Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-527/2024 13.06.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan tikiş fabrikinin nəzdində yaradılmış və sədri olduğu “Moda” kooperativinin sexinin tikilməsi üçün Naxçıvan şəhəri, Nizami küçəsində yerləşmiş İ.Qasımov adına mərkəzləşmiş kitabxanasının yanındakı 40 kv.m torpaq sahəsinin qaytarılması və sexin tikilməsinə, təmirinə, ərazinin abadlaşdırılmasına çəkilmiş 15 min manat pulun alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan tikiş fabrikinin nəzdində yaradılmış və sədri olduğu “Moda” kooperativinin sexinin tikilməsi üçün Naxçıvan şəhəri, Nizami küçəsində yerləşmiş İ.Qasımov adına mərkəzləşmiş kitabxanasının yanındakı 40 kv.m torpaq sahəsinin qaytarılması və sexin tikilməsinə, təmirinə, ərazinin abadlaşdırılmasına çəkilmiş 15 min manat pulun alınıb ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan şəhər Tikiş fabrikinin iclasının 11 iyul 1988-ci il tarixli, 3 nömrəli qərarı ilə Naxçıvan şəhər Tikiş fabrikinin nəzdində “Moda” kooperativi yaradılmışdır. Həmin kooperativin 1988-ci ilin iyul ayının 4-də keçirilən ilk təşkilatın ümumi yığıncağı kooperativin nizamnaməsini, sədrini və üzvlərini təsdiq etmiş, həmçinin kooperativin yaradılmasının və onun nizamnaməsinin qeydə alınmasını şəhər XDM İK-dən xahiş etmişdilər. Naxçıvan şəhər XDM İK-sının 08 avqust 1988-ci il tarixli, 359 nömrəli qərarı ilə Naxçıvan şəhər Tikiş fabrikinin yanında “Moda” kooperativinin yaradılmasına icazə verilmiş, kooperativin ümumi yığıncağında təsdiq edilmiş nizamnaməsi qeydə alınmış, kooperativin Naxçıvan şəhər XDM İK-nə təqdim etdiyi ümumi yığıncağın protokoluna əsasən o, kooperativin sədri təsdiq edilmişdir. Həmin qərara əsasən kooperativin fəaliyyət göstərməsi üçün Naxçıvan şəhərinin Nizami küçəsində yerləşən İ.Qasımov adına mərkəzləşmiş kitabxanasının yanındakı istifadəsiz sahədən sex tikilməsi üçün 40 kv.m torpaq sahəsi kooperativə verilmişdir. O da həmin ərazidə kooperativin fəaliyyət göstərməsi üçün sexin tikintisinə başlayıb 3 aya tikib qurtarmışdır. Tikilinin içərisini tikiş sahəsi, anbar, soyunub-geyinmə otağı kimi əlavə sahələrə ayırmışdır. 1988-ci ilin axırlarında tikinti işlərini başa çatdırıb lazimi avadanlıqları əldə edib 1989-cu ildən 1997-ci ilədək dövrdə fəaliyyət göstərmişdir. O dövrdə olan pulunun hamısını bu sexin tikintisinə, avadanlıqlarının alınmasına, müxtəlif sənədləşmə işlərinə, sexin ərazisinin abadlaşdırılmasına sərf etmişdir. Sexin ərsəyə gətirilməsinə 15 min manat pul xərcləmişdir. Lakin 1997-ci ildə Naxçıvan şəhər İcra Hakimiyyəti “Moda” kooperativinin sədri kimi ona heç bir kompensasiya ödəmədən, sexdə istifadə olunan dəzgah və avadanlıqları götürtdürərək sexin binasını söküb dağıtmışdır. “Moda” kooperativinin fəaliyyət göstərməsi üçün nə torpaq sahəsi ayırıb sexi tikib onlara vermiş, nə də sexin tikilməsinə, təmirinə çəkilmiş xərci ödəmişdirlər. “Moda” kooperativinə verilmiş torpaq sahəsinin geri qaytarılması və çəkdiyi 15 min manat xərcin ona ödənilməsi barədə Naxçıvan Şəhər İcra Hakimiyyətinə ünvanladığı ərizəsinə cavab verilərək kooperativin sökülməsi və dövlət ehtiyacları üçün alınması ilə bağlı icra hakimiyyətində heç bir sənəd, yaxud inzibati aktın aşkar edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 13 iyun 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfə yardım məktubları ünvanlanaraq söküldüyünü iddia etdiyi 40 kv.m torpaq sahəsinin, üzərində tikilmiş sexin onun və ya “Moda” kooperativinin mülkiyyətində olmasını təsdiq edən müvafiq sənədlərin (sübutların) məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Məhkəmənin yardım məktubları iddiaçı tərəfindən imza edilərək alınmış, lakin iddiaçı müvafiq sənədləri məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil 40 kv.m torpaq sahəsinə, üzərində yerləşmiş sexə dair heç bir əlavə hüquq müəyyənedici sənədlər almadıqlarını və iş üzrə əlavə təqdim edəcəyi sübutun olmadığını bildirib, hazırki tələb üzrə işdə olan sübutlar əsasında işə baxılıb müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə işə baxılıb müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 məhkəmədən iddiaçının mülkiyyətində olduğunu iddia etdiyi əmlaklara dair hüquqmüəyyənedici sənədləri təqdim edə bilməməsi səbəbindən hazırki halda iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qanunun 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2-cü bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu, tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən xidməti vəzifəsinə görə yoxlamalıdır. İddiaçının hüquqi marağı Naxçıvan tikiş fabrikinin nəzdində yaradılmış və sədri olduğu “Moda” kooperativinin sexinin tikilməsi üçün Naxçıvan şəhəri, Nizami küçəsində yerləşmiş İ.Qasımov adına mərkəzləşmiş kitabxanasının yanındakı 40 kv.m torpaq sahəsinin qaytarılması və sexin tikilməsinə, təmirinə, ərazinin abadlaşdırılmasına çəkilmiş 15 min manat pulun alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İş materiallarında olan Naxçıvan şəhər XDS İK-sının xx.xx.1988-ci il tarixli, 359 nömrəli qərarın surətindən qeyd edilir ki, Naxçıvan şəhəri, Nizami küçəsində yerləşmiş İ.Qasımov adına mərkəzləşmiş kitabxanasının yanındakı istifadəsiz sahədə 40 kv.m kooperativin arendasına verilməsinin təmin edilməsinə münasibətdə, məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddiaya dair subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Belə ki, iddiaçı iddia ərizəsində Naxçıvan tikiş fabrikinin nəzdində yaradılmış və sədri olduğu “Moda” kooperativinin sexinin tikilməsi üçün Naxçıvan şəhəri, Nizami küçəsində yerləşmiş İ.Qasımov adına mərkəzləşmiş kitabxanasının yanındakı 40 kv.m torpaq sahəsinin qaytarılması və sexin tikilməsinə, təmirinə, ərazinin abadlaşdırılmasına çəkilmiş 15 min manat pulun alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürsə də, qərarda arendaya verilmiş 40 kv.m sahədə tikiş sexinin tikilməsi nəzərdə tutulmuş, həmçinin sexin tikilməsi həyata keçirilsə belə, onun iddiaçının və ya sədri olduğu “Moda” kooperativinin mülkiyyətində olmasını təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı da həmin sənədlərin əldə edilməsi mümkün olmamışdır. Belə ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 16 fevral 2024-cü il tarixli, 04/112 nömrəli məktubda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı məxsus, məktubtınuzda bəhs olunan torpaq sahəsi barədə məlumat mövcud deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ərizəsində Naxçıvan şəhər XDS İK-sının xx.xx.1988-ci il tarixli, 359 nömrəli qərara əsaslanaraq torpaq sahəsinin və sexin sədri olduğu “Moda” kooperativinin mülkiyyətində olmasını qeyd etsə də, həmin əmlak müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququ ilə iddiaçının və ya sədri olduğu “Moda” kooperativinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Diqqətə alınmalıdır ki, şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Məhkəmə qeyd edir ki, mülkiyyətin rəsmiləşdirilməsi ilə bağlı vətəndaşın məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri hər hansı orqanın üzərinə qoyula bilməz. Xüsusilə diqqətə alınmalıdır ki, şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ formal mülahizələr və əsassız ehtimallarla deyil, onun qanunla müəyyən olunmuş qaydada mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X3 hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Beləliklə, sadalanan normaların tələblərindən və işin yuxarıda qeyd edilən hallarına əsasən müəyyən edilir ki, hazırkı iddia mümkünlük tələblərinə cavab vermir. Odur ki, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan tikiş fabrikinin nəzdində yaradılmış və sədri olduğu “Moda” kooperativinin sexinin tikilməsi üçün Naxçıvan şəhəri, Nizami küçəsində yerləşmiş İ.Qasımov adına mərkəzləşmiş kitabxanasının yanındakı 40 kv.m torpaq sahəsinin qaytarılması və sexin tikilməsinə, təmirinə, ərazinin abadlaşdırılmasına çəkilmiş 15 min manat pulun alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan tikiş fabrikinin nəzdində yaradılmış və sədri olduğu “Moda” kooperativinin sexinin tikilməsi üçün Naxçıvan şəhəri, Nizami küçəsində yerləşmiş İ.Qasımov adına mərkəzləşmiş kitabxanasının yanındakı 40 kv.m torpaq sahəsinin qaytarılması və sexin tikilməsinə, təmirinə, ərazinin abadlaşdırılmasına çəkilmiş 15 min manat pulun alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-527/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-527/2024
13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver