Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-268/2023 18.05.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X5 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə qarşı “cavabdehin üzərinə daxili işlər orqanlarında xidmət illəri və imtiyazlı hesablanma barədə məlumat vərəqinin Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilməsinə dair öhdəliyin qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda adıçəkilən Qərarında formalaşdırılmış hüquqi mövqe nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin üzərinə DİO-da xidmət illəri və imtiyazlı hesablanma barədə məlumat vərəqinin Naxçıvan Muxtar Respublikasının DSMF-yə göndərilməsinə dair öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 07 dekabr 1990-cı ildən 01 avqust 2007ci il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. Azərbaycan Vətən Müharibəsi veteranıdır. Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli sərəncamı ilə Babək Rayon Məhkəməsinin hakimi təyin edilmişdir. Hal-hazırda Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimidir. Daxili işlər orqanlarında pensiya hüququ əldə etməyini nəzərə alaraq ona pensiya təyin olunması üçün 05 yanvar 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə DİO-da xidmət illəri və imtiyazlı hesablanma barədə məlumat vərəqinin Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilməsinə dair ərizə ilə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən ona 11 fevral 2023-cü il tarixdə göndərimiş cavabda Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli, 168 İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında xidmət keçmə haqqında Əsasnamənin” 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşların malik olmasını, onun isə daxili işlər orqanlarında xidməti 20 təqvim ili təşkil etmədiyindən müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. İddiaçı yuxarıda göstərilənləri rəhbər tutaraq, məhkəmədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda adıçəkilən Qərarında formalaşdırılmış hüquqi mövqe nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin üzərinə DİO-da xidmət illəri və imtiyazlı hesablanma barədə məlumat vərəqinin Naxçıvan Muxtar Respublikasının DSMF-yə göndərilməsinə dair öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı məhkəmənin dəftərxanasına daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsinə dair 27 fevral 2023-cü il tarixli ərizəsindən aydın olur ki, o, cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda adıçəkilən Qərarında formalaşdırılmış hüquqi mövqe nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin üzərinə DİO-da xidmət illəri və imtiyazlı hesablanma barədə məlumat vərəqinin Naxçıvan Muxtar Respublikasının DSMF-na göndərilməsinə dair öhdəliyin qoyulması tələbi” barədə iddiası əsasında icraatda inzibati mübahisəyə dair iş olduğunu bildirib, həmin iddianı dəqiqləşdirərək iddia tələbinin “Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinin üzərinə daxili işlər orqanlarında xidmət illəri və imtiyazlı hesablanma barədə məlumat vərəqinin Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilməsinə dair öhdəliyin qoyulması” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 28 mart 2023-cü tarixli, 2-1(122)-268/2023 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmiş, yenidən sərəncam qəbul edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət bildirilməsi tələb olunmuşdur. Lakin cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin iddiaya dair yazılı münasibəti (etiraz məktubu) məhkəməyə təqdim edilməmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 18 may 2023-cü il tarixə təyin olunmuşdur. Tərəflərin izahatı: İddiaçı iddia ərzəsində qeyd olunanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X3 qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 11 fevral 2023-cü il tarixli, 6/1741-A327 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli, 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdir. İddiaçı daxili işlər işlər orqanlarında olan xidməti 20 təqvim ili təşkil etmədiyindən müraciətinin müsbət həlli mümkün olmamışdır. Əlavə olaraq İddiaçı xx.xx.2007-ci il tarixdə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 13-cü bəndinə əsasən (digər hüquq-mühafizə orqanlarına işə keçdikdə) daxili işlər orqanlarında xidmətdən xaric edildiyi bildirilmişdir. 29 aprel 1997-ci il tarixdə verilmiş AB-İ seriyalı, 052748 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1990-cı ildə daxil olduğu M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetini 1995-ci ildə hüquqşünaslıq ixtisası üzrə tam kurs bitirmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 fevral 2023-cü il tarixli, 159 nömrəli arayışdan aydın olur ki, Abbasov X2 şəhəri, Xətai məhəlləsi, döngə 11, ev 15 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 020778 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1969-cu il tarixdə doğulmuşdur. ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətinə əsasən İddiaçı xx.xx.1990-cı il tarixdə Babək Rayon Polis Şöbəsinin polis nəfəri, xx.xx.1994-cü il tarixdə Babək Rayon Polis Şöbəsinin polis sahə inspektoru, xx.xx.1995-ci il tarixdə Naxçıvan Şəhər Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi, xx.xx.1996-cı il tarixdə Babək Rayon Polis Şöbəsinin istintaq qrupunun müstəntiqi, xx.xx.2001-ci il tarixdə Naxçıvan şəhər Dəmiryolu nəqliyyatında PŞ-nin istintaq qrupunun baş müstəntiqi vəzifələrinə təyin edilmiş, xx.xx.2007-ci il tarixdə digər hüquq-mühafizə orqanlarına işə keçdiyindən DİO-dan xaric edilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 03 may 2023-cü il tarixli, 3-13- 43/2-2776/2023 nömrəli məktubundan məlum olur ki, İddiaçı daxili işlər orqanlarında xidmət illəri xx.xx.1990-cı il tarixdən xx.xx.2007-ci il tarixədək xidməti təqvimi hesablama ilə 18 il, 09 ay, 04 gün, imtiyazlı hesablama ilə 29 il, 07 ay, 16 gün təşkil edir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı dair AЗ-002305 nömrəli arxiv işinin surəti məhkəməyə təqdim olunmuşdur. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarında nəzərdə tutulur:
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində .... xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin.. təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.
3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür.
5. Məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli, 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması” Qaydasının: 2-ci bəndinə görə fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının daxili işlər orqanlarında xidmətə qəbul olunmuş əməkdaşlara təyin olunduğu gündən başlayaraq sonrakı xidmət müddəti xidmət illərinə hesablanır: 6-cı bəndinə görə Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar daxili işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanmasında nəzərə alınır. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli, 168-İİQ Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsanamənin: 144-cü maddəsinin xx.xx.2005-ci il tarixinədək qüvvədə olan mətninə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 25 il və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər (imtiyazlı hesablama ilə). Hazırda qüvvədə (xx.xx.2005-ci ildən sonra) olan 144-cü bəndinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə görə veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, .....əmək stajı pensiya təminatı sahəsində hüquq münasibətlərini əmələ gətirən hüquqi fakt kimi xüsusi əmək şəraiti ilə əlaqədar pensiya hüququnun əldə edilməsinin əsas hüquqi faktı qismində çıxış edirdi. Bununla yanaşı, qanunverici xidmət illərinə görə pensiyanın hesablanması zamanı bəzi kateqoriyalı şəxslərə iş stajının hesablanmasında güzəştli şərtlər nəzərdə tutmuşdu. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iş stajının hesablanmasında güzəştləri nəzərdə tutan 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti – üçqat ölçüdə iş stajına daxil edilirdi. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcuq qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Belə ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 1-ci maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, qanunverici “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunla şəxsin müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olmasını müəyyən etmiş, “Əmək pensiyaları haqqında” Qanunla isə bu şəxslərə pensiyaların əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilməsini nəzərdə tutmuşdur. Beləliklə, vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, 2004-cü il 1 sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək (yəni 2004-cü il 13 sentyabr tarixinədək) xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Yeni pensiya qanunvericiliyində əmək pensiyasının üç növü – yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası nəzərdə tutulmuşdur. (“Əmək pensiyaları haqqında” Qanunun 4.1-ci maddəsi). Göründüyü kimi, əvvəlki pensiya qanunvericiliyindən fərqli olaraq, “Əmək pensiyaları haqqında” Qanunda xidmət illərinə görə pensiya əmək pensiyasının növü kimi təsbit edilməmişdir. Xidmət illərinə görə əmək pensiyası növü yaşa görə əmək pensiyası növünə oxşar olsa da, onun əsas fərqli cəhəti yaş həddi gözlənilmədən müvafiq xidmət illərinə əsasən pensiya hüququnun yaranmasıdır. Yaşa görə əmək pensiyasının ümumi əsaslarla təyin edilməsi üçün isə iki hüquqi faktın – şəxsin müəyyən yaş həddinə çatması və müvafiq sosial sığorta stajına malik olması zəruridir. Bununla yanaşı, “Əmək pensiyaları haqqında” Qanunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ və belə hüquqa malik olan şəxslərin dairəsi müəyyən edilmişdir. Həmin Qanunun 9-cu maddəsində digər kateqoriya şəxslərlə yanaşı, hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə görə hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə pensiya hüququ vardır. Sonda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, 1. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli, 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): 68-ci maddəsinə görə pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: Döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti – üçqat ölçüdə; Müharibə illərində arxa cəbhədə iş müddəti- ikiqat ölçüdə; 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Göstərilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Qeyd olunmalıdır ki, AR Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan qərarında ifadə etdiyi hüquqi mövqeyi təsdiq edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Məhkəmədə belə mübahisələrə baxılarkən əsas mövqe ondan ibarət olmalıdır ki, qanunvericilikdə baş vermiş dəyişikliklər şəxslərin qazanılmış hüquqlarının məhdudlaşdırılması ilə nəticələnməsin. Nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bunun əksi ümumi qəbul edilmiş “qanuni gözlənti”, “qazanılmış hüquq”, və “hüquqi müəyyənlik” prinsiplərinə zidd olardı. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə minənədək şəxslərin artıq qazanılmış hüquqlarını əvəzsiz ləğv edə bilməz. İddiaçının daxili işlər orqanlarında 17 ilə yaxın fasiləsiz xidmət etməsi işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan aydın olur ki, iddiaçının daxili işlər orqanlarında imtiyazlı hesablama ilə iş stajı 29 il, 07 ay 16 gün təşkil edir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsanaməyə 01 sentyabr 2005-ci il tarixdə 977-İİQD nömrəli qanunla dəyişiklik edilərək, 144-cü maddədə “25 il” sözləri “20 təqvim ili” sözləri ilə əvəz edilmiş və mötərizədə verilmiş “o cümlədən imtiyazlı hesablama ilə” sözləri çıxarılmışdır. Qeyd olunan dəyişiklik hazırkı iş üzrə tətbiq edildikdə belə, hər bir halda yenə də iddiaçının müvafiq iş stajını əldə etməsi öz təsdiqini tapır. Göründüyü kimi iddiaçının barəsində xidmət illəri və imtiyazlı hesablanma barədə məlumat vərəqinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə göndərilməsi üçün əsaslar mövcud olsa da, cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, öhdəliyin icrası haqqında hazırkı iş üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşmüşdür ki, iş üzrə cavabdehin imtinasını zəruri edən şərt mövcud olmamışdır. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunmaqla, cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin üzərinə iddiaçının daxili işlər orqanlarında xidmət illəri və imtiyazlı hesablanma barədə məlumat vərəqinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə göndərilməsinə dair öhdəlik qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı: İddia təmin edilsin. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin üzərinə İddiaçı daxili işlər orqanlarında xidmət illəri və imtiyazlı hesablanma barədə məlumat vərəqinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə göndərilməsinə dair öhdəlik qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elnur Hüseynov