Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-50/2020 29.12.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakları olmadan, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüş, sahəsi 63.3 m2 olan yaradıcılıq emalatxanasının qarşılığı yeni emalatxananın verilməsi və ya günün tələblərinə uyğun olaraq sökülmüş emalatxananın dəyərinin qarşılığının ödənilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüş, sahəsi 63.3 m2 olan yaradıcılıq emalatxanasının qarşılığı yeni emalatxananın verilməsi və ya günün tələblərinə uyğun olaraq sökülmüş emalatxananın dəyərinin qarşılığının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 63.3 m2 olan yaradıcılıq emalatxanası 1986-cı ildən istifadə üçün ona verilmişdir. Uzun müddət istifadə etdikdən sonra xx xxx 1997-ci il tarixində pulu ödənilərək Naxçıvan Muxtar Respublikası Əmlak Komitəsi tərəfindən özəlləşdirilmiş və onun mülkiyyətinə verilmişdir. 30 il şəhərin mərkəzindəki binada yerləşən həmin emalatxanada yaradıcılıqla məşğul olmuşdur. Heç bir səbəb, məhkəmə qərarı və onun razılığı olmadan emalatxanası olan bina 2015-ci ilin noyabr ayının sonunda Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Ona məxsus 3 (üç) otaq, 10 pəncərədən ibarət, 3.6 metr hündürlüyü olan emalatxana bu binanın ikinci mərtəbəsində yerləşmişdir. İddiaçı qeyd edir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən ona göndərilən xx xxxx 2020-ci il tarixli məktubda sökülən emalatxananın qarşılığında ona yeni emalatxana verildiyi iddia edilir. İddiaçı həmçinin Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə aralarında heç bir razılaşma olmadığını, Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2015-ci il tarixində X1 üzvlərinə emalatxana kimi verdiyi zirzəmidə (Atatürk küçəsi 9) istifadə üçün ona da sahəsi 22 m2 olan bir otaq verildiyini, emalatxanaların yerləşdiyi bu zirzəmidə heç bir kommunal şəraitin, pəncərənin olmadığını və hər an təhlükə yarada biləcək qaz, kanalizasiya, elektrik xətlərinin emalatxanaların tavanından keçdiyini bildirmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən ona yeni bir emalatxana verilməsi haqda heç bir hüquqi sənəd mövcud deyildir. İddiaçı yuxarıdakılara əsasən məhkəmədən Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüş, sahəsi 63.3 m2 olan yaradıcılıq emalatxanasının qarşılığı yeni emalatxananın verilməsi və ya günün tələblərinə uyğun olaraq sökülmüş emalatxananın dəyərinin qarşılığının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclasları xx xxxxxxx 2020-ci il, xx xxxxxx 2020-ci il, xx xxxxxx 2020-ci il, xx xxxxxx 2020-ci il tarixlərə təyin edilərək, İddiaçı həmin vaxtlarda keçiriləcək məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında heç bir üzrlü səbəb təqdim etmədən iştirak etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından iddia geri götürülmüş hesab edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxxx 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüş, sahəsi 63.3 m2 olan yaradıcılıq emalatxanasının qarşılığı yeni emalatxananın verilməsi və ya günün tələblərinə uyğun olaraq sökülmüş emalatxananın dəyərinin qarşılığının ödənilməsi tələbi”nə dair iddiası geri götürülmüş hesab edilməli, bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Məhkəmə iş üzrə ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək hesab edir ki, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 81 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüş, sahəsi 63.3 m2 olan yaradıcılıq emalatxanasının qarşılığı yeni emalatxananın verilməsi və ya günün tələblərinə uyğun olaraq sökülmüş emalatxananın dəyərinin qarşılığının ödənilməsi tələbi”nə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qərardaddan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: NOVRUZOV SƏXAVƏT
Məhkəmə qərarları › İş №2-1(122)-50/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-50/2020
29.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver