq ciddi təhlükə yarada biləcəyini, sahibkar İddiaçı 19 aprel 2017-ci ildən 16 mart 2020-ci il tarixədək xüsusi lisenziya əsasında fəaliyyət göstərməsinə baxmayaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə heç bir hesabat vermədiyini, bununla bağlı iddiaçıya dəfələrlə xəbərdarlıq edildiyini, lisenziyanın bərpa edilməsinin mümkün olmadığını, yeni lisenziyanın alınması üçün orqana iddiaçı və onun nümayəndəsi tərəfindən heç bir müraciətin daxil olmadığını bildirib məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - 26 iyul 2021-ci il tarixli, 19351 nömrəli qəbzdən məlum olur ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 (on) manat dövlət rüsumu ödəmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının nümayəndəsi X14 31 dekabr 1982-ci ildə doğulmuşdur. - Kəngərli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli AZ-İ seriyalı, 010705 nömrəli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən məlum olur ki, Nümayəndə soyadını "Hüseyn"ə dəyişdirmişdir. Bu barədə adın, ata adının, soyadının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 25 avqust 2021-ci il tarixində 01 nömrə ilə qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu Qarabağlar Bələdiyyəsinin 31 oktyabr 2016-cı il tarixli, 14 nömrəli qərarından məlum olur ki, Qarabağlar kənd sakini İddiaçı ərizəsi nəzərə alınmış, kənd mərkəzində olan köhnə xəstəxana binasından icarə haqqı aylıq 50 (əlli) manat olmaqla baytarlıq apteki üçün iki otaq İddiaçı icarəyə verilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzov tərəfindən verilmiş 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında əmrin surətindən aydın olur ki, “Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununun 26.1.7-ci maddəsini və Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti haqqında Əsasnamənin 13.1-ci hissəsini rəhbər tutaraq, Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən İddiaçı məxsus baytarlıq aptekinin işlədilməsinə dair verilmiş 19 aprel 2017-ci il tarixli, 17 nömrəli xüsusi lisenziyanın 16 mart 2020-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir. Əsas kimi Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 04 mart 2020-ci il tarixli aktı göstərilmişdir. - 04 mart 2020-ci il tarixdə Kəngərli rayon Qarabağlar kəndində X3, X9, X10, X6, X7 tərəfindən tərtib edilmiş aktdan məlum olur ki, 04 mart 2020-ci il tarixdə Kəngərli rayon Qarabağlar kəndində fəaliyyət göstərən İddiaçı məxsus Baytarlıq aptekinə baxış keçirilmişdir. Baxış zamanı 19 aprel 2017-ci il tarixdə İddiaçı baytarlıq dərmanlarının alqısatqısı üçün lisenziya verildiyi, bu müddət ərzində sahibkara dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, dərmanların dövriyəsi üçün illik hesabatların Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə təqdim edilmədiyi, aptekdə satıcı kimi fəaliyyət göstərən X4 baytarlıq təhsili olmadan işə götürüldüyü, kənd mərkəzində lisenziya verilmiş aptekin yeri dəyişdirildiyi üçün Dövlət Baytarlıq Xidmətinə məlumat verilmədiyi, hal-hazırda lisenziya verilmiş İddiaçı yataq xəstəsi olduğundan oğlu Nümayəndə aptekdə olan baytarlıq dərmanlarını götürdüyü və fəaliyyətini dayandırdığı məlum olmuşdur. Baxış zamanı heç bir baytarlıq dərmanlarına rast gəlinməmişdir. - 03 fevral 2020-ci il tarixdə və 25 fevral 2020-ci il tarixdə Kəngərli rayon Qarabağlar kəndində Ağayev Rəsul, Babayev Seyfəddin və Əliyev Xəyaləddin tərəfindən tərtib edilmiş aktların məzmunundan məlum olur ki, İddiaçı məxsus Qarabağlar kəndində fəaliyyət göstərən baytarlıq aptekinə baxış keçirilmişdir. Baxış zamanı aptekdə dərman bioperaparatlarının saxlanılması normalara uyğun vəziyyətdə olmadığı, heyvanlara məxsus olan dərmanların bitkiçiliyə aid dərmanlarla bir yerdə saxlanıldığı, bunun da baytar-sanitarlıq qaydasına uyğun olmadığı məlum olmuşdur. Baxış zamanı satıcı işləyən xanımın baytarlıq ixtisasının olmadığı aşkar olunmuşdur. - Kəngərli Rayon Baytarlıq İdarəsinin Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə ünvanladığı 02 mart 2020-ci il tarixli, 7-1 nömrəli məktubdan məlum olur ki, 2020-ci ilin fevral ayında (03 və 25 fevral tarixlərində) Kəngərli Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində baytar sanitar qaydalara əməl olunması vəziyyəti və baytarlıq apteklərinə nəzarət məqsədi ilə iki dəfə reyd keçirilmişdir. Keçirilən reydlər zamanı Qarabağlar kəndində fəaliyyət göstərən, İddiaçı məxsus baytarlıq aptekində işləyən X4 qeyri-ixtisas sahibi olması aşkar olunmuşdur. Digər tərəfdən satılan dərman maddələri haqqında alıcılara düzgün təlimat verilmədiyi üçün əhali arasında narazılığın yaranması, eləcə də aptekin yerləşdiyi binanın yaşayış sahəsi olduğu və burada hər an zəhərlənmələrin baş vermə təhlükəsi olmasını nəzərə alıb həmin aptekin fəaliyyətinə dair verilmiş lisenziyaya yenidən baxılması göstərişinin verilməsi xahiş edilmişdir. - Kəngərli Rayon İcra Hakimiyyətinin X12 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 fevral 2020-ci il tarixli, 376/20 nömrəli arayışdan məlum olur ki, Qarabağlar kəndində fəaliyyət göstərən baytarlıq aptekinin yerləşdiyi bina yaşayış sahəsi olduğundan aptek üçün yararsızdır. - Kəngərli Rayon İcra Hakimiyyətinin X12 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2020-ci il tarixli, 405/20 nömrəli arayışdan məlum olur ki, Qarabağlar kəndində fəaliyyət göstərən baytarlıq aptekini işlədən X11 həqiqətən qeyriixtisas sahibidir. - 19 aprel 2017-ci il tarixli, 17 nömrəli lisenziyanın surətindən aydın olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti tərəfindən İddiaçı Kəngərli rayonunun Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirməyə icazə verilmişdir. İddiaçı tərəfin məhkəmə iclaslarında verdiyi izahatlardan və iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında əmrinin ləğv olunması və 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqısatqısını həyata keçirmək üçün 17 nömrəli xüsusi lisenziyanın bərpa olunmasını tələb edir. Cavabdeh inzibati orqanın imtina məktublarından və nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan aydın olur ki, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydalar pozulduğundan Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli əmri ilə 19 aprel 2017-ci il tarixli, 17 nömrəli xüsusi lisenziya ləğv edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. - 59-cu maddəsinə əsasən hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. - 44.2-ci maddəsinə əsasən kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən lisenziya müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. - 6.2-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının ərazisində lisenziya və icazə verən orqanlar Naxçıvan Muxtar Respublikasının qanunları ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 6.3.7-ci maddəsinə əsasən lisenziya və icazə verən orqan lisenziya (icazə) şərtlərinə riayət olunmasına nəzarəti həyata keçirir. 17.1-ci maddəsinə əsasən lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğvi ilə bağlı inzibati icraat bu Qanuna və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. - 26.1-ci maddəsinə əsasən lisenziya və icazə lisenziyanın (icazənin) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə, lisenziyanın (icazənin) müddəti bitdikdə, lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə, lisenziyanın (icazənin) sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə, məhkəmənin müvafiq qərarı olduqda, lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə, bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə, lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda ləğv edilir. - 26.2-ci maddəsinə əsasən lisenziya və icazə bu Qanunun 26.1-ci maddəsində göstərilən hallara (bu Qanunun 26.1.5-ci maddəsi istisna olmaqla) istinad edilməklə, lisenziya və icazə verən orqanın inzibati aktı ilə ləğv edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziyanın (icazənin) sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. - 26.4-cü maddəsinə əsasən lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin ləğvi haqqında inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. - 27.1-ci maddəsinə əsasən lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarət çərçivəsində səyyar yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir. Qanunun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinin həyata keçirilməsi zamanı lisenziyanın sahibi tərəfindən Azərbaycan Respublikası qanunlarının tələblərinə və lisenziyanın şərtlərinə riayət edilməməsi hallarını aşkar edən nəzarət orqanı lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslandırılmış təqdimat göndərir. Məhkəmə hazırki işin hallarına və yuxarıda göstərilən qanunvericilik normalarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli əmr ilə 19 aprel 2017-ci il tarixli, 17 nömrəli xüsusi lisenziyanı ləğv etməkdə haqlı olmuşdur. Belə ki, 04 mart 2020-ci il tarixdə iddiaçının Kəngərli rayonu Qarabağlar kəndində yerləşən baytarlıq aptekinə baxış keçirilmişdir. Baxış zamanı aptekdə heç bir dərman və biopreparatlar aşkar edilməmişdir. Belə ki, sahibkar İddiaçı xəstə olduğu üçün onun oğlu aptekdə olan dərman vasitələrini yığışdıraraq aptekin fəaliyyətini dayandırmışdır. Həmçinin aptekin fəaliyyəti üçün nəzərdə tutulmuş kənd mərkəzində olan köhnə xəstəxana binası söküldüyündən aptekin fəaliyyət ünvanı dəyişdirilməsinə baxmayaraq, iddiaçı tərəfindən bu barədə cavabdeh inzibati orqana heç bir məlumat verilməmişdir. Lakin iddiaçı aptekin fəaliyyət ünvanı dəyişdirildiyindən lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidmətininə müraciət etməli idi. Belə ki, ”Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən lisenziyanın (icazənin) sahibi olan fərdi sahibkarın soyadı, adı, atasının adı və ya fəaliyyət ünvanı dəyişdikdə lisenziya və icazə lisenziyanın (icazənin) sahibi və ya onun hüquqi varisi həmin əsasların yarandığı gündən 5 iş günündən gec olmayaraq lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsi üçün lisenziya və icazə verən orqana ərizə ilə müraciət etməlidir. Cavabdeh inzibati orqan tərəfindən lisenziyanın ləğvi üçün əsas kimi irəli sürülmüş digər bir arqument isə aptekdə satıcı kimi heç bir baytarlıq təhsili olmayan X4 təyin edilməsi, nəticədə satılan dərman maddələri haqqında vətəndaşlara düzgün məlumat verilmədiyindən Kəngərli Rayon Baytarlıq İdarəsinə kənd sakinləri tərəfindən dəfələrlə şikayətlərin daxil olmasıdır. Qeyd olunan hallar Kəngərli Rayon Baytarlıq İdarəsi tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə ünvanlanmış 02 mart 2020-ci il tarixli, 7-1 nömrəli məktubda da öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, bu sahədə heç bir təhsili olmayan birinin aptekdə satıcı kimi işləməsi heyvanlar arasında kütləvi zəhərlənmələrə səbəb olaraq təhlükəli vəziyyətin yaranması ilə nəticələnə bilərdi. Cavabdeh inzibati orqan tərəfindən lisenziyanın ləğvi üçün əsas olan digər bir hal isə ondan ibarət olmuşdur ki, sahibkar İddiaçı 19 aprel 2017-ci ildən 16 mart 2020-ci ilədək xüsusi lisenziya əsasında fəaliyyət göstərməsinə baxmayaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə heç bir hesabat verməmiş və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunun tələblərinə tabe olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan 16 mart 2020-ci il tarixli, 07 nömrəli əmri ilə 19 aprel 2017-ci il tarixli, 17 nömrəli xüsusi lisenziyanın ləğv edilməsində haqlı olmuşdur. Mübahisələndirilən əmr qanunvericiliyin tələblərinə uyğun və əsaslı olduğundan onun ləğv edilməsi üçün heç bir əsas mövcud deyildir. Belə ki, yuxarıda sadalanan hallar Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti tərəfindən baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirmək üçün verilmiş 19 aprel 2017-ci il tarixli, 17 nömrəli xüsusi lisenziyanın ləğvi üçün kifayət qədər əsaslı səbəblər olmuşdur. Məhkəmə iddia tələbinin digər hissəsinə, yəni 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirmək üçün 17 nömrəli xüsusi lisenziyanın bərpa olunması hissəsinə münasibətdə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də əsassızdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti tərəfindən verilmiş, baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirmək üçün 19 aprel 2017-ci il tarixli, 17 nömrəli xüsusi lisenziya cavabdeh inzibati orqan tərəfindən ləğv edilmişdir. Qanunvericilikdə dayandırılmış lisenziyanın dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra lisenziya sahibinin təqdim etdiyi yazılı məlumata əsasən lisenziya verən orqanın inzibati aktı ilə bərpa olunması nəzərdə tutulmuşdur. İddiaçıya verilmiş xüsusi lisenziya isə dayandırılmamış, ləğv edilmişdir. Belə olan təqdirdə lisenziyanın bərpa edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirmək məqsədi ilə yeni lisenziyanın alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada yenidən inzibati orqana müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında əmrinin ləğv olunması və 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirmək üçün 17 nömrəli xüsusi lisenziyanın bərpa olunmasının cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Məhkəmə iş üzrə ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək hesab edir ki, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 32.1, 58.7, 68, 69, 75, 81, 85.1 və 110.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında əmrinin ləğv olunması və 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirmək üçün 17 nömrəli xüsusi lisenziyanın bərpa olunmasının cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar