Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-861/2024 06.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında qanunsuz əmri nəticəsində ona dəymiş maddi ziyanın, əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş zərərin, sağlamlığına vurulmuş ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında qanunsuz əmri nəticəsində ona dəymiş maddi ziyanın, əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş zərərin, sağlamlığına vurulmuş ziyanın ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 aprel 2023-cü il tarixli məktubu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2-1(102)-448/2023 nömrəli qərarı icra edilməsi üçün Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə göndərilmişdir. Bugünə qədər həmin qərar icra olunmamışdır. 2023-cü ilin iyul ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti ləğv edilib, xidmətin şəhər və rayonlarda yerləşən əmlakı ştat vahidləri ilə birlikdə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə verilmişdir. Məlumat üçün bildirir ki, qərəzli şəkildə saxta aktlar və sənədlər tərtib edərək Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında əmri bir sahibkarın fəaliyyətinə son qoyaraq 3 (üç) ildən artıq bir zamanda ona maddi və mənəvi ziyanlar vurmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 06 aprel 2024-cü il tarixə təyin olunmuşdur. Məhkəmə tərəfindən iddiaçı tərəfə yardım məktubu ünvanlanaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi tarixədək cavabdeh Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə hazırki tələb üzrə edilmiş müraciətinin və orqan tərəfindən müraciətinə verilmiş cavab məktubunun məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə göndərilən yardım məktubundan xəbərdar olduğunu, hazırki tələblə bağlı məhkəmədə iddia qaldırmamışdan əvvəl Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət edilmədiyini və belə olan halda iddianın mümkün sayılmayacağını bildiyini bildirib, hazırki tələb üzrə işə baxılıb qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi X2 məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının: - 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən olundu ki, İddiaçı hazırki tələblə ilkin olaraq cavabdeh Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət etməmişdir. Belə ki, iddiaçı ilkin olaraq hazırki tələblə cavabdehə müraciət etməli, cavabdehin onun tələbinə münasibətini müəyyən etməli idi. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi və ya hərəkətsizlik göstərilməsi ilə bağlı sənədlər (imtina məktubu və ya müraciət ərizəsinin inzibati orqana göndərilməsini təsdiq edən poçt qəbzi) iddia ərizəsinə əlavə etməmişdir. Belə olan təqdirdə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin halların müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçı tərəfin ünvanına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən yardım məktubu göndərilərək onlara zəruri hüquqi yardım göstərilmişdir. Lakin iddiaçı tərəfindən yardım məktubunda göstərilən hallarla bağlı hər hansı tədbir görülməmiş, iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında cavabdeh orqana müraciət etmədiklərini bildirmişdir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərtin yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı reallaşdırılmasını tələb etdiyi hər hansı inzibati hüquqla bağlı əvvəlcə cavabdeh orqana müraciət etməli, müsbət cavabın alınmadığı təqdirdə məhkəməyə müraciət etməlidir. İddiaçıya izah edilir ki, “ona dəymiş maddi ziyanın, əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş zərərin, sağlamlığına vurulmuş ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılması üçün o, həmin tələblə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməlidir. Cavabdeh inzibati orqan tərəfindən müraciətin təmin edilməsindən imtina edildiyi təqdirdə, iddiaçı yeni iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət edə və həmin inzibati mübahisəyə mahiyyəti üzrə baxıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında qanunsuz əmri nəticəsində ona dəymiş maddi ziyanın, əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş zərərin, sağlamlığına vurulmuş ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında qanunsuz əmri nəticəsində ona dəymiş maddi ziyanın, əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş zərərin, sağlamlığına vurulmuş ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-861/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-861/2024
06.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver