Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-43/2023 25.05.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X11 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “mərhum oğlu X6 xidməti vəzifəsini yerinə yetirərkən, verilmiş tapşırığın icrası zamanı aldığı xəsarətdən vəfat etdiyi üçün oğluna "şəhid" statusunun verilməsi və "şəhid" adının əbədiləşdirilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum oğlu X6 xidməti vəzifəsini yerinə yetirərkən, verilmiş tapşırığın icrası zamanı aldığı xəsarətdən vəfat etdiyi üçün oğluna "şəhid" statusunun verilməsi və "şəhid" adının əbədiləşdirilməsi barədə öhdəliyin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum oğlu X6 xx.xx.1990-cı ildə anadan olmuşdur. xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə, xx.xx.2009-cu il tarixdən xx.xx.2010cu il tarixədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kursant qismində, xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixədək gizir qismində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2016-cı il tarixli, 021 gm №-li əmri ilə N №-li hərbi hissədə İİ taqım komandirinin müavini, N №-li hərbi hissənin komandirinin, xx.xx.2010-cu il tarixli, 056 gm №-li əmri ilə N №-li hərbi hissədə taqım komandirinin müavini, N №-li hərbi hissə komandirinin xx.xx.2014-cü il tarixli, 048 gm №-li əmri ilə nümunəvi xidmət etdiyi üçün N №-li hərbi hissədə "taqım komandiri” vəzifəsinə təyin edilərək xidmətini davam etdirmişdir. xx.xx.2016-cı il tarixdə "xidməti vəzifələrini yerinə yetirən zaman", verilmiş tapşırığın icrası yerinə yetirilən vaxtda maşın başçısı olduğu hərbi maşınla uçuruma düşmüşdür. Hadisə yerindən o, Naxçıvan Hərbi Hospitalına çatdırılmış, lakin aldığı xəsarətlərdən vəziyyəti ağır olduğu üçün xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Mərkəzi (Papanin) hərbi klinik hospitalına köçürülmüşdür. Həkim heyətinin səylərinə baxmayaraq, xx.xx.2016-cı il tarixdə aldığı kəllə-beyin travmasından hospitalda vəfat etmişdir. Mərhum oğluna şəhid adının verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixində Müdafiə Nazirliyinə, 20 iyun 2022-ci il tarixində isə Müdafiə Nazirliyinin sturukturuna daxil olan müvafiq bölmələrə ərizə ilə müraciət etmişdir. Onun müraciətlərindən uzun müddət keçməsinə baxmayaraq, müraciətinin nəticəsi ilə bağlı ona məlumat verilməmişdir. İddiaçı yuxarıda qeyd olunanlara əsasən mərhum oğlu X6 xidməti vəzifəsini yerinə yetirərkən, verilmiş tapşırığın icrası zamanı aldığı xəsarətdən vəfat etdiyi üçün oğluna "şəhid" statusunun verilməsi və "şəhid" adının əbədiləşdirilməsi barədə öhdəliyin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəməyə 07 yanvar 2023-cü il tarixli, 11/23 nömrəli və 09 yanvar 2023-cü il tarixli, 11/54 nömrəli məktublar göndərərək iddiaya qarşı yazılı münasibətini onunla əsaslandırmışdır ki, mərhum gizir X6 xx.xx.2016-cı il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən Naxçıvan şəhərində avtomobil qəzası zamanı baş-beyin diffuz travmasından aldığı xəsarət nəticəsində xx.xx.2016-cı il tarixində Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat etməsi döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi şərtinə uyğun gəlmədiyindən iddiaçıya bu barədə məktub göndərilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 №-li Qərarının 1.2.6-cı bəndinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərdir. Mərhum gizir X4 ölümü, təqsirləndirilən şəxs X1 cinayət əməlinin törətməsi, yol-nəqliyyat hadisəsi nəticəsində olmuşdur. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1-1(092)-41/2016 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.2-ci maddəsi ilə təqsirli bilinib, azadlıqdan məhrum edilmişdir. Həmin hökmdə zərərçəkmiş şəxsin hüquqi varisinin (İddiaçı) onu bağışlayaraq şikayət və tələbinin olmaması göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia ərizəsinin təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 25 may 2023-cü il tarixə təyin edilmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının vəkili və nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X10 məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi tərəfindən verilmiş 06 mart 2010-cu il tarixli, SQ seriyalı, ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X6 Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi tərəfindən verilmiş GH 136 nömrəli gizir hazırlıq kursunu bitirmə haqqında sertifikatın surətindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü gizir X6 Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixə kimi fəaliyyət göstərən motoatıcı taqım komandirinin müavini kursunu bitirmişdir. - 27 iyul 1990-cı il tarixli, XV-ЖГ seriyalı, 330429 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X6 06 iyul 1990-cı il tarixdə Babək rayon Qaraxanbəyli kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 27 iyul 1990-cı il tarixində 83 nömrə ilə qeyd edilmişdir. - Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş AZS-106 nömrəli ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X6 12 sentyabr 2016-cı il tarixdə baş beyin diffuz travması, ağır yük avtomobolində olan toqquşmadan yolda bədbəxt hadisə nəticəsində ölmüşdür. - Naxçıvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20 sentyabr 2016-cı il tarixli, AZ-İ seriyalı, 701126 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X6 12 sentyabr 2016-cı il tarixdə Bakı şəhərində baş beyin diffuz travması, ağır yük avtomobolində olan toqquşmadan yolda bədbəxt hadisə nəticəsində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 sentyabr 2016-cı il tarixində 296 nömrə ilə qeyd edilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 avqust 2022-ci il tarixli, 1054 nömrəli arayışdan görünür ki, mərhum X6, həqiqətən, Naxçıvan şəhəri, Qaraxənbəyli kəndində yaşamış və 12 sentyabr 2016-cı il tarixdə vəfat etmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş 22 avqust 2022-ci il tarixli, 560 nömrəli arayışdan aydın olur ki, xx.xx.1990-cı il təvəllüdlü X6 xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kursant qismində, xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixədək gizir qismində hərbi xidmət keçmişdir. "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167-ci maddəsinə müvafiq olaraq vəfat etdiyindən xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin gizir heyətinin siyahısından çıxarılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş N yanvar 2023-cü il tarixli, 358 nömrəli və 06 fevral 2023-cü il tarixli, 567 nömrəli məktublarından aydın olur ki, N nömrəli hərbi hissə döyüş şəraitində yerləşən hərbi hissə deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Qanunun 1-ci maddəsinə əsasən Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın: 1.1-ci bəndinə əsasən şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2.6-cı yarımbəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərr şəhid hesab edilirlər. 4.1-ci bəndin 3-cü yarımbəndinə görə şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunan hüquqi mövqeyə görə: Qaydaların şəhid adının verilməsi mexanizmini tənzimləyən 4.1-ci bəndinə müvafiq olaraq, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vasatəti ilə baxılır. Həmin bəndə görə, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara qediyyatda olduqları hərbi komissarlıqlar, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə əhalinin sosial müdafiə mərkəzləri tərəfindən verilir (4.2-ci bənd). Həmçinin, vurğulanmalıdır ki, qeyd olunan məsələ ilə bağlı səlahiyyətli orqanların qəbul etdiyi aktlarla razılaşmayan maraqlı şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Göründüyü kimi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsində şəhid adının verilməsinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqələndirilməsi şəhid adına layiq görülmənin mümkün olduğu hadisələrin geniş dairəsini əhatə edir. Eyni zamanda Qaydaların qeyd olunan müddəalarının təhlili göstərir ki, Nazirlər Kabineti şəhid anlayışını həmin Qanunda olduğu kimi təkrarlayaraq, konkret hadisələrdə həlak olmuş və ya itikin düşmüş şəxslərin şəhid hesab olunduğunu müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə müəyyən olunur ki, mərhum gizir X6 xx.xx.2016-cı il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən Naxçıvan şəhərində avtomobil qəzası zamanı baş-beyin diffuz travmasından aldığı xəsarət nəticəsində xx.xx.2016-cı il tarixində Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat etmişdir. X4 döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi nəticəsində ölməsi faktı iş materialları ilə təsdiq olunmur. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N yanvar 2023-cü il tarixli, 358 nömrəli və 06 fevral 2023-cü il tarixli, 567 nömrəli məktublarına əsasən N nömrəli hərbi hissə döyüş şəraitində yerləşən hərbi hissə deyildir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan “şəhid” statusu barədə arayışın verilməsindən qanunvericiliyin tələbinə əsasən imtina etməkdə haqlı olmuşdur. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “mərhum oğlu X6 xidməti vəzifəsini yerinə yetirərkən, verilmiş tapşırığın icrası zamanı aldığı xəsarətdən vəfat etdiyi üçün oğluna "şəhid" statusunun verilməsi və "şəhid" adının əbədiləşdirilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 14.3, 34, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “mərhum oğlu X6 xidməti vəzifəsini yerinə yetirərkən, verilmiş tapşırığın icrası zamanı aldığı xəsarətdən vəfat etdiyi üçün oğluna "şəhid" statusunun verilməsi və "şəhid" adının əbədiləşdirilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-43/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-43/2023
25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver