Məhkəmə qərarları › İş №2-1(122)-89/2020

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-89/2020

24.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-89/2020 24.12.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, bina 40, mənzil 7 ünvanında yerləşən 79.65 m2 sahəsi olan yaşayış sahəsinin sökülməsi nəzərdə tutulan 37 (otuz yeddi) m2 sahəsi müqabilində bazar dəyərinə müvafiq olaraq hər kvadrat metr üçün 1000 (bir min) azn və həmin sahənin bazar dəyərinin 20%-i məbləğində əlavə haqq kimi 7.400 (yeddi min dörd yüz) azn olmaqla, cəmi 44.400 (qırx dörd min dörd yüz) azn maddi ziyan, 15.000 (on beş min) azn mənəvi ziyan məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, bina 40, mənzil 7 ünvanında yerləşən 79.65 m2 sahəsi olan yaşayış sahəsinin sökülməsi nəzərdə tutulan 37 (otuz yeddi) m2 sahəsi müqabilində bazar dəyərinə müvafiq olaraq hər kvadrat metr üçün 1000 (bir min) azn və həmin sahənin bazar dəyərinin 20%-i məbləğində əlavə haqq kimi 7.400 (yeddi min dörd yüz) azn olmaqla, cəmi 44.400 (qırx dörd min dörd yüz) azn maddi ziyan, 15.000 (on beş min) azn mənəvi ziyan məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2016-cı il tarixli, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, bina 40, mənzil 7 ünvanında yerləşən 79.65 m2 sahəsi olan yaşayış sahəsinin mülkiyyətçisidir. Hal-hazırda həmin mənzildə 5 nəfər ailə üzvü - iddiaçı, onun həyat yoldaşı Cəfərova Sevda Zöhrab qızı, uşaqları X1, X3, X4 birlikdə yaşayırlar. Bugünlərdə aldıqları məlumata görə yaşayış binasının abadlaşdırılması - yenidən üzlənməsi məqsədilə binada təmir-bərpa işlərinin görülməsi və eləcə də yaşayış sahələrinin balkon və bir sıra hissələrinin sökülməsi nəzərdə tutulmuşdur. Belə ki, ona mülkiyyətində olan mənzilin balkon və 37 m2 sahəsinin söküləcəyi bildirilmişdir. Halbuki, qeyd olunan çıxarışa əsasən həmin mənzil, o cümlədən sökülməsi nəzərdə tutulan sahələr mülkiyyət hüququ ilə ona məxsusdur və orada iddiaçının özü tərəfindən əsaslı təmir işləri görülmüş, xeyli xərc çəkilmişdir. Hazırda yaşadıqları binada söküntü işləri aparılır və mənzilin yarıdan çox hissəsinin - 37 m2 sahəsinin sökülməsi normal həyat şəraitlərinə çox ciddi təsir göstərməklə 5 nəfər ailə üzvünün həmin mənzildə yaşamasını, eləcə də həmin mənzildən faydalanmaq imkanlarını qeyri-mümkün etmiş, onları çıxılmaz vəziyyətə salmışdır. İddiaçı onu da qeyd edir ki, belə olan təqdirdə qanunvericiliyə müvafiq olaraq sökülməsi nəzərdə tutulan sahələrin müqabilində ədalətli kompensasiya ödənilməli və bununla da mülkiyyət və digər insan hüquqları təmin olunmalıdır. Müvafiq kompensasiyanın müəyyən olunaraq ödənilməsi üçün aidiyyəti orqanlara dəfələrlə şifahi və yazılı müraciətlər etsələr də, bugünədək heç bir tədbir görülməmiş, kompensasiyanın ödənilməsindən imtina olunmuşdur. İddiaçı bildirir ki, İcra Hakimiyyəti tərəfindən müraciətinin əsasını təşkil edən məsələyə heç bir münasibət bildirilməməsi və bununla da yaşayış sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədin olmasına baxmayaraq, kompensasiyanın ödənilməsindən imtina edilməsi mülkiyyət hüququnun kobud surətdə pozulmasının bariz nümunəsidir. Eləcə də, heç bir kompensasiya ödənilmədən, qanunsuz və əsassız olaraq yaşayış sahəsinin sökülməsi qəbuledilməz yanaşmadır. İddiaçı onu da qeyd edir ki, cavabdeh tərəfindən onlara sadəcə maddi ziyan deyil, əhəmiyyətli şəkildə mənəvi ziyan da vurulmuşdur. Belə ki, mənzildə yaranmış narahatlıq səbəbindən qohumlarının evində yerləşməyə məcbur olmuş, cavabdehin qanunsuz və əsassız hərəkətləri qarşısında iddiaçı və ailə üzvləri ciddi şəkildə əsəb, stressə məruz qalmışdırlar. Halbuki, görülən tədbirlər Naxçıvan şəhərində əhalinin mənzil-məişət şəraitinin və sosial rifahının yaxşılaşdırılması məqsədinə xidmət etməli, əsassız və qanunsuz olaraq mülkiyyət hüquqlarını məhdudlaşdırmamalıdır. Bu baxımdan iddiaçı cavabdeh tərəfindən vurulmuş mənəvi ziyanın məbləğini 15.000 (on beş min) azn dəyərində qiymətləndirir. İddiaçı yuxarıdakılara əsasən məhkəmədən Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, bina 40, mənzil 7 ünvanında yerləşən 79.65 m2 sahəsi olan yaşayış sahəsinin sökülməsi nəzərdə tutulan 37 (otuz yeddi) m2 sahəsi müqabilində bazar dəyərinə müvafiq olaraq hər kvadrat metr üçün 1000 (bir min) azn və həmin sahənin bazar dəyərinin 20%-i məbləğində əlavə haqq kimi 7.400 (yeddi min dörd yüz) azn olmaqla, cəmi 44.400 (qırx dörd min dörd yüz) azn maddi ziyan, 15.000 (on beş min) azn mənəvi ziyan məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə göndərilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, bina 40, mənzil 7 ünvanında yerləşən 79.65 m2 sahəsi olan yaşayış sahəsinin sökülməsi nəzərdə tutulan 37 (otuz yeddi) m2 sahəsi müqabilində bazar dəyərinə müvafiq olaraq hər kvadrat metr üçün 1000 (bir min) azn və həmin sahənin bazar dəyərinin 20%-i məbləğində əlavə haqq kimi 7.400 (yeddi min dörd yüz) azn olmaqla, cəmi 44.400 (qırx dörd min dörd yüz) azn maddi ziyan, 15.000 (on beş min) azn mənəvi ziyan məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X10 izahat verərək iddianı qəbul etmədiklərini, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, bina 40, mənzil 7 ünvanında yerləşən yaşayış sahəsinə sonradan əlavə olunmuş 37 m2 sahənin əsassız olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alındığını, qeydiyyatın qanunvericilikdə nəzərdə tutulmuş sənədlər olmadan aparıldığını, hazırda əsassız olaraq qeydiyyat aparıldığı üçün həmin qeydiyyatın Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ləğv olunduğunu bildirib, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş; - İddiaçı tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyətinə ünvanlanan xx xxxx 2020-ci il tarixli ərizənin surətindən məlum olur ki, iddiaçı tərəfindən cavahdeh inzibati orqana qanunvericiliyə müvafiq olaraq sökülməsi nəzərdə tutulan sahələrin müqabilində ədalətli kompensasiya ödənilməsi barədə müraciət edilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanan xx xxxx 2020-ci il tarixli, 27/M-16 saylı məktubdan məlum olur ki, İddiaçı xx xxxx 2020-ci il tarixli çoxmənzilli binada həyata keçiriləcək təmir işləri ilə əlaqədar daxil olmuş ərizəsinə baxılmışdır. Naxçıvan Muxtar Respublikasında, eləcə də onun paytaxtı Naxçıvan şəhərində aparılan kompleks quruculuq işləri ilə yanaşı yenidənqurma, şəhər və rayonların abadlaşdırılması, bu sahədə görülən bütün tədbirlər əhalinin rahat və təhlükəsiz həyat şəraitinin təmin edilməsinə xidmət edir. Çoxmənzilli binada ümumi mülkiyyətin qorunmasının, yararlı vəziyyətə salınmasının, qurğuların dayanıqlılığının, yükdaşıyan rigellərin uzunömürlülüyünün və zəlzələyə davamlılığının təmin edilməsi məqsədilə şəhərin mərkəzi küçəsində yerləşən yaşayış binasının müəyyən edilmiş qaydada müasir üslubda təmir olunması nəzərdə tutulmuşdur. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29 dekabr 2016-cı il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən məlum olur ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, bina 40, mənzil 7 ünvanında yerləşən, 79.65 m2 fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/19 nömrəli reyestr kitabının 3669 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, 9455 inventar nömrəli daşınmaz əmlakın texniki pasportunun təsdiq olunmuş surətindən görünür ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 40 nömrəli binanın 7 nömrəli mənzili İddiaçı adına qeydiyyata alınmışdır. - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən xx xxxx 2011-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1970-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş və Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, ev 40, mənzil 7 ünvanında pasport qeydiyyatındadır. - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən xx xxxx 2011-ci il tarixdə verilmiş AZE seriyalı, 08615464 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cəfərova Sevda Zöhrab qızı xx xxxxxx 1973-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş və Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, ev 40, mənzil 7 ünvanında pasport qeydiyyatındadır. - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı, 16884376 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx xxxxxx 2001-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş və Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, ev 40, mənzil 7 ünvanında pasport qeydiyyatındadır. - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən xx xxxxxx 2011-ci il tarixdə verilmiş AZE seriyalı, 10385082 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx xxxxxxxx 2009-cu ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş və Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, ev 40, mənzil 7 ünvanında pasport qeydiyyatındadır. - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən xx xxxx 2014-ci il tarixdə verilmiş AZE seriyalı, 14021819 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 xx xxxxxx 1998-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş və Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, ev 40, mənzil 7 ünvanında pasport qeydiyyatındadır. - Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 saylı Mənzil-İstismar İdarəsi tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyətinə ünvanlanan xx xxxxxxxx 2020-ci il tarixli, 164 saylı məktubdan məlum olur ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, bina 40, mənzil 7 ünvanında yerləşən, İddiaçı məxsus 2 otaqlı evin sahəsi 42.65 m2 olmuşdur. 2011-ci ildə həmin mənzilin sahəsi 37 m2 artırılaraq mənzildən istifadəyə görə kommunal xidmət haqları ödənilməmişdir. Belə ki, mənzilin artırılmamış sahəsindən istifadəyə görə 537 (beş yüz otuz yeddi) manat, artırılan sahəyə görə 826 (səkkiz yüz iyirmi altı) manat, ümumilikdə mənzildən istifadəyə görə vətəndaşın 1363 ( bir min üç yüz altmış üç) manat kommunal borcu yaranmışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanan xx xxxxxxxx 2020-ci il tarixli, 22/143 nömrəli məktubdan aydın olur ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, bina 40, mənzil 7 ünvanında yerləşən 42.65 m2 olan mənzilin qeyri-yaşayış sahəsi olan balkonuna dirəklər quraşdırılaraq yaşayış sahəsi üçün daşıyıcı divara təhlükə yaradan artırma edilərək sonradan 37 (otuz yeddi) m2 genişləndirilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın müddəalarının tələblərinə əməl edilmədən, İddiaçı yaşayış sahəsini genişləndirmək məqsədi barədə Naxçıvan Şəhər İcra Hakimiyyətinə məlumat vermədən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş təqdimat olmadan ona məxsus Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, bina 40, mənzil 7 ünvanında yerləşən 42.65 m2 sahəsi olan yaşayış sahəsinə 2011-ci ildə 37 (otuz yeddi) m2 sahədən ibarət olan əlavə tikinti apararaq yenidən qurma və texniki yeniləşdirmə işləri həyata keçirmiş və qeyri-qanuni tikinti aparılan genişləşdirilmiş sahədən istifadə edərək kommunal xidmətlərə görə ödəniş etməmişdir. Beləliklə, iddiaçı qanunsuz olaraq 2011-ci ildə nəzarətsizlik şəraitində tikinti-quraşdırma işləri apararaq binanın yükgötürən konstruksiyalarının zəiflədilməsinə səbəb olmaqla tikinti normalarına əməl olunmadan, müvafiq orqan və təşkilatlarla razılaşdırılmadan binanın qurğularının dayanaqlılığını, zəlzələyə davamlılığını, uzunömürlülüyünü azaldan tikinti işləri həyata keçirməklə binada yaşayan vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozaraq sakinlərin həyat və sağlamlığına təhlükə yaratmışdır. Müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun müddəalarının tələblərini pozaraq Qanunun 8-ci maddəsində göstərilən sənədlərin heç biri təqdim edilmədən mövcud yaşayış sahəsinə qanunsuz tikilmiş artırmaları əsassız olaraq dövlət qeydiyyatına almışdır. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx xxxxxxx 2020-ci il tarixli, 464 saylı məktubdan görünür ki, İddiaçı məxsus Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, bina 40da 7 nömrəli mənzilə əlavə olunmuş 37 m2 sahə Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2016-cı il tarixli, 19/138 nömrəli məktubu əsasında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24-cü maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Məcəllənin 26-cı maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2020-ci ildə araşdırma aparmış, müvafiq icazə alınmadan yerinə yetirilən yenidənqurma və yenidən planlaşdırma işlərində Mənzil Məcəlləsinin 25.1.3 və 25.1.6-cı maddələrində nəzərdə tutulmuş hallar aşkar edilmişdir. Məcəllənin 27.2.2-ci maddəsinə müvafiq olaraq yaşayış sahəsi və sahənin yerləşdiyi bina əvvəlki vəziyyətinə qaytarılmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2020-ci il tarixli, 19/107 nömrəli məktubu əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlər olunmaqla yaşayış sahələrinin əvvəlki ölçüsü bərpa edilmişdir. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx xxxxxx 2020-ci il tarixli, 553 saylı məktubdan aydın olur ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2020-ci il tarixli, 19/107 nömrəli məktubu əsasında İddiaçı məxsus, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 40 nömrəli binanın 7 nömrəli mənzilinə sonradan əlavə olunmuş 37 m2 sahə haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat ləğv olunmuş və bu barədə hüquq sahibinə xx xxxxxxx 2020-ci il tarixdə müvafiq qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir Avropa Məhkəməsinin presedent hüququna görə 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. İş materiallarından aydın olur ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2020-ci il tarixli, 19/107 nömrəli məktubu əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlər edilmiş, yaşayış sahəsinin əvvəlki ölçüsü bərpa edilmiş, daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat ləğv olunmuş və bu barədə iddiaçıya məlumat verilmişdir. Məhkəmə hesab edir ki, milli qanunvericilikdə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqeyin mövcud olmasına baxmayaraq, hazırki işə münasibətdə mülkiyyətin toxunulmazlığı prinsipindən söhbət gedə bilməz. Belə ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 40 nömrəli binanın 7 nömrəli mənzilinə sonradan artırılan 37 m2 sahə müvafiq inzibati orqan tərəfindən qanunamüvafiq qaydada qeydiyyata alınmadığından 29 dekabr 2016-cı il tarixli, MH seriyalı, ******* nömrəli çıxarış ləğv olunmuşdur. Buna görə də iddiaçının artıq həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ mövcud deyildir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Heydər Əliyev prospekti, bina 40, mənzil 7 ünvanında yerləşən 42.65 m2 yaşayış sahəsinə sonradan əlavə olunan 37 m2 genişləndirilmənin aparılması qanunvericiliyin tələblərinə zidd şəkildə həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 26.1 və 26.2-ci maddələrinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxxx 2000-ci il tarixli, 160 nömrəli qərarı ilə "Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1-ci bəndinə əsasən sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67 və 68-ci maddələri ilə maraqlı şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur ki, kompensasiya maraqlı şəxsin müraciətinə əsasən və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olaraq ödənilir. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Beləliklə, həm mövcud olan qanunvericiliyin tələblərinə, həm də işin hallarına uyğun olaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının iddia etdiyi mülkiyyət hüquqlarının pozulması halı aşkar olunmadığından mülkiyyətə vurulan ziyana görə kompensasiya tələb etmək hüququ mövcud deyildir. Məhkəmə iddia tələbində qeyd olunan 15.000 (on beş min) azn mənəvi ziyan məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarında göstərilir ki, mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxxxx 2008-ci il tarixli, 07 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və X9 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Göründüyü kimi mənəvi zərərin vurulmasını iddia edən tərəf, bunların hansı şəraitdə və cavabdehin hansı hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsini, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında əlaqəni, cavabdehin bunda təqsirini (qəsdi və yaxud ehtiyatsızlığını) sübuta yetirilməlidir. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində cavabdehin qanunsuz və əsassız hərəkətləri nəticəsində ona 15.000 (on beş min) manat məbləğində mənəvi zərərin vurulduğunu qeyd etsə də, məhkəməyə bu zərərin cavabdehin hansı hərəkəti (hərəkətsizliyi) nəticəsində, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında əlaqəni, cavabdehin bunda təqsirini (qəsdi və yaxud ehtiyatsızlığını) təsdiq edən heç bir mötəbər sübutu təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, bina 40, mənzil 7 ünvanında yerləşən 79.65 m2 sahəsi olan yaşayış sahəsinin sökülməsi nəzərdə tutulan 37 (otuz yeddi) m2 sahəsi müqabilində bazar dəyərinə müvafiq olaraq hər kvadrat metr üçün 1000 (bir min) azn və həmin sahənin bazar dəyərinin 20%-i məbləğində əlavə haqq kimi 7.400 (yeddi min dörd yüz) azn olmaqla, cəmi 44.400 (qırx dörd min dörd yüz) azn maddi ziyan, 15.000 (on beş min) azn mənəvi ziyan məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbi əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 2.2.7, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, bina 40, mənzil 7 ünvanında yerləşən 79.65 m2 sahəsi olan yaşayış sahəsinin sökülməsi nəzərdə tutulan 37 (otuz yeddi) m2 sahəsi müqabilində bazar dəyərinə müvafiq olaraq hər kvadrat metr üçün 1000 (bir min) azn və həmin sahənin bazar dəyərinin 20%-i məbləğində əlavə haqq kimi 7.400 (yeddi min dörd yüz) azn olmaqla, cəmi 44.400 (qırx dörd min dörd yüz) azn maddi ziyan, 15.000 (on beş min) azn mənəvi ziyan məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbi əsassız olduğundan rədd edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar