Məhkəmə qərarları › İş №2-1(3-10)-279/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-279/2026

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-279/2026 24.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X1 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə müraciətdən əvvəlki dövr üzrə üç illik məbləğin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ## ###### 1962-ci il tarixdə doğulmuşdur. O, bir neçə il Şəki rayonu Qoxmuq kənd 1 May Kolxozunda tütünçü işləmiş, 1983 və 1985-ci illərdə azyaşlı övladlarına qulluq etmiş, # #### 2003-cü il tarixdən hal-hazıradək yaşı 70-dən yuxarı anası (1933-cü il təvəllüdlü) X3 qulluq etmişdir.

2. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin qurum məsələnin həllindən imtina etmişdir. Imtinaya səbəb kimi onun 10 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə stajının toplanmaması göstərilmişdir.

3. Bundan sonra iddiaçı İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə müraciətdən əvvəlki dövr üzrə üç illik məbləğin ödənilməsi» tələbini irəli sürərək Şəki Inzibati Məhkəməsinə müraciət etmişdir.

4. Iddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, əmək kitabçasına və arxiv arayışına əsasən iddiaçının tütünçü kimi 12 il iş stajı var (1984, 1986 – 1990, 1992 – 1997-ci illər). 15 il kolxozda işlədiyi, 1 il 8 ay (1983 və 1985-ci illərdə) azyaşlı uşağa və 19 il (2003 – 2022-ci illər) 70-dən yuxarı yaşı olan anasına qulluq etdiyi dövrlər ümumilikdə 35 il 8 ay təşkil edir. Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası əsassız və qanunsuzdur. Belə ki, Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın 27-ci bəndində (27.5.1-ci yarımbəndində) tütün istehsalı: a) fəhlələr: tütün üzrə kupajçılar, pnevmatik qurğu maşinistləri, papirussiqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri, tənzimləyici maşinistlər, tütünkəsən maşın maşinistləri, tütün keşinin presləyiciləri, tütünyumşaldanlar, tütün yarpaqlarını düzənlər, tütünü çəkib bükənlər, tütün çeşidləyiciləri, tütün quruducuları, istehsalat binalarının yığışdırıcıları, avadanlığın təmizləyiciləri; b) mütəxəssislər: tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir. Buradan aydın olur ki, qanunverici müvafiq siyahını təsdiq edərkən tütün istehsalını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növünə aid etmiş və bu sahədə çalışanlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermişdir. O (iddiaçı), tütünçü kimi güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. Iddiaçı cavabdehin imtinasını mübahisələndirir.

5. DSMF-nin Məhkəmə Mübahisələri ilə Iş üzrə Mərkəzi Filialı iddiaya etiraz edir və mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı İddiaçı Mərkəzi Filiala ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. # ####### 2025-ci il tarixli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Imtina məktubunda bildirilmişdir ki, təqdim edilən sənədlərə əsasən İddiaçı güzəştli iş stajı olmadığından, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Iddia tələbi əsassızdır və təmin edilməməlidir. Iddiaçıya 59 yaş 6 ayının tamam olduğu # ###### 2022-ci iI tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələbinə görə aşağıdakı şərtlər ödənilməlidir: # ###### 2006-cı il tarixinədək 25 il ümumi iş stajı; # ###### 2006-cı il tarixədək 10 il güzəştli iş stajı. «Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası»nın 4.1.1-ci yarımbəndinin 5-ci hissəsinə əsasən # ###### 2006-cı il tarixinədək olan dövr üzrə kolxozlarda iş müddəti kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə)) əsasən sosial sığorta stajına aid edilir. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (DSMF-yə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun güzəştli iş stajı yoxdur. Yuxarıda qeyd olunan Qaydanın 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin (forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş) arayışına əsasən müəyyən edilir. Müraciət edən şəxs «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Mövcud icraat materiallarına əsasən İddiaçı qanunvericiliklə tələb olunan 10 il güzəştli iş stajı olmadığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı da qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Deməli, Mərkəzi Filial düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki Inzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) # ##### 2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmənin “güzəştli arayış” tələb edilməsinin qanunda birbaşa nəzərdə tutulmadığı barədə mövqeyi mübahisəlidir. Çünki güzəştli şərtlərlə pensiya hüququnun yaranması yalnız şəxsin müəyyən müəssisədə işləməsi faktı ilə deyil, həm də onun konkret olaraq qanunvericilikdə nəzərdə tutulmuş zərərli və ağır əmək şəraitində, siyahıda göstərilən peşə və vəzifə üzrə çalışması ilə bağlıdır. Əmək kitabçasındakı qeydlər isə əksər hallarda yalnız iş yerini və vəzifənin adını təsdiq edir, lakin işin xarakterini, əmək şəraitinin zərərli olub-olmamasını, tam iş günü ilə həmin işdə çalışmanı və işin güzəştli staja daxil edilməsinə əsas verən digər hüquqi əhəmiyyətli halları müəyyən etmir. Buna görə də inzibati orqanın əlavə dəqiqləşdirici sənəd tələb etməsi qanunsuz deyil, əksinə inzibati icraatın obyektiv araşdırılması prinsipindən irəli gəlir. Məhkəmənin “tütün istehsalı özlüyündə zərərli sahədir” nəticəsi də normativ məzmunun həddindən artıq geniş şərhi kimi qiymətləndirilə bilər. Çünki “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” konkret istehsalat sahəsini deyil, həmin sahədə müəyyən peşə, vəzifə və iş növlərini əhatə edir. Başqa sözlə, müəssisənin fəaliyyət istiqamətinin tütün istehsalı olması avtomatik olaraq həmin müəssisədə çalışan bütün şəxslərin güzəştli pensiya hüququna malik olması anlamına gəlmir. Hüquqi yanaşmaya görə əsas meyar şəxsin fərdi qaydada hansı funksiyanı yerinə yetirməsi və həmin funksiyanın normativ siyahıda nəzərdə tutulmasıdır. Məhkəmənin “tütünçülərin əməyinin həmin sahə ilə bağlı olmaması qəbul edilməzdir” arqumenti hüquqi deyil, ehtimal xarakterli mülahizədir. Halbuki inzibati məhkəmə icraatında qərar ehtimallara deyil, sübut edilmiş hallara əsaslanmalıdır. Eyni müəssisədə çalışan müxtəlif işçilərin əmək şəraiti fərqli ola bilər; məsələn, inzibati, texniki, köməkçi və ya anbar funksiyalarını yerinə yetirən şəxslər faktiki olaraq zərərli istehsalat prosesində iştirak etməyə bilərlər. Buna görə də yalnız müəssisənin profili əsasında güzəştli stajın tanınması hüquqi cəhətdən əsaslandırılmış hesab edilə bilməz. Məhkəmənin “qanunverici tütün istehsalını zərərli sahə kimi qəbul etdiyindən həmin sahədə çalışan insanların güzəştli pensiya hüququnu təsdiq etmişdir” formasında nəticəyə gəlməsi normativ aktın məzmununun geniş və natamam şərhi hesab oluna bilər. Çünki qanunverici güzəştli pensiya hüququnu istehsalat sahəsinin adına görə deyil, konkret peşə, vəzifə və əmək şəraitinə görə müəyyən etmişdir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’ndan da görünür ki, hüquq bütün müəssisə işçilərinə deyil, yalnız siyahıda ayrıca göstərilən peşə və vəzifələrdə çalışan şəxslərə şamil edilir. Əks yanaşma normativ siyahıda peşə və vəzifələrin ayrıca göstərilməsini mənasız edərdi. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRIN IZAHATLARI

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

12. Iş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir.

1. Cavabdehin ##.##.2025-ci il tarixli imtina məktubu;

2. Azərbaycan Respublikasının Dövlət X6 ##.##.2025-ci il tarixli arxiv arayışı;

3. X3 notariat qaydada təsdiq edilmiş ərizəsi;

4. İddiaçı notariat qaydada təsdiq edilmiş ərizəsi;

5. ****** nömrəli doğum haqqında şəhadətnamə;

6. ******* nömrəli əmək kitabçası;

7. ****** nömrəli nikahın bağlanması haqqında şəhadətnamə;

8. Cavabdehin ##.##.2025-ci il tarixli etirazı.

TƏTBIQ EDILƏN HÜQUQ

13. Inzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

15. «Əmək pensiyaları haqqında» Qanunun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 9.1-ci maddəsinin # #### 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin # #### 2022-ci il tarixdən (hal-hazırda) qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın 27.5-ci (Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı) bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: - (27.5.1) Tütün istehsalı a) fəhlələr: tütün üzrə kupajçılar, pnevmatik qurğu maşinistləri, papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri, tənzimləşdirici maşinistlər, tütünkəsən maşın maşinistləri, tütün keşinin presləyiciləri, tütünyumşaldanlar, tütün yarpaqlarını düzənlər, tütünü çəkib bükənlər, tütün çeşidləyiciləri, tütün quruducuları, istehsalat binalarının yığışdırıcıları, avadanlığın təmizləyiciləri, b) mütəxəssislər: tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar; (27.5.2) Bərpa edilmiş tütünün istehsalı a) tortanı buxara verənlər, bərpa edilmiş tütün xətlərində məşğul olan fermentasiya kameralarının doldurucuları-boşaldıcıları, kağız (karton) düzəldən maşının maşinistləri (torçuları), kağız və kağız məmulatlarının hopdurucuları, üyüdücülər, tütün quruducuları, tütün xammalını nəmləşdirənlər, b) mütəxəssislər: bərpa edilmiş tütün sexlərində məşğul olan ustalar, böyük ustalar.

17. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 64.5-ci maddəsinə əsasən normativ hüquqi aktda fiziki və hüquqi şəxslərin öz hüquqlarını həyata keçirməsi və ya vəzifələrini yerinə yetirməsi üçün zəruri olan tələblər (şərtlər) ağır və (və ya) çətin yerinə yetirilən tələblər (şərtlər) ola bilməz. 64.6-cı maddəsinə görə normativ hüquqi aktda lazım olduğundan yüksək və artıq tələblərin irəli sürülməsinə, fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən sənədlərin, yaxud başlanmış inzibati prosedur çərçivəsində ona imtina üçün əsasların açıq (natamam) siyahısının mövcudluğuna, hüququn həyata keçirilməsinə imtina üçün subyektiv qiymətləndirici ifadələrdən istifadə olunmasına yol verilmir. 64.8-ci maddəsinə əsasən normativ hüquqi aktda vəzifəli şəxsin öz mülahizəsindən asılı olaraq fiziki və hüquqi şəxslər üçün ümumi qaydadan istisnalar müəyyənləşdirmək imkanı nəzərdə tutula bilməz. Normativ hüquqi aktda vəzifəli şəxslərə normativ hüquqi aktla nizamlanmayan güzəştlər, habelə qadağa və məhdudiyyətlər müəyyən etmək imkanı nəzərdə tutula bilməz.

18. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 15. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 22.1. Inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. Inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ

19. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının IPM və ya IPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki Inzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

20. Iddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (IPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət IPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Iddiaçı mahiyyət üzrə “Inzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (IPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin IPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

22. Iddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. Iddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

23. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Ilk növbədə qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə müraciətdən əvvəlki dövr üzrə üç illik məbləğin ödənilməsindən ibarətdir.

25. Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan normaların tələblərindən də göründüyü kimi # #### 2022-ci il tarixdən 25 il ümumi iş stajına, o cümlədən 10 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən, yəni Nazirlər Kabinetinin ## ###### 2007ci il tarixli ** nömrəli qərarı ilə təsdiqlənmiş siyahıda göstərilən işlərdə staja malik qadınlar 60 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır.

27. Belə ki, inzibati icraat çərçivəsində inzibati orqan tərəfindən qanunla birbaşa nəzərdə tutulmadığı halda, müraciət etmiş şəxsdən əlavə sənədlərin (məsələn, güzəştli arayışın) tələb olunması yolverilən deyil.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir ki, işlədiyi müəssisədən vəzifəsinin xüsusiyyətlərini əks etdirən ətraflı arayış alınması pensiya təyin olunmasını istəyən şəxsin üzərinə qanunla qoyulan vəzifə deyil və belə sənədin alınmasının mümkün olmaması birmənalı olaraq şəxsin iradəsi ilə bağlı hal kimi təqdim oluna bilməz. Odur ki, iddiaçı üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır.

29. Belə olan halda, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın inzibati icraat üzrə müraciət etmiş şəxs kimi iddiaçı İddiaçı əmək kitabçasında müvafiq vəzifələrdə çalışması barədə yetərli dərəcədə mübahisəsiz qeydlər mövcud olduğu halda, qanunda birbaşa nəzərdə tutulmayan əlavə sənəd – güzəştli arayış tələb etməsi qanunun tələbinə adekvat qiymətləndirilə bilməz.

30. Qeyd olunmalıdır ki, tütün istehsalı özlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçülərin əməyinin həmin sahə ilə bağlı olmaması qəbul edilməzdir. «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 27.5-ci – “Tütün istehsalı” bölməsində nəzərdə tutulan vəzifələr spesifikasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyindən, iddiaçı da peşəsi müvafiq siyahıya aid edilməklə güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir.

31. Qanunverici həmin siyahını təsdiq edərkən tütün istehsalı və bərpa olunmuş tütünün istehsalını da güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növünə aid etmiş, bu sahənin zərərli olmasını qəbul edərək burada çalışan insanların əməyini qiymətləndirərək onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olmasını təsdiq etmişdir.

32. # #### 2022-ci il tarixdən sonrakı dövrdə qüvvədə olan qanunvericilik normaları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatında şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verən həddə olması şərtini nəzərdə tutmur.

33. Keçmiş dövr üzrə pensiya məbləğinin ödənilməsinə gəldikdə isə, nəzərə alınmalıdır ki, «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

34. Qeyd olunmalıdır ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçı İddiaçı ünvanlanmış # ####### 2025-ci il tarixli imtina məktubundan görünür ki, həmin məktub ərizəçinin (İddiaçı) ## ######## 2025-ci il tarixdə daxil olmuş ərizəsinə cavab olaraq verilmişdir.

35. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, əvvəlki dövr üzrə ödənilməyən pensiya məbləğinin müraciət tarixindən əvvəlki üç il üzrə hissəsi müvafiq qaydada (ümumi məbləğ ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə) iddiaçıya ödənilməlidir.

36. Beləliklə, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, iddiaçının 10 ildən artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olduğundan, həmçinin, tələb olunan yaş həddinə çatdığından iddiaçının ##.##.2022-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 9.1ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır.

37. Göründüyü kimi, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (IPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (IPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“Inzibati icraat haqqında” AR Qanununun 13.2 və 17ci maddələri).

38. Məhkəmə kollegiyasının qənaətinə görə yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının güzəştli şərtlərlə iş stajı tələb olunan minumum dövrdən artıq olduğundan cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı IPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

40. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDI:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki Inzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar