Məhkəmə qərarları › İş №2-1(122)-477/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-477/2025

03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-477/2025 03.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X6 Heydər oğlunun sədrliyi, X7 oğlunun katibliyi, iddiaçının vəkili Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajı nəzərə alınaraq bu hüququnun yarandığı gündən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı xx.xx.1985-ci il tarixində Naxçıvan şəhərində anadan olmuşdur. 2002-ci il tarixdən 2006-cı il tarixədək Naxçıvan Dövlət Universitetinin ümumi İqtisadiyat ixtisasi üzrə ali təhsil almışdır. xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, 2007-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. Belə ki, o, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının Audit sektorunda 1 il müddətinə stajçı kimi aparıcı məsləhətçi vəzifəsində işləmiş, xx.xx.2007-ci il tarixdə staj müddəti başa çatdığından Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının Audit sektorunda aparıcı məsləhətçi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2009-cu il tarixdən Fondun mərkəzi aparatının Audit sektorunda aparıcı məsləhətçi kimi daimi dövlət qulluğuna qəbul edilmişdir. xx.xx.2009-cu il tarixdə ona İİİ dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2009-cu il tarixdən Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının Audit sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2010-cu il tarixdə tutduğu vəzifədən azad olunaraq, fasilə yaranmadan həmin tarixdən Naxçıvan MR Dövlət Gömrük Komitəsinin X3 Gömrük İdarəsinin Maliyyətarif şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Maliyyə-tarif şöbəsinin inspektoru vəzifəsinə, xx.xx.2018-ci il tarixdən Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər bölməsinin baş inspektoru vəzifəsinə, xx.xx.2019-cu il tarixdən Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Mühasibat və maddi-texniki təchizat şöbəsinin rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdən Naxçıvan Baş Gömrük idarəsinin Mühasibat uçotu və təchizat şöbəsinin rəisi vəzifəsinə, xx.xx.2023-cü il tarixdən Naxçıvan Baş Gömrük İdarəsinin Maliyyə və təchizat şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş, xx.xx.2024-cü il tarixdən isə pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə vəzifəsinə xitam verilmişdir. 2007-ci ilin avqust ayından 2010-cu ilin iyul ayınədək dövlət qulluqçusu statusu ilə Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatında işləmişdir. 2010-cu ilin iyul ayından xx.xx.2024-cü il tarixinədək barəsində “Xidmətə xitam verilməsi haqqında" əmr verilənədək, Naxçıvan Baş Gömrük İdarəsində işləmişdir. Beləliklə, 2007-ci ilin avqust ayından 2010-cu ilin iyul ayınadək göstərilən dövlət orqanında işləməklə 2 il 11 ay dövlət qulluqçusu stajı, 2010-ci ilin iyul ayından hazırkı vaxtadək gömrük orqanında dövlət qulluğunun xüsusi növündə xidmət illəri 14 il 1 ay təşkil edir. Dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajı 20 ildən artıqdır. Dövlət qulluğunda 2 il 11 ay stajını və gömrük orqanında dövlət qulluğunun xüsusi növündə 14 il 1 ay xidmət illəri toplanmaqla, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun və "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən, xüsusi rütbəli şəxs kimi, gömrük orqanında xidmət illərinə (20 ilə) görə, pensiya hüququ yarandığından xx.xx.2024-cü il tarixdən pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə vəzifəsinə xitam verilmiş və əmək pensiyası təminatı üçün məlumat vərəqi tərtib olunaraq aidiyyəti sosial müdafiə orqanına göndərilmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu onun dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajı nəzərə alınaraq bu hüququnun yarandığı gündən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. İddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun bu mövqeyi (qərarı) ilə razı deyil və hesab edir ki, faktiki olaraq pensiyaya çıxmaq hüququnun məhdudlaşdırılması ilə pensiya hüququ pozulmaqdadır. İddiaçı göstərilənlərə əsasən Dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajı nəzərə alınaraq bu hüququnun yarandığı gündən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 22 aprel 2025-ci il tarixli, 2-1(122)-477/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmiş, məhkəmənin 02 dekabr 2025-ci il tarixli, 2-1(122)-477/2025 nömrəli qərardadı ilə inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. 31 yanvar 2025-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinə “dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajı nəzərə alınaraq bu hüququnun yarandığı gündən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” kimi baxılıb qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 31 yanvar 2025-ci il tarixli, 2-1(122)-477/2025 nömrəli protokol qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 03 fevral 2026-cı il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ünvan 1 ünvanında yaşayan İddiaçı ünvanlanan 16 oktyabr 2024-cü il tarixli, 3-17-9-1/2-Q-10639/2024 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü hissəsinə əsasən, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür.“Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qayda dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablama qulluq stajına görə əlavələr tətbiq edilməklə əmək pensiyası təminatına şamil olunmur. Həmçinin hərbi qulluqçulara və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün xidmət illəri “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikas Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarına uyğun hesablanır. Həmin Qərar da xidmət illərinin hesablanması zamanı dövlət qulluğu stajının nəzərə alınmasına dair hər-hansı müddəa mövcud deyil. Beləliklə, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinin şərtlərinə uyğun təqvim üzrə xidmət illəri olmadığı üçün ona güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən İddiaçı ünvanlanan 16 avqust 2024-cü il tarixli, 9-3/2-Q-3724-42-698/2024 nömrəli məktubdan məlum olur ki, 2007-2010-cu illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Audit sektorunda məsləhətçi, aparıcı məsləhətçi və baş məsləhətçi vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 12 fevral 2025-ci il tarixli, 3-17-9-1/2-1566/2025 nömrəli məktubla göndərilmiş İddiaçı Gömrük orqanlarının işçisi qismində ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat iş materiallarına əlavə olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 13 fevral 2025-ci il tarixli, 3-17-9-1/2-1647/2025 nömrəli məktubla göndərilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 01 avqust 2007-ci il tarixli, 219 nömrəli əmrlə «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 28.6-cı maddəsinə əsasən İddiaçı 01 avqust 2007-ci tarixdən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə 1 (bir) il müddətinə stajçı kimi Fondun mərkəzi aparatının Audit sektorunda aparıcı məsləhətçi vəzifəsinə, 05 avqust 2008-ci il tarixli 221 nömrəli əmrlə həmin tarixdən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 28.6-cı maddəsinə müvafiq olaraq staj müddəti başa çatdığından Fondun mərkəzi aparatının Audit sektorunun müdiri E.İsmayılovun tövsiyyə məktubu nəzərə alınaraq iki illik sınaq müddəti ilə Fondun mərkəzi aparatının Audit sektorunun aparıcı məsləhətçisi vəzifəsinə, 03 mart 2009-cu il tarixli, 47 nömrəli əmrlə 2009-cu il 03 mart tarixdən tutduğu vəzifədən azad olunaraq həmin tarixdən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının Audit sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 12 mart 2025-ci il tarixli, 3-33/2-004145/2025 nömrəli məktubdan məlum olur ki, qanunvericiliyə uyğun olaraq və Bakı İnzibati Məhkəməsinin müvafiq qərarı nəzərə alınaraq eyni faktiki hal üzrə İddiaçı dövlət qulluğu vəzifəsində qulluq stajı fasiləsiz xidmət illərinə daxil edilmiş və məlumat vərəqi hazırlanaraq aidiyyəti üzrə göndərilmişdir. İddiaçı 18 iyul 2006-cı il tarixdən 1 iyul 2007-ci il tarixədək həqiqi hərbi xidmətdə olduğu dövr, Naxçıvan Dövlət Universitetində aldığı 4 il təhsil müddəti 2 il sayılmaqla, 1 avqust 2007-ci il tarixdən 20 iyul 2010-cu il tarixədək Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda dövlət qulluğu stajı, 20 iyul 2010-cu il tarixdən 26 avqust 2024-cü il tarixədək gömrük orqanlarında işlədiyi dövr pensiya təminatına əsas olan xidmət stajına aid edilir. İddiaçı xidmət illərinə görə pensiya hüququnun əldə edilməsi üçün pensiya təminatına əsas olan xidmət stajı ümumilikdə 20 il 8 gün təşkil etmişdir və hərbi qulluqçu kimi pensiya təminatına əsas olan xidmət stajına malik olduğu üçün xidmət illərinə görə pensiya hüququ yaranmışdır. İddiaçı gömrük orqanlarında xidmətinə müvafiq ərizəsi əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 22 avqust 2024-cü il tarixli 3-33/812Ş nömrəli əmri ilə Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə xitam verilmiş və qanunvericiliyə uyğun olaraq barəsində məlumat vərəqi tərtib edilərək aidiyyəti dövlət orqanına göndərilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 09 aprel 2025-ci il tarixli, 3-17-9-1/2-3688/2025 nömrəli məktubdan məlum olur ki, İddiaçı güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunması üçün xidmət illəri hesablanan zaman dövlət qulluğunda 2 il 11 ay 18 gün qulluq stajı (Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunda işlədiyi dövr) xidmət illərinə daxil edilərək ümumilikdə 20 il 10 gün hesablanmışdır və Qanunun 9.5.1-ci maddəsinin şərtlərinə uyğun təqvim üzrə xidmət illəri olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmamışdır. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 12 avqust 2025-ci il tarixli, 3- 33-1200/2-002834/2025 nömrəli məktubdan məlum olur ki, sabiq gömrük əməkdaşı İddiaçı barəsində işlədiyi müddət ərzində “xüsusi rütbənin bir pillə aşağı salınması” növündə intizam tənbeh tədbiri tətbiq edilməmişdir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki İddiaçı xx xxx 1985-ci il tarixdə doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. 1 saylı Protokolun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 1 saylı Protokolun 1-ci maddəsinin əhatə dairəsinə daxil olan mülkiyyətdən dinc istifadəyə hər hansı bir müdaxilə üç əsas şərtə cavab verməlidir: (1) müdaxilə və əlaqəli məhdudlaşdırıcı şərtlər üçün hüquqi zəmin olmalıdır, (2) müdaxilə ictimai maraqlara xidmət etməlidir, və (3) sonda, şəxsin mülkiyyət hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balansa (mütənasiblik prinsipinə) cavab verməlidir (Broniovski Polşaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 147-151; Hutten-Czapska Polşaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 163-168; Vistiņš və Perepjolkins Latviyaya qarşı Böyük Palatanın qərarı, §§ 69-71, 79, 81). “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə; 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; 2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. 22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 22 dekabr 2023-cü il tarıxli Azərbaycan Respublikasının Qanunu: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin: 3.1. 9.5-ci maddə üzrə: 3.1.1. 9.5.1-ci maddədə “20” rəqəmləri “25” rəqəmləri ilə əvəz edilsin; Maddə 5. Keçid müddəalar 5.1. Bu Qanun qüvvəyə mindiyi tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən tələb olunan 20 təqvim ili hərbi xidmət müddətinin tamamlanmasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir. Maddə 6. Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmanı:

2. Müəyyən edilsin ki: 2.1. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.7-ci və 20.12-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 2.4. həmin Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu: 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.1. çağırışçılar üçün – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarı:https://e-qanun.az/framework/13838 2-1. Hərbi və xüsusi rütbəli şəxslərin təqvimi xidmət müddətinə aşağıdakı dövrlər aid edilir: 2-1.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə başladıqları gündən həqiqi hərbi xidmətin son gününədək olan dövr; 2-1.5. daxili işlər, fövqəladə hallar, ədliyyə, gömrük orqanlarının və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis və sıravi heyətinə mənsub şəxslər və miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq keçən şəxslər həmin vəzifələrə təyin edildikləri gündən qulluq (xidmət) keçmələrinə xitam verilən günədək olan dövr; 2-1.14. zabit heyətinə və xüsusi rütbəli şəxslərə (daxili işlər, fövqəladə hallar və ədliyyə orqanlarında kiçik rəis heyəti və gömrük orqanlarında kiçik heyət istisna olmaqla) Qanunun 9.5.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilərkən beş ilədək müddət daxilində təhsilin bir ili altı ay sayılmaqla (ən çoxu iki il altı ay hesablanmaqla) hərbi və xüsusi rütbə nəzərdə tutulan vəzifələrə qəbul edilməzdən əvvəl mülki ali (qiyabi və axşam təhsilalma formalarında təhsil dövrü daxil olmaqla), habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində təhsil dövrü.

2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.

4. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür.

5. Məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması” Qaydası:

2. Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə aşağıdakı dövrlər daxil edilir: Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti; dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı. “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli, 91 saylı Qərarı: 2.1. Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə aşağıdakı qulluq (xidmət) müddətləri nəzərə alınır: 2.1.1. rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) müddəti; 2.1.7. sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddət; 2.3. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci hissəsinə uyğun olaraq dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. 3.1. Dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illəri hesablanarkən dövlət qulluğunda aşağıdakı dövrlər nəzərə alınır: 3.1.1. dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı; 3.1.2. dövlət qulluqçusu digər dövlət qulluğu vəzifəsinə keçirildikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifəsindəki qulluq stajı; 3.1.4. dövlət qulluğu vəzifəsində staj və sınaq müddəti; 4.2. Dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinin dövlət qulluğunda qulluq stajına və dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajının rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinə daxil edilməsi şəxsin çalışdığı dövlət orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdİq edİlmİş” Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə:

1. Gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür.

58. Gömrük orqanlarında xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə işə qəbul edilərkən, onların gömrük orqanlarındakı xidmət illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə işləyən və ya əvvəllər işləmiş şəxslər gömrük orqanlarına xidmətə qəbul edildikdə, onların qulluq (xidmət) illəri gömrük orqanlarında xidmət illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Əsasnaməyə əsasən müvafiq xüsusi rütbə verilir.

120. Gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: 3) pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 yanvar 2026-cı il tarixli Qərardadı. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: Qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim etməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajı nəzərə alınaraq bu hüququnun yarandığı gündən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunması ilə bağlıdır. Cavabdeh isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli, 91 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajina və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin ümumi müddəa bölməsinə istinadla, normanın, şəxsin pensiya təminatına şamil edilməməsi əsasından çıxış edərək, iddiaçının tələbinin icrasından imtina etmişdir. İşin hallarından müəyyən olunmuşdur ki, İddiaçı 2002-2006-cı illərdə Naxçıvan Dövlət Universitetinin ümumi İqtisadiyat ixtisasi üzrə ali təhsil almış, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının Audit sektorunda 1 il müddətinə stajçı kimi aparıcı məsləhətçi vəzifəsində işləmiş, xx.xx.2007-ci il tarixdə staj müddəti başa çatdığından Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının Audit sektorunda aparıcı məsləhətçi vəzifəsinə, xx.xx.2009-cu il tarixdən Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının Audit sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2010-cu il tarixdə tutduğu vəzifədən azad olunaraq, həmin tarixdən Naxçıvan MR Dövlət Gömrük Komitəsinin X3 Gömrük İdarəsinin Maliyyətarif şöbəsinin inspektoru vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Maliyyə-tarif şöbəsinin inspektoru vəzifəsində, xx.xx.2018-ci il tarixdən Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər bölməsinin baş inspektoru vəzifəsində, xx.xx.2019cu il tarixdən Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Mühasibat və maddi-texniki təchizat şöbəsinin rəisi vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə Naxçıvan Baş Gömrük idarəsinin Mühasibat uçotu və təchizat şöbəsinin rəisi vəzifəsinə, xx.xx.2023-cü il tarixdə Naxçıvan Baş Gömrük İdarəsinin Maliyyə və təchizat şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş, xx.xx.2024-cü il tarixdən isə pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə vəzifəsinə xitam verilmişdir. 2007-ci ilin avqust ayından 2010-cu ilin iyul ayınədək dövlət qulluqçusu statusu ilə Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatında işləmiş, 2010-cu ilin iyul ayından xx.xx.2024-cü il tarixinədək Naxçıvan Baş Gömrük İdarəsində işləmişdir. Məhkəmə hesab edir ki, hazırkı işin hallarını “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinin hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının pensiyası ilə əlaqədar xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasına münasibətdə şərh edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 yanvar 2026-cı il tarixdə qəbul etdiyi Qərardadının işığında qiymətləndirilməli və mübahisənin həllində Qərardadda qeyd edilən aşağıdakı hüquqi mövqelər əsas götürülməlidir. Qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3 və 1.0.4-cü maddələrinə əsasən həmin Qanunun məqsədləri üçün “hərbi qulluqçular” dedikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər, “xüsusi rütbəli şəxslər” dedikdə isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslər başa düşülür. Bu Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar həmin Qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir (3.3-cü maddə). Nəzərə alınmalıdır ki, uzun müddət xidmət vaxtını müəyyən edən 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərardan fərqli olaraq, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2006-cı il 9 yanvar tarixli 4 nömrəli Qərarının 2-ci hissəsində digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) müddətinin və dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajının gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilməsi müəyyən olunmuşdur. Qeyd edilməlidir ki, “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1-ci maddəsində nəzərdə tutulmuş məsələ Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” ilə tənzimlənmişdir. Həmin Qayda və şərtlərin 2.1 və 3.1-ci bəndlərinə uyğun olaraq, dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) müddətləri, dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illəri hesablanarkən isə dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı dövrünün nəzərə alınması təsbit edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2022-ci il 16 sentyabr tarixli qərarlar). Konstitusiyanın 55-ci maddəsinin İİ hissəsində Azərbaycan Respublikasının vətəndaşlarının dövlət orqanlarında qulluq etmək imkanı nəzərdə tutulmuşdur. Bu konstitusion normanın tətbiqi mexanizmləri “Dövlət qulluğu haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun 1 və 2.3-cü maddələrinin müddəalarını nəzərdən keçirdikdə, dövlət qulluqçularının və dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsini dövlət qulluğunun vahid sistemində xidmət kimi qiymətləndirmək olar. Həm dövlət qulluqçularının, həm də dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin xidməti mahiyyət etibarilə dövlətə xidmətin formalarıdır. Eyni zamanda, dövlət qulluğunun xüsusi növündə xidmət keçmə belə xidmətin xüsusiyyətlərindən irəli gələrək “Dövlət qulluğu haqqında” Qanunun müəyyən normaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Bu xüsusiyyətlər onların xidməti fəaliyyəti ilə bağlıdır. Dövlət qulluğunun xüsusi növündə (hərbi və ya xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) xidmət edən şəxslər digər dövlət qulluqçularına nisbətdə daha ağır şərtlərdə fəaliyyət göstərirlər ki, bura xidmətin xarakteri, sağlamlıq və həyat üçün risklər, xüsusi vəzifələr və öhdəliklər aiddir. Bu səbəbdən qanunverici onların hüquqi statusunu differensiallaşdıraraq, həm imtiyazlar, həm də məhdudiyyətləri nəzərdə tutur. Belə imtiyazlardan biri “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsində nəzərdə tutulan güzəştli şərtlərlə əmək pensiyası hüququdur. Həmin Qanunla əmək pensiyasının üç növü – yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası nəzərdə tutulmuşdur (4.1-ci maddə). Ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iki hüquqi faktın mövcudluğu – şəxsin müəyyən yaş həddinə çatması və müvafiq sosial sığorta stajına malik olması tələb olunur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”sında dövlət qulluğu sisteminin zəif cəhətlərindən biri kimi dövlət qulluğu və onun xüsusi növləri arasında qarşılıqlı əlaqənin olmaması göstərilmişdir. Pensiya təyin edilməsi məqsədilə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi məsələlərinin dəqiq və aydın şəkildə tənzimlənməsi həmin Strategiyanın məqsədlərinə uyğun olmaqla yanaşı qarşılıqlı rotasiya üçün əlverişli institusional mühitin yaradılmasına da xidmət edəcəkdir. Müvafiq təkmilləşdirilmə aparılanadək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə məsələlər həll edilərkən əmək pensiyaları və dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə yanaşı, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) müvafiq normaları da rəhbər tutulmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, müvafiq işlər üzrə inzibati icraat zamanı etimad hüququnun qorunması prinsipi də nəzərə alınmalıdır. “İnzibati icraat haqqında” Qanuna görə Azərbaycan Respublikasında inzibati icraat Konstitusiyada və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri, o cümlədən etimad hüququnun qorunması prinsipi əsasında həyata keçirilir (10–19-cu maddələr). Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə 2021-ci il 19 noyabr tarixli Qərarı). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallar olmadıqda güzəştli şərtlərlə pensiya təyin edilmiş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya ödənişinin dayandırılması Konstitusiyanın 12, 16 və 38-ci maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi və sosial təminat hüququna dair müddəaların, habelə vətəndaşların etimad hüququnun qorunması prinsipinin pozulması ilə nəticələnə bilər. Bu baxımdan, güzəştli şərtlərlə pensiya təyin edilmiş hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə bağlı məsələ etimadın qorunması prinsipi əsasında qiymətləndirilməlidir. Belə ki, həmin şəxslər məhz dövlət orqanlarının qərarlarına və hərəkətlərinə etimad etmiş, bir dövlət orqanı məlumat vərəqini göndərmiş, digəri isə məlumat vərəqində hər hansı qanunsuzluq olmadığını qəbul edərək pensiya təyinatı aparmaqla müəyyən müddət ödəmələri həyata keçirmişdir. Nəzərə alınmalıdır ki, inzibati orqanların sözügedən hərəkətləri səbəbindən şəxslər pensiyaya çıxmaq kimi həlledici qərarı qəbul etmiş, həyatlarını tamamilə fərqli istiqamətdə planlaşdırmış, eləcə də onların əvvəlki işlərinə bərpası mümkünsüz vəziyyətə gəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan digər məsələyə dair, yəni Dövlət Sosial Müdafiə Fonduna göndərilən hərbi qulluqçunun və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqinin həmin orqan üçün məcburi xarakter daşıyıb-daşımaması, həmçinin pensiya təyin edən orqanının həmin məlumat vərəqini təftiş etmək imkanının olub-olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi, habelə pensiya təminatı ilə əlaqəli digər hüquqi münasibətlər ümumi (publik) hüququn tənzimləmə predmetinə aiddir. Bu isə pensiya təyin edən inzibati orqan (Dövlət Sosial Müdafiə Fondu) tərəfindən “İnzibati icraat haqqında” Qanunun İİİ fəslində nəzərdə tutulan prosedur qaydalara və təminatlara riayət edilməsini labüd edir. Belə ki, işin hallarının obyektiv araşdırılması prinsipi inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılmasını tələb edir. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir (“İnzibati icraat haqqında” Qanunun 24.1–24.3-cü maddələri). Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi” ilə müəyyən edilmiş vəzifələri həyata keçirmək üçün Fondun dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq, həmçinin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq kimi hüquqları sadalanmışdır (Nizamnamənin 3.2.7 və 3.2.15-ci yarımbəndləri). Göstərilənlərlə yanaşı Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları”nın 4 və 5-ci hissələrinə uyğun olaraq bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. Göründüyü kimi, səlahiyyətli orqan tərəfindən icra edilən hərəkətlərin obyektivliyinin, o cümlədən pensiya təyinatı ilə əlaqədar müvafiq normaların tələblərinə nail olunmasının, bununla da dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli şəkildə istifadəsinin təmin edilməsi təqdim edilmiş sənədlərdə müvafiq məlumatların (o cümlədən məlumat vərəqindəki məlumatların) pensiya təyinatı üçün kifayət edib-etməməsinin yoxlanılmasını tələb edir. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məlumat vərəqindəki məlumatların Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılmasının həddi yalnız texniki xarakterli səhvlərin (uyğunsuzluqların) müəyyən edilməsi ilə məhdudlaşmamalı, aparılan yoxlama zamanı təqdim edilən məlumatların tamlığı araşdırılmalıdır. Bu zaman “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə də riayət olunmalıdır. Qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli Qərardadı). Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Hazırkı iş üzrə iddiaçının xidmət illəri və sığorta stajı ilə bağlı 20 ildən artıq stajının olması istər iddiaçı, istərsə də, cavabdeh tərəfindən mübahisələndirilmir və bunlar işin mübahisəsiz hallarıdır. Cavabdehin ona təqdim edilmiş məlumat vərəqinin qəbul edilməsindən imtinası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, dövlət qulluğu stajının gömrük orqanlarında xidmət illərinə daxil edilməsinin güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün hüquqi əsas yaratmaması ilə bağlı olmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının ərizəsindən imtina edərkən gətirdiyi dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajının dövlət qulluğu stajına əlavə edilməsinin yalnız "fəaliyyət dövrü" üçün nəzərə alındığı, lakin bunun pensiya təyinatına təsir etməməsi barədə arqumenti hüququn tətbiqində məntiqi ziddiyyət yaratmışır. Belə ki, iddiaçının xidmət keçdiyi dövlət orqanı onun pensiya hüququnu qazandığı qənaətinə gələrək, xidmətinə xitam vermiş və barəsində olan məlumat vərəqəsini Fonda təqdim etmişdir. Belə bir vəziyyətdə pensiya hüququ cavabdeh orqan tərəfindən dar şərh yolu ilə ləğv edilə bilməz. Dövlət qulluğunda və dövlət qulluğunun xüsusi növündə keçilmiş xidmət illəri vahid dövlət xidmətinin tərkib hissəsi olmaqla, pensiya hüququnun müəyyən edilməsində birlikdə nəzərə alınmalıdır; əks yanaşma hüquqi müəyyənlik, etimadın qorunması və mütənasiblik prinsiplərini pozmaqla, şəxsin qazanılmış sosial təminat hüququna əsassız müdaxilə yaradır. "Dövlət qulluğu haqqında" Qanunun 22.7-1-ci maddəsi birbaşa müəyyən edir ki, dövlət qulluqçusunun xüsusi növ dövlət qulluğunda keçdiyi müddət onun ümumi dövlət qulluğu stajına, eləcə də əksinə-dövlət qulluğu stajı xüsusi növ qulluq illərinə daxil edilir. "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 58-ci maddəsi də analoji qaydanı təsbit edir. İddiaçının hüququnun yarandığı dövrə aid "Əmək pensiyaları haqqında" Qanunun 9.5.1-ci maddəsinə görə, xüsusi rütbəli şəxslərin (o cümlədən gömrükçülərin) xidmət illərinə görə pensiyaya çıxması üçün 20 il staj tələb olunurdu ki, iddiaçı həmin dövrə tələb olunan müddəti tamamlamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 26 yanvar 2026-cı il tarixli Qərarında analoji hüquqi statusa malik şəxslərlə bağlı məsələyə artıq baxmış və normativ-hüquqi aktların sistemli şərhi əsasında müvafiq hüquqi mövqe formalaşdıraraq bu kateqoriyadan olan şəxslərin hüquqi vəziyyətinə dair hüquqi müəyyənlik yaratmışdır. Məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin səlahiyyətli orqan kimi qəbul etdiyi, onun pensiya hüququnun yarandığını təsdiq edən və xidmətinə məhz bu əsasla xitam verən əmrinə etimad etmişdir. Lakin cavabdeh orqanın pensiya təyinatından imtinası iddiaçının hüquqi müəyyənlik, legitim gözlənti və inzibati akta etimad hüququnu pozmaqla, nəticədə onu həm əmək, həm də pensiya hüququndan məhrum etmişdir. Beləliklə, şərh edilənlənlərə və qanunvericiliyin yuxarıda sadalanan müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının dövlət qulluğundakı stajı (müvafiq icra hakimiyyəti orqanlarında) dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajına daxil edilməli və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı:

İddia təmin edilsin. İddiaçı Dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajı nəzərə alınaraq bu hüququnun yarandığı gündən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar