Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-42/2021 22.11.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “18 dekabr 2020-ci il tarixli ərizəsinə cavab verilməsi və mülkiyyət hüququ ilə ona məxsus olan keçmiş Naxçıvan şəhəri 51 saylı MSD-nin inzibati binasında, indiki hesablama palatasının arxasında yerləşən daşınmaz əmlakın mövcud bazar qiymətinə uyğun olaraq dəyərinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ ilə ona məxsus olan keçmiş Naxçıvan şəhəri 51 saylı MSD-nin inzibati binasında, indiki hesablama palatasının arxasında yerləşən daşınmaz əmlakın mövcud bazar qiymətinə uyğun olaraq dəyərinin ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 01 mart 2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə 01 mart 2021-ci il tarixli ərizə təqdim edərək məhkəmədən ilkin olaraq mülkiyyət hüququ ilə ona məxsus olan keçmiş Naxçıvan şəhəri 51 saylı MSD-nin inzibati binasında, indiki hesablama palatasının arxasında yerləşən daşınmaz əmlakın mövcud bazar qiymətinə uyğun olaraq dəyərinin ona ödənilməsi öhdəliyinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdiyini, iddia tələbini dəqiqləşdirərək hazırki tələbinin “18 dekabr 2020-ci il tarixli ərizəsinə cavab verilməsi və mülkiyyət hüququ ilə ona məxsus olan keçmiş Naxçıvan şəhəri 51 saylı MSD-nin inzibati binasında, indiki hesablama palatasının arxasında yerləşən daşınmaz əmlakın mövcud bazar qiymətinə uyğun olaraq dəyərinin ona ödənilməsi öhdəliyinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması” olduğunu bildirmişdir. İddiaçı məhkəmədən həmin tələb üzrə işin davam etdirilməsini xahiş etmişdir. Məhkəmənin 01 mart 2021-ci il tarixli, 2-1(122)-42/2021 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Məhkəmənin hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 22 noyabr 2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək 13 fevral 1998-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin sərəncamla Azərsənaye tikinti istehsalat birliyi 5 saylı Naxçıvan trestinin 51 saylı MSD-yə məxsus sahəsi 22.4 kv.m. olan tikilini 4051 (dörd min əlli bir) rubl qiymətində dəyərləndirib ona satdığını, həmin obyektə dair ona 13 fevral 1998-ci il tarixdə 31 nömrəli mülkiyyət haqqında şəhadətnamənin verildiyini, həmin obyekti tikiş sexi açmaq üçün təmir etdirdiyini, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən ona məxsus olan tikiş sexinin söküldüyünü, içində olan avandanlıqların yararsız hala düşdüyünü, ona məxsus sexin sökülməsini həmin dövrdəki Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı V.Səfərovun Naxçıvan Şəhər Tikinti İdarəsinin müdiri Xələddinə tapşırdığını bildirib iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 verdiyi izahatında və ona ünvanlanmış sualları cavablandırarkən qeyd olunan ünvanda yerləşən dərzi sexinin sökülməsinə dair Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı bir aktın qəbul edilmədiyini, söküntü işlərinin hansı təşkilat tərəfindən aparıldığına dair onlarda heç bir məlumatın olmadığını, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə həmin tikilinin sökülməsi ilə bağlı mövcud sənədlərin göndərilməsinə dair məktub göndərildiyini, lakin arxivdə də tikilinin sökülməsi ilə bağlı hər hansı bir sənədin aşkar olunmadığını, iddiaçı tərəfindən cavabdehin düzgün müəyyən olunmadığını bildirib iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddiaçı 18 dekabr 2020-ci il tarixli ərizəsinə cavab verilməsi və mülkiyyət hüququ ilə ona məxsus olan keçmiş Naxçıvan şəhəri 51 saylı MSD-nin inzibati binasında, indiki hesablama palatasının arxasında yerləşən daşınmaz əmlakın mövcud bazar qiymətinə uyğun olaraq dəyərinin ona ödənilməsi öhdəliyinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Naxçıvan şəhəri 51 saylı MSD-nin inzibati binasında, indiki hesablama palatasının arxasında yerləşən daşınmaz əmlak hazırda mövcud deyildir. Həmçinin bu əmlakın kim tərəfindən, hansı qaydada söküldüyü məlum deyildir. İddiaçı həmin binanın cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən söküldüyünü iddia etsə də, məhkəməyə bu halı təsdiqləyən heç bir sübut təqdim etməmişdir. Belə ki, qeyd olunan tikilinin sökülməsi barədə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş hər hansı bir inzibati akt mövcud deyildir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdeh düzgün müəyyən edilməmişdir. İddia tələbi iddiaya cavab verməli olmayan cavabdehə qarşı irəli sürülmüşdür. Nəticədə cavabdeh orqan tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının hansı formada pozulduğunu və ya iddiaçının hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, iddiaçı tərəfindən iddia tələbi üzrə cavabdeh kimi göstərilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti iddiaya cavab verməli olmadığına görə ona qarşı verilmiş iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli qərarının 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. Məhkəmə mübahisənin faktiki və hüquqi hallarını iddiaçı ilə müzakirə etmiş və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “18 dekabr 2020-ci il tarixli ərizəsinə cavab verilməsi və mülkiyyət hüququ ilə ona məxsus olan keçmiş Naxçıvan şəhəri 51 saylı MSD-nin inzibati binasında, indiki hesablama palatasının arxasında yerləşən daşınmaz əmlakın mövcud bazar qiymətinə uyğun olaraq dəyərinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 295-22-ci maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad iddia ərizəsinə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş İddiaçı geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “18 dekabr 2020-ci il tarixli ərizəsinə cavab verilməsi və mülkiyyət hüququ ilə ona məxsus olan keçmiş Naxçıvan şəhəri 51 saylı MSD-nin inzibati binasında, indiki hesablama palatasının arxasında yerləşən daşınmaz əmlakın mövcud bazar qiymətinə uyğun olaraq dəyərinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-42/2021
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-42/2021
22.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver