Məhkəmə qərarları › İş №2-1(3-6)-1391/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1391/2026

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1391/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), Nuriyev Elnur Aləm oğlundan və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “çağırışdan azad edilmə barədə qərarın qəbul edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsinin Çağırış Komissiyasının barəsində qəbul etdiyi qərarı dəyişdirilərək Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunu”na əsasən sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılaraq çağırışdan azad edilməyinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı bildirir ki, o, 2025-ci ilin oktyabr çağırışı ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin ##.##.2025-ci il tarixli, *** nömrəli və ##.##.2025-ci il tarixli, *** nömrəli göndərişləri ilə müvafiq olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya institutunda və Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibbi müayinələrdə olmuşdur. Bundan sonra, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində də müvafiq tibbi müayinələrdən keçirilmişdir. Yuxarıda qeyd olunan tibbi müayinələrdən sonra Xidmətin Laçın rayon bölməsinin çağırış komissiyası barəsində müddətli həqiqi hərbi xidmətə möhlət hüququ verilməsinə dair qərar qəbul etmişdir. O, bu qərarla razı deyildir. Çünki, sözügedən çağırış komissiyası barəsində 2019-cu ildən cari ilə qədər davamlı şəkildə “müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi” haqqında qərar (“Ç” kateqoriyası üzrə) qəbul edir. Bununla da, adıçəkilən çağırış komissiyası Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunu”nun 20.2-ci maddəsinin tələbini pozur. Həmin maddədə deyilir: Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. Sözügedən çağırış komissiyası isə artıq 6 ildir ki (2019-2025) onu ehtiyata keçirmir. 2019-2025-ci illər üzrə təqdim olunmuş tibbi sənədlərin hamısı eyni xəstəliyi və sağlamlıq vəziyyətinin dəyişmədiyini təsdiq edir ki, bu da möhlətin formal xarakterli şəkildə təkrarlanmasını açıq şəkildə göstərir. Halbuki, Qanunun tələbinə görə ona ilk tibbi şəhadətləndirilərək möhlət hüququ verildiyi tarixdən (2019-cu ildən) 3 il sonra o ehtiyata keçirilməli idi. Bu çağırış komissiyası 2019-2025-ci illərdə ardıcıl şəkildə onun barəsində “Ç” kateqoriyası (möhlət hüququ) təyin etməsi nəticəsində Qanunun 20.2-ci maddəsinin tələbi pozulmuş, onun hərbi-hüquqi statusu süni olaraq uzadılmış və ehtiyata keçirilməyi qanunsuz olaraq 3 ildən çox gecikdirilmişdir. Cavabdeh orqan iddiaya dair hər hansı bir münasibət bildirməmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Xidmətin Laçın rayon bölməsinin çağırış komissiyasının ona münasibətdə qəbul etdiyi sonuncu qərarı (3 ay möhlət hüququ verilməsinə dair) məhkəmə qaydasında mübahisələndirmişdir. Xidmətin Laçın rayon bölməsinin çağırış komissiyası bu qərarı qəbul edərkən onun sağlamlıq vəziyyəti qanunvericiliyə uyğun olaraq müvafiq dövlət qurumları tərəfindən artıq qiymətləndirilmiş idi və yekun tibbi rəy mövcud idi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmədə işitrak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının məsafədən səsli və ya görüntülü keçirilməsini xahiş etmiş, cavabdeh təşkilat isə nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Məhkəmə araşdırılmasının həyata keçirilməsi üçün iş materiallarına kifayət qədər sənədlərin əlavə edilməsi, o cümlədən mübahisəyə hüquqi cəhətdən qiymət verilməli olması ilə bağlı məhkəmə kollegiyası iddiaçının mütləq iştirakını lüzum bilmədi. Məhkəmə kollegiyası qanunvericiliyin tələbləri baxımından iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəmədə qaldırılan iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq olan və prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) qaydasında, cavabdehliyi qanunvericiliklə müəyyən olunan inzibati orqana qarşı qaldırıldıqda və formal olaraq hüquq və azadlıqların pozulması (müvafiq sübutlar da əlavə edilməklə) əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * saylı Qərarında qeyd etmişdir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir (b.b. 1.1;1.4; 2.3). Konkret halda, iddiaçının cavabdehə qarşı ″ çağırışdan azad olunma barədə qərarın qəbul edilməsi″ tələbinə dair hazırkı iddiasının məhkəmə icraatını mümkün edən əsasların mövcudluğu müəyyən olunmur. İş materiallarından göründüyü kimi iddiaçı “Hərbi xidmətə yararlılıq barədə” ##.##.2025ci il tarixli yekun qərara əsasən Ç-sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab olunmuşdur. Hazırda iddiaçının tələbi “Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunu”un 20.2-ci maddəsini əsas gətirərək sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılaraq çağırışdan azad edilməyinə dair qərar qəbul edilməsindən ibarətdir. İşdə olan SHXÇDX tərəfindən ##.##.2025-ci il tarixli bildirişdə göstərilmişdir ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində ##.##.2025-ci il tarixdə aparılmış yekun tibbi müayinənin nəticələrinə uyğun olaraq, Laçın rayon çağırış komissiyası tərəfindən barəsində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.2.3-cü maddəsinə əsasən "03 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsızdır” qərarı verilmiş və ona sağlamlıq vəziyyətinə görə ##.##.2026-cı il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilmişdir. İşdə olan İddiaçı 2025-ci ilin oktyabr ayı üzrə tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışa əsasən: - Yerli Çağırış Komissiyasının ##.##.2025-ci il tarixli qərarına əsasən C-dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı; - Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2025-ci il tarixli rəyinə əsasən Ç sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvvəqqəti yararsız; - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2025-ci il tarixli yekun rəyinə əsasən Ç-sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvvəqqəti yararsız; - Hərbi xidmətə yararlılıq barədə ##.##.2025-ci il tarixli yekun qərara əsasən Ç sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab olunmuşdur. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 18.1-ci maddəsinə əsasən Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 1- ailə vəziyyətinə görə; 2- sağlamlıq vəziyyətinə görə; 3- təhsili davam etdirmək üçün; 4- Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyələrə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar (namizədliyi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək); 5- deputat, hakim, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) fəaliyyəti ilə əlaqədar. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. 20.2. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. 20.3. Sağlamlıq vəziyyətinə görə 1 il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət müddəti bitdikdən sonra, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Qanunvericiliyin tələbindən göründüyü kimi sağlamlıq vəziyyətinə görə möhlət verilmiş şəxslər 3 ildən sonra sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. Odur ki, qeyd edilən norma 3 qərardan birini qəbulu üçün çağırışçının sağlamlıq vəziyyətinin yoxlanılması və qiymətləndirməsi zəruridir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş ##.##.2025-cı il tarixli məktubdan görünür ki, iddiaçı ##.##.2026-cı il tarixədək 3 ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmişdir. Eyni zamanda işin apellyasiya baxışı zamanı Cavabdeh tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, çağırışdan bir neçə dəfə boyun qaçırdığına görə Xidmətin Laçın Rayon Bölməsi tərəfindən aidiyyatı qurumlara müraciət olunmuşdur. Hesab olunur ki, iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilmədiyi və bu barədə yekun tibbi rəy olmadığından cavabdeh orqan tərəfindən iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi mümkün deyildir. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının hüquqlarını pozan hərəkət və ya hərəkətsizliyin olduğu müəyyən olunmadığından iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə də, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmadığını, təqdim edilmiş sübutlara prosessual qanunvericiliyinin tələbləri səviyyəsində hüquqi qiymət verilmədiyini, əsassız olaraq iddianı mümkün saymadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar